Məhkəmə qərarları › İş №1(059)-27/2022

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-27/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-27/2022 08.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Xüsusi ittihamçı X1 iştirakı ilə X1 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət işi başlayıb, onun cinayət məsuliyyətinə cəlb edilməsi və ondan 20000 manat mənəvi ziyanın alınmaqla, ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Siyəzən şəhərinin Dəmirov küçəsindəki 23 saylı evdə yaşamalqa, subaydır, işləmir, aldığı təqaüdlə dolanır. 06 dekabr 2021-ci il tarixdə Siyəzən rayon prokurorluğundan daxil olmuş telefon zənginə əsasən o, 07 dekabr 2021-ci il tarixdə prokurorluğa dəvət edilmiş, habelə barəsindəki Dövlət Təhlükəsizlik Xidmətinə daxil olmuş ərizənin araşdırılmasından ötrü prokurorluğa çağırıldığı bildirilmişdir. DTX-nin adını eşitdikdə, canına qorxu dolmuş, dili ağzında qurumuş, stress keçirdiyindən nə səbəbə şikayət olduğunu da bilməmişdir. Bildirir ki, həmin gecə ürək ağrısından qalxa bilməmiş, ürəyindən müalicə almağa başlamışdır. 07 dekabr 2021-ci il tarixdə Siyəzən rayon prokurorluğunda olarkən ona X3 guya onun Xızı rayonunda məktəbdə lobarant kimi adının yazılaraq işləməsi, lakin işə getməməsi, işə getmədiyi halda lobarant vəzifəsini tutan şəxs kimi əmək haqqı alması barədə böhtan, şər dolu şikayət ərizəsi ilə tanış olmuşdur. Tağıyevin ona qarşı belə böhtan xarakterli ərizə yazmasına çox təəccüblənmişdir. Cəmiyyətdə baş verən qanunsuz, neqativ hallara qarşı bir vətəndaş kimi həmişə etiraz səsini ucaltmış, hüquqlarının pozulması, kiminsə tərəfindən alçaldılması ilə barışmamış, belə hallara qarşı həmişə mübarizə aparmışdır. Cənab Prezident demək olar, hər dəfə çıxışlarında dövlət məmurlarının xalqa xidmət etməli olduğunu vurğulasa da, ən kiçik məmurlar belə son zamanlar öz vəzifə səlahiyyətlərini çox vaxt aşmaqla, sanki yalnız öz şəxsi maraqlarına xidmət edən iş metodunu seçmişlər. Siyəzən rayon prokurorluğunda aparılan araşdırmalardan sonra Tural Tağıyevin ona qarşı yazdığı ərizədə qeyd etdiklərinin təsdiqini tapmayan böhtan xarakterli cəfəngiyyatdan başqa bir şey olmadığı məlum olmuşdur. Belə ki, Siyəzən rayon prokurorluğu 07 yanvar 2022-ci il tarixli məktubla Tural Tağıyevin ona qarşı yazdığı böhtan xarakterli ərizəsində göstərilənlərin öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğunu bildirmişdir. O, həmin qərarın surətinin ona verilməsini xahiş etsə də, bu günə kimi həmin qərar ona göndərilməmiş, nəticədə, sözügedən qərarı məhkəməyə təqdim edə bilməmişdir. Tural Tağıyevin onun barəsində heç bir əsası olmayan böhtan dolu ərizəsindən sonra səhhətində ciddi dəyişikliklər, o cümlədən ürək ağrıları əmələ gəlmiş, mənəvi cəhətdən əməlli-başlı sarsıntı keçirmiş, onun təmiz adına, qüsursuz yaşayış tərzinə, imicinə sanki yaraşmayan ləkə vurulmuş, bir sözlə mənəvi zərər dəymişdir. Əslində onun təmiz imicinə Tural Tağıyev tərəfindən atılan, vurulan bu zərərin onun üçün qiyməti çox yüksəkdir, amma reallığı nəzərə almaqla bu zərəri 20 000 manat qiymətləndirir. Onunla öz şəxsi mənafeyi naminə düşmənçilik aparan Tural Tağıyev yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları hüquq-mühafizə orqanlarında, xalq arasında, qohum-əqraba, qonum-qonşu arasında yaymaqla, insanların qarşısında kütləvi şəkildə çıxışlar etməklə həyata keçirir. Onu ağır cinayət etməkdə ittiham etməklə, əsassız olaraq böhtan atmaqla alçaltmağa, nüfuzdan salmağa çalışır. Bu adam onun şəxsiyyətini, şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmağa çalışmış, dövlət əmlakını mənimsəməkdə günahlandırmışdır. Halbuki, bu şəxsin prokurorluqda, polisdə göstərdikləri böhtandan, ona qarşı atılan iftiradan, şərdən, əsassız təhqirlərdən başqa bir şey deyildir. Belə ki, barəsində yazdıqlarının heç biri hər hansı sübutla öz təsdiqini tapmamışdır. Ancaq ona məlumdur ki, Tural Tağıyev özü saxta tibbi sənədlər əldə edərək İİ qrup əlil kimi dövlətdən müavinət alır, dövlət idarələrində çalışan məmurları hər cür nəlayiq sözlərlə təhqir edərək, onları şantaj etməklə hədələyərək özü üçün qeyri-qanuni imtiyazlar əldə etməyə çalışır, ona görə də bu adam etdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir. Belə olmadıqca Tural Tağıyev qarşısı alınmaz bir qüvvəyə çevrilməktədir. Odur ki, X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət işi başlayıb, onun cinayət məsuliyyətinə cəlb edilməsi və ondan 20000 manat mənəvi ziyanın alınmaqla, ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək onun məzmununun izahatı kimi qəbul edilməklə, icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, hazırlıq iclasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.11-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, həmin Məcəlləsinin 299.11-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilmiş bu Məcəllənin 299.8 və 299.9-cu maddələrində göstərilənlər nəzərə alınmaqla cinayət prosesi iştirakçılarının məhkəmənin hazırlıq iclasına gəlməməsi, həmin iclasın keçirilməsinə və müvafiq qərarın qəbul edilməsinə mane olmur. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə, böhtan atma isə böhtan cinayətinin ağırlaşdırıcı tərkib əlamətləridir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkəsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır.Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymada ifadə olunur. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən nəzərdə tutulmuş böhtan cinayətdə ittiham etməklə böhtan atma cinayət məsuliyyətinə səbəb olan əməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilə bilər. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin düzünə qəsdini, şərəf və ya ləyaqətini ləkələyən məlumatları yaymasını dərk etməsini və bunu arzu etməsinə dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, xüsusi ittihamçının məhkəmə iclası zamanı şikayət ərizəsində istinad etdiyi halları təsdiq edəcək sübutların təqdim etdiyi sənədlərdən ibarət olduğunu, bütün məsələləri şikayətində ətraflı göstərdiyini bildirməsi, eləcə də bununla kifayətlənməli olduğunu qeyd etməsi, onun şikayətinin dəlillərini təsdiq edən mötəbər sübut və ya sənədə malik olmamasına dəlalət edir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”). Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli Qərarına görə yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələnən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyət yaratmır. Qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə daxil etmişdir. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yayılması mülki məsuliyyət doğurur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci hissəsində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İşin faktiki hallarından da göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Tural Tağıyev yalan olduğunu bilə-bilə Şəfaqət Həsənovanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymamış, ağır və ya xüsusilə ağır cinayətlə ittiham etməklə, ona böhtan atmamış, habelə böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmamış, habelə bunun əksi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Qeyd olunan Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. Eyni zamanda bu mənada məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayəti tərtib edərkən şikayətin məzmunu CPM-in 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğunlaşdırmamış, prosessual formaya riayət edilməmişdir. Belə ki, şikayət vermiş şəxs haqqında məlumatlar təfərrüatlı göstərilsə də, əməlin məhz həmin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, habelə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayətdə göstərilməməklə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 293-cü maddəsinin İİİ hissəsinin İİİ və İV bəndlərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilir. Qeyd olunan Məcəllənin 302-ci maddəsinin İ hissəsinin İİİ, Vİ və Vİİ bəndlərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yenə bu Məcəllənin 301.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı, ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi əsassız olduğundan, xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 əməllərində cinayətin əlamətlərinin olmasına dair mötəbər dəlillər təqdim olunmadığından onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar