Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-25/2025 05.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Xüsusi ittihamçı X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X1 məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayət ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək 08 fevral 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlanılaraq ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 mart 2025-ci il tarixində “X16” MMC-nin tibb kurslarının Siyəzən şəhərində yerləşən filialına tanımadıqları şəxs təşkilatın işçi heyətinə, rəhbərliyinə heç bir xəbərdarlıq etmədən yaxınlaşaraq, videoçəkiliş vasitəsilə görüntülərini qeydə almış və görüntülərin üzərində təşkilatın direktor və işçi heyətinin dələduzluq və fırıldaqçılıqla məşğul olduğunu, insanları aldadaraq dövlət əsaslı sənəd verdiklərini iddia edərək, bu sənədin dövlətdə keçmədiyini bildirmişdir. Bu zaman, cəmiyyətin işçi xanımları səs gəlməsi səbəbindən pəncərədən baxdıqlarında, həmin şəxs əl-qol hərəkətləri etməklə, “sizi bağladacam” deyərək, avtomobilinə əyləşmiş və oradan uzaqlaşmışdır. Daha sonra, Siyəzən şəhərində təhsil alan tələbə qrupuna həmin şəxsin avtomobilinin tələbə tərəfindən çəkilmiş fotosu atıldıqda, şəxsin Tural Tağızadə olduğu bilinmişdir. Həmçinin, həmin şəxs qeydə aldığı görüntüləri kütləvi informasiya (instagram, facebook, tiktok) vasitəsi ilə paylaşaraq, təşkilatın nüfuzuna qərəzli şəkildə ziyan vurmağa çalışmışdır. İnstagram sosial şəbəkəsində paylaşılmış görüntünün altında, görüntünün təşkilata heç bir xəbərdarlıq edilmədən paylaşıla bilməyəcəyini, cəmiyyətin və işçi heyətinin şərəf və ləyaqətinə ziyan vurduğunu, şəxsin və hətta təşkilatın icazəsi olmadan şəxsə və təşkilata məxsus məlumatların toplanılması, istifadəsi və yayılmasına icazəsi olmadığını, atdığı addımın təşkilatın nüfuzuna ciddi zərər vurduğunu, iddia etdiyi məlumatların ciddi ittihamlar olduğunu (sənəd saxtakarlığı, qanunsuz fəaliyyət və s.), rəsmi sənədləri olmadığı halda məsuliyyətə cəlb ediləcəyini qeyd etdiyi halda, həmin şəxs 19-21 mart tarixlərində, davamlı şəkildə gecə 05:30 radələrinə qədər istər öz səhifəsində paylaşdığı video görüntünün altında, istərsə də, təşkilata məxsus fərqli fotolar altında rəylər paylaşaraq, təşkilatın qanunsuz olduğunu, təşkilatın şəhid adından istifadə etdiyini, şəhid kartı ilə pul topladığını, şəhid anasının başını tort ilə aldatdığını, onların qadın olaraq fırıldaqçı (maşennik) olduqlarını, Azərbaycanlı qadına xoş olmayan insan olduqlarını, övladları üçün üz qarası olduqlarını, çox bilmişlik edərək şəhid adından istifadə etdiklərini iddia etmişdir. Həmçinin, soruşularkən həmin şəxs ictimai fəal olduğu üçün videoçəkiliş vasitəsilə görüntülərini qeydə alaraq, kütləvi informasiya vasitələrində paylaşdığını bildirmişdir. Tərəfindən əməlinin yanlış olduğu, vətəndaşa məxsus əmlakı, rəsmi qeydiyyatda olan təşkilatı kütləvi informasiya vasitəsi ilə paylaşmaq üçün məhkəmə qərarı və jurnalistlik vəsiqəsi olması lazım olduğunu bildirilmiş, habelə CM-nin 147 və 148-ci maddələri ilə məsuliyyət daşıdığını qeyd etmişdir. Həmçinin, şikayəti olduğu təqdirdə məhkəməyə müraciət etməli olduğunu söyləmişdir. Qeyd edir ki, ali təhsilini yarıda qoyaraq vətəni, xalqı üçün hərbiyə yollanmış dayısı X13 Qarabağ müharibəsində, xalası oğlu Sirac Abışov Azərbaycan Dövlət televiziyasında operator olaraq çalışarkən iş fəaliyyəti zamanı Kəlbəcər rayonu ərazisində minaya düşərək şəhid olmuşlar. Heç bir dövlət qurumu yoxlama zamanı şəhidlərinin adını istifadə etdiyini iddia edə bilməz, həmçinin ailəsində iki nəfər şəhid olsa da, ehtiyac olduğu təqdirdə sonuncuların adında istifadə edə biləcəyini bildirmişdir. Eyni zamanda, qeyd edir ki, şəhidlər Azərbaycan xalqının şəhidləri olmaqla bərabər anım günlərində Xiyabanı ziyarət, şəhidləri yad etmək, onların ailə üzvlərini ziyarət etmək yanlış addım hesab edilirsə, yanlış addım atmış hesab olunsunlar. Bununla yanaşı, həmin şəxsi davam şəkildə “şikayət etdiniz nə oldu, sizi sayan olmadı, mənə heç kim bata bilmir, mən kimlərin belini yerə vurmuşam” kimi ifadələr işlədərək, qanun keşikçilərinə olan güvənlərini sarsıtmağa, onlara mənəvi zərər vurmağa çalışmışdır. Eyni zamanda, həmin şəxs davamlı şəkildə “tələbələr çıxdımı, büdcəniz düşdümü, siz Siyəzəndə bağlanacaqsınız və s”. ifadələr də, işlətmiş kütləvi informasiya vasitəsi ilə təşkilatı nüfuzdan salmağa çalışmış, qərəzli şəkildə təşkilatın bağladılması üçün addım atdığını bildirmişdir. Çünki, tərəflərindən (hansı ki, rəsmi sənədlər rəhbərdə olduğunu düşünsək) heç bir sənədə baxış keçirilməmiş, əsassız şəkildə qanunsuz fəaliyyətdə olduqları, Vergidə qeydiyyatda olmadıqları, Dövlətin büdcəsinə zərər vurduqları iddia edilmişdir. Bütün bu qeyd etdikləri həmin şəxsin təşkilata bilərəkdən ziyan vurmağa çalışdığını, təşkilatı bağlatmaq istədiyi üçün əsassız və saxta məlumatları kütləvi informasiya vasitəsilə yaydığını sübut edir. Bu əsasla CM-nin 165 və 166-cı maddələrinin tələblərini pozmuş olmuşdur. Ehtimal edirlər ki, qadın olduqları üçün bu addımlar atılmış, gücsüz olduqları zənn edilərək, əsassız və heç bir hüquqi sənəd olmadan rəsmi qeydiyyatda olan təşkilatın ünvanın görüntüləri videoçəkiliş vasitəsilə qeydə alınaraq, kütləvi informasiya vasitəsi ilə paylaşılmaqla, qadın hüquqları pozulmuş və həmin şəxs tanımadığı qadınların ünvanına dələduz, (maşennik) fırıldaqçı ifadələrini işlətmişdir.Qeyd edir ki, azərbaycanlı qadınlar Tural Tağızadənin düşündüyü qədər gücsüz və ya savadsız deyildir. Habelə, bu qadınlara, gələcəyin əsgərini böyüdən analara olmazın ifadələr işlədən şəxs özü hərbiçi olmaqla bərabər həmin səhifədə sonuncu ilə dialoqa girdiyi üçün utanc hissi keçirmişdir. Həmçinin, heç bir tanışlıqları olmadığı azərbaycanlı oğluna bunu yaraşdırmamış, habelə sonuncunun əsassız paylaşılmalı işçi heyətinin (qadınlar) ailəsində problemlər yaratmışdır. Eyni zamanda, onun himayəsində biri 6 aylıq, biri isə 7 yaşında iki azyaşlı övladı vardır. Tural Tağızadənin rəylərinə əsas gətirməyə və nüfuzunu qorumağa çalışdığı halda ailəsi və övladlarına qayğı göstərə bilməmiş, səhhətinə zərər vurmuşdur. Tural Tağızadə barəsində DİN 102 xidmətinə etdiyi şikayət əsasında Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılarkən sonuncu cəmiyyətin 3 illik təhsil verməli olduğunu, müvafiq icazə olmadan fəaliyyət göstərdiklərini bildirmiş, habelə təşkilata maneçilik törətmədən videoçəkiliş vasitəsilə görüntüləri qeydə alıb, paylaşdığını qeyd etmişdir. Qeyd edir ki, hal-hazırda fəaliyyət göstərdikləri sahə qeyri-formal olduğu üçün tədrisin sonunda təqdim etdikləri sənəd dövlət əsaslı sənəd deyildir. Həmçinin, Nazirlər Kabinetinin 279-cu maddəsinə əsasən qeyri-formal təhsil Azərbaycan Respublikasında qanuni olaraq tanınır. Sənəd o halda saxta olmuş olar ki, tələbəyə təqdim edilən sənəddə hər hansı bir Dövlət qurumunun (Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin) adı, loqosu və ya möhürü istifadə edilmiş olsun. Habelə, tələbəyə təqdim etdikləri müqavilədə sənədin hansı təhsil növünə aid olması qeyd edilmişdir. Həmçinin, görüntülərin tədrisin gedişatına maniyə yaratmadan qeydə alınması məsələsinə qiymət verərək qeyd etmişdir ki, bu hal qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının xalqı Azərbaycan polisi tərəfindən qorunur və Cənab Prezident polisə belə məhkəmə qərarı və ya rəsmi sənəd olmadan özbaşına kiminsə əmlakına yaxınlaşmaq, kiminsə videoçəkiliş vasitəsilə görüntülərini qeydə almaq, bunu paylaşmaq, bölməyə aparmaq icazəsi vermədiyi halda, Tural Tağızadə əl-qolunu sallayaraq, rahat şəkildə rəsmi qeydiyyatda olan təşkilatın ünvanına yaxınlaşır, içəridə qadınlar olduğunu bilərək, özü tərəfindən səs yazısı göndərərək təlimçilərinin onun paylaşdığı, pislədiyi təhsil işçisini yaxşı qələmə verdiyi üçün yaxınlaşdığını, təşkilatla problemi olmadığını, niyə şəhid anasına gül, tort aldığını, bunun İcra qurumlarının işi olduğunu bildirmişdir. Daha sonra, Güldəstə xanımla danışaraq əksinə onunla problemi olmadığını, təşkilatın fəaliyyətini dayandırmaq istədiyini iddia edib, sonuncunun icazəsini almadan, danışıq səsini qeyd almış, digər müəllimlərə göndərmişdir. Bu hal da qanunsuzdur və hüquqi məsuliyyət tələb edir. Belə ki, videoçəkiliş vasitəsilə görüntülərini qeydə alır və kütləvi informasiya vasitəsi ilə orada fəaliyyətdə olan qadınların dələduzluq edərək, saxta sənəd paylaşdığını, daha sonra həmin görüntülərin altında Azərbaycanın üz qarası və (maşennik) fırıldaqçı olduqları iddia etmişdir. Hesab edir k, İcra qurumlarının vəzifə borcu xalqa xidmət etmək, vətəndaş isə öz vətəndaşlıq borcunu yerinə yetirməli, daima xalqın yanında olmalıdır. Daha sonra, X11 Nazirliyinə və Siyəzən rayon Prokurorluğuna müraciət edərək “instagram” sosial şəbəkəsindəki səhifələrindən götürdüyü “tələbə iş başında” adı altında paylaşılan şəkillə təşkilata məxsus ünvanda əməliyyat etdiklərini bildirmişdir. Bunun özü də ağır ittihamdır (lisenziyasız-210-cu maddəni pozduğumuzu iddia edir və saxta fəaliyyət kodu ilə fəaliyyət 210-cu maddə). Yüksəl Tibb və İnformatika Kursları olaraq məqsədləri sadəcə insanları maarifləndirmək, təhsilə, ayaqlarının üzərində duracağı peşələrə yönəltməkdir. Bu yolda da, uğurlu olduqlarını düşünürlər. Bu tip baş verən qanunsuzluqlar sadəcə onları ilhamlandıra bilər, hansı ki, şəhərdə təhsil adına heç bir özəl qurum yoxdur və bu addımları həm maddi, həm də təhsilin inkişafına xeyirdir, rayon əhalisi tərəfindən alqışlanılır və Tural Tağızadənin də fərqli yanaşmasını gözləyirdilər. Odur ki, məsələyə ciddi yanaşılmasını və Tural Tağızadə ilə bağlı ciddi tədbir görülməsini xahiş etmişlər. Odur ki, Tural Tağızadəni rəhbərliyə məlumat vermədən icazəsiz şəkildə heç bir hüquqi əsas və sənəd olmadan rəsmi qeydiyyatda olan (icarə müqaviləsi olan) təşkilatın ünvanının videoçəkiliş vasitəsilə görüntülərini qeydə almış, kütləvi informasiya vasitəsi ilə paylaşmaqla qanunsuz fəaliyyətdə ittiham etmiş, görüntülərdə qeyd edildiyi kimi rəsmi qeydiyyatda olan ünvanın rəhbər və işçi heyətininin şərəf və ləyaqətinə xələl gətirərək, dələduzluq və fırıldaqçılıqda günahlandırmaq, mərkəzin heç bir rəsmi sənədini görmədiyi halda qərəzli şəkildə təşkilatın qanunsuz işlədiyini iddia etmək və kütləvi informasiya vasitəsi ilə paylaşmış, təşkilatın rəsmi ünvanının videosunu çəkərək paylaşmaqla, rəsmi səhifədə fərqli fotoların altına "kursunuzu bağladacam, kimlərin belini yerə vurmamışam ki, mənimlə heç kim bacara bilməz, tələbələr pulları geri aldımı, tələbələr çıxırmı" kimi ifadələri işlədərək təşkilatı və kollektivi nüfuzdan salmağa çalışmış və maddi ziyan vurmaq üçün qərəzli şəkildə əlindən gələni etməyə çalışmış, heç bir sənədlərini görmədən, baxış keçirmədən işçi heyətinin və rəhbərliyin tələbələrə saxta sənəd təqdim etdiyini, cinayət törətdiklərini iddia etmişdir. Həmçinin, Tural Tağızadə polis şöbəsində verdiyi izahatında hədə-qorxu gəlmədiyini iddia etsə də, qeyd edir ki, hədə-qorxu yalnız kiməsə fiziki şiddət göstərmək deyil, içərisində qadınlar olduğunu bildiyi halda təşkilatın rəsmi ünvanına yaxınlaşmış, icazəsiz və rəsmi məhkəmə qərarı olmadan videoçəkiliş vasitəsilə görüntüləri qeydə almış, işçi heyəti səsküyə pəncərədən baxdıqda (qeydə alıb sosial şəbəkədə paylaşacağından, ailələrində yaranacaq problemlərlə əlaqədar qorxduqlarından çölə çıxa bilməyiblər) əl-qolla sizi bağladacam deyərək, avtomobilinə əyləşərək rəsmi ünvandan uzaqlaşmışdır. Həmçinin, bu əməllərini sosial şəbəkədə davam etdirmiş, təşkilatda çalışan qadınların, rəhbərinin qadın olduğunu düşünərək rəhbərliyin (maşennik) fırıldaqçı qadın olduğunu iddia edərək rəylər yazmış, təşkilatın fəaliyyətini dayandıracağı ilə hədələyib, sistem işçilərinin belə onları ciddi qəbul etmədiyini bildirmişdir. Bu addımla qanun işçilərinin də, məsələyə ciddi yanaşmayacağını, onları ciddi qəbul etməcəyini qeyd edərək, onların fəaliyyətini dayandıracağını söyləmişdir. Hansı ki, həmin gecə təhlükəsizliklərini təmin etmək üçün rəsmi ünvanlarına müşahidə kamerası yerləşdirməklə, DİN-nin 102 xidmətinə həmin məlumatı vermişlər. Həmçinin, Cənab Prezidentə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, İstehlakçı hüquqlarına, Daxili İşlər, Vergilər və İqtisadiyyat Nazirliyinə məktub ünvanlamışlar. Düşünür ki, Azərbaycan Respublikası qəbilə rejimi ilə deyil, X17 Əliyev Cənablarının uğurlu davamçısı X8 idarəçiliyi əsasında idarə edilir. İstər xalqımızın, istərsə də, sahibkarların haqq və hüquqları ümumxalq referendumu ilə qəbul edilmiş Konstitusiya əsasında qorunur. Odur ki, qərəzsiz və Tural Tağızadənin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X2 şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verərək bildirdi ki, mühasibatlıq, tibb və digər kursların tədrisini həyata keçirən “X16” MMC-nin direktoru atası Nəcməddin Allahverdiyev olsa da, sonuncunun əvəzinə etibarnamə əsasında özü iştirak edir. Eyni zamanda, X9 əvvəllər tanımamaqla bərabər, ümumiyyətlə Siyəzən rayon əhalisini tanımamışdır. Bundan başqa, 19 mart 2025-ci il tarixdə Sumqayıt şəhərində olarkən ona Tural Tağızadəyə məxsus foto göndərilmiş, habelə həmin tarixdə “tik-tok” sosial şəbəkəsində cəmiyyətin Siyəzən şəhəri ərazisində fəaliyyət göstərən filialının videoçəkiliş vasitəsilə qeydə almış görüntüləri paylaşılmış, habelə filialın dövlət sənədi vermək adı ilə saxta sənəd təqdim etdiyi, saxta işləri ilə məşğul olduğu qeyd edilmişdir. Bu barədə DİN-nin 102 xidmətinə zəng vurmaqla məlumat verilmiş, Siyəzən rayon Polis Şöbəsində aparılan araşdırma zamanı Tural Tağızadə filiala içərisinə daxil olmadığını və hər-hansı narahatlıq yaratmadığını bildirmişdir. Tural Tağızadənin bu hərəkəti barədə Rayon İcra Hakimiyyətinə, Vergilər Nazirliyinə müraciətlər edərək, filialın qanuni fəaliyyət göstərməsi barədə sənədləri, filialda işləyən işçilər ilə əmək müqaviləsi bağlaması barədə müqavilələri təqdim etmişlər. Qeyd edir ki, Siyəzən rayonun ərazisində fəaliyyət göstərən obyektlərin 70%-də sənədlər natamamlıq təşkil etsə də, filialın bütün sənədləri tamlıq təşkil etməklə bərabər qanuna müvafiq qaydada fəaliyyət göstərir. Həmçinin, özü ali təhsilə malik olan şəxs kimi sübutu olmadığı təqdirdə heç kəsin ünvanına fikir bildirmək ixtiyarında deyildir. Lakin, Tural Tağızadə qərəzli şəkildə, heç bir sübuta əsaslanmayaraq, filialı saxta sənəd təqdim etməkdə, şəhid adından istifadə etməkdə ittiham etmişdir. Paylaşılmış görüntülərin altında rəy yazaraq, Tural Tağızadə ilə diskussiya aparsa da, hərbiçi ilə bu mövzuda diskussiya apardığına görə vicdan əzabı çəkmişdir. Lakin, dayısı oğlu iş fəaliyyətini həyata keçirərkən minaya düşərək şəhid olmasına baxmayaraq, sonuncu adından istifadə etməmiş, vətəndaşlıq borcunu yerinə yetirərək şəhid ailəsinin ziyarət etmişdir. Habelə, rayon Polis Şöbəsinə qəbul edilmiş qərarda şikayəti əsasında cinayət işinin başlanılması rədd edilsə də, ona, CM-nin 147 və 148-ci maddələri ilə məhkəmə xüsusi ittiham qaydasında şikayət verməsi tövsiyyə edilmişdir. Hesab edir ki, Tural Tağızadənin hərəkətləri nəticəsinə mənəvi və maddi ziyan çəkmişdir. Odur ki, Tural Tağızadənin cinayət məsuliyyətinə cəlb edilməsi üçün hazırki şikayətnin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs TağızadəTural Eyyam oğlu izahat verərək bildirdi ki, onun əqidəsi dövlətə xidmət etməklə bərabər daima Cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləmişdir. Eyni zamanda, ictimai fəal kimi cəmiyyətin Siyəzən rayonun ərazisində yerləşən filialının görüntülərini videoçəkiliş vasitəsilə qeydə almış, habelə bu görüntüləri instagram, facebook və tiktok sosial şəbəkəsindəki özünə məxsus hesablarda paylaşaraq, söz azadlığı hüquqdan istifadə edib, fikirlərini bildirmişdir. Hesab edir ki, dövlət tərəfindən 2 il 8 ay və ya 3 il müddətində tədris olunan tibb təhsili, bir neçə ay ərzində, 40 və ya 20 manat müqabilində qeyri-formal təhsildə tədris olunması mümkün deyildir. Belə ki, sözügedən kurslarda üzgüçülük idman növü, dil tədris olunmalıdır. Həmçinin, ailə üzvlərindən kimsə (atası, qardaşı) şəhid olduğu təqdirdə ailə şəhid ailəsi hesab olunur. Bundan əlavə, Güldəstə xanımla əmək müqaviləsi 25 aprel 2025-ci il tarixdə bağlanmışdır. Odur ki, yuxarıda qeyd olunanların nəzərə alınmasını və şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə, böhtan atma isə böhtan cinayətinin ağırlaşdırıcı tərkib əlamətləridir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkəsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətləri subyektiv cəhətdən yalnız bir-başa qəsdlə törədilə bilər. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin düzünə qəsdini, şərəf və ya ləyaqətini ləkələyən məlumatları yaymasını dərk etməsini və bunu arzu etməsinə dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, xüsusi ittihamçının məhkəmə iclası zamanı şikayət ərizəsində istinad etdiyi halları təsdiq edəcək sübutların təqdim etdiyi sənədlərdən ibarət olduğunu, bütün məsələləri şikayətində ətraflı göstərdiyini bildirməsi, eləcə də bununla kifayətlənməli olduğunu, gələcəkdə çıxarsa verəcəyini qeyd etməsi, onun şikayətinin dəlillərini təsdiq edən mötəbər sübut və ya sənədə malik olmamasına dəlalət edir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”). Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli Qərarına görə yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələnən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyət yaratmır. Qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə daxil etmişdir. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yayılması mülki məsuliyyət doğurur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci hissəsində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İşin faktiki hallarından da göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Nabatxanım Abdulova yalan olduğunu bilə-bilə Elşən Məhərrəmovun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymamış, onu təhqirə, yəni şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya məruz qoymamış, habelə təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmamış, habelə bunun əksi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Qeyd olunan Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. Eyni zamanda bu mənada məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayəti tərtib edərkən şikayətin məzmunu CPM-in 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğunlaşdırmamış, prosessual formaya riayət edilməmişdir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs barəsində məlumatlar təfərrüatlı şəkildə göstərilməmiş, (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, habelə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayətdə göstərilməməklə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 293-cü maddəsinin İİİ hissəsinin İİİ və İV bəndlərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilir. Qeyd olunan Məcəllənin 302-ci maddəsinin İ hissəsinin İİİ, Vİ və Vİİ bəndlərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yenə bu Məcəllənin 301.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı, ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi əsassız olduğundan, xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 əməllərində cinayətin əlamətlərinin olmasına dair mötəbər dəlillər təqdim olunmadığından onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-25/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-25/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver