Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-32/2022 05.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 05 aprel 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 1(059)-12/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 2 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, 30 sentyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,452 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamış, 17 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin H.Əliyev küçəsi ərazisində saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd qara rəngli siqaret kağızı bükülüsündə ümumi təmiz çəkisi 0,452 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3-4 il olar narkotik vasitə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamindən istifadə edir. 17 dekabr 2021-ci il tarixdə, saat 12:00 radələrində yaşadığı ünvanın qarşısında olarkən yerdə bir ədəd qara rəngli bükülüyə bükülmüş vəziyyətdə psixotrop maddə metamfetamin olduğunu görüb götürmüş, bundan sonra həmin bükülünü istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarın arxa sol cibinə qoymuşdur. Həmin gün təxminən saat 13:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsi ərazisində gəzişərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini Siyəzən RPŞ-nin əməkdaşları kimi təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, şəxsi axtarış aparılmasından ötrü RPŞ-yə dəvət etmişlər. Rayon Polis Şöbəsinin növbətçi hissəsində üzərində Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl isə müdafiə hüququ izah olunmuş, habelə təqdim edilmiş müvafiq bildirişi imzalamaqla götürmüşdür. Sonra, təklif əsasında əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd qara rəngli siqaret kağızı bükülüsünü, qabaq sol yan cibindən 5 manatlıq pul əskinasını və bir ədəd alışqanı, arxa sağ cibindən isə 50 qəpiklik dəmir pulu masanın üzərinə qoymuşdur. Bundan sonra, təqdim etdiyi bükülü müstəntiq tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetamin olduğu müəyyən olunmuş, habelə şifahi sorğu zamanı həmin kütlənin “patı” olduğunu bildirmişdir. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd qara rəngli siqaret kağızı bükülüsü müstəntiq tərəfindən ağ zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair yazılmış protokol, ucadan oxunmuş, doğru olduğundan imzalarla təsdiq edilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsini, gəncliyini, bir daha cinayət əməli törətməyəcəyi barədə vədini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə 17 dekabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş müvafiq qərar tərtib olunmuş, bununla bağlı şöbədə müvafiq sənədləşmə işi aparılmış, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü tərəfindən əməliyyat qrupu yaradılmaqla, qrupun tərkibinə RPŞ-nin PPXT-nin polis nəfərləri Şahid4, Şahid3 daxil edilmiş və onlar keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Həmin gün RPŞ-nin rəhbərliyinin tapşırığı ilə Şahid4 və Şahid3la Siyəzən şəhərinin H.Əİiyev küçəsinə gedərək, Təqsirləndirilən şəxs sözügedən küçə ilə hərəkət etdiyini görüb, ona yaxınlaşmış, özlərini ona təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçiriləcəyini və bu barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğu bildirilmişdir. Dəvətləri ilə razılaşan Təqsirləndirilən şəxs aparıldığı Siyəzən RPŞ-nin növbətçi hissəsində sonuncunun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, müdafiə hüquqları izah olunmuş, həmçinin şəxsi axtarışda Müdafiəçi iştirakı da təmin olunmuşdur. Sorğu əsasında Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd qara rəngli siqaret kağızı bükülüsünü, qabaq sol yan cibindən 5 manatlıq pul əskinasını və bir ədəd alışqanı, arxa sağ cibindən isə 50 qəpiklik dəmir pulu çıxararaq masanın üzərinə qoymuş, habelə maraqlanıldıqda, o, həmin bükülünün içərisində “patı” olduğunu bildirmişdir. Həmin bükülü müstəntiq Rəhmin Zeynalov tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, bükülü aşkar olunduğu formada yenidən bükülərək masanın üzərinə qoyulmuşdur. Bundan sonra, Rəhmin Zeynalovun göstərişi əsasında tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi davam etdirilsə də, əlavə qanunla qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sol cibindən aşkar olunaraq götürülmüş 1 ədəd qara rəngli siqaret kağızı bükülüsü müvafiq qaydada qablaşdırılmış, habelə qablaşdırma möhürləndikdən sonra üzəri imzalanmışdır. Bundan sonra, şəxsi axtarışın keçirilməsi ilə bağlı tərtib olunmaqla, ucadan oxunmuş protokol doğru olduğundan Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin İTB-nin sahənin polis nəfəri Şahid2, PPXT-nin polis nəfərləri Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 34-35-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 dekabr 2021-ci il tarixli, 6/5538 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş...” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,452 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 0,402 qram təşkil etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 20 dekabr 2021-ci il tarixdə verilmiş 5211 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan 17 dekabr 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 13:19-dan saat 13:26-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütlə əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd qara rəngli siqaret kağızı bükülüsündə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-71-ci, 115-121-ci vərəqələrində olan 19 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanımaq haqqında və 17 fevral 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,402 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, eyni zamanda, 17 dekabr 2021-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk də maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli tələbnamədən, işin 83-90-cı vərəqələrində olan Siyəzən Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 1(059)-12/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 2 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, 30 sentyabr 2020-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. Bununla belə hazırkı cinayət əməllərinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-65-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 19 dekabr 2021-ci il tarixli, 4(059)-58/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 107-108-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən rayonu İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama, daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), cəzasını ağırlaşdıran halın mövcud olması, həmçinin törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, gəncliyi, yaşayış yeri üzrə barəsində şikayət olmaması, müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın 2/3 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 17 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,402 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 17 dekabr 2021-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 17 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,402 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 17 dekabr 2021-ci il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-32/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-32/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver