Məhkəmə qərarları › İş №1(059)-24/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-24/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-24/2022 22.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 22 fevral 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1964-cü il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonu, Məşrif kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 16 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs Siyəzən rayonu, Məşrif kəndi ərazisində Siyəzən-Qalaaltı yolunun sağ kənarında yerləşən icarə əsasında götürüb işlətdiyi kafenin bitişik otağına qapını qabaqcadan özü ilə gətirdiyi dəmir parçası ilə açaraq qanunsuz daxil olmaqla, oradan bir ədəd 40 manat dəyərində göy rəngli “Craft” markalı, “CAG-230/2200 modelli laqonda aparatını, bir ədəd 22 manat dəyərində göy rəngli “Zenit” markalı dreli, həmin otaqdan kafenin içərisinə açılan plastik pəncərədən keçərək kafedə olan soyuducudan bir ədəd 5,19 manat dəyərində 750 qramlıq “İvanovka” markalı, bir ədəd 9,80 manat dəyərində 750 qramlıq “Sevgilim” markalı, bir ədəd 7 manat dəyərində 750 qramlıq “Yeddi gözəl” markalı çaxırları, beş ədəd hər biri 8,20 manat dəyərində 700 qramlıq “Novaya Ağsu” araqlarını, yeddi ədəd hər biri 1 manat dəyərində 449 qramlıq “Bizon” enerji içkilərini, iki ədəd hər biri 0,75 manat dəyərində 1 litrlik “Frutotime” limonadlarını, iki ədəd hər biri 1 manat dəyərində 1 litrlik “Pepsi” şirin sularını, rəfə yığdığı hissədən 15 (on beş) ədəd hər biri 1 manat dəyərində “Chips” adlı kartof çipsilərini oğurlayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 150,49 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanımaqla, sonuncu ilə hər hansı ədavət və ya düşmənçiliyi olmamış, habelə Teyyub yaşadığı kəndin Qalaaltına gedən yolun kənarında kafe götürüb işlətmiş, o, da boş vaxtlarında həmin kafeyə gedərək orada pivə, araq kimi spirtli içkilər qəbul etmişdir. O, 16 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində evdə spirtli içki qəbul etdikdən sonra pivə içmək həvəsi yaranmış, bu məqsədlə Teyyubun işlətdiyi kafeyə getmiş, ora çatdıqda kafenin bağlı olduğunu görüb, sonuncunu səsləmiş, Teyyubun kafedə bir neçə dəfə qaldığını qabaqcadan bildiyi üçün onun kafedə yatdığını düşünmüşdür. Lakin, sonradan onun kafedə olmadığını görüb, ora bitişik otağa baxmış, habelə heç kimin olmadığına əmin olduqdan sonra bu otağın plastik qapısını əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə açaraq içəri daxil olmuşdur. İçəridə qapının sağ kənarında göy rəngli sellofan torbada 1 ədəd laqonda aparatını, 1 ədəd dreli görüb oğurlamaq qərarına gəlmiş, bunun üçün həmin sellofan torbanı özü ilə götürərək kafe ilə həmin otağı ayıran arakəsmədə olan plastik pəncərə vasitəsi ilə kafenin içərisinə daxil olmuş, həmçinin əvvəlcə spirtli içkiləri axtarmağa başlamışdır. Spirtli içkilərin soyuducuya yığıldığını bir neçə dəfə kafedə olarkən gördüyündən soyuducunu açıb oradan 3 ədəd həcmi 750 qramlıq çaxırları, 5 ədəd 0,700 ml-qramlıq “Novaya Ağsu” araqları, 7 ədəd dəqiq həcmini bilmədiyi “Bizon” enerji içikilərini, 2 ədəd düşes limonadları, “Pepsi” şirin sularını, sonradan yemək üçün rəfin üzərində olan təxminən 15 ədəd çipsləri götürərək, kafedə olan bir ədəd sellofan torbaya yığmışdır. Bundan sonra, kafeyə girdiyi pəncərədən otağa keçmiş və oradan da çölə çıxaraq evinə qayıtmışdır. O, oğurladığı əşyalardan 1 ədəd laqonda və 1 ədəd drel aparatını mal-qaranın saxlanılması üçün nəzərdə tutulmuş tövlədə ot samanlarının arasında gizlətmiş, ərzaq məhsullarını və spirtli içkiləri isə öz şəxsi tələbatına uyğun olaraq istifadə etmişdir. 21 avqust 2021-ci il tarixdə, saat 13:00 radələrində polis əməkdaşları yaşadığı ünvana gələrək, ona oğurluq etməkdə şübhəli olduğunu, bununla əlaqədar Siyəzən RPŞ-yə yaxınlaşmalı olduğunu nəzərinə çatdırmış, o, da buna etiraz etməyib, polis əməkdaşları ilə birlikdə rayon Polis Şöbəsinə getmiş, orada baş vermiş oğurluq hadisəsi ilə bağlı izahat verdikdən sonra, oğurladığı əşyaların və ərzaq məhsullarının yerini göstərmək təklif olunmuşdur. Evində keçiriləcək baxışa razılıq verdikdən sonra, polis əməkdaşları ilə birlikdə ora gedilmiş, habelə onlara əvvəlcə Zərərçəkmiş şəxs məxsus kafeyə bitişik otaqdan oğurladığı 1 ədəd laqonda aparatını və 1 ədəd dreli gizlətdiyi yeri göstərmiş, tövlədəki bu əşyalar müstəntiq tərəfindən müvafiq qaydada götürülmüşdür. Bundan sonra, o, sorğu əsasında polis əməkdaşlarına oğurladığı spirtli içkiləri, şirin suları və kartof çipslərini öz şəxsi tələbatına uyğun olaraq istifadə etdiyini bildirmiş, habelə həmin spirtli içkilərin və şirələrin boş qablarını atdığı yeri yaşadığı evin həyətyanı sahəsində keçirilmiş baxışın davamı olaraq göstərmiş, həmçinin spirtli içkilərdən 3 ədəd 0,750 milli litr həcmində (İvanovka, Sevgilim, Yeddi gözəl) çaxırların boş şüşə qabları, “Bizon” enerji içkisinin 1 ədəd boş dəmir qabı, 5 ədəd 0,700 milli litr həcmində “Novaya Ağsu” markalı arağın şüşə qabı evinin həyətyanı sahəsində aşkar olunaraq götürülmüşdür. Daha sonra, o, yenidən polis əməkdaşları ilə birlikdə RPŞ-yə getmiş, oğurluq törətməsindən ailə üzvlərindən heç kimin xəbəri olmamışdır. Törətdiyi əməli etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini, zərəçəkmiş şəxsə dəymiş 150,49 manat zərərdən qismən, 50 manat ödəniş etməsini, kifayət qədər yaşının olmasını, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, o, əvvəllər fərdi qaydada ev təmiri işləri ilə məşğul olsa da, bir müddət işsiz qaldığı üçün 2021-ci ilin yay aylarının əvvəllərində Siyəzən rayonunun Məşrif kəndində yolun kənarında yerləşən kafeni icarəyə götürüb işlətməyə başlamış, orada qulluq etməklə, yanaşı ərzaq məhsulları və spirtli içkilər də satmış, kafe əsasən hər gün saat 23:00 radələrinədək açıq olmuş, günün sonunda isə oranı bağlayıb evinə getmişdir. 16 avqust 2021-ci il tarixdə qohumlarında yas mərasiminin təşkil olunmağı ilə bağlı kafeni həmişə olduğundan bir az tez, yəni təxminən saat 21:45-də bağlayıb çıxıb getmişdir. Bundan əlavə, işlətdiyi kafenin bütün pəncərələri, qapısı və ona bitişik otağın pəncərələri dəmir barmaqlıqlar ilə əhatə olunmuş, ora bitişik otağın pəncərələri isə dəmir barmaqlıqlarla örtülü olsa da, otağın plastik qapısının üzərində barmaqlıq olmamışdır. 18 avqust 2021-ci il tarixdə, günorta saatlarında kafeni açmaq üçün Məşrif kəndinə getmiş, ora çatdıqda kafeyə bitişik otağın plastik qapısının açıq olduğunu görüb içəri daxil olaraq kafeyə və həmin otağa baxış keçirtmiş, bu zaman otaqda yerdə qoyduğu özünə məxsus 1 ədəd “Craft” markalı laqonda aparatının, 1 ədəd “Zenit” markalı drelin yerində olmadığını görüb oğurluq baş verdiyini müəyyən etmişdir. Həmin otaqla kafenin arakəsməsində yerləşən 1 ədəd plastik pəncərənin də açıq olduğunu görüb, dərhal çölə çıxaraq kafenin giriş qapısından yenidən kafenin içərisinə daxil olmuşdur. Kafeyə keçib orada baxış keçirərkən soyuducuya yığdığı 1 ədəd şüşə qabda 0,750 ml-qramlıq həcmdə “İvanovka”, 1 ədəd şüşə qabda 0,750 ml-qramlıq həcmdə “Sevgilim”, 1 ədəd şüşə qabda 0,750 ml-qramlıq həcmdə “Yeddi gözəl” adlı çaxırların, 5 ədəd 0,700 ml-qramlıq həcmdə “Ağsu” firmasına məxsus araqların, 7 ədəd 0,449 mlqramlıq həcmdə “Bizon” enerji içkilərinin, 2 ədəd 1 litrlik həcmdə “Frutotime” adlı düşes limonadların, 2 ədəd 1 litrlik Pepsi içkilərinin, həmçinin rəfə yığdığı hissədən isə 15 ədəd “Chips” adlı çipslərin oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş 150,49 manat zərərdən qismən, 50 manat ödəniş etmiş, digər qalan Siyəzən RPŞ-dəki əşyalar isə ona qaytarılacaqdır. Odur ki, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 34-36-cı səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli, 9/6438 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş az istifadə olunmuş, üzərində hər hansı bir qüsur, nöqsan olmayan malların, o cümlədən 1 ədəd göy rəngli “Craft” markalı,”CAG-230/2200 modelli laqondanın 2021-ci ilin avqust ayına olan orta qiyməti 40 manat, 1 ədəd göy rəngli “Zenit” markalı drelin qiyməti 22 manat, 1 ədəd 750 qramlıq “İvanovka” çaxırının qiyməti 5,19 manat, 1 ədəd 750 qramlıq “Sevgilim” çaxırının qiyməti 9,80 manat, 1 ədəd 750 qramlıq “Yeddi Gözəl” çaxırının qiyməti 7 manat, 5 ədəd 700 qramlıq “Novaya Ağsu” araqlarının qiyməti 41 manat, 7 ədəd 449 qramlıq “Bizon” enerji içkilərinin qiyməti 7 manat, 2 ədəd 1 litr həcmində “Frutotime” düşes limonadlarının qiyməti 1,50 manat, 2 ədəd 1 litr həcmində “Pepsi” adlı içkilərinin qiyməti 2 manat, 15 ədəd “Chips” adlı kartof çipslərinin qiyməti 15 manat, cəmi 150,49 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu səhifələrində olan 19 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanımaq, eləcə də işin 110-116-cı vərəqələrində olan 03 yanvar 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, 1 ədəd “Craft” markalı laqonda aparatı, 1 ədəd “Zenit” markalı drel, 3 ədəd 0,750 litr həcmində (İvanovka, Sevgilim, Yeddi Gözəl) markalı çaxırların, 5 ədəd 0,750 litr həcmində (Novaya Ağsu) markalı araqların boş şüşə qabları, 1 ədəd 0,449 litr həcmində “Bizon” enerji içkisinin boş dəmir qabı iş üzrə maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmiş, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs işlətdiyi kafedən oğurluğun edilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli tələbnamədən, işin 102-105-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(059)-48/2021 saylı hökmündən, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsinin 08 yanvar 2022-ci il tarixli, 04 nömrəli arayışının surətindən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 7(003)-1450/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 8 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 7(003)-1450/2021 saylı qərarı ilə “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 6 (altı) ay azaldılmış, cəzasının müddəti başa çatdığı üçün 08 yanvar 2022-ci il tarixdə 17 saylı Cəzaçəkmə müəssisəsindən cəzanın sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrində olan 14 oktyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmünü nəzərə alaraq seçilmiş “həbs” növündə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə iclasında elan edilməklə, iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2022-ci tarixli, 1(059)-24/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Məşrif kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd İƏD üzrə nümayəndəliyin ərazisində yaşadığı müddət ərzində arvadının dəfələrlə nümayəndəliyə şifahi müraciəti əsasında münaqişəli ailə kimi tanınırlar və narkotikə meyillidir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərərdən 50 manatın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsinin, eləcə də Siyəzən RPŞ-də saxlanılan maddi sübutların qaytarılacağının nəzərə alınmasını xahiş edib, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, kifayət qədər yaşının olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 1(059)-48/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 8 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bu Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 oktyabr 2021-ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilsə də, hazırkı cinayət əməlini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyindən onun bu əməlinə münasibətdə cinayətin residivi yaranmır. Buna görə də Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, onun tərəfindən bu dəfə başqa kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, bununla belə barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, kifayət qədər yaşı olmaqla, zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 01 (bir) ədəd “Craft” markalı laqonda aparatı, 01(bir) ədəd “Zenit” markalı drel, 3(üç) ədəd 0,750 litr həcmində (İvanovka,Sevgilim, Yeddi Gözəl) markalı çaxırların, 05(beş) ədəd 0,750 litr həcmində (Novaya Ağsu) markalı araqların boş şüşə qabları, 01(bir) ədəd 0,449 litr həcmində “Bizon” enerji içkisinin boş dəmir qabı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı, həmçinin maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs işlətdiyi kafedən oğurluğun edilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 01 (bir) ədəd “Craft” markalı laqonda aparatı, 01(bir) ədəd “Zenit” markalı drel, 3(üç) ədəd 0,750 litr həcmində (İvanovka,Sevgilim, Yeddi Gözəl) markalı çaxırların, 05(beş) ədəd 0,750 litr həcmində (Novaya Ağsu) markalı araqların boş şüşə qabları, 01(bir) ədəd 0,449 litr həcmində “Bizon” enerji içkisinin boş dəmir qabı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs işlətdiyi kafedən oğurluğun edilməsi görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar