Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-34/2022 15.03.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Xüsusi ittihamçı X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə X3 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi səlahiyyət sahibləri, o cümlədən rəhbər şəxslər onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının, daha doğrusu tabeçilklərində olan işçilərin şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Belə ki, hazırda heç bir əsas olmadan işsiz qalmasının səbəkarı olan təqsirləndirilən şəxs, ona qarşı qərəzli olaraq onun, guya Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın əməllərini törətdiyini (əslində guya onun cinayət törətdiyini, cinayətkar olduğunu), yəni 13 oktyabr 2020-ci il tarixdə gimnaziyanın şagirdi Eldar Osmanovun atası Mətləb Osmanovun sinif otağında üzərinə hucum etməsi, eyni zamanda oğlu Eldar Osmanovun 08 oktyabr 2020-ci il tarixdə gimnaziyanın oyuncaq otağında guya tərəfindən döyülməsi kimi üzərinə böhtan ataraq onun şərəf və ləyaqətini, eləcə də işgüzar nüfuzunu ləkəlmişdir. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsində “Şərəf və Ləyaqətin” müdafiəsi üzrə gedən prosesdə təsdiqini tapmayan faktla onun ünvanına böhtan ataraq, guya o, ondan 1800 manat pul alıb qaytarmamışdır. Hətta, bunu vatsapda müəllimlər qrupunda yazaraq onu müəllimlər qarşısında alçaltmışdır. Həmçinin, təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixdə Space TV-də efirə gedən “X8” verlişinə verdiyi müsahibədə açıq aydın üzərinə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları, o cümlədən onun Eldar adlı şagirdi döyərək, cinayət törətməsi və s. kimi ifadələri kütləvi şəkildə yaymışdır (faktı təsdiq edən video disk məhkəməyə təqdim edilir). Başqa sözlə məktəb drektoru olan təqsirləndirilən şəxs Aynur Dadaşova 2020-ci ilin təxminən mart ayından dərslərin onlayn formada keçirilməsi üçün vatsap sosial şəbəkəsində yaratdığı “Müəllimlər” qrupunda hələ hüquqi qiyməti verilməyən və hazırda icraatına xitam verilib ləğv olunan İXM 157-ci maddəsi ilə cəzalanması barədə onu alçaltmaq və digər müəllim kollektivi qarşısında nüfuzdan salmaq məqsədi ilə yalan olduğunu əvvəldən bildiyi halda məhkəmə qərarlarının səhifələrinin foto şəkillərini ataraq onu vəhşi qaniçən, habelə uşaqlara (şagirdlərə) qarşı şiddət göstərən bir qadın kimi xarakterizə edərək, üzərinə böhtan ataraq onun şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçadaraq təhqir etmişdir. O, təqsirləndirilən şəxs Aynur Dadaşovanın “Müəllimlər” vatsap qrupunda barəsində heç bir əsas olmadan qərəzli olaraq müzakirə etdiyi yuxarıda qeyd etdiyi qərəzli, böhtan və təhqir dolu çıxışından sonra özünü alçalmış və təhqir olunmuş hiss edərək, özünü öldürəcəyi, yəni intihar edəcəyi barədə məlumat vermişdir. Məlumatda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin tərkib əlamətləri olmasına dair araşdırma aparılmış və Siyəzən RPŞ-nin TQ-un 27 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Aynur Dadaşovanın əməlində CM-nin 125-ci maddəsinin tərkib əlamətləri olmadığı, lakin onun müraciətində göstərdiyi xüsusatlarda Aynur Dadaşovanın əməlində CM-nin 148-ci və 148-1-ci maddələrinin tərkibi olduğundan haqqında xüsusi ittiham qaydasında Məhkəməyə müraciət edilməsi ona tövsiyə olunmuşdur. Odur ki, X4 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci və 148-ci maddələri ilə cinayət işi başlayıb, cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X1 CM-nin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə baxılması Siyəzən Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 74-cü maddəsinin İ hissəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Bu Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Ali Məhkəmənin Plenumunun Qərarının hüquqi mövqeyindən müəyyən olunur ki, böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, törədilməsi ehtimal edilən cinayət əməlinin baş verdiyi kütləvi informasiya vasitəsinin "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 1 məhkəmə xüsusi ittihamçı Ceyran Rəhbərinin şikayətinin sonuncunun haqqında Aynurə Dadaşova tərəfindən “whatsapp” mobil tətbiqində yaradılmış “Müəllimlər” qrupunda şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan böhtan və təhqir dolu yazışmalar aparılması hissəsi ilə bağlı qeyd edir ki, “whatsapp” mobil tətbiqi kütləvi informasiya vasitəsi (internet informasiya ehtiyatı) hesab edilə bilməz. Belə ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “kütləvi informasiya vasitələri” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audio-audkovizual xəbər və materialların (verilişlərin) məcmusu başa düşülür. “Whatsapp” isə səs, yazı mesajlarının, qrafik və videogörüntülərin, eləcə də sənəd formatında digər faylların ötürülməsi, həmçinin insanların rahat, asanlıqla ünsiyyət qurması üçün istifadə olunan tətbiqdir və kütləvi informasiya vasitələrinə aid deyildir. Yəni, bu tətbiq konkret şəxs (şəxslər) arasında baş tutan dialoqları əhatə edir ki, nəticə etibarilə bu dialoqlar qeyrimüəyyən şəxslər dairəsinə deyil, onun məlum iştirakçılarına ünvanlanır. Belə olan halda bu tətbiqdə müzakirə edilən hər hansı bir məsələ kütləviliyin mənbəyi hesab edilə bilməz. Sözügedən bu halın özü də xüsusi ittiham qaydasında verilmiş şikayətin Siyəzən Rayon Məhkəməsinin yurisdiksiyasına aid olmamasına dəlalət edir. Beləliklə, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti məsələsinin müzakirəsi zamanı məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı Ceyran Rəhbəri şikayətin və ona əlavə edilmiş sənədlərin Siyəzən Rayon Məhkəməsində baxılması barədə qərar çıxarılmasını xahiş etsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Aynurə Dadaşova şikayətin və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir Qeyd olunan Məcəllənin 302.2.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Bu Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 X4 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətə baxılması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə aid olduğundan, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 74, 75, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 X4 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-34/2022
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-34/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver