Məhkəmə qərarları › İş №1(059)-26/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-26/2025

26.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-26/2025 26.08.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə 26 avqust 2025-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə, saat 22 radələrində sərxoş vəziyyətdə yaşadığı Siyəzən şəhəri, ünvan 1 ünvanında 01 avqust 1991-ci il təvəllüdlü X4 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı sonuncuya bıçaqla dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi üçün Pərvanə Qafarova “sağ saidin iç nahiyəsinin kəsilmiş yarası” diaqnozu ilə Siyəzən rayon Təxirəsalınmaz təcili tibbi yardım şöbəsinə daxil olduqdan sonra, onun ardınca gedərək orada səs-küy salması səbəbindən xəstəxanadan verilmiş məlumat əsasında Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları xəstəxanaya yaxınlaşaraq Təqsirləndirilən şəxs RPŞ-yə gətirmiş, sonuncu orada olarkən həmin tarixdə, saat 23:30-da əsaslı səbəb olmadan növbətçi hissədə yüksək səslə ünvansız nalayiq ifadələr işlətdiyinə, həmçinin mobil telefonla danışdığına görə növbədə olan RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi Zərərçəkmiş şəxs ona növbətçi hissənin iş rejimini pozmamağı, eləcə də mobil telefonu və üzərində olan əşyaları verməsini tələb etsə də, o, polis əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair təlimatın təsdiq edilməsi barədə” 02 yanvar 2001-ci il tarixli əmrinə uyğun olaraq onun üzərində şəxsi axtarış aparıb üstündə olan əşyaları yoxlayan zaman Təqsirləndirilən şəxs qəflətən başı ilə hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs burun nahiyəsindən bir dəfə zərbə vurmaqla ona “burunun yumşaq toxumalarının şişkinliyi-əziyi və qançırı ilə yanaşı, burun sümüyünün qığırdağa keçən hissəsinin yerdəyişməsiz qopma sınığı və burun tənəffüsünün pozulması” ilə nəticələnən, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 04 fevral 2025-ci il tarixdə yaşadığı Siyəzən şəhərinin Babək küçəsindəki 29 nömrəli evdə olarkən arvadı Pərvanə Qafarova ilə aralarında ailə daxili münaqişə yaranmış, habelə sonuncu Siyəzən rayon Təxirəsalınmaz təcili tibbi yardım şöbəsinə getmişdir. Belə ki o, Pərvanənin arxası ilə sözügedən məntəqəyə getmiş, habelə orada Xanlar həkimə arvadını içəridə gizlətdiklərini bildirib, sonuncunu aparmaq istədiyini qeyd etmişdir. Bundan sonra, məlumat əsasında ora polis əməkdaşları gəlmiş, habelə orada olan qadınlar üzərində bıçaq olduğunu bildirmişlər. Daha sonra o, əvvəllər də, tanıdığı RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 orada görüb üzərində bıçaq olmadığını qeyd etmişdir. Beləliklə, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən xidməti avtomobil ilə RPŞ-yə gətirilmiş, habelə orada olarkən Şahid4 anası Zərifə Qafarova ilə əlaqə saxlamaq üçün icazə alıb, telefon ilə danışa-danışa içəri keçmişdir. Bu zaman, polis əməkdaşları Zərərçəkmiş şəxs və Şahid2 növbətçi hissədən çıxaraq üzərinə gəlib, mobil telefonu təhvil verməsini istəmiş, o da, öz növbəsində, əsəbi halda anası ilə danışdığını qeyd edərək, əli ilə müdaxilə etiəklə, Nicatı itələmiş, telefonu verməyəcəyini bildirib, arxa cibinə qoymuşdur. Bundan sonra, ona dəymiş zərbələrdən hansı hərəkətlər etdiyini xatırlamır. Beləliklə, ertəsi gün, yəni, 05 fevral 2025-ci il tarixdə, RPŞ-nin müvəqqəti saxlama yerində olarkən orada ona səs-küy yaratması, Zərərçəkmiş şəxs vurması barədə bildirmişər. Bundan sonra, RPŞ-nin İB-nin müstəntiqi Anar Əmirov tərəfindən ifadəsi alınmış, habelə növbətçi hissəyə gətirilmiş, təxminən 30 dəqiqə sonra Siyəzən rayon prokurorluğunun müstəntiqi Üzeyir Həmidov ora gəlmişdir. Belə ki, danışıq əsasında ekspert Nizami Qasımov, Üzeyir Həmidova və Anar Əmirova zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarətinin yüngül olduğunu qeyd etmişdir. Bundan sonra, Nizami Qasımov tərəfindən müayinə olunmuş, habelə sonuncu üzərində hər hansı növ xəsarətin olmadığını bildirmişdir. Daha sonra, Üzeyir Həmidov tərəfindən yenidən ifadəsi alınmış, habelə barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib edilərək, baxılması üçün bu məhkəməyə təqdim edilmişdir. Beləliklə, Siyəzən Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qərarı ilə qeyd olunan maddələr ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs olunmuşdur. Bundan sonra, RPŞ-də ona heç bir tibbi yardım göstərilməməklə, ekspertizadan keçirilməmişdir. Belə ki, müvəqqəti saxlama yerində saxlanılarkən, Zərərçəkmiş şəxs yanına gəlmiş, sonuncudan üzr istəmiş, barışmışlar. Buna baxmayaraq, Zərərçəkmiş şəxs kəllə zərbəsi ilə xəsarət yetirməsini xatırlamır. Daha sonra, müstəntiq Anar Əmirov ona zəng vuraraq, onu Zərərçəkmiş şəxsla barışdıracağını bildirib, RPŞ-yə çağırmış və orada sonuncunun verdiyi ifadə ilə razılaşacağı təqdirdə cəzasının yüngül olacağını, azadlıqdan məhrum edilməyəcəyini bildirmişdir. Bu zaman, Zərərçəkmiş şəxs barışmalarını qeyd edərək, nə məsələ olduğunu soruşmuş, sonuncu da narahat olmamasını hakimə şikayətinin olmadığını qeyd edəcəyini bildirmişdir. Bu səbəbdən də, məcbur qalıb həmin ifadələr ilə razılaşaraq imza etmişdir. Bundan sonra, müstəntiq Anar Əmirov yenidən onu RPŞ-yə dəvət etsə də, müdafiəçisi olmadan ora gəlməyəcəyini bildirib, vəkil Müdafiəçi1 ilə birlikdə müstəntiqin yanına getmişdir. Belə ki, orada olarkən Anar Əmirov boş vərəqi ona verib, ora «özümü təqsirli bilirəm» sözlərini yazmasını istəmiş, müdafiəçi də, onun orada döyüldüyünü qeyd edərək, özünü təqsirli bilmədiyini bildirmiş, o da, eyni formada kağıza qeyd etmişdir. Bundan sonra, pilləkənlər ilə aşağı düşüb gedərkən, müstəntiq yenidən zəng vurub, geri qayıtmağını istəyərək, özünü intizamsız apardığı üçün onu həbs edəcəyini bildirmişdir. Beləliklə, yenidən geri qayıdıb özünü təqsirli bilir yazıb çıxıb getmişdir. Eyni zamanda, Rayon prokurorluğunda olarkən əvvəl özünü təqsirli bilmədiyini qeyd etsə də, müstəntiq Üzeyir Həmidov bunu bildiyini söyləyib, işi yüngül olsun deyə «özünü təqsirli bilməsini» istəmiş, o, da öz növbəsində ifadəsində özünü təqsirli bilmişdir. Bundan başqa, ifadələrində arvadı ilə aralarında olan ailə daxili münaqişələr barədə qeyd edilənlər doğrudur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini səmimi şəkildə etiraf etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, o, hazırda Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə özünü təqsirli bilməsə də, əslində ifadələrində işin faktiki halları ilə bağlı baş verənləri təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, törətdiyi əməlin mahiyyətini dəqiqliklə aydınlaşdırmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs məhkəməyədək istintaqı zamanı verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, 04 fevral 2025-ci il tarixdə Siyəzən rayon Polis Şöbəsinə gətirilərkən mobil telefon vasitəsi ilə danışa-danışa növbətçi hissəyə daxil olmuş, habelə əsəbi, eləcə də spirtli içkinin təsiri altında olduğu üçün ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra, Zərərçəkmiş şəxs onun üzərini yoxlamalı olduğunu bildirərək, telefonu və üzərində olan əşyaları verməsini tələb etmişdir. Lakin, içkili olduğu üçün mobil telefonu Zərərçəkmiş şəxs vermək istəməmiş, habelə sonuncu onun telefonunu əlindən almaq istəyərkən o, əsəbiləşmiş və başı ilə Zərərçəkmiş şəxs burnuna zərbə vurmuşdur. Bundan sonra, digər polis əməkdaşları araya girərək onları ayırmış və onu kənara çəkib sakitləşdirməyə başlamışlar. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 04 fevral 2025-ci il tarixdə, saat təxminən 22 radələrində Siyəzən RPŞ-nin növbətçi hissəsində məsul növbətçi kimi xidmətdə olarkən, Siyəzən rayon Təxirəsalınmaz təcili tibbi yardım şöbəsindən növbətçi hissəyə zəng olunaraq, Təqsirləndirilən şəxs arvadı Pərvanə Qafarovanın üzərində qan ləkələri ilə təcili tibbi yardıma gəlməsi, habelə onun ardınca gələn təqsirləndirilən şəxsin əlində bıçaq olması bildirilərək, polis əməkdaşlarının ora yaxınlaşması istənilmişdir. Bundan sonra, əməliyyat-istintaq qrupu ora getmiş, habelə polis əməkdaşları həmin tarixdə, saat 23:30 radələrində sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs RPŞ-yə gətirmişlər. Belə ki, təqsirləndirilən şəxs RPŞ-yə gətirilərkən üzərində 2 ədəd mobil telefon olmuş, lakin, telefonlardan birini nəzarət buraxılış məntəqəsində xidmət aparan polis əməkdaşlarına təhvil versə də, digərini özü ilə rayon Polis Şöbəsinin inzibati binasının içərisinə daxil etmişdir. Beləliklə, təqsirləndirilən şəxs növbətçi hissənin qarşısında olarkən ondan üzərindəki mobil telefon və varsa digər predmetləri təhvil verməsi tələb olunmuş, lakin, sonuncu telefonu verməkdən imtina edərək, telefon danışıqlarını davam etdirib, ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra, yaranmış bu gərgin situasiya RPŞ-nin rəhbərliyinə məruzə olunmuş, habelə Təqsirləndirilən şəxs üzərini yoxlayarkən sonuncu alın nahiyəsi ilə onun burun hissəsinə bir dəfə kəllə zərbəsi endirmişdir. Daha sonra, zərbənin təsirindən burnundan qan axmağa başlamış və tibbi yardım göstərilməsi üçün Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Beləliklə, xəstəxanada olarkən ilk öncə müayinə olunmuş, habelə sonradan ekspertiza keçirilərək, aldığı xəsarətlər ilə bağlı müvafiq rəy verilmişdir. Odur ki, təqsirləndirilən şəxslə barışmamaqla, sonuncudan şikayətçidir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 04 fevral 2025-ci il tarixdə, saat təxminən 22 radələrində Siyəzən RPŞ-nin növbətçi hissəsində məsul növbətçi köməkçisi kimi xidmətdə olarkən, Siyəzən rayon Təxirəsalınmaz təcili tibbi yardım şöbəsindən növbətçi hissəyə zəng olunaraq, bir nəfər üzərində bıçaq olan şəxsin orada sərxoş vəziyyətdə səs-küy saldığını bildirərək, polis əməkdaşlarının ora yaxınlaşmasını istəmişlər. Bundan sonra, məsul növbətçi Zərərçəkmiş şəxs əməliyyat-istintaq qrupunu hadisə yerinə göndərmiş, habelə Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları X5, Şahid4 və Şahid3 Təqsirləndirilən şəxs RPŞ-yə gətirmişlər. Bu zaman, Təqsirləndirilən şəxs nalayiq ifadələr işlədərək, mobil telefon ilə danışdığını görən Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsi növbətçi hissəyə gətizdirərək, orada üzərinə baxış keçirməyə başlamışdır. Bundan sonra, baxış zamanı Təqsirləndirilən şəxs kəllə zərbəsi ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra, Zərərçəkmiş şəxs burun nahiyəsindən qan axmağa başlamış, habelə sonuncu Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparılaraq, orada ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 04 fevral 2025-ci il tarixdə, saat təxminən 22 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospektində xidmətdə olarkən RPŞ-nin növbətçi hissəsindən Zərərçəkmiş şəxs zəng vuraraq, bir nəfər şəxsin Siyəzən rayon Təxirəsalınmaz təcili tibbi yardım şöbəsində səs-küy saldığını qeyd edərək, ora yaxınlaşmalı olduqlarını bildirmişdir. Bundan sonra, xidməti avtomobil ilə məntəqəyə gedərək, Təqsirləndirilən şəxs, arvadı Pərvanəyə bıçaq ilə xəsarət yetirməsini öyrənmiş, habelə Yusifi RPŞ-yə gətirmişlər. Belə ki, RPŞ-yə gələrkən Təqsirləndirilən şəxs üzərində iki ədəd mobil telefon vasitəsinin olduğundan məlumatları olmamış, habelə sonuncu üzərində olan telefonlardan birini RPŞ-nin girişində yerləşən nəzarət buraxılış məntəqəsinə təhvil versə də, digərini özü ilə inzibati binanın içərisinə gətirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs RPŞ-nin içərisində növbətçi hissənin qarşısında mobil telefon vasitəsi ilə danışa-danışa, nalayiq ifadələr işlətdiyindən, məsul növbətçi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs nizam intizama dəvət edərək, ona telefonu təhvil verməli olduğunu bildirsə də, sonuncu buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs telefonu alıb, üzərinə baxış keçirən zaman, sonuncu alın nahiyəsi ilə Nicatın burnuna kəllə zərbəsi endirmiş, nəticədə Zərərçəkmiş şəxs burun hissəsindən qan axmağa başlamış, habelə sonuncu Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparılaraq, orada ona ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, o, 04 fevral 2025-ci il tarixdə, saat təxminən 22 radələrində əməliyyat qrupunda olarkən bir nəfər şəxsin Siyəzən rayon Təxirəsalınmaz təcili tibbi yardım şöbəsində səs-küy salması barədə məlumat daxil olmuşdur. Bundan sonra, xidməti avtomobil ilə o, Ayaz Fərzəliyev, Mətləb Ağayev və Şahid3 TTTY-ə getmiş, habelə orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Belə ki, təxminən 5 il Təqsirləndirilən şəxs yaşadığı ərazinin polis sahə rəisi olduğundan, sonuncunu və onun ailəsini tanısa da, onlara qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ailəsini əvvəllər münaqişəli ailə kimi qeydiyyata almasalar da, sonuncu mütəmadi olaraq ailədə mübahisələr yaratmışdır. Siyəzən rayon Təxirəsalınmaz təcili tibbi yardım şöbəsində olarkən həkimdən Pərvanə Qafarovanın harada olmasını soruşmuş, həkim də, öz növbəsində Yusifin, Pərvanənin qoluna xəsarət yetirməsini, sonuncunun qorxaraq məntəqənin otağında gizlənməsini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilə profilaktik söhbətlər etsə də, sonuncu ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra, orada olan digər polis əməkdaşları Təqsirləndirilən şəxs RPŞ-yə aparmış, o və Mətləb Ağayev isə Pərvanə Qafarovanın yanına gedərək, sonuncunu və övladlarını rayon Polis Şöbəsinə gətirmişdir. Beləliklə, RPŞ-də olarkən Təqsirləndirilən şəxs kəllə zərbəsi ilə Zərərçəkmiş şəxs burnundan vurmasını bilmiş, habelə sonuncunun burnundan qan axdığını görmüşdür. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 04 fevral 2025-ci il tarixdə, saat təxminən 22 radələrində əməliyyat qrupunda olarkən bir nəfər şəxsin Siyəzən rayon Təxirəsalınmaz təcili tibbi yardım şöbəsində səs-küy salması barədə məlumat daxil olmuşdur. Bundan sonra, xidməti avtomobil ilə TTTY-ə gedərək, sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs, arvadı Pərvanəyə bıçaq ilə xəsarət yetirməsini öyrənmişdir. Orada olarkən təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərərək, nalayiq ifadələr işlədib, səs-küy salmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs tərəflərindən RPŞyə gətirilmiş, habelə sonuncudan üzərində mobil telefon olub-olmamasını soruşmuş, təqsirləndirilən şəxsdə, öz növbəsində üzərində olan telefonu təhvil vermişdir. Belə ki, RPŞ-yə gələrkən Təqsirləndirilən şəxs üzərində iki ədəd mobil telefon vasitəsinin olduğundan məlumatları olmamış, habelə sonuncu üzərində olan telefonlardan birin təhvil versə də, digərini özü ilə inzibati binanın içərisinə keçirtmişdir. Beləliklə, RPŞ-nin inzibati binasının içərisinə daxil olarkən məsul növbətçi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qeydiyyata almaq üçün növbətçi hissəyə gətirmələrini istəsə də, sonuncu üzərində olan mobil telefon ilə danışmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs nizam intizama dəvət edib, mobil telefon ilə danışmağa icazə olmadığını bildirsələr də, sonuncu buna məhəl qoymayaraq, nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs telefonu alıb, sonuncunun üzərinə baxış keçirməyə başlamışdır. Nəhayət, baxış zamanı Təqsirləndirilən şəxs alın nahiyəsi ilə Zərərçəkmiş şəxs burununa zərbə endirmişdir. Məhkəmə iclasında elan edilmiş işin 73-74-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X10 məhkəmə-tibb ekspertizasının 05 fevral 2025-ci il tarixli, 21 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı növ xəsarət aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 75-77-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X10 məhkəmə-tibb ekspertizasının 18 fevral 2025-ci il tarixli, 20 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burnun yumşaq toxumalarının şişkinliyi-əziyi və qançırı ilə yanaşı burun sümüyünün qığırdağa keçən hissəsinin yerdəyişməsiz qopma sınığı və burun tənəffüsünün pozulması aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 04 fevral 2025-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 71-72-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X10 məhkəmə-tibb ekspertizasının 05 fevral 2025-ci il tarixli, 19 saylı rəyindən görünür ki, X1 bədəni üzərində üzün sağ yarısının, sağ said nahiyəsinin, sağ əlin 4-cü barmağının hərəsinin bir ədəd, sol bilək nahiyəsinin çoxsaylı (5 ədəd) səthi kəsilmiş yaraları aşkar edilmişdir. Üzün sağ yarısının və sol bilək nahiyəsinin yaraları (cızıqları) iti kənara malik əşyanın (ola bilsin ki, sınmış şüşə parçasının), sağ said nahiyəsi və sağ əlin 4-cü barmağının yaraları kəsici əşyanın (alətin, ola bilsin ki, bıçağın) təsirindən törənmişdir, törənmə müddəti 04 fevral 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Məhkəmə iclasında elan edilmiş işin 204-211-ci səhifələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 17 aprel 2025-ci il tarixli, 25/665R nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs əynində olan bir ədəd boz rəngli uzunqol köynək, X1 əynində olmuş bir ədəd ağ rəngli mayka və bir ədəd ağ rəngli qısaqol köynək üzərində aşkar edilmiş qana bənzər ləkələr insan mənşəlidir və həmin qan ləkələri X2 məxsusdur. Bundan başqa, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş Təqsirləndirilən şəxs əynində olan bir ədəd boz rəngli köynəyin və X1 əynində olmuş bir ədəd ağ rəngli qısaqol köynəyin üzərində həm Təqsirləndirilən şəxs, həm də, Pərvanə Qafarovaya məxsus bioloji mənşəli materiallar mövcuddur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 216-cı səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2025-ci il tarixli, 3/263 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 215-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 244-259-cu vərəqələrində olan 01 may 2025-ci il tarixli cinayət işi üzrə sübutlara qiymət verilməsi və maddi sübutların tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək, onun sözügedən Məcəllənin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham olunması dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin onun əməlində 29, 120.1, 221.1, 221.2.2, 228.4 və 288.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində bu epizodlar üzrə cinayət təqibinin başlanılması rədd edilməklə, cinayət işinin materiallarından sənədlərin kserosurətləri çıxarılaraq rayon prokurorluğunun arxivinə təhvil verilmişdir. Belə ki, sözügedən qərar ilə 04 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də olan zaman Zərərçəkmiş şəxs və digər polis əməkdaşları tərəfindən döyülməsi faktı müəyyən edilməmiş, bununla da, həmin epizod üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət təqibinin başlanması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs arvadı X3 04 fevral 2025-ci il tarixdə, saat 22 radələrində ailə münaqişəsi zəminində döyərək dərəcəsi təyin edilməyən xəsarətlərin yetirməsi üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlaməti olmasına baxmayaraq, həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmamışdır. Həmçinin, hadisə zamanı X1 əynində olmuş, üzərində qana bənzər ləkələr olan, ön tərəfində qızılı rəngli yazılar yazılmış 1(bir) ədəd ağ rəngli mayka və ön tərəfində “Hip-Hop” sözləri yazılmış, ağ rəngli 1(bir) ədəd qısa qol köynək, habelə hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş, üzərində qana bənzər ləkələr olan, 1(bir) ədəd boz rəngli uzun qol köynək, eyni zamanda, hadisə yerindən götürülmüş zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı maddi sübut kimi tanınaraq Siyəzən rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılmışdır. Cinayət işinin 134-cü vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 03 mart 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-ci vərəqəsində olan 19 fevral 2025ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-cı vərəqəsində olan 21 fevral 2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 124-125-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, himayəsində 29 may 2012-ci il təvəllüdlü Məhəmmədəli, 10 yanvar 2014-cü il təvəllüdlü Əkbər, 31 oktyabr 2017-ci il təvəllüdlü Həzrət və 13 mart 2021-ci il təvəllüdlü Zəhra adında dörd azyaşlı uşağı olmaqla, Siyəzən şəhərinin Babək küçəsindəki 29 saylı evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 179-183-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 3(059)-100/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 15 (on beş) gün müddətində inzibati həbs təyin olunmuş, habelə həbs etmənin əvvəli tutulduğu 04 fevral 2025-ci il tarixdən saat 23:30-dan hesablanmışdır. İş materiallarına əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə Təqsirləndirilən şəxs ona qarşı Siyəzən RPŞ-də qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan fiziki zorakılıq və digər qanunsuz hərəkətlərin edilməsi iddiası ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat araşdırılıb müvafiq qərar qəbul edilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Siyəzən rayon prokuroruna göndərilmişdir. İş materiallarına əlavə olunmuş Siyəzən rayon prokurorluğunun 18 iyun 2025-ci il tarixli, 2-2-448/2-125576/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində qeyd etdiyi xüsusatlar sonuncunun Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair rayon prokurorluğunda istintaq olunmuş cinayət işi üzrə ətraflı araşdırılmış, istintaqın ilkin mərhələsində qeyd etdiyi, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı özünün istintaqa vermiş olduğu sonrakı, eləcə də Siyəzən RPŞ-nin əməkdaşlarının ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materialları ilə öz təsdiqini tapmamış, cinayət işi üzrə qəbul edilmiş 01 may 2025-ci il tarixli “cinayət işi üzrə sübutlara qiymət verilməsi və maddi sübutların tanınması” haqqında qərarla həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyd etdiyi xüsusat üzrə preyudisial hüquqi qüvvəyə malik qərar qəbul olunduğundan, habelə yenidən həmin məsələ üzrə prosessual qərar qəbul edilməsinə yol verilə bilmədiyindən, həmin qərar nəzərə alınmış və Siyəzən Rayon Məhkəməsinin “cinayət haqqında məlumatın aidiyyəti üzrə göndərilməsi barədə” 10 iyun 2025-ci il tarixli qərar üzrə heç bir araşdırma aparılmadan geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 01 iyul 2025-ci il tarixli, 3-13-3/2-15636/2025 saylı məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən Siyəzən RPŞ-nin inzibati binasında yerləşən təhlükəsizlik kamerasının, həmçinin növbətçi hissənin və müvəqqəti saxlama yerinin kameralarının çəkilmiş video görüntülərinin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Siyəzən rayon Polis Şöbəsinin 25 iyun 2025-ci il tarixli, 3-13-106/2-8066/2025 saylı məktubundan görünür ki, RPŞ-nin inzibati binasının dəhlizində və növbətçi hissəsində nəzarət kameraları quraşdırılmamış, habelə uzun müddət keçdiyindən müvəqqəti saxlama yerində quraşdırılmış nəzarət kameralarının görüntüləri yaddaşdan silinmişdir. İş materiallarına əlavə olunmuş 24 və 25 may 2023-cü il tarixli raportlardan görünür ki, ailə üzvləri arasında baş verə biləcək hadisələrin qarşısının alınması üçün X4 və Təqsirləndirilən şəxs münaqişəli ailə kimi qeydiyyata alınmışdır. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə, saat 23:30 radələrində Siyəzən rayon Polis Şöbəsində xidmətdə olmaqla, xidməti vəzifələrini yerinə yetirən, hakimiyyət nümayəndəsi olan, RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs qanuni tələblərinə məhəl qoymayaraq, sonuncunun xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar, üstünə yoxlanış keçirən zaman onun burun nahiyəsinə qəsdən kəllə ilə bir dəfə zərbə vuraraq, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmiş, həmçinin bu zaman Zərərçəkmiş şəxs burnun yumşaq toxumalarının şişkinliyi-əziyi və qançırı ilə yanaşı, burun sümüyünün qığırdağa keçən hissəsinin yerdəyişməsiz qopma sınığı və burun tənəffüsünün pozulması nəticəsində onun sağlamlığına yüngül zərər dəymişdir. Yəni, Təqsirləndirilən şəxs həmin məqamda xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etdiyini dərk etmiş və belə zor tətbiq etməyi arzu etmiş, habelə onun qəsdi bu və ya digər şəxsə qarşı deyil, məhz hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edilməsi və bu zorun hakimiyyət nümayəndəsinin xidməti vəzifələrinin icrası ilə əlaqədar tətbiq olunması faktını əhatə etmişdir. Bu mənada, hakimiyyət nümayəndəsi dedikdə, təşkilati-hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət nümayəndəsinin statusu hər şeydən əvvəl hakimiyyət səlahiyyətləri ilə əlaqədardır. Hakimiyyət səlahiyyətləri dedikdə, xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. Hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi vəzifəli şəxsin xarakterik əlaməti olsa da, hakimiyyət nümayəndəsi vəzifəli şəxs olmaya da, bilər. Belə ki, xidməti fəaliyyətinin xarakterinə görə bəzən sıravi işçi də, (məsələn, sıravi polis nəfəri, ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş sıravi hərbi qulluqçu və sair) hakimiyyət nümayəndəsi hesab olunur. Çünki, bu halda, onlar, özləri ilə tabelik münasibətlərində olmayan şəxslərə qarşı icrası həmin şəxslər üçün məcburi olan müəyyən qanuni tələblər irəli sürmək hüququna malikdirlər. Məsələn, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göründüyü kimi, əsas xidmət ərazisi Siyəzən rayonu olan Zərərçəkmiş şəxs 24 dekabr 2020-ci il tarixdən Daxili işlər orqanlarında, 24 iyul 2024-cü il tarixdən isə Siyəzən RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi vəzifəsində işləməklə, hadisə günü, yəni 04 fevral 2025-ci il tarixdə xidmətdə olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs hadisə məqamında hakimiyyət səlahiyyətlərinə malik hakimiyyət nümayəndəsi olmuşdur. Həmçinin, burada bir məqam xüsusilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə sonuncunun xidməti fəaliyyəti məqamından ayrıca şəxsi münasibətlər zəminində deyil, məhz Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar, yəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin “Daxili işlər orqanlarının operativ növbətçi hissələrinin işinin təşkilinə dair təlimatın təsdiq edilməsi barədə” 02 yanvar 2001-ci il tarixli əmrinə uyğun olaraq Yusifin üzərində şəxsi axtarış aparıb üstündə olan əşyaları yoxlayan zaman baş vermiş, habelə Təqsirləndirilən şəxs kəllə zərbəsini həmin vəzifələrin icrası zamanı ona vurmuş, bununla da Zərərçəkmiş şəxs fiziki zora məruz qalmışdır. Həmçinin, Təqsirləndirilən şəxs Siyəzən rayon Polis Şöbəsində oranın əməkdaşları tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar olaraq müvafiq araşdırma aparılması üçün Siyəzən rayon prokurorluğuna məlumat verilsə də, Siyəzən rayon prokurorluğunun müstəntiqi X6 01 may 2025-ci il tarixli cinayət işi üzrə sübutlara qiymət verilməsi və maddi sübutların tanınması haqqında qərarı ilə onun fiziki təsirə məruz qalması faktı təsdiq olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etməsi tamamilə sübuta yetirildi. Yəni, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməməklə bağlı qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmadı, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmadı. Başqa sözlə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də oranın əməkdaşları tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar toplanmış materiallarla, o cümlədən müvafiq ifadələrlə, izahatlarla sübuta yetmədi. Belə olan halda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin onun öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində dörd azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə dövlət hakimiyyətinin idarəetmə fəaliyyətinin və şəxsiyyətin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməsini, bununla da, zərərçəkmiş şəxsin, eləcə də, cəmiyyətin heysiyyətinə toxunmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaqla, barışmamasını, cəzasını ağırlaşdıran halların mövcud olmamasını, yüngülləşdirən halın isə olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, ailəsi daxilində daima davamlı olaraq münaqişəli vəziyyət yaratmaqla, arvadına dəfələrlə xəsarətlər yetirməsini, rayon Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyata alınmasını, əməlinə münasibətdə qeyrisəmimilik nümayiş etdirməsini, hüquq pozuntusuna meylli olmasını, yeni cinayət törətməyə meylliyini, polis əməkdaşlarına qarşı kobudluq edərək, onların qanuni tələblərinə qəsdən tabe olmayıb, ictimai qaydanı pozmaqla, özünü üstün şəxs yerinə qoymasını, bu səbəbdən də, məhkəmənin qərarı ilə inzibati həbs olunmasını, islah, o cümlədən tərbiyə olunmamasını, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan daha yüngül cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/5 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 fevral 2025-ci il tarixdən 21 fevral 2025-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 26 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılan, hadisə zamanı X1 əynində olmuş, üzərində qana bənzər ləkələr olan, ön tərəfində qızılı rəngli yazılar yazılmış 1(bir) ədəd ağ rəngli mayka və ön tərəfində “Hip-Hop” sözləri yazılmış, ağ rəngli 1(bir) ədəd qısa qol köynək Pərvanə Qafarovaya, həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş, üzərində qana bənzər ləkələr olan, 1(bir) ədəd boz rəngli uzun qol köynək isə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Eyni zamanda, hadisə yerindən götürülmüş zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən rayon prokurorluğunun maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılan, hadisə zamanı X1 əynində olmuş, üzərində qana bənzər ləkələr olan, ön tərəfində qızılı rəngli yazılar yazılmış 1(bir) ədəd ağ rəngli mayka və ön tərəfində “Hip-Hop” sözləri yazılmış, ağ rəngli 1(bir) ədəd qısa qol köynək Pərvanə Qafarovaya, həmçinin hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş, üzərində qana bənzər ləkələr olan, 1(bir) ədəd boz rəngli uzun qol köynək isə Təqsirləndirilən şəxs qaytarılsın. Eyni zamanda, hadisə yerindən götürülmüş zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar