Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-31/2022 28.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Xüsusi ittihamçı X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə X2 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X1 CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə baxılması Siyəzən Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, iş materiallarında olan vergi ödəyicilərinin məlumatlarına dair internet çıxarışından görünür ki, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “TETV” ("xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Göygöl rayonu, Qızılqaya qəsəbəsidir. Xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti məsələsinin müzakirəsi zamanı məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı Yəhyə Nəzərov, eləcə də barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Ruslan Quliyev şikayətin və ona əlavə edilmiş sənədlərin Siyəzən Rayon Məhkəməsində baxılması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 74-cü maddəsinin İ hissəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Bu Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Ali Məhkəmənin Plenumunun Qərarının hüquqi mövqeyindən müəyyən olunur ki, böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, törədilməsi ehtimal edilən cinayət əməlinin baş verdiyi kütləvi informasiya vasitəsinin “TETV” ("xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Göygöl rayonu, Qızılqaya qəsəbəsidir. Azərbaycan Respublikası CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir Qeyd olunan Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Bu Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X2 X3 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətə baxılması Göygöl Rayon Məhkəməsinə aid olduğundan, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 74, 75, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 X3 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və şikayət aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-31/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-31/2022
28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver