Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-30/2024 14.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 14 may 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1983-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, rayonunun Çarxana kəndində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 133.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində Siyəzən rayonun Çarxana kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs sonuncunun atası evinə getmək istəyini bildirməsi üzərinə münaqişə yaradaraq, bədənin ayrı-ayrı nahiyələrinə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 09 dekabr 2023-cü il tarixdə, təxminən saat 18-19:00 radələrində yaşadıqları evdə Zərərçəkmiş şəxs qohumlarından birinin toy məclisinə getmək istəyinə əsəbləşərək sonuncunun qolundan yumruqla vurmaqla, sol bazu-said nahiyəsi yumşaq toxumalarının hematoma halında əziyi kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmiş, sonuncu dəfə isə 11 dekabr 2023-cü il tarixdə, təxminən saat 14:30 radələrində isə arvadı Zərərçəkmiş şəxs valideynlərinin gəlməsinə və onların münasibətlərinə qarışmasını görə münaqişə yaradaraq, yaşadıqları evdə Fəridənin başından tutaraq divara vurmuş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla, başın ənsə və boynun sıyrıqları kimi sağlamlığa zərər vurmayan xəsarət olduğuna görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab vermişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 21 noyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, habelə bu nikahlarından 23 oktyabr 2018-ci il təvəllüdlü Uğur və 16 sentyabr 2020-ci il təvəllüdlü Əlibala adında iki oğlan övladları doğulmuşdur. Qeyd edir ki, əvvəllər Fəridə və sonuncunun valideynləri ilə aralarında münaqişələr yaşanmaqla, barəsində əsassız şikayətlər edilsə də, 21 noyabr 2023-cü il tarixində heç bir hadisə baş verməməklə, həmin ayın hazırda tarixini xatırlamadığı vaxtında Fəridəni xəstə anasını ziyarət etmək üçün atası gilə onun atası aparmışdır. Bundan başqa, 10 dekabr 2023-cü il tarixdə yaşadıqları Siyəzən rayonunun Çarxana kəndindəki evlərinin həyətində avtomobilini qaynaq edərkən, Fəridə yanına gələrək, xalasıgilin onları toy məclisinə dəvət etdiyini bildirməklə, xalasının səsli mesajını ona dinlətmiş, həmin vaxt Fəridəyə işini bitirməli olduğunu bildirsə də, sonuncu bir qədər sonra təkrar yanına gələrək, xalasıgilə nə cavab verməli olduğunu soruşmuş, o isə, “elə bil söz vermisən” deyə cavab vermişdir. Bir qədər sonra, yaşadıqları evdə olarkən, 16 dekabr 2023-cü il tarixdə dostunun da, toy məclisinin təşkil edildiyini bildirib, Fəridəyə həmin məclisə birlikdə getmələrini təklif etməklə, Yevlax şəhərində təşkil olunacaq toy məclisinə azyaşlı uşaqlar ilə getməyin vaxt itkisi olduğunu, habelə atasının da, xəstə olduğunu qeyd etmişdir. Növbəti gün, yəni 11 dekabr 2023-cü tarixində səhər saatlarında övladını məktəbə aparan zaman Fəridə “atama deyəcəm gəlib bizi aparsın” deyə bildirdik də, o, razılaşmamış, habelə evə qayıdan zaman Fəridənin otaqdan çıxmadığını görüb, özü üçün yemək hazırlamışdır. Bununla yanaşı, həmin tarixdə, saat 14:30 radələrində qaynanası Şahid3, qaynatası Şahid1 və sonuncunun mərhum qardaşı Şahid2 yaşadıqları evə gəlmiş, sonuncu ilə salamlaşaraq, onları evin içərisinə dəvət etmişdir. Bu zaman qaynanası Gülzadə, sonuncunun qızı Fəridəni heç bir yerə, həmçinin toya getməyinə icazə verməməsinə görə ona irad bildirməklə, onunla mübahisə etməyə başlamış, habelə davam edən mübahisə aralarında dartışmaqla nəticələnməklə, bu dartışma zamanı qaynatası Əvəzin əli onun gözünə dəymişdir. Bundan sonra, o, Fəridənin əşyalarını yığdığı çantalarını və azyaşlı uşaqlarını özü ilə aparmasına icazə verməmiş, habelə sonuncular həmin tarixdən 2 ay 2 gün onun yanında yaşamışlar. Əlavə olaraq qeyd edir ki, mübahisə zamanı qaynanası onu nalayiq ifadələr ilə təhqir etdiyi üçün, eyni məzmunda cavab qaytarsa da, qayınanasını vurmamaqla, sonuncuya heç bir xəsarət yetirməmiş, habelə bu barədə DİN 102 xidmətinə zəng vurmaqla, məlumat vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri (Şahid4 istisna olmaqla), eləcə də, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 21 noyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, habelə bu nikahlarından 23 oktyabr 2018-ci il təvəllüdlü Uğur və 16 sentyabr 2020-ci il təvəllüdlü Əlibala adında iki oğlan övladları doğulmuşdur. Eyni zamanda, Rüstəm ilə nikaha daxil olduqdan bir il sonra ailələrində mütəmadi olaraq problemlər yaranmağa başlamış, habelə o, bu barədə anası Şahid3 mütəmadi bildirməklə, ata evinə qayıtsa da, ailə böyüklərinin təkidi ilə geri qayıtmış, hazırda isə, bu nikahının pozulması üçün mediasiya sessiyasına müraciət etmişdir. Bundan əlavə, 21 noyabr 2023-cü il tarixində yaşadıqları Siyəzən rayonunun Çarxana kəndindəki evlərində Rüstəmdən atası gilə getməsi üçün icazə istədik də, Rüstəm ona icazə verməməklə yanaşı, qoluna sillə və yumruq zərbələri endirmiş, lakin o, vəziyyətin düzələcəyini zənn edib, şikayət etməməklə, həkim müayinəsinə getməmiş, həmçinin bu zaman qayınatası Şahid4 və azyaşlı uşaqları da evdə olmuşdur. Bundan başqa, 09 dekabr 2023-cü il tarixdə, saat 18-19:00 radələrində xalası mobil telefonuna “WhatsApp” tətbiqi vasitəsi ilə səsli mesaj göndərərək, onları dayısı Həsənin 16 dekabr 2023-cü il tarixdə, Yevlax şəhərində nəvələri üçün təşkil etdiyi kiçik toy məclisinə dəvət etdikdə, o, bu barədə Rüstəmə bildirməklə, həmin mesajı sonuncuya dinlətmiş, lakin, sonuncu həmin tarixdə başqa toy məclisinə dəvət aldığını qeyd edib, onun atasıgil ilə birlikdə dayısı nəvələrinin kiçik toy məclisinə getməsinə razılıq verməmişdir. Bu zaman yaranmış mübahisə zamanı Rüstəm onu nalayiq ifadələr ilə təhqir etməklə, sol qol nahiyəsinə təxminən 2-3 yumruq zərbəsi endirmiş və nəticədə həmin qolu göyərmişdir. Növbəti gün yəni, 10 dekabr 2023-cü il tarixdə anası Gülzadəyə zəng vurub, Rüstəm tərəfindən mütəmadi olaraq işgəncələrə məruz qaldığını bildirməklə, onu həmin evdən aparmasını istəmiş, habelə, bunu etməyəcəyi təqdirdə özünü öldürəcəyini qeyd etmişdir. Beləliklə, 11 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində anası Şahid3, atası Şahid1 və mərhum əmisi Şahid2 atasının idarəçiliyində olan VAZ-2106 markalı avtomobil ilə yaşadıqları evə gəlmişlər. Qeyd edir ki, Rüstəm daha əvvəl baş vermiş münaqişəyə görə valideynləri ilə küsülü olsa da, həmin vaxt sonuncular ilə söhbət edərək, onun ata evinə qayıtmağını istəmədiyini bildirməklə, ailə daxili münasibətlərini bütün çılpaqlığı ilə onlara danışmışdır. Eyni zamanda, ata evinə getməsi üçün əşyalarını yığdığı çantasını əlindən alan Rüstəm, azyaşlı övladı Uğurun onunla getməsinə də, maneçilik törətmiş, habelə o, pilləkən ilə gedərkən, Rüstəm onun saçlarından dartmaqla, sürüyərək, evə qaytarmış, evdə isə boğazından sıxıb, başını divara vuraraq, “səni öldürərəm, amma getməyə qoymaram” deyə bildirmişdir. Bu zaman onu evin həyətində gözləyən anası Gülzadəni köməyinə çağırsa da, Rüstəm, anasının da, saçlarından tutmaqla, itələyib yerə yıxmış, nəticədə sonuncunun baş nahiyəsi beton örtüyə dəymişdir. Eyni zamanda, Rüstəm, onları ayırmağa gəlmiş mərhum əmisi İsmayılın da, əlinə zərbə vurmaqla, sonuncunu itələmiş, nəticə də, əmisinin əli qapıya dəyərək xəsarət almışdır. Orada olarkən DİN-nin 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat vermək istəyən atası Əvəz gərginlik keçirdiyi üçün xidmətin əməkdaşı ilə özü danışmış, habelə elə həmin tarixdə Siyəzən RPŞ-yə gedərək, şikayət etmişdir. Əlavə olaraq qeyd edir ki, baş vermiş hadisələr zamanı Rüstəm yüksək səs tonu ilə danışmaqla, sonuncu hadisə zamanı evin həyətində onları nalayiq ifadələr ilə təhqir etsə də, qonşularının bundan məlumatlı olub-olmaması barədə bir söz deyə bilməz, belə ki, sonuncular onun köməyinə gəlməmişlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs ilə 7 ildir ailəli olmaqla, sonucular onunla birlikdə Siyəzən rayonunun Çarxana kəndində yaşayırlar. Qeyd edir ki, Rüstəm və Fəridənin arasında yaranmış münaqişlərin əsas səbəbkarı sonuncunun valideynləridir. Bundan başqa, 09 dekabr 2023-cü il tarixdə Fəridə, Rüstəmdən dayısı nəvələrinin Yevlax şəhərində təşkil olunacaq kiçik toy məclisinə getməsi üçün icazə istəyərkən, sonuncu, bu məclisin uzaq məsafədə olmasını, soyuq hava şəraitini və həmin vaxt yayılmış qızılca xəstəliyini nəzərə alıb, getməyin məsləhət olmadığını bildirmişdir. Bundan sonra, 11 dekabr 2023-cü il tarixdə, saat 14:30 radələrində qudaları Şahid3, Şahid1 və sonuncunun mərhum qardaşı Şahid2 yaşadıqları evə gəlmiş, bu zaman Fəridə onları qarşılamamaqla, otağından çıxmamışdır. Həmin vaxt evlərinin həyətində avtomobilini təmir edən oğlu Rüstəm evə gəldikdən sonra, sonuncu ilə Şahid3 arasında Fəridənin toy məclsinə getməsinə icazə verilməməsi səbəbindən mübahisə başlamış, bu mübahisə nəticəsində yaranmış münaqişə zamanı Rüstəmin sol gözü xəsarət aldığında görə, sonuncu DİN-nin 102 xidmətinə zəng vurmaqla, məlumat vermişdir. Bu zaman, Rüstəm, Fəridənin əşyalarını yerləşdirdiyi çantasını özü ilə aparmasına icazə verməsə də, sonuncunun saçlarından dartmaqla, vurmasının şahidi olmamışdır. Əlavə olaraq qeyd edir ki, Fəridə ilə bir evdə yaşadığı müddət ərzində sonuncu ona Rüstəm tərəfindən döyülməsi barədə şikayət etməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qızı, Təqsirləndirilən şəxs isə qızının əri olmaqla, sonuncular 7 ildir ailəlidir və 2 azyaşlı övladları var. Rüstəm və Fəridənin arasında mütəmadi olaraq münaqişələr olmuş, sonuncu dəfələrlə anası Şahid3, Rüstəm tərəfindən döyülməsini bildirmiş, lakin arvadı ona bu barədə məlumat verməmişdir. 10 dekabr 2023-cü il tarixdə Fəridə anasına zəng vurub, Rüstəm tərəfindən təkrarən döyüldüyünü və nalayiq ifadələr ilə təhqir edildiyini bildirməklə, həmin evdən aparılmasını istəmişdir. 11 dekabr 2023-cü il tarixdə, günorta saatlarında o, arvadı Şahid3 və mərhum qardaşı Şahid2 birlikdə qızının Siyəzən rayonun Çarxana kəndində yerləşən yaşadığı evə getmişlər. Bu zaman, qudası Şahid4 onları qarşılamış, habelə sonuncu ilə aralarında olan söhbət zamanı o, qızının 2 azyaşlı uşağı olduğunu bildirməklə, ailənin dağılmasının tərəfdarı olmadığını, toy məclisində iştirakın qarşılıqlı münasibət olduğunu bildirmişdir. Lakin, bir qədər sonra, evə daxil olan Rüstəm onlar ilə aqressiv danışmaqla, onları, Fəridəni ata evinə tez-tez aparmaqlarında günahlandırmış, eyni zamanda, yaranmış mübahisə zamanı Rüstəm arvadı Gülzadənin saçlarından dartaraq, sonuncunun başını beton örtüyə, mərhum qardaşı İsmayılı isə itələməklə, yerə yıxmışdır. Həmçinin, bu münaqişə zamanı Rüstəm onun tərəfindən deyil, sonuncu nalayiq ifadələr işlətdiyi üçün atası tərəfindən vurulmuşdur. Bununla yanaşı, təxminən 30 dəqiqə davam edən münaqişə zamanı Rüstəm, Fəridənin əşyalarını yığdığı çantasını və övladlarını özü ilə aparmasına icazə verməmişdir. Əlavə olaraq qeyd edir ki, əvvəllərdə Rüstəm ilə aralarında mübahisələr yaransa da, sonuncu bu münaqişə zamanı onları ağır nalayiq ifadələr ilə təhqir etmişdir. Sonra, qızı Fəridə DİN-nin 102 xidmətinə zəng vurmuş, habelə Siyəzən RPŞ-yə getməklə şikayət etmişlər. Məhkəmə iclasında dindirilmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qızı, Təqsirləndirilən şəxs isə qızının əri olmaqla, sonuncular 7 ildir ailəlidir və 2 azyaşlı övladları var. Qeyd edir ki, qızı Fəridə Rüstəmə qoşulub qaçdığı bu 7 il müddətində çekdiyi əziyyət və işgəncələr barədə mütamadi olaraq ona məlumat vermiş, o, isə qızına hər dəfə bu barədə söhbət olanda iki övladı və hər ailənin başlanğıcının belə olmasını bildirməklə, qızını sakitləşdirmişdir. 10 dekabr 2023-cü il tarixdə qızı Fəridə ona zəng vurmaqla, təkrarən Rüstəm tərəfindən döyülməklə, işgəncələrə məruz qaldığını bildirmiş, habelə həmin evdən aparılmasını, aparılmayacağı təqdirdə özünü öldürəcəyini qeyd etmişdir. 11 dekabr 2023-cü il tarixdə o, əri Şahid1 və mərhum qayını Şahid2 birlikdə qızı Fəridənin yaşadığı Siyəzən rayonunun Çarxana kəndindəki evinə getmişlər. Orada olarkən əri Əvəz kürəkəni Rüstəmə etdiklərinin təngə gətirdiyini bildirib, Fəridəni özləri ilə aparacağlarını qeyd etmişdir. Bu sözə aqressiv reaksiya göstərən Rüstəm, Fəridənin saçlarından tutaraq, dartmış, sonuncuları ayırmaq istəyərkən isə onun saçlarından tutaraq, itələməklə, başını beton örtüyə vurmuş, eyni zamanda, mərhum qayını İsmayılı itələməklə, sonuncunun əlinə xəsarət yetirmişdir. Əlavə olaraq qeyd edir ki, əvvəllər dəfələrlə, o cümlədən 21 noyabr 2023-cü və 09 dekabr 2023-cü il tarixlərdə Rüstəm qızı Fəridəyə işgəncələr verməklə, sonuncunu nalayiq ifadələr ilə təhqir etmiş, habelə bu münaqişələrdən sonra, qızı ata evinə dönmək istəsə də, ailə böyüklərinin tələbi ilə bunun qarşısı alınmış və ailə bərpa edilmişdir. Lakin, hazırda Rüstəm onun şəhid bacısı oğluna görə ağaran saçlarını ağır nalayiq ifadələr ilə təhqir etmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş mərhum Şahid2 (Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, 10 aprel 2024-cü il tarixdə ölmüşdür) ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid1 qızı Fəridənin əri olmaqla, onlar 7 ildir ailəlidir və 2 oğlan övladları vardır. Qeyd edir ki, Rüstəm və Fəridə evliliklərinin ilk ilini mehriban yaşasalar da, sonradan mütəmadi olaraq münaqişlər yaşamışlar. Qardaşı qızı Fəridə əri Rüstəm tərəfindən döyülməklə, nalayiq ifadələr ilə təhqir edilməsinə görə 10 dekabr 2023-cü il tarixdə onları yaşadı evə çağırmışdır. Beləliklə, onlar Fəridənin yaşadığı evə getmiş, orada sonuncunun qaynatası Şahid4 ilə söhbət edərkən, Rüstəm mübahisə yaratmağa başlamışdır. Bu zaman, Fəridə onlar ilə getmək üçün əşyalarını yığıdığı çantaları otaqdan götürmək üçün getdiyin də, Rüstəm Fəridənin saçlarından yapışıb, başını bir neçə dəfə divara vurmaqla, boğazından tutub, yuxarı qaldıraraq boğub öldürəcəyini bildirmişdir. Qardaşı arvadı Gülzadə Fəridə ilə Rüstəmi ayırmaq istəyərkən, sonuncu Gülzadənin də, saçlarından tutmaqla, yerə yıxdığında, sonuncunun başı beton örtüyə dəymişdir. Bundan sonra, Rüstəm Gülzadəni buraxıb, yenidən Fəridənin kürəyinə yumruq zərbəsi ilə vurduğunda, o, ayırmaq üçün araya girmiş, lakin, bu zaman Rüstəm onun əlinə zərbə endirməklə, itələdiyindən yıxılaraq, xəsarət almışdır.Onlar Rüstəmin bu hərəkətlərinin sakitləşmədiyini gördük də, DİN-nin 102 xidmətinə zəng vurmaqla, məlumat vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-28-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 məhkəmə-tibb ekspertizasının 16 dekabr 2023-cü il tarixli, 251 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın əsnə və sol bazu-said nahiyəsinin yumşaq toxumalarının hematoma halında əziyi və boyun sıyrıqları aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sol bazu-said nahiyəsinin yumşaq toxumalarının əziyinin törənmə müddəti 09 dekabr 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, başın ənsə nahiyəsinin əziyinin və boynun sıyrıqlarının yaranma müddəti 11 dekabr 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilməyən bədən xəsarətlərinə aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-125-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 04 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa dəyişiklik edilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-117-ci vərəqələrində olan 01 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-75-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, 23 oktyabr 2018-ci il təvəllüdlü Uğur və 16 sentyabr 2020-ci il təvəllüdlü Əlibala adında iki azyaşlı uşağı olan, Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsindəki 50 saylı evin 19-cu mənzilində qeydiyyatda olmaqla, rayonun Çarxana kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində qeyd olunan kəndin sakinlərinin içməli su ilə əlaqədar şikayətləri Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Sədan kənd İƏD üzrə nümayəndəliyinə daxil olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəməyədək istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, ailəsi daxilində daim münaqişəli vəziyyət yaratmağa meylli olmaqla, zərərçəkmiş şəxs olan arvadını daim qorxu, eləcə də təhdid altında gərgin psixoloji vəziyyətdə saxlamasını, arvadına qarşı güclü fiziki ağrılar, psixi iztirablar yetirəcəyini qabaqcadan dərk edərək, onun baş verməsinə şüurlu surətdə yol verməsini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda göstərilən yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ½ hissəsi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün gecə saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs gecə saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-30/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-30/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver