Məhkəmə qərarları › İş №1(059)-36/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-36/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-36/2021 29.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Xüsusi ittihamçı X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə X6 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri 1 saylı Körpələr-evi uşaq bağçasının müdiri X5 barəsində Azərbaycan Respublikası CMnin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət işi başlayıb, cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 1 saylı evdə ailəsi ilə birlikdə yaşayır, həmçinin fərdi əməklə məşğul olmaqla, ailəsini halal zəhmət ilə dolandırmağa çalışır. Bundan başqa, 2 (iki) övladı olmaqla, sonuncular dərs əlaçısı, müxtəlif fənlər üzrə respublika səviyyəli olimpiadaların, bilik yarışmalarının qalibidirlər, arvadı isə ibtidai sinif müəlliməsidir, yəni özü fəhlə olsa da, ailəsini cəmiyyət üçün dövlət üçün layiqli, faydalı vətəndaş kimi tərbiyə etməyə, yetişdirməyə çalışır. Qeyd edir ki, cəmiyyətdə baş verən qanunsuz, neqativ hallara qarşı bir vətəndaş kimi həmişə etiraz səsini ucaltmış, hüquqlarının pozulması, kiminsə tərəfindən alçaldılması ilə barışmamış, belə hallara qarşı həmişə mübarizə aparmışdır. Bundan sonra, da öz mövqeyindən əl çəkən deyildir. Onun üçün fərq etmir ki, hüquqları pozulan o, onun doğmalarıdır. Hər bir azərbaycanlının hüquqlarının əsassız olaraq pozulmasına qarşıdır. Möhtərəm cənab Prezident demək olar, hər dəfə çıxışlarında dövlət məmurlarının xalqa xidmət etməli olduğunu vurğulasa da, ən kiçik məmurlar belə son zamanlar öz vəzifə səlahiyyətlərini çox vaxt aşmaqla sanki yalnız öz şəxsi maraqlarına xidmət edən iş metodunu seçmişlər. Onlardan biri də Siyəzən rayonunda fəaliyyət göstərən Elsevər Kərimov adına 1 saylı körpələr evi-uşaq bağçasının müdiri X2r. Belə ki, anası Məhərrəmova Elmira uzun müddət olar, göstərilən müəssisədə musiqi rəhbəri vəzifəsini ləyaqətlə yerinə yetirmiş, işlədiyi müddət ərzində heç bir nöqsana, əmək intizamının pozulmasına yol verməmişdir. Lakin, Nabatxanım Abdulova anasının 65 yaşının tamam olmasını əsas tutaraq sonuncunun pandemiya dövründə 11 yanvar 2021-ci il tarixdə işdən azad edilməsi barədə əmr vermiş, lakin əmrin surəti, anasına aid əmək kitabçası, anasının axırıncı haqq-hesabı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ona təqdim edilməmiş, beləliklə də X10 işə bərpa olunması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ da pozulmuşdur. X10 dəfələrlə bağçanın müdiri Nabatxanım Abdulovaya işdən çıxarılma əmrinin surətinin alınması üçün etdiyi müraciətlər cavabsız qalmış, bağça müdiri əmrin surətini almaq üçün anasını rayon İcra hakimiyyətinə, İcra Hakimiyyətindən isə anasını bağça müdirinin üstünə göndərmişlər. Bununla da, anası diabetli şəkər xəstəsi, 65 yaşlı qadın işdən çıxarılması barədə əmrin surətini almaqdan ötrü yollarda, ortalıqda qalmışdır. Anasının yuxarıda qeyd edilən şəxslər tərəfindən incidildiyini görərək 09 aprel 2021-ci il tarixdə uşaq bağçasına getmiş, orada həyətdə müdir Nabatxanım Abdulova ilə görüşmüş, ondan anasının işdən çıxarılma əmrini verməsini xahiş etmişdir. Belə ki, bağçadan əvvəl rayon İcra Hakimiyyətində olmuş və işdən çıxarılma əmrinin alınması üçün gəldiyini bildirmiş, oradan Aqşin Ağayev onu bağça müdirinin yanına göndərmiş, sonuncu isə əmrin İcra Hakimiyyəti tərəfindən veriləcəyini bildirmişdir. Yəni bu şəxslər onu da anası Elmira kimi sanki ələ salmışlar. Belə olan halda o, müdir Nabatxanım Abdulovaya ondan şikayət edəcəyini, bağçada baş verən neqativ hallar barədə sosial şəbəkələrdə çıxışlar edəcəyini bildirmiş, ona etdiyi qanunsuzluqlardan xəbərdar olduğu barədə xəbərdarlıq etmişdir. Lakin, orada heç bir qanunsuz hərəkətə, zorakılığa, təhqirə yol verməmiş, sadəcə sakitcə fikrini bağçanın müdirinə bildirib, oradan ayrılmış, həmin vaxt yanlarında heç kim olmamışdır. Amma, onun qanunsuz hərəkətlərindən şikayət edəcəyi barədə xəbərdarlığından sonra bağçanın müdiri ona qarşı şər və böhtan dolu şikayət ərizəsi ilə Siyəzən rayon Prokurorluğuna müraciət etmişdir. Onun bu ərizədən xəbəri olmamış, daha sonra bu ərizənin Siyəzən rayon Polis Şöbəsinə göndərildiyi məlum olmuşdur. Bununla belə, onun yenə də həmin ərizə barədə məlumatı olmamışdır. Belə ki, bu ərizə ilə əlaqədar o, nə Prokurorluğa, nə də Polis Şöbəsinə dəvət edilməmiş, bu barədə ona hər hansı formada bildiriş gəlməmiş, bu ərizə ilə əlaqədar ondan heç bir izahat belə alınmamışdır. Yuxarıda göstərilənlərə baxmayaraq, 18 may 2021-ci il tarixdə günorta saatlarında X3 ardınca Siyəzən rayon Polis Şöbəsində olarkən onun Ələkbər Aydəmirovu müdafiə etməsi polis zabiti Əhməd adlı vəzifəli şəxsin xoşuna gəlmədiyi üçün onu polis nəfərlərinə göstəriş verərək öz təbirincə desək içəri basdırmış, heç bir səbəb olmadan onunla nalayiq formada davranaraq və danışaraq sanki əlinə fürsət düşübmüş kimi onu mütləq həbs elətdirəcəyini bildirmişdir. Belə ki, heç bir əsas olmadan onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edilərək baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilmişdir. Halbuki, bu maddələrdə nəzərdə tutulmuş əməllərin heç birinin ona aidiyyəti olmamışdır. Polis zabiti Əhməd Nəcəfovun sifarişi ilə onu heç bir əsas olmadan Sumqayıt şəhər Narkoloji Dispanserinə apararaq guya onun narkotik vasitə marixuanadan istifadə etməsi müəyyən edilmişdir. O, narkotik vasitələrin istifadəçisi deyildir, olmamışdır, bütün bunlar polisin ona qarşı qərəzli münasibətinin nəticəsidir. Göründüyü kimi onun üzərində heç bir narkotik vasitə aşkar olunmamış, ümumiyyətlə, o, bunun istifadəçisi olmamış və deyildir, istənilən yerdə qanının və ya sidiyinin analizi götürülərək yoxlanılmasına etiraz etmir. Sumqayıt şəhər Narkoloji Dispanserinin gəldiyi nəticəni özü üçün təhqir hesab edir və belə qənaətə gəlir ki, bu sifarişlə qəbul olunmuş bir nəticədir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə gəldikdə isə bildirir ki, barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə Siyəzən RPŞ-nin TQ-nin baş təhqiqatçısı X8 30 aprel 2021-ci il tarixli qərarından və bu qərar üzrə toplanmış iş materiallardan da görünür ki, bağça müdiri X1 ona qarşı olan şər-böhtan dolu şikayət ərizəsinin heç olmasa beş faizinin təsdiq edilməsi üçün iş üzrə heç bir sübut toplanmamış, yoxdur. Belə ki, onun təhqiqatçı tərəfindən izahatı alınmamış, Nabatxanım Abdulova ilə üzləşmə keçirilməmiş, şahidlər dindirilməmiş, şahidlər onunla üzləşdirilməmişlər. Belə olan halda təhqiqatçı hansı sübutları əsas tutaraq işin inzibatı qaydada həll edilməsindən ötrü Polis Şöbəsinin İTB-nə göndərə bilmişdir. Deməli, bu şəxslər yalnız onlara verilən sifarişləri yerinə yetirmişlər. Odur ki, bağça müdiri X1 ona qarşı yazdığı şikayət ərizəsini şər və böhtan xarakterli əsassız hesab edir. Lakin, göründüyü kimi Nabatxanım Abdulovanın sübuta yetməyən böhtan xarakterli şikayət ərizəsi əsasında ona Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə protokol yazılaraq 20 gün inzibati həbs cəzası verilməklə cəzalandırılmışdır. O, uşaq bağçasında 09 aprel 2021-ci il tarixində olmuş, Nabatxanım Abdulova isə ona qarşı şər-böhtan dolu ərizəsini Siyəzən rayon Prokurorluğuna həmin gün və ya səhərisi gün deyil, 19 aprel 2021-ci il tarixdə vermişdir. Çünki, Nabatxanım Abdulova sonuncunun qanunsuz əməlləri barədə “7 Times” kanalına müsahibə verəndən sonra qorxuya düşüb ondan şikayət vermişdir. Bununla belə, bu şikayətlə əlaqədar onu heç kim narahat etməmiş, eyni zamanda o, Siyəzən rayon Polis Şöbəsində 18 may 2021-ci il tarixdə olarkən barəsində belə bir şikayətin olduğu qəfil polisin yadına düşmüşdür. Deməli, bu şikayət ərizəsinin araşdırma müddəti də keçmişdir. Məhkəmə inzibati qaydada işə baxarkən bu nüansların heç birinə əhəmiyyət verməmiş, məsələni obyektiv araşdırmayıb, təqsirsizlik prezumpsiyasına əməl olunmasını gözləməmişdir. Siyəzən RPŞ-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsi barədə inzibati protokol tərtib edən İTB -nin əməkdaşları da ona qarşı bu maddələrin əsaslı olmasına dair heç bir sübut olmadığı halda işi Siyəzən Rayon Məhkəməsinə verməklə, demək olar ki, təzyiqlə onun məhkəmə tərəfindən 20 gün inzibati qaydada həbs olunması barədə qərar çıxarılmasına nail olmuşlar. Əslində o, məhkəmənin 19 may 2021ci il tarixli qərarından şikayət verməli olsa da, qərarın surəti ona Siyəzən rayon Polis Şöbəsinin heç bir şəraiti olmayan, üfunət iyi verən istintaq təcridxanasında təqdim edilmiş, ona heç kiminlə görüşməyə imkan verilməmiş, dəfələrlə yazmaq üçün kağız və qələm tələb etsə də, heç vaxt tələbi təmin edilməmiş, əksinə onu sındırmağa çalışmış, onda ruh düşkünlüyü yaratmaq üçün səy göstərmişlər. Məhkəmə qərarından vaxtında şikayət vermək üçün olan müddəti keçirsə də, hər şey göz qabağındadır, sənədlər hər şeyi bildirir. Hüquqlarının kobud şəkildə istər polis, istərsə də, məhkəmə orqanı tərəfindən pozulması göz qabağındadır. Halbuki, Azərbaycan Respublikasının qanunlarına əsasən hər bir hüquqi və fiziki şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır, amma onun barəsində toplanmış əsassız materiallara baxan məhkəmə isə vətəndaşın hüquqlarını deyil, polisi müdafiə etmişdir. Ona qarşı barəsində inzibati qaydada işə baxılarkən ondan şikayət ərizəsi verən Nabatxanım Abdulova məhkəməyə gəlməmiş, nə qədər gülməli olsa da, onu əri Aqil Abdulov nümayəndəsi qismində əvəz etmişdir. Hesab edir ki, Nabatxanım Abdulovanın məhkəmə iclasında iştirakı vacibdir, əri ilə əvəz edilməsi tamamilə yanlışdır, qeyri-mümkündür. Odur ki, məhkəmə iclasına Nabatxanım Abdulova şəxsən özü gəlməli və bütün məqamlara aydınlıq gətirməlidir, ərinin nümayəndə qismində iştirakı yolverilməzdir. Belə ki, o zaman Nabatxanım Abdulovanın uşaq bağçasında da işlərini əri nümayəndəsi kimi həyata keçirsin. Hesab edir ki, hazırkı ərizəsi üzrə Siyəzən Rayon Məhkəməsi işə obyektiv və hərtərəfli araşdırma aparmaqla baxacaq və nəticədə qanuni, eləcə də ədalətli qərar qəbul edəcəkdir. Ümid edir ki, məhkəmə tərəfindən çıxarılacaq qərar yalnız qanunlara və təsdiqini tapmış sübutlara istinad etməklə çıxarılacaqdır. Qeyd edir ki, onunla və anası Elmira Məhərrəmova ilə öz şəxsi mənafeyi naminə düşmənçilik aparan Nabatxanım Abdulova yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları hüquq-mühafizə orqanlarında, xalq arasında, qohuməqrəba, qonum-qonşu arasında yaymaqla, insanların qarşısında kütləvi şəkildə çıxışlar etməklə, həyata keçirir. Ağır cinayət etməkdə ittiham etməklə ona əsassız olaraq böhtan atmaqla, onu alçaltmağa, nüfuzdan salmağa çalışır. Bu şəxs onun şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa çalışır. Halbuki, Nabatxanım Abdulovanın prokurorluqda, polisdə göstərdikləri böhtandan, ona qarşı atılan iftiradan, şərdən əsassız təhqirlərdən başqa bir şey deyildir. Belə ki, Nabatxanım Abdulovanın onun barəsində yazdıqlarının heç biri hər hansı sübutla öz təsdiqini tapmamışdır. X4 ona və eyni zamanda anası Elmira Məhərrəmovaya qarşı mənfur, çirkin niyyətlərini həyata keçirməkdə onun söylədiyi yalanları, şər-böhtanı doğru kimi göstərməkdə ona Siyəzən RPŞ-nin təhqiqatçısı X12, Şöbənin əməliyyat işləri üzrə rəis müavini Əhməd Nəcəfov, şöbənin İTB-nin inzibati xəta haqqında əsassız protokol yazmış əməkdaşları və eyni zamanda heç bir sübut növü ilə təsdiq olunmayan bu şər-böhtanlara görə əsassız olaraq onu təqsirli bilib, ona 20 gün inzibati qaydada həbs cəzası verən Siyəzən Rayon Məhkəməsi köməkçi olmuşlar. Odur ki, X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət işi başlayıb, cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək onun məzmununun izahatı kimi qəbul edilməklə, icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 şikayəti qəbul etməyək onun əsassız olduğunu, öz çıxışında heç kimi təhqir etmədiyini və ya heç kimə böhtan atmadığını bildirərək şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yayma deməkdir. Ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə, böhtan atma isə böhtan cinayətinin ağırlaşdırıcı tərkib əlamətləridir. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkəsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş böhtan və təhqir cinayətləri subyektiv cəhətdən yalnız bir-başa qəsdlə törədilə bilər. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin düzünə qəsdini, şərəf və ya ləyaqətini ləkələyən məlumatları yaymasını dərk etməsini və bunu arzu etməsinə dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, xüsusi ittihamçının məhkəmə iclası zamanı şikayət ərizəsində istinad etdiyi halları təsdiq edəcək sübutların təqdim etdiyi sənədlərdən ibarət olduğunu, bütün məsələləri şikayətində ətraflı göstərdiyini bildirməsi, eləcə də bununla kifayətlənməli olduğunu, gələcəkdə çıxarsa verəcəyini qeyd etməsi, onun şikayətinin dəlillərini təsdiq edən mötəbər sübut və ya sənədə malik olmamasına dəlalət edir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”). Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli Qərarına görə yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələnən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyət yaratmır. Qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə daxil etmişdir. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yayılması mülki məsuliyyət doğurur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci hissəsində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İşin faktiki hallarından da göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Nabatxanım Abdulova yalan olduğunu bilə-bilə Elşən Məhərrəmovun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymamış, onu təhqirə, yəni şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya məruz qoymamış, habelə təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmamış, habelə bunun əksi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Qeyd olunan Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. Bundan başqa xüsusi ittihamçı bu Məcəllədə nəzərdə tutulmuş qaydada xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. Eyni zamanda bu mənada məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X7 xüsusi ittiham qaydasında şikayəti tərtib edərkən şikayətin məzmunu CPM-in 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğunlaşdırmamış, prosessual formaya riayət edilməmişdir. Belə ki, şikayət vermiş şəxs haqqında məlumatlar təfərrüatlı göstərilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, habelə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayətdə göstərilməməklə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 293-cü maddəsinin İİİ hissəsinin İİİ və İV bəndlərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda göstərilir. Qeyd olunan Məcəllənin 302-ci maddəsinin İ hissəsinin İİİ, Vİ və Vİİ bəndlərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yenə bu Məcəllənin 301.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı, ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi əsassız olduğundan, xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 əməllərində cinayətin əlamətlərinin olmasına dair mötəbər dəlillər təqdim olunmadığından onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar