Məhkəmə qərarları › İş №1(059)-40/2024

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-40/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-40/2024 16.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 16 iyul 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1966-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yanğın söndürən vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verərək, 05 yanvar 2022-ci il tarixdə, təxminən saat 10-11:00 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 14000 manat məbləğində pul vəsaitini ələ keçirməklə, xeyli miqdarda ziyan vuraraq, tamah niyyəti ilə dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Siyəzən rayon sakini kimi uzun müddət tanımış, sonuncu ilə aralarında normal münasibət olmuşdur. Bundan başqa, 2021-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs ona müraciət edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon Dövlət yanğından mühafizə hissəsinə işə düzəlmək istədiyini bildirmişdir. Beləliklə, o, 05 yanvar 2022-ci il tarixdə, təxminən saat 10- 11:00 radələrində Zərərçəkmiş şəxsla sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində görüşərək, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon Dövlət yanğından mühafizə hissəsinə işə düzəldəcəyi vədi ilə sonuncudan 14000 manat məbləğində pul almış, habelə Kənana həmin ilin oktyabr ayında işinin düzələcəyi barədə vəd vermişdir. Qeyd edir ki, Kənanın anası Şahid da, həmin vaxt sözügedən evin həyətində olmaqla, hadisənin şahidi olmuşdur. Bundan sonra, 2022-ci ilin oktyabr ayında işi ilə bağlı onunla əlaqə saxlamış Kənana sənədləşmə işlərinin yubandığını bildirməklə, səbirli olmasını istəsə də, sonuncu onunla 2023-cü ilin iyun ayında əlaqə saxladığında, işinin alınmadığını bildirməklə yanaşı, 2000 manat məbləğində pulu geri qaytarmışdır. Daha sonra, 08 may 2023-cü il tarixdə haqqında həbs qətimkan tədbiri seçilmiş, həmçinin həmin tarixdən hazırki tarixə kimi olan müddət ərzində ailə üzvləri Zərərçəkmiş şəxs pulunu tam şəkildə qaytarmışdır. Bununla belə, niyyəti Zərərçəkmiş şəxs aldatmaq olmasa da, sonuncudan aldığı pulu şəxsi ehtiyaclarına, o cümlədən, gündəlik tələbatlarına xərcləmişdir. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi uzun müddət tanımış, sonuncu ilə aralarında normal münasibət olmuşdur. Bundan başqa, 2021-ci ilin dekabr ayında yaşadığı evin qarşısında rastlaşdığı Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon Dövlət yanğından mühafizə hissəsinə işə düzəltməyi xahiş etmiş, habelə bu zaman Ceyhun işə düzəldə biləcəyini vəd verməklə yanaşı, müqabilində 14000 manat məbləğində pul lazım olduğunu qeyd etmişdir. Beləliklə, 05 yanvar 2022-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmiş Ceyhuna, evinin həyətində, anası Şahid iştirakı ilə 50 və 100 manatlıq əskiznazlar formasında olmaqla, ümumilikdə 14000 manat məbləğində pul vermiş, Ceyhun isə onu həmin ilin oktyabr ayında işə düzəldəcəyinə dair vəd vermişdir. Bundan sonra, bir müddət gözləmiş, habelə gözlədiyi müddət ərzində Ceyhunun istəyi ilə sonuncuya anket məlumatlarını və fotoşəkillərini göndərmiş, həmçinin 2022-ci ilin noyabr ayında Ceyhun ilə əlaqə saxladığı zaman, sonuncu işin yubandığını bildirməklə yanaşı, düzələcəyini qeyd etmişdir. Lakin, 2023-cü ilin iyun ayında Ceyhun ilə görüşdüyün də, işinin alınmadığına əmin olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs arvadı Nahidə Əmirquliyevadan sonuncunun yaşadığı evin həyətində 2000 manat məbləğində pulunu geri almış, habelə daha sonra, qalıq məbləğ qaytarılmadığına görə 2023-cü ilin sentyabr ayında rayon Polis Şöbəsinə gedərək, Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs kürəkəni Şahin Qədirov polis əməkdaşlarının vasitəçiliyi ilə qalıq qalan 12000 manat məbləğində pulunu da geri qaytarmışdır. X2 dəymiş ziyanı tam ödəməklə, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi uzun müddət tanımış, sonuncu ilə aralarında normal münasibət olmuşdur. 2021-ci ilin dekabr ayında oğlu Zərərçəkmiş şəxs ona Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istədiyini bildirib, 14000 manat pul lazım olduğunu qeyd etmişdir. Bundan sonra, yəni, 05 yanvar 2022-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində oğlu Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs 14000 manat məbləğində pul vermiş, sonuncu isə onun oğlunu həmin ilin oktyabr ayında Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon Dövlət yanğından mühafizə hissəsinə işə düzəldəcəyini öhdəsinə götürmüşdür. Qeyd edir ki, bu hadisə onun iştirakı ilə baş tutmuş, həmçinin bu məbləğdən 2000 manatı 2023-cü ildə, qalıq qalan məbləğ isə sonradan tam şəkildə onlara qaytarılmışdır. Zərərçəkmiş şəxs ərizələr ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs da, ərizə ilə məhkəməyə müraciət edərək, törətdiyi əməldə özünü təqsirli bilərək zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam olaraq ödədiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, vurmuş olduğu ziyanın 25 faizini dövlət büdcəsinə ödədiyini bildirmiş və barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-cu vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokoldan, eləcə də bir ədəd diskin yaddaşına köçürülmüş səs yazılarından görünür ki, diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş danışıqların səslərinin qeydə alındığı, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 14000 manat pulu sonuncunu işə düzəltmək adı ilə aldığını, Kənanın pulunu geri qaytaracağını, pulu FHN-də adını çəkmədiyi bir şəxsə işə düzəltmək üçün verdiyini, Kənana dəymiş ziyanı ödəyəcəyini deməsi ilə bağlı vədlərin verdiyi məlum olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 aprel 2024-cü il tarixli tələbnamədən, işin 83-85-ci və 119-cu səhifələrində olan Siyəzən Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli, 1(059)-60/2016 hökmünün surətindən və Siyəzən rayon icra və probasiya şöbəsinin 14 may 2024-cü il tarixli, 371 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 480 saat ictimai işlər cəzasına məhkum edilmiş, 31 yanvar 2018-ci il tarixdə isə cəzası başa çatdığı üçün Siyəzən rayon icra və probasiya şöbəsinin icraatından çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 29-cu vərəqəsindəki 06 aprel 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-ci vərəqəsində olan 08 aprel 2024cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan 01 may 2024cü il tarixli məcburi gətirmə barədə qərardan, işin 94-95-ci səhifələrindəki 06 may 2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan, eləcə də işin 99-cu səhifədəki 08 may 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu ünvanlara çağırışlar göndərilsə də, sonuncu istintaqdan yayındığından barəsində 01 may 2024-cü il tarixdə Siyəzən RPŞ-nin istintaq bölməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun məcburi gətirilməsi mümkün olmadığına görə Təqsirləndirilən şəxs barəsində 06 may 2024-cü il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, sonuncu 08 may 2024-cü il tarixdə, saat 19:40-da Siyəzən şəhərinin ərazisində tutularaq Siyəzən RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-105-ci vərəqələrində olan 10 may 2024-cü il tarixli qətimkan tədbirinə xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 aprel 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinə xitam verilərək “həbs” növündə qətimkan tədbiri seçilməsi üçün Siyəzən Rayon Məhkəməsinə vəsatət-təqdimat verilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-118-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(059)-14/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 02 (iki) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 may 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-122-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin H.Əliyev küçəsində yerləşən 127 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 16 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də , ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. "xxxx" ASC-nin 16 iyul 2024-cü il tarixli, 27179 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 vurulmuş ziyanın 25 faizi, yəni 3500 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, yaşadığı yer üzrə barəsində şikayət daxil olmamaqla, kifayət qədər yaşı olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun CM-in 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibi üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin İ bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Bu Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməli etiraf etməsini, təqsirini boynuna almaqla əməlindən peşmançılıq hissi keçirməsini, Zərərçəkmiş şəxs vurmuş olduğu ziyanı tam olaraq ödəməsini, sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, yaşadığı yer üzrə barəsində şikayət daxil olmamaqla, kifayət qədər yaşı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibi üzrə icraata xitam verilməldir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, bu qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq olunsun və o, Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, qərar elan edildikdən dərhal sonra məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar