Məhkəmə qərarları › İş №1(059)-36/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-36/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-36/2022 12.04.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 12 aprel 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, saat 10:53-də xx xxxxxxx 1972-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, "X6" MMC-də ictimai işlər üzrə sosial işçi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə “Covid-19” infeksiyasına yoluxması ilə bağlı verdiyi testin nəticəsi 06 dekabr 2021-ci il tarixdən pozitiv olduğu üçün COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyata alındıqdan sonra yaşadığı Siyəzən şəhərinin C.Novruz küçəsindəki 139 saylı evdə karantinə alınmasına və karantin qaydalarına uyğun olaraq 14 gün müddət ərzində yaşadığı evi tərk etməməli olmasına baxmayaraq, 10 dekabr 2021-ci il tarixdə karantin rejimi qaydalarını pozub, yaşadığı və özünü təcriddə olduğu ünvanı idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2104” markalı minik avtomobili ilə tərk edərək, yeni növ “Covid-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə saat 13:00 radələrində Siyəzən şəhərinin Gənclik qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Siyəzən şəhərinin C.Novruz küçəsindəki 139 saylı evdə qeydiyyatda olmaqla, orada ailə üzvləri ilə birlikdə yaşayır. 05 dekabr 2021-ci il tarixdə evdə arvadı X2 özünü yaxşı hiss etmədiyindən koronavirus infeksiyasına qarşı test verməsi üçün o, təcili tibbi yardıma zəng edərək evə çağırış etmişdir. Bundan sonra, Siyəzən rayon Mərkəzi xəstaxanasının təcili tibbi yardım şöbəsinin həkim briqadası çağırışı əsasında yaşadığı ünvana gələrək, arvadı Sümarə Əliyevanı müayinə edib, hərarətini ölçdükdən sonra ondan Covid-19 infeksiyasına qarşı yaxma analizi götürmüşlər. Həmin vaxt o, özünü yaxşı hiss etməsinə baxmayaraq, həkimlərdən ondan da koronavirus infeksiyasına qarşı yaxma analizi götürmələrini xahiş etmişdir. 06 dekabr 2021-ci il tarixdə istifadəsində olan mobil nömrəyə COVİD 19 infeksiyasına qarşı verdiyi testin nəticəsinin pozitiv çıxdığı və yeni növ koronovirus infeksiyasına yoluxduğu məlum olmuşdur. Bundan sonra, o və arvadı xəstəxanaya getmiş, habelə orada yenidən müayinə olunmaqla, o cümlədən rentgen müayinəsindən keçmiş, həmçinin onlara 14 gün ərzində özünü təcrid edərək, ev şəraitində müalicə olunmalı olduqları diqqətlərinə çatdırılıb, bu barədə iltizam alınmış, o cümlədən ev şəraitində müalicə olunmağa başlamışlar. Bir müddət evdə təcrid şəraitində müalicə olunduqdan özünü yaxşı hiss etdiyindən 10 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində hava almaq üçün istifadəsində olan **-BD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşərək, yaşadığı ünvanı tərk etmiş, habelə idarə etdiyi avtomobillə ünvan 2 şəhərin Gənclik qəsəbəsi istiqamətində C.Novruz küçəsində hərəkətdə olarkən Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşı ona saxla işarəsi vermişdir. Bu zaman o, yaşadığı evə yaxın yerdə olduğundan polisin saxla işarəsinə tabe olmayaraq, idarə etdiyi avtomobili yaşadığı ünvanın qarşısına qaytarıb, saxlamışdır. Buna baxmayaraq, polis əməkdaşları ona yaxınlaşıb, onu bayırda gördüklərinə görə arxası ilə gəldiklərini qeyd etmiş, o, isə onlara etiraz etməmiş, habelə işi sənədləşdirilmişdir. Həmçinin, yaşadığı ünvanı tərk etməsi ilə bağlı polis əməkdaşları tərəfindən videoçəkiliş edilmiş və qanunun tələbləri bir daha ona izah edilmişdir. Eyni zamanda, o, törətdiyi əməldən peşmançılıq hissi keçirməklə, himayəsində məktəbli, yetkinlik yaşına çatmayan övladları vardır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi tanıyır. Əməliyyat aparatı tərəfindən onlara verilmiş məlumata əsasən Təqsirləndirilən şəxs dəfələrlə yaşadığı ünvanı tərk edərək, Şabran rayonu istiqamətində hansısa kəndə getmişdir. Sonuncu dəfə də o, yaşadığı ünvanı tərk edərək yenidən Şabran rayonu istiqamətinə hərəkət etmiş, onlar isə idarə etdiyi avtopatrul avtomaşını ilə beton yol istiqamətində olmuşlar. Bu zaman onlar, ümumiyyətlə, Təqsirləndirilən şəxs gözləməsələr də, Siyəzən rayonunun Böyük Həmyə kəndinə tərəf hərəkətdə olarkən sonuncunun onlara tərəf gəldiyini görmüşlər. Siyəzən rayonunun Su Kəmərinin körpüsü deyilən ərazidə saxla işarəsi versələr də, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşını saxlamamış, bu zaman onlar Təqsirləndirilən şəxs avtomaşınını müşayiət etmiş, habelə YPX-nin baş inspektoru Şahid3 efir vasitəsilə rəhbərliyə məlumat vermişdir. Siyəzən RPŞ-nin PPXT-nin əməkdaşları da Təqsirləndirilən şəxs görsələr də, sonuncuya ilk çatan onlar olmuş, habelə Təqsirləndirilən şəxs C.Novruz küçəsində yaşadığı evin qarşısında avtomaşından düşmüşdür. Bu zaman Siyəzən RPŞ-nin PPXT-nin əməkdaşları da onlara yaxınlaşmış, lakin, Təqsirləndirilən şəxs oradan qaçaraq, yaşadığı evə daxil olmağa çalışsa da, polis əməkdaşlarının müdaxiləsi nəticəsində buna nail ola bilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilə profilaktiki söhbətlər aparılaraq, təcili tibbi yardım avtomobili ilə onun özünü təcriddə olduğu ünvana qaytarılması təmin edilmişdir. Bundan başqa, baş verənlər videoçəkiliş vasitəsilə də qeydə alınmışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin DYPB-nin YPX baş inspektoru Şahid3, RPŞ-nin PPXT-nin polis nəfərləri Şahid4 və Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-ci vərəqəsində olan X1 X4 Şəxsin 16 dekabr 2021-ci il tarixli, 1311 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə COVİD-19 görə Nazofarengial yaxma götürülmüş, müayinə olunmaq üçün X5 Əleyhinə Stansiyaya göndərilmişdir. 06 dekabr 2021-ci il tarixində müayinənin nəticəsi pozitiv (müsbət) olmuş, Təqsirləndirilən şəxs həmin tarixdən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-ci vərəqəsində olan 06 dekabr 2021-ci il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə bağlı nəticələrinin müsbət olması səbəbi ilə 06 dekabr 2021-ci il tarixindən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək, sanitariya-gigiyena normalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və Azərbaycan Respublikası İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-82-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 03 mart 2022-ci il tarixli qərardan görünür ki, 06 dekabr 2021-ci il tarixdən COVİD-19 xəstəsi kimi qeydiyyata alınmaqla, 14 gün ərzində yaşadığı Siyəzən şəhərinin C.Novruz küçəsindəki 139 saylı evdə özünü təcrid formada karantinə alınmış Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, eyni zamanda DİN BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 2 ədəd Kompakt Disklər iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-68-ci vərəqələrində olan 15 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan və vəsiqələrin surətlərindən görünür ki, himayəsində 30 iyun 2004-cü il təvəllüdlü Xumar və 22 avqust 2006-cı il təvəllüdlü Almaz adında iki yetkinlik yaşına çatmayan övladı olmaqla, Siyəzən şəhərinin C.Novruz küçəsindəki 139 saylı evdə yaşayan ictimai fəal Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a 1 nömrəli əlavənin 9.1-ci bəndinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən onlara SMS bildirişlər göndərilir. Bu əlavənin 9.3-cü və 9.4-cü bəndlərinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcrid olunanların ən azı 7 gündən sonra 24 saat intervalla 2 ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda, eləcə də yaşayış yerində və ya olduğu yerdə təcrid olunma başlandığı gündən 14 gün keçdikdə, tövsiyələrin 9.1-ci bəndində nəzərdə tutulan SMS bildirişlər göndərilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmaqla, ictimai fəal olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, faydalı əməklə məşğul olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, eyni zamanda DİN-in BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 2 ədəd Kompakt Disklər cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə, saat 13:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, eyni zamanda DİN-in BİKİ-dən alınmış məlumatların yerləşdiyi 1 ədəd, cəmi 2 ədəd Kompakt Disklər cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar