Məhkəmə qərarları › İş №1(059)-39/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-39/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-39/2024 30.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 30 iyul 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 28 iyul 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən şəhərinin Xətai küçəsindəki 7 saylı evdə qeydiyyatda olmaqla, şəhərin Babək Bayramov küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,483 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 01 aprel 2024-cü il tarixdə, saat 20:40 radələrində, yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli şəxs qismində, saxlanılraq, gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol arxa cibindən 02 ədəd sarı rəngli bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,209 qram və 0,274 qram, ümumi təmiz çəkisi 0,483 qram olan eyni tərkibli narkotik vasitə heroin aşkar olunmaqla, götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə Siyəzən Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə azadlığa çıxdıqdan sonra, bir müddət narkotik vasitələrdən istifadə etməsə də, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən bir ay öncə narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə etməyə başlamışdır. Bundan başqa, 01 aprel 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı Siyəzən şəhərinin B. Bayramov küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb, işə gedərkən yaşadığı məhəllədə yerdə olmaqla, baxdığında içərisində iki ədəd sarı rəngli siqaret bükülüsü və 5 manatlıq pul əsginası olan qutunu görüb, götürmüş, qutunun içərisindəki pulu şəxsi ehtiyaclarına xərcləsə də, bükülüləri əynində olan şalvarın arxa cibinə yerləşdirmişdir. Bundan sonra, işə getmiş, habelə həmin tarixdə, saat 20:40 radələrində şəhərin B. Bayramov küçəsi ilə yaşadığı evə qayıdarkən, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, Siyəzən RPŞ-yə aparılmışdır. Orada növbətçi hissədə Müdafiəçi iştirakı, eləcə də videoçəkiliş vasitəsi ilə üzərində keçirilən şəxsi axtarış zamanı təklif əsasında əynində olan şalvarın sol arxa cibində saxladığı, içərisində narkotik vasitə heroin olan iki ədəd bükülünü təqdim etmiş, sonra isə, müvafiq sənədləşmə işləri aparılmışdır. Eyni zamanda, iki gün rayon Polis Şöbəsinin MSY-də saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır. Bundan əlavə, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Bunun yanaşı, trofik xora xəstəliyindən əziyyət çəkməsinin, əməlindən peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 01 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Beləliklə, həmin tarixdə, saat 20:00 radələrində o, Siyəzən RPŞ-nin PPXB-nin polis nəfərləri X3 və X2 ilə birlikdə Təqsirləndirilən şəxs, sonuncunun yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsindəki evinin yaxınlığında saxlayıb, üzərində şəxsi axtarış keçirilməsi məqsədilə rayon Polis Şöbəsində dəvət etmişlər. Orada RPŞ-nin sabiq müstəntiqi Lətifov Şahid Sahib oğlunun rəhbərliyi altında, Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Vüqar Məmmdəovun üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu təklif əsasında əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan iki ədəd sarı rəngli bükümləri və bir ədəd qara rəngli borucuğu təqdim etmişdir. Daha sonra, təqdim edilmiş predmentlər boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində əməliyyat aparatına daxil olmuş məlumat, sonuncunun narkotik vasitələrin satışı ilə bağlı deyil, üzərində saxlaması və istifadəsi barədə olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1785 saylı ekspert rəyindən görünür ki, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 96"-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş (imza) Vüqar Mikayıl oğ.” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,209 qram və 0,274 qram, ümumi təmiz çəkisi 0,483 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və bir ədəd borucuqda heroinin izləri vardır. İz şəkilində olduğu üçün, heronin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Tədqiqata 0,1 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,383 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 79-80-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 may 2024-cü il tarixdə verilmiş, 3035 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan 01 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 20:55-dən saat 21:10-dək olan müddət ərzində Siyəzən RPŞ-nın növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlələr onun əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən iki ədəd siqaretin sarı rəngli bükümündə aşkar olunaraq götürülmüşdür. Baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-cü və 82-87-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin müvafiq olaraq 05 aprel 2024-cü il tarixli maddi sübut kimi tanınma və 07 iyun 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,383 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin 01 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk də cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 aprel 2024-ci il tarixli tələbnaməsindən, eləcə də, iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 1(059)-59/2022 saylı hökmünün, Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 7(057)-227/2023 saylı qərarının və Siyəzən rayon icra və probasiya şöbəsinin 28 iyul 2023-cü il tarixli, 1177/2023-64-1 nömrəli cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin qeydiyyatdan çıxarılması barədə məlumatın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 7(057)-227/2023 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 12 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 28 iyul 2023cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-cu vərəqəsində olan 01 aprel 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-55-ci vərəqələrində olan 03 aprel 2024-cü il tarixli tutulmuş şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilərək, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 1(059)-39/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, sonuncu məhkəməyə gəlməmiş, buna görə də həmin tarixdə onun Siyəzən Rayon Məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən məlumatdan, habelə “X9” phş-nin 18 iyul 2024-cü il tarixli, 1300 nömrəli xəstənin tibbi kartasının çıxarışından görünür ki, himayəsində 11 fevral 2020-ci il təvəllüdlü Hüseyn, 21 mart 2023-cü il təvəllüdlü Məhəmməd və 03 may 2024-cü il təvəllüdlü Milay adında üç azyaşlı uşağı olmaqla, Siyəzən şəhərinin Xətai küçəsindəki 7 saylı evdə qeydiyyatda olan, sol baldırın trofik xorası xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun sol baldırın trofik xorası xəstəliyindən əziyyət çəkməsini və himayəsində üç azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini xeyli miqdardan 3 dəfə artıq miqdarda əldə edib saxlayaraq, daşımasını, şəxsiyyətini, məhkəmə iclasına gəlməməsi səbəbindən barəsində məcburi gətirmə tətbiq olunmasını, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni məhkumluğu ödənilmədən Təqsirləndirilən şəxs tərəfindən eyni kateqoriyadan cinayət əməlinin yenidən qəsdən törədilməsinin törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını və Salyan Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə, həmçinin 28 iyul 2023-cü il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq, yenidən cinayət əməli törətməklə, islah olunmamasını nümayiş etdirməsini, bununla da hüquq pozuntusuna meylli olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/2 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırmanövündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,383 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 01 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,383 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 01 aprel 2024cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar