Məhkəmə qərarları › İş №1(059)-34/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-34/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-34/2023 16.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 16 may 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1978-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Gil-Gil Çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,725 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamış, 08 fevral 2023cü il tarixdə, saat 18:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhərinin S. Xeyrullayev küçəsində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret folqası bükülüsündə təmiz çəkisi 0,725 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 08 fevral 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Siyəzən şəhərinin S. Xeyrullayev küçəsində hərəkətdə olarkən yerdə içərisində heroin olan siqaret qutusunu görüb götürmüş, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra, həmin gün, saat 18:00 radələrində Siyəzən şəhərinin S.Xeyrullayev küçəsində olarkən Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmaqla, RPŞ-yə aparılmış, orada Müdafiəçi da, iştirakı təmin olunaraq, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, bu zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaret folqasında olan narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, habelə o, bütün sənədləri imzalamışdır. Həmçinin o, 2 gün Siyəzən RPŞ-də saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Eyni zamanda, polis əməkdaşları tərəfindən hər hansı bir formada qeyri-insani rəftara məruz qalmamışdır. Hazırda əməlindən peşman olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə düşmənçilik və ədavəti olmamışdır. 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında qrup yaradılmış, sənədləşdirmə işləri aparılmış, habelə həmin gün, saat 18:30 radələrində sonuncu tərəflərindən Siyəzən şəhərinin S.Xeyrullayev küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi məqsədilə RPŞyə aparılmış, orada növbətçi hissədə müstəntiq Şahin Rzayevin və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı müstəntiqin təklifi əsasında o, əynində olan cins şalvarın sağ yan cibindən siqaret folqasında narkotik vasitə heroini bənzər kütləni çıxararaq təqdim etmişdir. Daha sonra, aşkar edilmiş kütlə boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zaman “Nikon” markalı aparatla videoçəkiliş aparılmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-37-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2023-cü il tarixli, 6/794 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №96” dairəvi möhür əksi olan, “(imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,725 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,675 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 80 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 17 mart 2023-cü il tarixdə verilmiş 1595 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 08 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 08 fevral 2023cü il tarixdə, saat 18:46-dan saat 18:54-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli siqaret folqasında aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-46-cı və 113-120-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 09 fevral 2023-cü il tarixli əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi barədə, eləcə də 10 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,675 qram olan narkotik vasitə heroin kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 mart 2023-cü il tarixli tələbnaməsindən, işin 100-104-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 1(011)-239/2018 saylı hökmünün, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin 16 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə, eləcə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 7(002)-826/2021 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəzaya Xızı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 1(068)-05/2018 saylı hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq saxlanılmış 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin 16 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış və ona təyin edilmiş narkomaniyadan məcburi müalicə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra, o, 24 dekabr 2021-ci il tarixdə amnistiya aktının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-ci bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsəsən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-76-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 4(059)-4/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 10 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından 4 dəfədən artıq narkotik vasitəni saxlamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər başqa kateqoriyadan törətdiyi cinayət əməllərinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, habelə barəsində “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinin tətbiq edilməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsindən azad olunmasına baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini) və onun tərəfindən bu dəfə başqa kateqoriyadan olan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların da olmamasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/2 hissəsinə yaxın həcmdə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,675 qram olan narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntüsünün yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,675 qram olan narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar