Məhkəmə qərarları › İş №1(059)-25/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-25/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-25/2023 20.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 20 aprel 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olmayan, Siyəzən şəhərinin Nizami küçəsindəki Ailəvi Yataqxanada qeydiyyatda olan, Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli,1(059)- 94/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində caza çəkən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,360 qram narkotik vasitə heroini üzərində saxlamış, 20 dekabr 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsi tərəfindən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən sonra həmin tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin MSY-yə təhvil verilən zaman daxili intizam qaydalarına uyğun olaraq üzərində tam axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə olan heroin əynində olan qara rəngli cins şalvarın zəncirbənd hissəsinin alt tərəfindən 1 ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli siqaret kağız bükülüsündə aşkar olunaraq, götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 20 dekabr 2022-ci il tarixdə, saat 15:00 radələrində barəsində Siyəzən Rayon Məhkəməsində baxılan cinayət işi üzrə məhkəmə iclasına gələrkən Siyəzən şəhərinin H. Əliyev prospektində asfalt yolun kənarında yerdə bir ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli siqaret kağız bükülüsündə tapdığı “kokosu”, yəni heroini götürüb, əynində olan qara rəngli cins şalvarının zəncirbənd hissəsinin alt tərəfində gizlətmiş, habelə üzərində məhkəməyə daşımışdır. Bundan sonra, 20 dekabr 2022-ci il tarixdə Siyəzən Rayon Məhkəməsi tərəfindən barəsində çıxarılmış hökm əsasında Siyəzən RPŞ-yə aparılmış, habelə orada üzərində axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın zəncirbənd hissəsinin altında gizlətdiyi sellofana bükülmüş gümüşü rəngli siqaret bükülüsü aşkar edilərək götürülmüşdür. Daha sonra, bununla əlaqədar müdafiəçi Yəhyə Nəzərovun iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmələr aparılmış, habelə o, tərtib edilmiş bütün sənədləri imzalamışdır. Eyni zamanda, o, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən hər hansı bir formada qeyri-insani rəftara məruz qalmamışdır. Bundan əlavə, məhkəməyə gələrkən azadlıqda qalacağını düşündüyündən narkotik vasitəni üzərində daşımış, məhkəmədən sonra istifadə etmək niyyətində olsa da, onun satışını həyata keçirmək arzusunda olmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin MSY-nin mühafizəsi üzrə polis nəfəri Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. 20 dekabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Siyəzən Rayon Məhkəməsindən rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə gətirilən Təqsirləndirilən şəxs üzərinə MSY-nin daxili intizam qaydalarına uyğun olaraq baxış keçirilməsinə başlanılmış, bu zaman onun tərəfindən Elməddinin əynində olan qara rəngli cins şalvarın zəncirbənd hissəsinin altından 1 ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli siqaret bükülüsü aşkar edilmiş, həmçinin dərhal bu barədə RPŞnin rəisinə məruzə olunmuşdur. Bundan sonra, müstəntiq Nabil Abdullayevin iştirakı ilə videoçəkilişlə baxış keçirilərkən həmin bükülüdə qəhvəyi rəngli heroinə bənzər kütlənin olduğu təsbit edilmiş, həmçinin sorğu əsasında Təqsirləndirilən şəxs kütlənin heroin olduğunu təsdiqləmişdir. Ümumiyyətlə, daxili intizam qaydalarına uyğun olaraq MSY-yə gətirilmiş hər bir şəxsin əynindəki bütün paltarlara, hətta alt paltarı çıxarılmaq şərti ilə baxış keçirilir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 15-16-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 6/7116 saylı ekspert rəyindən görünür ki, üzərində “... Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,310 qram təşkil etmişdir. Cinayət işinin 14-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 17 mart 2023-cü il tarixdə verilmiş 1585 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-7-ci vərəqələrində olan 20 dekabr 2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 17:40-dan saat 17:48-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərindən ittihamın əsasını təşkil etməklə, Siyəzən RPŞ-nin MSY-də aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofana bükülmüş gümüşü rəngli siqaret kağız bükülüsünə baxış keçirilmiş, həmçinin ondan əvvəl sorğu əsasında Təqsirləndirilən şəxs bükülüdəkinin narkotik vasitə olan “kokos”, yəni heroin olduğunu bildirmiş, habelə təklifə əsasən əynində olan qara rəngli cins şalvarın zəncirbəndini açaraq, həmin bükülünü gizlətdiyi yeri göstərmişdir. Baxış zamanı “Samsung A 51” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-91-ci vərəqələrində olan 17 mart 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,310 qram çəkidə narkotik vasitə heroin kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 20 dekabr 2022-ci il tarixdə, saat 17:40-dən saat 17:48-dək olan müddət ərzində “Samsung A 51” markalı mobil telefonla videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 27 mart 2023-cü il tarixdə verilmiş cinayət işinin 69-cu vərəqəsindəki tələbnamədən, işin 71-75-ci səhifələrindəki Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(059)-94/2022 saylı hökmünün, eləcə də 33-cü səhifəsindəki 21 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Babayev X3 Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməklə, “həbs” qətimkan tədbiri seçilmiş, o, məhkəmə iclas zalından həbs edilmiş, həmçinin onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmış, habelə “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması hökm edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası çəkdiyindən onun barəsində hər hansı bir qətimkan tədbirinin seçilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 25 sentyabr 2006-cı il təvəllüdlü Əli və 11 mart 2008-ci il təvəllüdlü Elşən adında övladları olmaqla, Siyəzən şəhərinin Nizami küçəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadə, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(059)-94/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmü hələ qanuni qüvvəsini almamış, yəni elə həmin tarixdə hazırkı cinayət əməli törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanarq bir daha qeyd etmək olar ki, hazırkı əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 18-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, yenicə məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişi səbəbindən ailə üzvlərinə, o cümlədən himayəsindəki yetkinlik yaşına çatmayan uşaqlarının tərbiyəsinə mənfi təsir göstərməsini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın son həddinin 1/3 hissəsindən az olmayan, lakin ona yaxın həddə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin İİ və V hissələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, sonrakı cinayət əməli əvvəlki hökm qanuni qüvvəsini almamışdan qabaq törədildiyinə görə cəza təyin edilərkən cəzalar hökmlərin deyil, cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(059)-94/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci tarixli hökmü ilə müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməklə, bu cəzanın çəkilmə müddətinin əvvəli 20 dekabr 2022ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və V hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bu mənada məhkəmə qeyd edir ki, Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(059)-94/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalından dərhal həbs edilmiş, həmçinin onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində caza çəkməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsa da, onun barəsində sözügedən hökmlə seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından hökm üzrə təyin edilmiş cəza icraya yönəldiyindən qüvvədən düşmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzanın icrasının təmin edilməsinə nail olmaq məqsədilə sonuncunun barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,310 qram çəkidə narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 20 dekabr 2022-ci il tarixdə, saat 17:40-dan saat 17:48-dək olan müddət ərzində “Samsung A 51” markalı mobil telefonla videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(059)-94/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs qəti cəza 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,310 qram çəkidə narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 20 dekabr 2022-ci il tarixdə, saat 17:40-dan saat 17:48-dək olan müddət ərzində “Samsung A 51” markalı mobil telefonla videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar