Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-27/2025 21.05.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə, müəyyənetdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 barəsində, Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlayaraq, ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında“ Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4 haqqında“ Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx-surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə, bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, barəsində şikayət verilmiş şəxs, X3, Konstitusiya ilə ona verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək, ərinə (onun keçmiş ərinə) məxsus “X11" adı altında açılmış “tik-tok” hesabından ərinin onunla birgə nikahdan doğulmuş azyaşlı övladına yazılarında, sonuncuların şərəf və ləyaqətini ləkələyən, təhqir və böhtan xarakterli ifadələr işlədərək yaymaqla hazırki, xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına əsas olan aşağıdakı əməllər törətmişdir. Belə ki, o, barəsində şikayət verilmiş şəxsin hazırda yaşadığı əri Camal ilə 17 may 2013-cü il tarixdə rəsmi nikah bağlayaraq evlənmiş, habelə aralarında olan nikah 18 fevral 2020-ci il tarixdə Siyəzən Rayon Məhkəməsində pozulmuş və həmin vaxtdan bir-birilərindən ayrı yaşayırlar. Həmçinin, bu nikahdan doğulmuş 22 sentyabr 2014-cü il təvəllüdlü Hikmət adlı övladı onun himayəsinə verilmiş, habelə sonuncunun saxlanılması üçün atasından hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, aliment borcu borlcu tərəfindən ica edilməmişdir. Bununla da, onun alimentə görə etdiyi şikayətlərin qarşısını almaq üçün, Camal özünün “X11” adı altında açılmış “tik-tok” hesabı vasitəsi ilə 2024-cü ilin iyun ayında oğlu Hikmət ilə əlaqə yaratmış, habelə bundan sonra onlar bir-biriləri ilə müntəzəm ünsiyyət saxlamaq məqsədi ilə mobil telefon nömrələrini mübadilə etmişlər. Beləliklə, Camalın öz övladı ilə əlaqə saxlamasından xəbər tutan Mahiyə Əliyeva ilk olaraq Hikmətə zəng edib, onu təhqir etmiş, sonra isə birincinin “X11” adı altında açılmış “tik-tok” hesabı vasitəsi azyaşlı Hikmətin “Haydarov” adlı “tik-tok” hesabında atası Camalın qucağında olduğu halda çəkilmiş şəkilin rəy bölməsində “Camal sənin atan deyil, bic bala, bunu bil, get anon sənə atan kimdi düzün desin” deyə yazmışdır. Həmçinin ərizəyə əlavə etdiyi qoşmalardan göründüyü kimi Mahiyə həmin hesabdan, “qayınananda səni kimidir, kişilərin ikinci saxladığı, siz ancaq artıq ola bilərsiz, Məryəm Əlinin qəhbəsi idi, Səndə Camalın, mən əsli qadınıyam”, “o uşaq Camaldan deyil vəssalam, bunun sərçə beyninə sal”, təkrarən “o uşaq Camaldan deyil vəssalam, bunun sərçə beyninə sal”, “bir şeyi düz dedine, Camalın sənə əli dəyməyib, Camal deyir mən onu ayıq başla görməmişəm, mən onunla sevişməmişəm, o uşaqda bilmirəm necə əmələ gəlib, yenə burda Məryəm qəhbə atıb özünü ortalığa sırıyıb səni ona” cümlələrini yazmışdır. Habelə, sözügedən şikayət ərizəsi ilə məhkəməyə müraciət edəcəyindən xəbər tutduqdan sonra, “Camal sənin atan deyil, bic bala, bunun bil” sözləri silinmiş, “get anon sənə atan kimdi düzün desin” sözləri saxlanılmışdır. Mahiyənin onun ünvanına işlətdiyi yuxarıda qeyd edilən təhqir və böhtan xarakterli yazılar ilə bağlı birinci barəsində qanuni tədbir görülməsi üçün təxminən 2025-ci ilin fevral ayında Siyəzən rayon Polis Şöbəsinə şikayət etmiş, habelə onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə görülən təbir nəticəsində Mahiyə ondan üzr istəməklə yanaşı, bundan sonra onun barəsində təhqiramiz ifadələr işlətməyəcəyinə dair vəd vermişdir. Lakin, Mahiyə vədinə əməl etmədiyi üçün hazırki xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas yaranmışdır. Bunula da müəyyən olnur ki, barəsində şikayət verilmiş şəxs X5 tərəfindən onun şərəf və ləyaqətini ləkələyən, təhqir və böhtan xarakterli aşağıdakı məlumatlar sosial şəbəkələrdə keçmiş əri olmuş Camalın “X11” adı altında açılmış “tik-tok” hesabından azyaşlı övladı Hikmətin adına “Haydar” adı altında açılmış “tik-tok” hesabına yazılmaqla, sonuncuya qərəzli olaraq çatdırılmaqla yazılmışdır. Əməlin mənəviyyata (uşağın mənəvi inkişafına) və etik qaydalara zidd və yolverilməz əlamətləri özünü onda göstərir ki, barəsində Mahiyə Əliyeva tərəfindən əsassız yayılmış şərəf və ləyaqətini ləkələyən, təhqir və böhtan xarakterli ifadələr, 11 yaşlı yetkinlik yaşına çatmamış övladına, habelə sonuncunun şəxsiyyətinin formalaşdığı bir vaxtında deyilmişdir. Hesab edir, hər kəsin, o, cümlədən onun mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi ilə yuxarıda qeyd edilən əməllərin törədilməsi əsaslarına görə cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibi başlanılmalıdır. Habelə, Mahiyə Əliyeva müxtəlif vaxtlarda müxtəlif üsullarla, yuxarıda qeyd edilən məzmunlarda ifadələr işlədərək, barəsində təhqir və böhtan xarakterli məlumatları qərəzli yayaraq, əsasəndə müxtəlif şəxslər, ən əsası onun keçmiş ərinin, 11 yaşlı övladının və Məryəm adlı qaynanasının yanında təhqir olunaraq, şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan əməllər törətmişdir. Odur ki, X5 barəsində, Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlayaraq, ona cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək, izahatında bildirdi ki, keçmiş əri Camal ilə nikahları 7 ilə yaxın müddətdir pozulmuş, habelə bu müddət ərzində sonuncu ilə heç bir əlaqəsi olmamış, özü işləməklə azyaşlı övladının maddi xərclərini qarşılamışdır. Həmçinin, Camalın başqa xanımla münasibəti olması səbəbindən aralarında olan nikah pozulmuş, habelə o özü bu barədə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, nikahı pozulduqdan sonra uzun müddət aliment borcunun ödənilməsini tələb etməsə də, Siyəzən rayon icra və probasiya şöbəsinə etdiyi şikayət əsasında Camal barəsində müvafiq protokol tərtib edilmiş, habelə sonuncu 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan başqa, təxminən bir il öncə yəni, ötən ilin iyun ayında Camal “tik-tok” sosial şəbəkəsi vasitəsi ilə oğluna mesaj yazmış, habelə sonuncular bir həftə ərzində bir-biriləri ilə telefon vasitəsi ilə də əlaqə saxlamışlar. Beləliklə, Camalın hazırda vətəndaş nikahında yaşadığı Mahiyə onun azyaşlı oğluna zəng edərək, azyaşlıya “Camal sənin atan deyil, sən bicbalasan” kimi sözlər demiş, habelə həmin vaxt o işdə olduğundan oğlu ona zəng edərək, bu barədə məlumat vermişdir. Bundan sonra, Mahiyə onun azyaşlı oğlunun “tik-tok” sosial şəbəkəsindəki hesabının mesaj bölməsinə eyni xarakterli olmaqla, şəxsiyyəti alçadan xarakterli mesajlar yazmış, bunun nəticəsində oğlunun psixoloji vəziyyəti gərginləşmiş, uşağı tədris müddətində özünü yaxşı hiss etməmiş, dərin sarsıntı keçirmişdir. Sonra o, Mahiyənin sosial şəbəkədəki hesabını və mobil telefon nömrələrini qara siyahıya atsa da, sonuncu onun barəsində Siyəzən rayon Polis Şöbəsinə şikayət etmiş, habelə polis əməkdaşlarının qarşısında övladının atasının Camal olmadığını bildirmiş, həmçinin 10 may 2025-ci il tarixdə qaynına zəng vurmaqla, onun uşağın atası olduğunu bildirmişdir. Qeyd edir ki, onun keçmiş əri ünsiyyəti yalnız alimentin ödənilməsi istiqamətində olmuşdur. Eyni zamanda, keçmiş əri onun iş yerinə gələrək, şəxsiyyəti təsdiq edən sənədi ona verməklə yanaşı, qısa müddət sonra kirayə ev tutacağını və birlikdə yaşayacaqlarını bildirsə də, o, kişi üstündə dava edən şəxs olmadığı üçün bununla razılaşmamış, habelə ödənilməmiş 9000 manat aliment borcunun bidəfəlik ödənilməsini tələb etməməklə, keçmiş ərinin tutulmasını istəməmiş, ümumiyyətlə sonuncunun ailəsinin uzaq olmasını istəmişdir. Odur ki, Mahiyə Əliyevanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün hazırki şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 izahat verərək bildirmişdir ki, kirayədə yaşadığı evin sahibi ona səsli mesaj göndərərək, onun vətəndaş nikahında yaşadığı əri Camalın keçmiş arvadı ilə barışdığını, sonuncunu onun qayınanasıgilə apardığını, tik tok hesabında durumda şəkillər paylaşdığını bildirmişdir. Qeyd edir ki, Camal ilə molla kəbini kəsdirərək, vətəndaş nikahında yaşayırlar, habelə bu nikahlarından bir övladları doğulmuşdur. Camal ilə nikaha daxil olarkən sonuncu pis vərdişlərindən əziyyət çəksə də, o, ərini pis vərdişlərindən uzaqlaşdırmış, həmçinin öz bacılarının və qardaşı arvadının maddi dəstəyi ilə ailəsinin dolanışığını təmin etmişdir. Habelə, əri Camalın səhhətində problemlər olan zaman sonuncunun anası onunla maraqlanmasa da, son vaxtlarda ona zəng edib, “oğlumu geri qaytar deyə” bildirmiş, ondan isə ata evinə qayıtmasını istəmişdir. Bundan baqa, Camal ona birinci nikahından olan oğluna qarşı sevgi hiss etmədiyini bildirmiş, ona görə də, oğlu ilə maraqlanmadığını demişdir. Həmçinin, əri X10 ilə nikaha daxil olarkən sonuncu təxminən 4-5 aylıq hamilə olmuş, eyni zamanda qayınanası təşkil edilmiş toy məclisində iştirak etməmişdir. Bundan başqa, incəliklərini çox bilməsə də, əri Camala məxsus “tik-tok” sosial şəbəkəsindəki hesabından sonuncunun oğlu video paylaşmış, bu zaman Camal işdən evə gələn yolda olmuş, həmçinin sonuncunun sözügedən şəbəkədən istifadə etdiyi mobil telefon onda olmuşdur. Bundan sonra o, Camalın mobil telefonundakı nömrəyə zəng edib, bu zəngə cavab verən Pərvindən oğlunun Camalı hansı səbəbdən axtardığını soruşsa da, ümumiyyətlə sonuncuların azyaşlı oğlu danışmamışdır. Bundan başqa, Pərvin Camala alimentin ödənilməsi bahanəsi ilə tez-tez zəng etmiş, həmçinin sonuncunun yuxarıda qeyd olunan sosial şəbəkədəki hesabına mesaj yazarkən, həmin mesajlara Camalın adından özü cavab vermişdir. Bütün bunlardan başa düşmək olur ki, Pərvinin məqsədi aliment almaq yox, Camal ilə ünsiyyətdə olmaqdır. Belə ki, Pərvin Camala zəng edərək, ikisinin Siyəzən rayon icra və probasiya getməsini və alimentdən imtina edəcəyini bildirmişdir. Bundan başqa, Pərvin Camala məxsus şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnamənin şəkilini mesaj vasitəsi ilə ona göndərək, sonuncu ilə nikahda olduğunu qeyd etmiş, buna görə də, o, birinicinin ünvanına iş materiallarına əlavə edilmiş məzmunda mesajlar yazmışdır. Bununla belə, hazırki şikayətin mahiyyətini anlamadığını bildirib işin icraata qəbul edilməsi və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti tərəflərin izahatları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Pərvin Hüseynova xüsusi ittiham qaydasında şikayəti tərtib edərkən şikayətin məzmunu CPM-in 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğunlaşdırmamış, prosessual formaya riayət edilməmişdir. Belə ki, törədilmiş cinayət barədə məlumatlar-cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği göstərilməmiş; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma deməkdir. Ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə, böhtan atma isə böhtan cinayətinin ağırlaşdırıcı tərkib əlamətləridir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma deməkdir. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Qeyd olunan maddələrin tələblərin də göründüyü kimi cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci hissəsində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İşin faktiki hallarından da göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs böhtan və təhqir hesab etdiyi məlumatların Mahiyə Əliyeva tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında deyil, onun oğlunun “tik-tok” hesabının “məktub” bölməsində yazıldığını göstərmişdir. Belə olan halda da məhkəmə hesab edir ki, CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyəti yaranması istisna edilir. Qeyd olunan Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302-ci maddəsinin İ hissəsinin İİİ bəndinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi əsassız olduğundan, xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 əməllərində cinayətin əlamətlərinin olmasına dair mötəbər dəlillər təqdim olunmadığından onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbulundan və ərizəsinin məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-27/2025
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-27/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver