Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-37/2025 16.09.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 16 sentyabr 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1992-ci il tarixdə Siyəzən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(059)-58/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 7(007)- 261/2024 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 19 iyul 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,329 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, habelə Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 10 iyun 2025-ci il tarixdə, saat 21:19 radələrində Siyəzən şəhərinin Şamil Baxşıyev küçəsində saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan tünd göy rəngli cins şalvarının sağ patron cibindən 01 ədəd sellofan bükümün içərisindən həmin çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 19 iyul 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Belə ki o, cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən 6 ay sonra, iradəsi zəif olduğu üçün həbs olunanadək narkotik vasitə heroindən həftədə 1-2 dəfə istifadə etmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən saxlanılmamışdan öncə, yəni, 09 iyun 2025-ci il tarixdə yaşadığı Siyəzən şəhərinin 20 Yanvar küçəsində hərəkətdə olarkən yolun kənarında yerdə olan bir ədəd şəffaf rəngli sellofan diqqətini cəlb etdiyindən, həmin sellofanı götürüb, özü ilə yaşadığı evə gətirmişdir. Belə ki, evdə olarkən sözügedən sellofanı açıb baxdığında, içərisində narkotik vasitə heroin olduğunu görmüş, habelə bu vasitədən bir qədər kağızın üzərinə tökərək iyləmə yolu qəbul etmişdir. Bundan sonra, qalıq narkotik vasitə heroini əynində olan tünd göy rəngli cins şalvarının sağ patron cibinə yerləşdirmişdir. Daha sonra, 10 iyun 2025-ci il tarixdə, saat 21:19 radələrində Siyəzən şəhərinin Şamil Baxşıyev küçəsində hərəkətdə olarkən üç nəfər mülki geyimli polis əməkdaşı video çəkilişlə ona yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməsi və saxlaması barədə məlumat olduğunu bildirmiş, habelə təklif əsasında o, əynində olan tünd göy rəngli cins şalvarının sağ patron cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümdə narkotik vasitə heroini çıxarıb onlara təqdim etmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədlər o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra o, Siyəzən RPŞ-yə gətirilmiş, habelə orada, video çəkiliş vasitəsi ilə RPŞ-nin İB-nin sabiq baş müstəntiqi Murad Məmmədli tərəfindən təqdim olunan əşyalara baxış keçirilmiş, müvafiq qaydada sənədləşmə işləri aparılmışdır. Bundan başqa o, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamış, saxlanılan zaman üzərində olan sıyrıqlar isə, ondan bir neçə gün əvvəl toy məclisində spirtli içkinin təsirində olduğu üçün yıxılması nəticəsində yaranmışdır. Bundan əlavə, istifadə etdiyi narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən, digər istifadəçilər vasitəsi ilə pul müqabilində satın almışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 10 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Bundan sonra, Siyəzən RPŞ-nin CAB-ın rəisi İkraməddin Zəkiyev tərəfindən müvafiq sənədləşmə işləri aparılmış, habelə həmin tarixdə, saat 21:19 radələrində o, RPŞ-nin CAB-ın rəisi İkraməddin Zəkiyev və axtarış üzrə əməliyyat müvəkkili Anar Soltanov ilə birlikdə Siyəzən şəhərinin Şamil Baxşıyev küçəsində olarkən Təqsirləndirilən şəxs həmin küçədə olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmış, habelə sonuncuya özlərini təqdim edib üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olduğu bildirməklə, üzərində şəxsi axtarış keçirməli olduqlarını qeyd etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, habelə təklif əsasında əynində olan tünd göy rəngli cins şalvarının sağ patron cibində saxladığı içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofanı çıxarıb təqdim etmişdir. Beləliklə, təqdim edilmiş qeyd olunan vasitə boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və RPŞ-nin İB-nə təhvil verilməsi üçün götürülmüşdür. Bundan sonra, video çəkiliş yekunlaşmış, habelə Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə gətirilmiş, orada İB-nin sabiq baş müstəntiqi Murad Məmmədli tərəfindən video çəkilişlə təqdim olunmuş zərfə və diskə baxış keçirilmiş, təqdim edilmiş predmetlər yenidən müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı, sonuncunun narkotik vasitələrin satışı ilə bağlı deyil, üzərində, saxlaması və istifadəsi barədə olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2025-ci il tarixli, 20/460 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №96” möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitə heroinə bənzər kütlə 01 ədəd sellofan bükümdə; 1. /imza/ Təqsirləndirilən şəxs; 2. /imza/ İ.Zəkiyev; 3. /imza/ Şahid; 4. /imza/ A.Soltanov; Tərtib etdi: baş müstəntiq /imza/ Murad Məmmədli” yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: 0,329 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,279 qram təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların fiziki-kimyəvi ekspertizasının tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 məhkəmə-tibb ekspertizasının 11 iyun 2025-ci il tarixli, 109 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində üzün sol yarısının, sağ dirsək və sağ said nahiyəsinin hərəsinin bir ədəd, sağ bazu nahiyəsinin iki ədəd sıyrıqları aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törəmişdir, törəmə müddəti 1-2 günə qədərdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 11 iyul 2025-ci il tarixdə verilmiş 4136 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-10-cu vərəqələrində olan 10 iyun 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan, eləcə də işin 15-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd DVD diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 21:19-dan saat 21:26-dək olan müddət ərzində Siyəzən şəhərinin Şamil Baxşıyev küçəsində Təqsirləndirilən şəxs üstündə yoxlama aparılan zaman sonuncu ittihamın əsasını təşkil edən, əynində olan tünd göy rəngli cins şalvarının sağ patron cibində saxladığı 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Yoxlama zamanı “Redmi Note 14” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan 13 iyun 2025-ci il tarixli maddi sübut kimi tanımaq, işin 116-123-cü vərəqələrində olan 12 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin hər hansı şəxs tərəfindən yetirilmədiyi müəyyən olunduğu üçün həmin fakt üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bununla bağlı zəruri sənədlərin surətləri çıxarılaraq Siyəzən rayon prokurorluğuna təhvil verilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,279 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin 10 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin video çəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd DVD disk də, maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyun 2025-ci il tarixli tələbnaməsindən, iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(059)-58/2022 saylı hökmündən, işin 84-86-cı vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 7(007)-261/2024 saylı qərarından, həmçinin işin 83-cü vərəqəsində olan Siyəzən rayon icra və probasiya şöbəsinin 19 iyun 2025-ci il tarixli, 3-16-35-75/2- 42405/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 2 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin 19 iyul 2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 4(059)-23/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 iyun 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nın Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş X2 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, bu vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər mülkiyyət, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayət əməllərinə görə verilmiş cəzalardan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, bu dəfə yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayətin onun əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, hüquqazidd əməllərini davam etdirməklə, yeni cinayət törətməyə meylliyini, həmçinin cəzasını ağırlaşdıran halın mövcudluğunu, onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə, həmçinin 19 iyul 2024-cü il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq, yenidən cinayət əməli törətməklə, islah olunmamasını nümayiş etdirib, cinayət əməlindən əl çəkməməsini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,279 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,279 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd DVD Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-37/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-37/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver