Məhkəmə qərarları › İş №1(059)-4/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-4/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-4/2022 15.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 15 fevral 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1995-ci il tarixdə, Siyəzən rayonu, Beşdam kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində satış məqsədi olmadan, qanunsuz olaraq yaşadığı Siyəzən rayonu Beşdam kəndində yerləşən evinin yaxınlığındakı kolluq ərazidə 4 ədəd dibçəkdə əkilib-becərilməsi qanunla qadağan edilmiş xeyli miqdarda yəni, 4 ədəd çətənə bitkisini əkib, aqrotexniki qaydada qulluq göstərərək yetişdirib, kultivasiya edərək yaşadığı ünvana gətirmiş, həmin bitkilərin 1 ədədini dibçəkdə, 3 ədədinin isə yarpaqlarını yığıb toplayaraq qurutmaqla, onlardan kustar üsulla 480,691 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək, yaşadığı ünvanda saxlamış, 13 avqust 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan evin həyətinə keçirilən baxış zamanı həmin çətənə bitkisi tövlənin qarşısında ümumi təmiz çəkisi 55 qram olmaqla, 1 ədəd dibçəkdə yaş vəziyyətdə, narkotik vasitə qurudulmuş marixuana isə tövlənin qarşısında 1 ədəd sintetik torbada 480 qram, tövlənin giriş qapısının üzərində 1 ədəd qəhvəyi rəngli kağız bükülüdə 0,535 qram, 1 ədəd gümüşü rəngli kağız bükülüdə 0,156 qram çəkidə, bundan başqa 3 ədəd çətənə bitkilərinin hissələrindən 2 ədədi tövlənin qarşısında yerdə, 1 ədədi sintetik torbanın içərisində olmaqla, 230 qram çəkidə və tövlənin giriş qapısının üzərindən isə 1 ədəd kağız bükülüdə 0,09 qram çəkidə çətənə bitkisinin toxumları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 4 il olar, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. İlk dəfə narkotik vasitələrin istifadəsi zamanı Xaçmaz xətt polis şöbəsinin əməkdaşları tərəfindən tutulmazdan əvvəl əldə etdiyi çətənə toxumlarını yaşadığı evin həyətində olan tövlənin giriş qapısının üzərində gizlətmiş, 2021-ci ilin aprel ayının əvvəllərində bu toxumların qalıqlarının bir hissəsini 4 ədəd plastik qutularda yaşadığı evdən təxminən 1-2 kilometr aralıda “Yulğunluq” deyilən ərazidə ağacların arasında əkmiş və vaxtaşırı həmin çətənə bitkilərinin dibinə peyin və su töküb qulluq göstərməyə başlamışdır. 2021-ci ilin avqust ayının əvvəllərində əkdiyi 4 ədəd çətənə bitkisinin 3 ədədini qurutmaq üçün kökündən çıxartmış və onları əkdiyi plastik qutuları isə yaxınlıqda yerləşən su arxına atmış, 3 ədəd çətənə bitkilərini, eləcə də 1 ədəd dibçəkdə qalmış çətənə bitkisini yaşadığı ünvana gətirmişdir. Bundan sonra, 3 ədəd çətənə bitkisinin yarpaqlarını qıraraq qurutmaq üçün bir ədəd ağ rəngli kisənin içərisinə qoymuş və bu kisəni, eləcə də dibçəkdəki 1 ədəd çətənə bitkisini yaşadığı evin yan tərəfində tövlənin qapısının ağzında gətirib gizlətmişdir. Daha sonra, çətənə bitkilərinin yarpaqlarını istifadə etmək məqsədi ilə 2 ədəd kağız bükülülərin içərisinə qoyub, onları da tövlənin giriş qapısının üzərində gizlətmişdir. 13 avqust 2021-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkib-becərməsində və saxlamasında şübhəli olmasını bildirərək dəvət olunmuş Müdafiəçi və aqronom mütəxəssisin iştirakı ilə yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirmiş, o, isə buna etiraz etməyərək onları evin həyətinə dəvət etmiş, habelə təklif əsasında polis əməkdaşlarına yaşadığı evin yan tərəfində olan tövlənin qarşısında 1 ədəd dibçəkdə və 1 ədəd ağ rəngli polietilen kisənin içərisində olan qurudulmuş çətənə bitkilərini, 2 ədəd çətənə kolunun budaqlarını, tövlənin giriş qapısının üzərində gizlətdiyi 2 ədəd kağız bükülünün içərisində olan qurudulmuş marixuana kütlələrini, həmçinin 1 ədəd kağız bükülüdə olan çətənə toxumlarını təqdim etmişdir. Baxışda iştirak edən aqronom 1 ədəd çətənə bitkisinə baxış keçirərkən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş, kolun uzunluğunun 1 metr olması müəyyən edilmişdir. Bu çətənə kolu kökündən çıxarıldıqdan sonra qurudulmuş marixuananın olduğu 1 ədəd ağ rəngli polietilen kisənin içərisinə qoyulmuş, həmçinin 2 ədəd çətənə kolunun budaqları da həmin ağ rəngli polietilen kisəyə qoyularaq qablaşdırılmışdır. Bundan başqa, tövlənin giriş qapısının üzərində olan 2 ədəd kağız bükülülərdə olan qurudulmuş marixuana kütlələri, eləcə də 1 ədəd kağız bükülüdə olan çətənə toxumları da 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmışdır. O və baxışda iştirak edən digər iştirakçılar 1 ədəd kisənin və 1 ədəd ağ zərfin üzərinə imza etdikdən sonra bu barədə tərtib olunmuş protokol doğru olduğundan imzalanmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, eləcə də gənc olması nəzərə alınaraq, ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 13 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi və həyətyanı sahədə yerləşən köməkçi tikilidə həmin bitkilərdən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı saxlaması barədə daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar Siyəzən RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş və rəhbərliyi altında yaradılmış əməliyyat qrupunun tərkibinə RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 daxil edilməklə, keçiriləcək tədbirlə bağlı təlimatlandırılmış, faktla bağlı araşdırma aparılması RPŞ-nin İB-nin rəisi X4 həvalə olunmuş, həmçinin keçiriləcək baxışda mütəxəssis-aqronom qismində iştirak etmək üçün X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi X3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunaraq məlumatlandırılmış, habelə Sail Tağıyev tərəfindən mütəxəssis Seymur Müxtəsənova mütəxəssis kimi hüquq və vəzifələri izah olunandan sonra hamısı birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu Beşdam kəndində yerləşən evinə getmişlər. Orada olarkən Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısını döymüş, sonuncu evdən bayıra çıxdıqda, ona özlərini təqdim edərək, yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə və narkotik vasitə qurudulmuş marixuana saxlamaqda şübhəli olduğunu bildirib, yaşadığı evə və həyətyanı sahədə yerləşən yardımçı tikiliyə videoçəkiliş vasitəsi ilə baxış keçirəcəklərini və bu barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və orada yerləşən yardımçı tikiliyə baxış keçirilməsinə etirazının olmadığını bildirərək, bu barədə müvafiq ərizəni təqdim etmiş, habelə baxışa başlamazdan əvvəl Sail Tağıyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş verilmiş, sonuncu baxış zamanı Müdafiəçi iştirak etməsinə heç bir etirazının olmadığını bildirdikdən sonra baxışın keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif əsasında yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin qarşısında qanunsuz olaraq, tərkibində narkotik maddələr olan çətənə bitkisi əkib-becərdiyini və qurudaraq saxladığını bildirərək, həyət ilə sağ tərəfə irəliləyərək həyətin sonuna doğru gəldikdən sonra, sol tərəfdə yerləşən tövlənin qarşısına çatanda 1 ədəd dibçəkdə çətənə bitkisini, tövlə ilə üzbəüz dəmirin altından 1 ədəd polietilen kisəni və 2 ədəd çətənə bitkisinin budaqlarını, həmçinin tövlənin giriş qapısının üzərində saxladığı 3 ədəd kağız bükülüləri çıxararaq təqdim etmişdir. Bundan sonra, təqdim olunmuş 1 ədəd kisənin və 2 ədəd kağız bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd budaqların çətənə kolunun budaqları, 1 ədəd kağız bükümdə isə çətənə toxumları olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli çətənə bitkilərini 4 ədəd plastik materialdan ibarət qutularda yaşadığı kəndin çöl hissəsində “yulğunluq” deyilən ərazidə əkib becərdiyini, 4 ədəd çətənə bitkisindən 3 ədədini qurutmaq üçün kökündən çıxartdığını, həmin çətənə bitkilərini əkdiyi plastik materialdan ibarət qutuları isə yaxınlıqda yerləşən su arxına atdığını və 1 ədəd dibçəkdə qalmış çətənə bitkisini yaşadığı ünvana gətirdiyini bildirmişdir. Daha sonra, aqronom mütəxəssis X3 həmin 1 ədəd çətənə bitkisinin narkotik xassəli olduğunu və aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş, habelə sonuncu tərəfindən kolun hündürlüyü ölçülərkən 100 sm olması müəyyən olunmuşdur. Bundan sonra, Sail Tağıyev tərəfindən narkotik tərkibli çətənə bitkisinin kolu kökündən çıxarılmış və həmin kol, habelə 2 ədəd çətənə kolunun budaqları bir ədəd polietilen kisədə olan qurudulmuş marixuananın içərisinə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, 3 ədəd kağız bükülülər bir ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, habelə həmin zərfin üzərində Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. X10 Vəliyevdən əkdiyi çətənə bitkilərinin yerlərini göstərə bilməsini soruşduqda, sonuncu həmin yeri göstərə biləcəyini bildirəndən sonra baxış yekunlaşdırılmışdır. Bundan sonra, bu barədə tərtib olunaraq ucadan oxunmuş, protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-cu vərəqəsində olan 13 avqust 2021-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Beşdam kəndindəki evin həyətyanı sahəsində yerləşən pəyənin kənarında dibçək kimi istifadə olunan plastik qabda 1 (bir) ədəd əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolu aşkar edilmişdir. Aşkar olunmuş çətənə kolunun hündürlüyünün 100 sm olması müəyyən edilmiş, həmçinin bu kola həqiqətən aqrotexniki qaydada qulluq edildiyindən çətənə kolunda inkişaf yaxşı getmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 46-47-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2021-ci il tarixli, 7/789 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan...” sözləri yazılmış zərfdə bir ədəd qəhvəyi rəngli kağız bükülüdə təmiz çəkisi 0,535 qram və bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,156 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin zərfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,09 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Eyni zamanda, rəydən görünür ki, ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş...” sözləri yazılmış sintetik torbada 1 (bir) ədəd nəm vəziyyətdə, təmiz çəkisi 55 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir. Həmçinin, rəydən görünür ki, ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş...” sözləri yazılmış sintetik torbada 4 (dörd) ədəd quru vəziyyətdə, ümumi çəkisi 230 qram olan bitki hissələri narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Həmin sintetik torbada olan digər ağ rəngli sintetik torbada təmiz çəkisi 480 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Bundan əlavə, rəydən görünür ki, zərfdə iki ədəd kağız bükülüdə (bir ədəd qəhvəyi və bir ədəd gümüşü rəngli) və sintetik torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata 0,15 qram sərf olunduqdan sonra marixuananın qalıq çəkisi 480,541 qram, 0,05 qram sərf olunduqdan sonra çətənə (kannabis) bitkisinin qalıq çəkisi 54,95 qram, 0,2 qram sərf olunduqdan sonra çətənə (kannabis) bitki hissələrinin qalıq çəkisi 229,8 qram təşkil etmişdir. Cinayət işinin 45-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 30 sentyabr 2021-ci il tarixdə verilmiş 3691 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-32-ci vərəqələrində olan 13 avqust 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Beşdam kəndindəki evin həyətyanı sahəsində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, o, yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin qarşısında qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisi əkibbecərdiyini, qurudaraq saxladığını bildirmiş və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsindəm ötrü polis əməkdaşlarını həyətə dəvət etmişdir. Təqsirləndirilən şəxs həyət ilə sağ tərəfə irəliləyərək, həyətin sonuna gəldikdən sonra sol tərəfdə yerləşən tövlənin qarşısına çatanda bir ədəd dibçəkdə çətənə bitkisinin olduğunu bildirmişdir. Bundan sonra, tövlə ilə üzbəüz dəmirin altından bir ədəd polietilen kisəni və 2 ədəd çətənə bitkisinə oxşar budaqları çıxartmış, həmçinin tövlənin giriş qapısının üzərindən 3 ədəd kağız bükülüləri də çıxardıb təqdim etmişdir. Daha sonra, aqronom mütəxəssis X3 tərəfindən həmin çətənə bitkisinə bənzər 1 ədəd kolun uzunluğunun 100 sm olması müəyyən edilmiş, habelə bitkinin narkotik xassəli olduğu və aqrotexniki qaydada qulluq göstərildiyi bildirilmişdir. Daha sonra, 1 ədəd polietilen kisəyə, 3 ədəd kağız bükümlərə baxış keçirilərkən bir ədəd kisənin və 2 ədəd kağız bükümlərin içərisində qurudulmuş marixuanaya oxşar kütlələr, 1 ədəd kağız bükümdə isə çətənə toxumuna bənzər toxum aşkar olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş predmetlər qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci səhifələrində olan 15 avqust 2021-ci il tarixli maddi sübut kimi tanınmaq haqqında və işin 123-136-cı vərəqələrində olan 15 oktyabr 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununa dəyişiklik edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.2, 234.4.3-cü və 188-ci maddələrinin tərkibləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş qalıq çəkisi 480,541 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 54,95 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri, qalıq çəkisi 229,8 qram təşkil edən narkotik təbiətli çətənə bitkisinin hissələri və 0,09 qram çəkidə narkotik təbiətli çətənə bitkilərinin toxumları cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Beşdam kəndində yerləşən evin həyətyanı sahəsinə 13 avqust 2021-ci il tarixdə baxış keçirilməsi zamanı narkotik təbiətli çətənə bitkisinin və narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 1 ədəd Kompakt disk də, iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli tələbnamədən, işin 90-93-cü vərəqələrində olan Xaçmaz Rayon Məhkəməsinin 03 dekabr 2019-cu tarixli, 1(067)-154/2019 saylı hökmündən, eləcə də iş materiallarında olan Siyəzən rayon İcra və Probasiya Şöbəsinin 09 dekabr 2021-ci il tarixli, 2808/2021-64-1 nömrəli və 14 fevral 2022-ci il tarixli, 331/2022-64-1 nömrəli məktublarından, həmçinin Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 7(059)-54/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 20 fevral 2020-ci il tarixdə Siyəzən rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmış, 15 avqust 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilməklə, həbs etmənin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmış, sonradan Siyəzən Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə, o, Xaçmaz Rayon Məhkəməsinin 03 dekabr 2019-cu tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilmiş və üzərindən məhkumluq götürüldüyü üçün 19 yanvar 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla belə hazırkı cinayət əməllərinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 avqust 2021-ci il tarixli, 4(059)-36/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-105-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olmaqla, kənddə özünü kobud tərzdə aparmış Təqsirləndirilən şəxs barəsində əhali arasında özünü intizamsız apardığı üçün kənd sakinləri tərəfindən nümayəndəliyə mütəmadi olaraq şikayət xarakterli müraciətlər daxil olmuşdur. Bununla da, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd İƏD üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində olan fikri mənfidir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsi, eləcə də satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 15 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununa dəyişiklik edilərək Azərbaycan Respublikası CM-nin 234.1ci və 237.1-ci maddələri ilə yenidən ittiham elan olunmasına, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 237.2.3, 234.2, 234.4.3-cü və 188-ci maddələrinin tərkibləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 03 dekabr 2019-cu tarixli, 1(067)-154/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 03 dekabr 2019-cu tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsini, eləcə də satış məqsədi olmadan şəxsi istehlak miqdarından təxminən 96 dəfədən artıq miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini, əhali arasında özünü intizamsız apardığı üçün yaşadığı kəndin sakinləri tərəfindən barəsində yaşayış yeri üzrə nümayəndəliyə mütəmadi olaraq şikayət xarakterli müraciətlər daxil olmasını və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin yuxarıda qeyd olunan yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş qalıq çəkisi 480,541 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 54,95 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri, qalıq çəkisi 229,8 qram təşkil edən narkotik təbiətli çətənə bitkisinin hissələri və 0,09 qram çəkidə narkotik təbiətli çətənə bitkilərinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Beşdam kəndində yerləşən evin həyətyanı sahəsinə 13 avqust 2021-ci il tarixdə baxış keçirilməsi zamanı narkotik təbiətli çətənə bitkisinin və narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş qalıq çəkisi 480,541 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 54,95 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri, qalıq çəkisi 229,8 qram təşkil edən narkotik təbiətli çətənə bitkisinin hissələri və 0,09 qram çəkidə narkotik təbiətli çətənə bitkilərinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonu, Beşdam kəndində yerləşən evin həyətyanı sahəsinə 13 avqust 2021-ci il tarixdə baxış keçirilməsi zamanı narkotik təbiətli çətənə bitkisinin və narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 1 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 89 (səksən doqquz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar