Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-35/2025 16.09.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 16 sentyabr 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(059)-96/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(105)-163/2023 saylı qərarı ilə Siyəzən Rayon Məhkəməsinin yuxarıda qeyd olunan hökmü apelyasiya protestinə münasibətdə dəyişdirilməklə, onun üzərində qəti cəza olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 07 noyabr 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,498 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 26 may 2025-ci il tarixdə, saat 01:07 dəqiqədə Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Siyəzən şəhərinin Babək küçəsində fərdi yaşayış evlərinin yaxınlığında saxlanılaraq, üstü yoxlanılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan patron cibindən həmin çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, uzun müddət narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. Bundan başqa, 26 may 2025-ci il tarixdə, axşam saatlarında Siyəzən şəhərinin Babək küçəsi ilə yaşadığı evə gedən zaman yolun kənarında olmaqla, diqqətini cəlb etdiyi, baxdığında içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan sellofan bükümü özü ilə götürüb, əynində olan göy rəngli cins şalvarın sağ patron cibinə yerləşdirmişdir. Bir müddət sonra, həmin küçə ilə hərəkətdə olarkən ona yaxınlaşmış üç nəfər mülki geyimli şəxslər özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş, habelə bu zaman sonunculardan biri çəkiliş aparmışdır. Beləliklə ona, narkotik vasitə və psixotrop maddələri saxlamaqda şübhəli olduğunu bildirib, üzərində qanunla qadağan edilmiş predmet olduğu təqdirdə təqdim etməsi təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarın sağ yan patron cibində saxlamaqla, tapdığı, həmçinin üzərində sarı və yaşıl rənglər olan bir ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra, təqdim etdiyi bükülüyə baxış keçirilmiş, habelə bükülünün içərisində ağ kristal şəkilli maddə olması aşkar edilmiş, həmçinin şifahi sorğu zaman o, bükülünün içərisindəki predmetin psixotrop maddə metamfetamin olduğunu qeyd etmişdir. Daha sonra, həmin kütlə bir ədəd ağ rəngli boş zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən hər hansı bir fiziki-psixi təzyiq və təsirə məruz qalmamışdır. Hazırda ona aşağı həddə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 26 may 2025-ci il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə daxil olmuş məlumat əsasında 26 may 2025-ci il tarixdə, saat 01:07-də Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Babək küçəsində, fərdi yaşayış evlərinin yaxınlığında onun, CAB-nin baş əməliyyat müvəkkili X2 və RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili X3 tərəfindən saxlanılmış, birinciyə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində qanunsuz əşya və predmetin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Bundan əvvəl isə, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edildikdə, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan patron cibindən bir ədəd üzərində sarı və yaşıl rənglər olan sellofan bükümü təqdim etmişdir. Həmçinin, təqdim edilmiş bükülüyə baxış keçirilən zaman bükülünün içərisində ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmiş, habelə bu bükülü bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs və onların tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli, 20/381 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan kristallaşmış kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,498 qram ağ rəngli kristalşəkili maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,448 qram təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 63 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 20 iyun 2025-ci il tarixdə verilmiş 3703 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-14-cü vərəqələrində olan 26 may 2025-ci il tarixli təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan, eləcə də, işin 15-16-cı vərəqələrində olan məhkəmə iclasında tədqiq edilmiş iki ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 02:20-dən saat 02:30-dək olan müddət ərzində Siyəzən şəhərinin B.Bayramov küçəsində Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütləni əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində sarı və yaşıl rənglər olan bir ədəd sellefon bükümdə təqdim etmişdir. Yoxlama zamanı “Xiaomi PocoX3” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-119-cu vərəqələrində olan 22 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,448 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilsə də, sonuncunun 26 may 2025-ci il tarixdə üstününü yoxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 iyun 2025-ci il tarixli tələbnaməsindən, iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(059)-96/2022 saylı hökmündən, işin 87-90-cı vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(105)-163/2023 saylı qərarından, işin 91-95-ci vərəqələrində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 7(002)-1228/2024-cü il tarixli qərarından, eləcə də, iş materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin 15 sentyabr 2025-ci il tarixli, 3-16-35-75/2- 80048/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, bu Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin yuxarıda qeyd olunan hökmü apelyyasiya protestinə münasibətdə dəyişdirilməklə, onun üzərində qəti cəza olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 07 noyabr 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-69-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli, 4(059)-20/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 may 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 20 sentyabr 2007-ci il təvəllüdlü Selcan, 24 oktyabr 2010-cu il təvəllüdlü Solmaz və 20 may 2015-ci il təvəllüdlü Nabat adında üç yetkinlik yaşına çatmayan övladı olmaqla, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdardan 3 dəfə artıq miqdarda əldə edib üzərində saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş, və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən əvvəlki hər iki məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə təhlükəli residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdardan 3 dəfə artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, o cümlədən sonuncu dəfə bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, islah olunmamasını, yeni cinayət törətməsini və onun tərəfindən əvvəldə olduğu kimi narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini davam etdirməklə, yeni cinayət törətməyə meylliyini, cəzasını ağırlaşdıran halın və yuxarıda qeyd olunan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 5/6 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 26 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0, 448 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 26 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0, 448 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 63 (altımış üç) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-35/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-35/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver