Məhkəmə qərarları › İş №1(059)-30/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-30/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-30/2023 16.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 16 may 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1979-cu il tarixdə keçmiş Dəvəçi rayonu, Dib kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 13 yanvar 2023-cü il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evin yaxınlığında qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,377 qram təşkil edən heroini 20 manat müqabilində alaraq, üzərində saxlamış, həmçinin o, 14 yanvar 2023-cü il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı qeyd olunan kənddə saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə ümumi təmiz çəkisi 0,377 qram olmaqla, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,170 və 0,207 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 1,118 qram təşkil edən narkotik vasitə olan heroinin 0,377 qramını 13 yanvar 2023-cü il tarixdə, saat 14:00 radələrində Siyəzən rayonunun Zarat kəndində öz yaşadığı evin həyətində həmkəndlisi Təqsirləndirilən şəxs2 20 manata satmış, həmçinin o, 14 yanvar 2023-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı qeyd olunan kənddə saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qısa qol gödəkcənin sağ yan cibindən üç ədəd və təqdim etdiyi Redmi markalı mobil telefonunun arxa hissəsindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində ümumi təmiz çəkisi 0,741 qram olmaqla, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,135, 0,214, 0,198 və 0,194 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi olmaqla, sonuncu ilə əvvəllər aralarında düşmənçilik və ədavət olmamış, habelə normal münasibətləri olsa da, qohumluq münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs1 evini təmir etdiyi ərəfədə onun narkotik vasitə tapdığını bilmiş, həmçinin 13 yanvar 2023-cü tarixdə onunla yaşadıqları məhəllədə, sonuncunun evinin qarşısında görüşərək, ondan şəxsi istifadəsi üçün 20 manat məbləğində pulun müqabilində iki büküm narkotik vasitə heroin almış və həmin narkotiki növbəti gün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Lakin, növbəti gün, yəni 14 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, habelə aparıldığı Siyəzən RPŞ-də üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitələr aşkar edilərək götürülmüş, həmçinin protokol tərtib olunmuş və protokola imza etmişdir. Hazırda ailəli olmaqla, atasının xəstə olmasının, əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1-ci maddəsi ilə təqsirli bilir. 11 yanvar 2023-cü il tarixdə oğlu Elmar Qiyasov həqiqi hərbi xidmətdən məzuniyyətə gəldiyindən, yaşadıqları evə gəlib-gedən çox olmuş, məhz bu səbəbdən həmin ərəfələrdə yəni, 11-13 yanvar 2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs2 ilə görüşməmiş, sonuncunu 14 yanvar 2023-cü il tarixdə Siyəzən RPŞ-də görmüşdür. Belə ki, 14 yanvar 2023-cü il tarixdə səhər saatlarında qeydiyyatda olduğu dispanserdən dərman almaq məqsədi ilə yaşadığı evdən çıxmış, kəndin avtobus dayanacağında dayanarkən Siyəzən RPŞ-nin əməkdaşı X4 ona yaxınlaşıb, şöbənin CAB-ın rəisi X1 onu görmək istədiyini bildirmiş, buna etiraz etməyib, Cavani Allahyarovla birlikdə RPŞ-yə getmişdir. Orada, Fikrət Məstəliyevin otağında üzərində şəxsi axtarış keçirilmiş, bu zaman üzərindən siqaret, alışqan, pul və cib dəsmalı aşkar edilmişdir. Bundan sonra, Fikrət Məstəliyev onun mobil telefonunun arxasında olan kaburanı açıb, həmin yerə üç büküm, eləcə də, cibinə üç büküm narkotik vasitə yerləşdirib, həmin vasitələrin ona məxsus olmasını bildirdikdə, qarşı tərəfdən belə etməməsini istəsə də, Fikrət Məstəliyev sənədlərə imza etməli olduğunu qeyd edib, imza etməyəcəyi təqdirdə, yaşadığı evə baxış keçiriləcəyini bildirmişdir. Yaşadığı evdə anası, arvadı və qızı yaşayır, sonuncular qadın olduqları üçün yaşadığı evə baxış keçirilməsinə razılaşmayıb, müvafiq sənədlərə imza etmişdir. Bundan başqa, Fikrət Məstəliyev şöbədə saxlanılan Həsənağa Hüseynova narkotik satdığını və onun üzünə duracağını bildirsə də, sonuncunun bununla razılaşmadığını ehtimal etdiyindən, saxlanıldığı otağa Gündüz Şıxəliyev gətirilmiş və sonuncu 20 manat müqabilində ondan narkotik vasitə aldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması digər Təqsirləndirilən şəxs2 məhkəməyədək istintaq dövründə və məhkəmə iclasında vermiş olduğu ifadəsi, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən narkotik vasitə heroindən istifadə etsə də, 2016-cı ildən inyeksiya üsulu ilə istifadə edir. Üzərindən aşkar edilmiş 4 ədəd gümüşü rəngli siqaret folqası bükülüsündə olan narkotik vasitə heroini 13 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Zarat kəndi ərazisində dayanacağın yaxınlığında daşın altında tapmış, bu bükülüləri açıb baxdıqda içərilərində narkotik vasitə heroin olmasını müəyyən etmişdir. Bükülülərdən 3 ədədini əynində olan qara rəngli qısaqol gödəkcənin sağ yan cibinə qoysa da, digər bir ədəd gümüşü rəngli siqaret folqası bükülüsünü istifadə etdiyi REDMİ markalı telefonun arxa kaburosunun içərisinə yerləşdirmiş, habelə oradan uzaqlaşmışdır. 14 yanvar 2023-cü il tarixdə Siyəzən rayonunun Zarat kəndində hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz daşınmasında və saxlanılmasında şübhəli olduğunu bildirərək onu Siyəzən RPŞ-yə aparmışlar. Orada hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş verilmiş və Müdafiəçi1 iştirakı təmin edilmişdir. Siyəzən RPŞ-də müdafiəçi Arif Muradzadənin iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən ona qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş və o, əynində olan qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən 3 ədəd içərisində narkotik vasitə heroin olan siqaret folqası bükülülərini, 1 qutu siqareti, 1 ədəd alışqanı, sol yan cibindən isə 1 ədəd Redmi markalı telefonu, 1 ədəd cib dəsmalını, 1 ədəd üzərində dua olan kağızı təqdim edib, stolun üzərinə qoymuş, bundan sonra müstəntiq tərəfindən siqaret qutusuna, kağız parçasına baxış keçirilsə də, oradan qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra, REDMİ markalı mobil telefonun arxasında olan kaburo müstəntiq tərəfindən açıldıqda orada 1 ədəd gümüşü rəngli siqaret folqası bükülüsünün olması müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən 4 ədəd gümüşü rəngli siqaret folqası bükülüsü ağ rəngli kağızın üzərinə qoyulmuş, həmçinin müstəntiq tərəfindən verilmiş göstərişə əsasən polis əməkdaşı tərəfindən kibrit qutusu açıldıqda, içərisində qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmişdir. Ondan həmin kütlələrin nə olması soruşulduqda, heroin olmasını, xəstə olduğu üçün şəxsən istifadə etdiyini bildirmişdir. Bundan sonra, həmin bükülülər bağlanılaraq, əvvəlki vəziyyətinə qaytarılmışdır. Daha sonra, müstəntiq tərəfindən verilmiş göstərişə əsasən polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmiş, bu zaman başqa heç bir qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan əlavə, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 4 ədəd siqaret folqası bükülüsü yenidən bükülərək, ağ rəngli boş zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar zərflərin üzərini imzalamışlar. Daha sonra, ona məxsus REDMİ markalı telefon da ağ rəngli boş zərfə yerləşdirilmiş, zərfin üzəri möhürlənmiş, o və digər iştirakçılar bu zərfin də üzərini imzalamışlar. Həmçinin, onun üzərindən aşkar edilmiş digər predmetlər özünə qaytarılmışdır. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etməsi, üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən qərar qəbul edilmiş və RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. 14 yanvar 2023-cü il tarixdə, saat 13:00 radələrində Təqsirləndirilən şəxs2, Siyəzən RPŞ-nin KTQnun baş inspektor kriminalisti X6 və onun tərəfindən Siyəzən rayonunun Zarat kəndində saxlanılaraq, şübhəli olduğu üçün Siyəzən RPŞ-yə aparılmış, habelə özünün istəyi ilə Müdafiəçi2 ona təqdim edilmiş, həmçinin üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd siqaret folqası bükülüsündə narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmiş, həmçinin bu narkotik vasitələri Elman adlı şəxsdən aldığını bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı bir formada qeyriinsani rəftara məruz qalmamışdır. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 14 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Siyəzən rayonunun Zarat kəndində narkotik vasitələrin daşıması, üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən protokol tərtib olunaraq, RPŞ-nin rəisi tərəfindən qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs1 nəzarətə götürülmüşdür. 14 yanvar 2023-cü il tarixdə, saat 12:00 radələrində Təqsirləndirilən şəxs1 tərəflərindən yaşadığı Siyəzən rayonunun Zarat kəndində saxlanılmış, habelə ona narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olduğu bildirilərək, Siyəzən RPŞ-yə aparılmışdır. RPŞ-nin növbətçi hissəsində Müdafiəçi1 müdafiəçi qismində təqdim olunmuş, həmçinin sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qeyri qanuni əşya və predment olması soruşulmuş, habelə sonuncu əynində olan qısa qol gödəkcənin sağ yan cibindən 3 ədəd gümüşü rəngli bükülüdə narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 üzərində Anar Əmirov tərəfindən yenidən baxış keçirilmiş, bu zaman üzərindən siqaret, alışqan və Redmi markalı mobil telefon aşkar olunmuşdur. Həmin mobil telefona baxış keçirilən zaman arxasından bir ədəd gümüşü rəngli bükülüdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra, aşkar olunmuş predmetlər içərisi boş zərfə yerləşdirilərək üzəri 96 nömrəli möhürlə möhürlənmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən hər hansı bir formada qeyri-insani rəftara məruz qalmamışdır. Dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə, habelə barəsində məcburi gətirmə qərarı olmasına baxmayaraq, məhkəmə iclasında iştirakı təmin edilməmiş Şahid3 Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşayır. Təxminən 4-5 ay olar narkotik vasitə heroindən arada bir istifadə edir. Həmçinin, təxminən 2 ay olar, heroindən inyeksiya üsulu ilə istifadə edir. Bundan başqa, 070 ***-**-** saylı mobil nömrə onun istifadəsindədir. Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Elman onun ögey xalası oğludur. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olur. O, narkotik vasitə olan heroini istifadə etməyə başladığı vaxtdan Elmandan yarım çetini 5 manata alıb istifadə etmişdir. Belə ki, O, Elmanın istifadəsində olan 070 *** ** ** saylı mobil telefona həmişə öz istifadəsində olan 070 ***-**-** saylı mobil nömrə ilə zəng vurub sonuncunun yaşadığı evin qarşısında ondan almışdır. Sonuncu dəfə Elmandan narkotik vasitə olan heroini 13 yanvar 2023-cü il tarixdə, saat 15:00 radələrində çetini 5 manata almışdır. O, etdiyi əməldən səmimi peşman olmaqla, gələcəkdə bir daha narkotik vasitə olan heroindən istifadə etməyəcəkdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 62-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2023-cü il tarixli, 6/239 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,170 qram, 0,207 qram olmaqla, ümumi təmiz çəkisi 0,377 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroin ilə Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Tədqiqata 0,06 qram heroin istifadə edildikdən sonra qalıq heroinin miqdarı 0,317 qram təşkil etmişdir. Cinayət işinin 61-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 67-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2023-cü il tarixli, 6/240 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,135 qram, 0,214 qram, 0,198 qram, 0,194 qram olmaqla, ümumi təmiz çəkisi 0,741 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,12 qram heroin istifadə edildikdən sonra qalıq heroinin miqdarı 0,621 qram təşkil etmişdir. Cinayət işinin 66-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 65 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 221-222-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 03 fevral 2023-cü il tarixdə verilmiş 594 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 223-224-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 15 fevral 2023-cü il tarixdə verilmiş 850 nömrəli məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün, saat 12:24-dən saat 12:37-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli qısa qol gödəkcənin sağ yan cibindən 3 ədəd və sol yan cibindən 1 ədəd Redmi markalı mobil telefonunun arxa hissəsindən 1 ədəd gümüşü rəngli siqaret folqası bükülülərində narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-48-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün, saat 13:32-dən saat 13:39-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli siqaret folqası bükülülərində narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-124-cü, 126-127-ci vərəqələrində olan 16 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma və saxlanca verilmə barədə, həmçinin işin 227-241-ci vərəqələrində olan 27 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilsə də, ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 götürülmüş dörd ədəd ayrı-ayrı bükümlərdə ümumilikdə qalıq çəkisi 0,621 qram olan narkotik vasitə heroin kütləsi, eləcə də, Təqsirləndirilən şəxs2 götürülmüş qalıq çəkisi 0,317 qram olan narkotik vasitə heroin kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 14 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Kompakt disklər də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 176-cı səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 180-181-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli tələbnamədən, işin 211-216-cı vərəqələrində olan Siyəzən Məhkəməsinin 01 fevral 2017-ci il tarixli, 1(059)-05/2017 saylı hökmünün, eləcə də iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 7(059)-6/2021 saylı və 03 dekabr 2021-ci il tarixli, 7(059)-36/2021 saylı qərarlarının surətlərindən görünür ki, Qiyasov X7 Rayon Məhkəməsinin 01 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, sözügedən məhkəmənin 20 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə təyin olunmuş 1 il 9 ay müddətə islah işləri cəzası, 10 ay 15 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, habelə o, bu məhkəmənin 03 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən Siyəzən Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan azad edilməklə, üzərindən məhkumluğu götürülmüşdür. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-ci vərəqəsində olan 14 yanvar 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-120-ci vərəqələrindəki 16 yanvar 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-138-ci vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 4(059)-1/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 haqqında həmin tarixdə 3 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 169-170-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 17 fevral 2006-cı il təvəllüdlü Ləman adında yetkinlik yaşına çatmayan övladı olmaqla, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 171-172-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir rəsmi və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma, Təqsirləndirilən şəxs1 isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitəni satma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs2 ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, təqsirləndirilən şəxslərə münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 27 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvədə saxlanılmasına dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 əməlinin CM-nin 234.1-ci, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə razılaşır və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun cinayətin açılmasına fəal kömək göstərməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, şəxsin cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 3-cü bəndinin 2-ci yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, cinayətin açılmasına fəal kömək göstərmək kimi yüngülləşdirici halın da olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 5/6 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 14 yanvar 2023-cü il tarixdən 16 yanvar 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 1,118 qram olan narkotik vasitə heroini üzərində saxlaması, bunun 0,377 qramını 13 yanvar 2023-cü il tarixdə, saat 14:00 radələrində yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evinin həyətində həmkəndlisi Təqsirləndirilən şəxs2 20 manata satması, bununla da, şəxsi maraqlarını təmin etməsi, qalan 0,741 qramını, hər birinin ayrı-ayrılıqda çəkiləri 0,135, 0,214, 0,198 və 0,194 qram olmaqla, 4 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində, o cümlədən əynində olan qara rəngli qısa qol gödəkcənin sağ yan cibindən üç ədəd və sol yan cibindən bir ədəd Redmi markalı mobil telefonunun arxa hissəsində bir ədəd bükülülər şəklində saxlaması, qeyd olunan bükülülərin 14 yanvar 2023-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı üzərində keçirilmiş şəxsi axtarış vaxtı həmin gödəkcədə aşkarlanaraq götürülməsi, həmçinin Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitə heroinlər ilə ondan aşkar edilmiş heroinlərin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil etməsi Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitənin satışını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, onu təbliğ edərək, qanunsuz dövriyyəsində iştirakını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər başqa kateqoriyadan törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, habelə barəsində “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin tətbiq edilməsi ilə əlaqədar cəzadan azad olunmasına baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, törətdiyi əmələ münasibətdə qeyrisəmimilik nümayiş etdirməsini) və onun tərəfindən bu dəfə başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, bununla belə cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halın olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 14 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumilikdə qalıq çəkisi 0,621 qram heroin, eləcə də, Təqsirləndirilən şəxs2 aşkar edilmiş qalıq çəkisi 0,317 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, 14 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində keçirilmiş şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd Kompakt disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 130 (bir yüz otuz) manat məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198-ci, 344-347-ci, 349cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 14 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumilikdə qalıq çəkisi 0,621 qram heroin, eləcə də, Təqsirləndirilən şəxs2 aşkar edilmiş qalıq çəkisi 0,317 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, 14 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində keçirilmiş şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd Kompakt disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 130 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 isə verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar