Məhkəmə qərarları › İş №1(059)-28/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-28/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-28/2022 07.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 07 aprel 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1977-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli, 1(059)-12/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qərarı ilə cəzasının müddəti 4 il 8 ay həddinə dəyişdirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 09 iyul 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 7,592 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitənin 2,71 qramını xırda bağlamalara bükməklə, ümumilikdə 11 ədəd qəhvəyi rəngli bükülü formasında iki ədəd kibrit qutusuna yerləşdirərək üzərində, habelə həmin narkotik vasitənin 4,882 qramını bir ədəd kibrit qutusuna yerləşdirməklə, yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evdə saxlamış, 18 noyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin ünvanının qarşısında üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsi üçün saxlanılmış, üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli qolsuz gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusunun içərisinə yerləşdirilmiş hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,278 qram, 0,261 qram, 0,275 qram, 0,180 qram, 0,244 qram, 0,217 qram, 0,206 qram, 0,279 qram, 0,255 qram, 0,242 qram və 0,273 qram olan 11 ədəd qəhvəyi rəngli kağız bükülülərdə ümumilikdə 2,71 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, yaşadığı ünvana baxış zamanı ona məxsus yataq otağında döşəmənin üzərindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 4,882 qram kustar üsulla hazırlanmış narkotk vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. Uzun müddət olar, narkotik vasitə qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edir. Təxminən 16 noyabr 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında gəzərkən diqqətini cəlb etməklə, yerdən götürdüyü, bir ədəd böyük ölçüdə kağız bükülünün içərisində olan narkotik vasitə qurudulmuş marixuananın bir qismini xırda bükülülərə ayırmaqla, iki ədəd kibrit qutusunda birində 5 ədəd, digərində 6 ədəd bükülü olmaqla yerləşdirib, həmin iki ədəd kibrit qutusunu tünd göy rəngli qolsuz gödəkcəsinin sağ cibinə, narkotik vasitənin qalan hissəsini isə, bir ədəd kibrit qutusuna qoyaraq, yaşadığı ünvanda yataq otağında döşəmənin üzərinə qoymuşdur. 18 noyabr 2021-ci il tarixdə, təxminən saat 12:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsində yerləşən evinin qarşısında dayanarkən polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğunu, üzərində müstəntiqin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini və bu barədə Siyəzən RPŞ-nin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarının olduğunu bildirmişlər. Bundan əvvəl hüquq, vəzifələri və müdafiə hüquqları izah olunaraq bu barədə bildiriş təqdim edilmiş, habelə üzərində keçiriləcək şəxsi axtarışda və yaşadığı ünvana keçiriləcək baxışda müdafiə hüququ təmin olunaraq Müdafiəçi iştirakı da təmin edilmişdir. Bundan sonra, təklif əsasında əynində olan qara rəngli qolsuz gödəkcənin qabaq sağ yan cibindən içərisində səliqəli şəkildə qəhvəyi rəngli kağız bükülülərə yığıdığı 6 ədəd narkotik vasitə qurudulmuş marixuana bükülüsü olan 1 ədəd kibrit qutusunu və içərisində qəhvəyi rəngli kağız bükülülərə yığdığı 5 ədəd narkotik vasitə qurudulmuş marixuana bükülüsü olan digər 1 ədəd kibrit qutusunu, cəmi 2 ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmiş və həmin kibrit qutularında olan kütlənin “nəşə” olduğunu bildirmişdir. Sonra, polis əməkdaşları tərəfindən təqdim etdiyi kibrit qutularına baxış keçirilmiş və bundan sonra, bütün bükülülər aşkar olunduğu formada qablaşdırılması üçün hər biri öz kibrit qutusunun içərisinə yığılmışdır. Daha sonra, üzərində davam etdirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkcənin sağ üst cibindən ona məxsus bir ədəd “Teletex” markalı mobil telefon da aşkar olunmuş, habelə müstəntiq tərəfindən üzərində saxladığı 2 ədəd kibrit qutusu bir ədəd ağ rəngli zərfin içərisinə, həmçinin üzərindən götürülmüş bir ədəd mobil telefon digər bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində keçirilən şəxsi axtarış bitdikdən sonra, yaşadığı evə baxış keçiriləcəyi bildirilərkən bərk həyəcanlı olduğundan əvvəl yaşadığı evdə qanunsuz əşya saxlamadığını bildirsə də, sonra baxış iştirakçılarını yaşadığı evə, yataq otağına dəvət etmişdir. Polis əməkdaşları tərəfindən yataq otağına baxış keçirilərkən döşəmədə xalçanın üzərində saxladığı bir ədəd qara rəngli elektron tərəzi, bir ədəd kibrit qutusu, 2 ədəd falqa kəsikləri, bir ədəd istifadə olunmuş siqaret qutusu və yararsız alışqan aşkar olunmuşdur. Bundan sonra, müstəntiq həmin predmetləri döşəmədən götürərək ətraflı baxış keçirilməsindən ötrü otaqda olan çarpayının üzərinə qoymuş, habelə həmin kibrit qutusunun ağzı açılıb, içərisinə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuş, həmçinin şifahi sorğu zamanı o da, həmin qutunun içərisindəki kütlənin “nəşə” olduğunu bildirmişdir. Daha sonra, müstəntiq tərəfindən həmin kibrit qutusu və 2 ədəd falqa kəsikləri bir ədəd ağ rəngli zərfin içərisinə və bir ədəd qara rəngli elekron tərəzi isə digər bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, yaşadığı evdə baxış keçirilməsi davam etdirilsə də, oradan əlavə qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, bu barədə tərtib olunub, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd edir ki, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təzyiq olunmamış, ifadəsini sərbəst formada vermişdir. Üzərindən aşkar edilmiş predmetləri kibrit qutusunda olan xırda bükülülərə ayırmaqda və saxlamaqda məqsədi, gələcəkdə istifadə etmək istəyi olmuş, habelə narkotik vasitəni üzərində saxlamasından heç kimin xəbəri olmamışdır. Bununla yanaşı qeyd edir ki, yaşadığı evdən aşkar edilmiş elektron tərəzi anasına məxsus dükanda istifadə olunan tərəzidir. Belə ki, anası həmin tərəzi vasitəsilə meyvələri çəksə də, o, həmin tərəzi vasitəsi ilə hər hansı narkotik vasitə çəkməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlaması, üzərində gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə 18 noyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞnin CAB-ın rəisi Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edildikdən sonra, onun, Şahid1 və CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid3 iştirakları ilə təlimatlandırılma keçirilmiş, habelə faktla bağlı araşdırma aparılması İB-nin müstəntiqi X5 həvalə olunmuş, həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunaraq, keçiriləcək tədbirlə bağlı məlumatlandırılmışdır. Rəhbərliyin tapşırığı ilə həmin gün təxminən saat 12:00 radələrində Siyəzən şəhəri, Xətai küçəsinə gedərək, həmin küçəni müşahidəyə götürmüş və bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına çıxaraq orada dayandığını görüb, ona yaxınlaşıb özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu, üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyini bildirmiş, habelə sonuncu üzərində şəxsi axtarış və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirib, bu barədə müvafiq ərizəni təqdim etmişdir. Sonra, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs hüquq, vəzifələri və müdafiə hüququ izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, sonuncu həmin bildirişi imzalamaqla götürmüş, habelə şəxsi axtarış və baxış zamanı Müdafiəçi iştirak etməsinin istədiyini bildirmişdir. İlk olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu zaman sonuncu təklif əsasında əyinində olan qara rəngli qolsuz gödəkcəsinin qabaq sağ yan cibindən 2 ədəd kibrit qutularını təqdim etmiş və şifahi sorğu zamanı həmin kibrit qutularının içərisində narkotik vasitə “nəşə” olduğunu bildirmişdir. Təqdim olunmuş 2 ədəd kibrit qutularının içərisinə Şahid1 tərəfindən baxış keçirilərkən içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan, müvafiq olaraq 6 ədəd və 5 ədəd qəhvəyi rəngli bükülülərin olması müəyyən olunmuş və aşkar olunmuş bükülülər əvvəlki qaydada hər biri öz kibrit qutusuna yerləşdirilmişdir. Bundan sonra, Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan qara rəngli qolsuz gödəkcəsinin sağ üst cibindən bir ədəd “Teletex” markalı mobil telefon aşkar olunmuş, habelə aşkar olunmuş bir ədəd mobil telefon və təqdim edilmiş 2 ədəd kibrit qutusu müstəntiq tərəfindən iki ədəd ayrı ağ rəngli zərfin içərisində qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşandan sonra, ondan yaşadığı ünvanda qanunsuz əşya saxlayıbsaxlamaması soruşulduqda, sonuncu yaşadığı evdə qanunsuz əşya saxlamadığını və evinə keçiriləcək baxışa hər hansı etirazının olmadığını bildirib, iştirakçıları yaşadığı evə dəvət etmişdir. Sonra isə Təqsirləndirilən şəxs yataq otağına keçərək, qanunsuz əşyaları həmin otaqda saxladığını bildirmiş, habelə həmin otağa baxış zamanı xalçanın üzərində bir ədəd qara rəngli elektron tərəzi, bir ədəd kibrit qutusu, bir ədəd siqaret qutusu, bir ədəd sınmış alışqan və 2 ədəd falqa kəsikləri aşkar olunmuşdur. Müstəntiq tərəfindən ilk olaraq kibrit qutusuna baxış keçirilmiş və qutunun ağzı açıldığında içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuş, habelə şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan kütlənin “nəşə” olduğunu bildirmişdir. Bundan sonra, Şahid1 tərəfindən siqaret qutusuna baxış keçirilərkən oradan bir ədəd boş gümüşü rəngli siqaret kağızı bükülüsünün olduğu müəyyən olunmuşdur. Daha sonra, müstəntiq tərəfindən bir ədəd kibrit qutusu və 2 ədəd falqa kəsikləri bir ədəd ağ rəngli zərfin içərisinə, bir ədəd qara rəngli elektron tərəzi isə digər ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərflərin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Baxışın videoçəkilişi KTQ-nin baş inspektoru X4 tərəfindən “Nikon” markalı fotoaparatla qeydə alınmış, habelə şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış və bu barədə tərtib olunub, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid1 və CABın axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onunla bir məhəllədə yaşadığı üçün tanımaqla, yanaşı aralarında hər hansı ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından xəbərdar olmuş, habelə 10 noyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində sonuncu onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, ona narkotik vasitə qurudulmuş marixuana satdığını və ehtiyac olarsa götürüb, yaşadığı ünvana gətirə biləcəyini bildirmişdir. O, Bəxtiyara narkotik vasitə olan qurudulmuş marixuana istədiyini bildirdikdən sonra sonuncu ona bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana gətirmiş və o, yaşadığı ünvanın qarşısında həmin narkotik vasitəni Bəxtiyardan götürmüş, habelə buna görə Təqsirləndirilən şəxs 10 manat məbləğində pul vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-40-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2021-ci il tarixli, 7/1192 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 ədəd kibrit qutularda olan ümumi sayı 11 ədəd qəhvəyi rəngli kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,278 qram, 0,261 qram, 0,275 qram, 0,180 qram, 0,244 qram, 0,217 qram, 0,206 qram, 0,279 qram, 0,255 qram, 0,242 qram, 0,273 qram və evindən götürülmüş 1 ədəd kibrit qutuda təmiz çəkisi 4,882 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 7,592 qramdır. Təqdim edilmiş 2 ədəd gümüşü kağızlarda (folqa) heç bir narkotik və ya psixotrop maddənin qalıqları yoxdur. Tədqiqata 0,24 qram sərf olunduqdan sonra qurudulmuş marixuananın qalıq çəkisi 7,352 qram təşkil etmişdir. Cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizasının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 24 dekabr 2021-ci il tarixdə verilmiş 5285 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-27-ci vərəqələrində olan 18 noyabr 2021-ci il tarixli baxış, şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 12:38-dən saat 13:01-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli qolsuz gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusunun içərisinə 11 ədəd qəhvəyi rəngli kağız bükülülərdə, həmçinin yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evə baxış zamanı ona məxsus yataq otağında döşəmənin üzərindən 1 ədəd kibrit qutusunda ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Videoçəkiliş zamanı “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-147-ci vərəqələrində olan 26 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 7,352 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd "Teletex" markalı mobil telefon, 1 ədəd tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə üzərində şəxsi axtarışın, eləcə də yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eyni zamanda DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 2 ədəd Kompakt disklərdə iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli tələbnamədən, işin 94-100-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli, 1(059)-12/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, bu cəza Sumqayıt Apellyasiya Məhkəməsinin 15 avqust 2017-ci il tarixli qərarı ilə dəyişdirilməklə, 4 il 8 ay həddində müəyyən edilmiş, lakin, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 09 iyul 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-76-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 4(059)-56/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-126-cı vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 20 aprel 2012-ci il təvəllüdlü Hülya və 02 oktyabr 2014-cü il təvəllüdlü Nəbi adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olaraq, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda 7,592 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitənin 2,71 qramını xırda bağlamalara bükməklə, ümumilikdə 11 ədəd qəhvəyi rəngli bükülü formasında 2 ədəd kibrit qutusuna yerləşdirərək üzərində daşıması, habelə həmin narkotik vasitənin 4,882 qramını bir ədəd kibrit qutusuna yerləşdirməklə, yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 107 saylı evdə saxlaması, 18 noyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin ünvanının qarşısında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli qolsuz gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusunun içərisinə yerləşdirilmiş hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,278 qram, 0,261 qram, 0,275 qram, 0,180 qram, 0,244 qram, 0,217 qram, 0,206 qram, 0,279 qram, 0,255 qram, 0,242 qram və 0,273 qram olan 11 ədəd qəhvəyi rəngli kağız bükülülərdə ümumilikdə 2,71 qram çəkidə, yaşadığı ünvana baxış zamanı ona məxsus yataq otağında döşəmənin üzərindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 4,882 qram kustar üsulla hazırlanmış narkotk vasitə qurudulmuş marixuanaların aşkar edilərək götürülməsi, habelə Xəyal Abdülrəhimovla əvvəlcədən razılıq əldə edərək, onu müəyyən haqq müqabilində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana ilə təmin etməsi, bununla da öz şəxsi maraqlarını güdməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin barəsində yaşayış yeri üzrə şikayət olmamaqla, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, şəxsiyyətini, o cümlədən sonuncu dəfə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, yenidən bu dəfə də əvvəl olduğu kimi narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlini törətməsi onun törətdiyi əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə artıdığını, hüquqazidd əməllərini davam etdirməklə, narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində iştirakını bununla belə yuxarıda qeyd olunan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ həcmindən az olmayan cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 7,352 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə üzərində şəxsi axtarışın, eləcə də yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eyni zamanda DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 2 ədəd Kompakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 18 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 7,352 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə üzərində şəxsi axtarışın, eləcə də yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eyni zamanda DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 2 ədəd Kompakt disklər cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd "Teletex" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar