Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-41/2023 16.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, onun vəkili (fərdi qaydada fəaliyyət göstərən vəkil) Müdafiəçi iştirakları ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət işi başlayıb, onun həmin maddə ilə təqsirli bilinərək, cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2021-ci ildən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmaqla, hazırda DSX Sahil Mühafizəsində nəzarətçi vəzifəsində, kiçik gizir rütbəsində xidmət edir. 01 mart 2023-cü il tarixdə, saat 08:26 radələrində X6 regional şöbəsinin “Böyük Həmyə” SNB-nin xidməti ərazisində “üzmə vasitələrinin rəsmləşdirilməsi və əraziyə baxış qrupu” xidmətini təşkil etmiş, habelə həmin tarixdə X3 traktorla, bir ədəd taxta tipli üzmə vasitəsini iki nəfər şəxslə dənizə girmək məqsədilə sahilə gətirmişdir. O, üzmə vasitəsinə baxış keçirmək məqsədilə həmin üzmə vasitəsinə çıxmış, bu zaman Pərviz Xankişiyev ona üzmə vasitəsinə çıxarkən “çıxanda bir ayaqlarını təmizlə, camaat sənin eşşəyin deyil” ifadəsini işlətmiş, o, isə Pərviz Xankişiyevə “kimsə dedi eşşəydi” ifadəsini işlətmişdir. Bundan sonra, Pərviz Xankişiyev ona “sənin heç başın üçün də deyil sənin eşşəyin ola, sən nə qatıqlayırsan” dedikdə, o, ondan nə dediyini soruşmuş, Pərviz isə digər iki nəfər şəxsin yanında uca səslə nalayiq ifadə işlətməklə, ayağıvı təmizlə deyərək, onu təhqir etmiş, bununla da onun şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermişdir. O, Pərviz Xankişiyevə ayağında olan çəkmələrin çirkli olmadığını, buna baxmayaraq onun iradını başa düşdüyünü bildirsə də işlətdiyi təhqiredici kəlməni niyə dediyini soruşduqda, sonuncu yenə eyni iradı ona bildirib, “sənə bu söyüş düşür, indi səni təpiyimin altına salacam” deməklə, ona hədə-qorxu gəlib təkrar təhqir etmişdir. O, Pərviz Xankişiyevə başa düşdüyünü bildirməsinə baxmayaraq, sonuncu rəisinin ünvanına söyüş söyərək “bacısı fahişə rəisin səni göndərəndə başa salısın”, nalayiq ifadə və bu kimi söyüşlərlə təhqir edib, nazirin ünvanına da eyni ifadələr işlətmişdir. O, Pərviz Xankişiyevə onun ayağını təmizləməklə, bağlı tutduğu iradı başa düşdüyünü bildirsə də sonuncu buna məhəl qoymayaraq ona və rəhbərliyin ünvanına nalayiq, eləcə də əxlaqsız ifadələr işlədərək, təhqirə yol vermişdir. Həmin vaxt orada iki nəfər tanımadığı kənar şəxslər də olmuş və onlar Pərviz Xankişiyevin onu təhqir etməsini görmüşdür. O, həmin üzmə vasitəsini yoxladıqdan sonra digər iki nəfər şəxsin dənizə daxil olmasına icazə vermiş, Pərviz Xankişiyev isə oradan uzaqlaşıb, çıxıb getmişdir. Həmçinin, hadisə baş verən zaman özünü müdafiə etmək üçün Pərviz Xankişiyevin onu təhqir etməsini əks etdirən səs yazısını özünə məxsus mobil telefon vasitəsilə qeyd etmişdir. Pərviz Xankişiyev onu və rəhbər heyətini təhqir etmiş, onun barəsində başqa şəxslərin yanında adını ləkələyən sözlər demiş, hadisə zamanı orada olan iki nəfər şəxsin yanında uca səslə nalayiq ifadələr işlətmişdir. Göründüyü kimi Pərviz Xankişiyevin məqsədi onun şərəf və ləyaqətini təhqir dolu sözlərlə ləkələmək, onun xidmətini təşkil etməkdən yayındırmaq olmuşdur. Odur ki, X3 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət işi başlayıb, onun həmin maddə ilə təqsirli bilinərək, cəzalandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək onun məzmununun izahatı kimi qəbul edilməklə, icraata qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 şikayəti qəbul etməyərək göstərdi ki, o, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Orxan İbrahimovu heç vaxt görməmiş, onunla bu və ya digər formada ünsiyyətdə olmamışdır. Odur ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Pərviz Xankişiyevin vəkili (fərdi qaydada fəaliyyət göstərən vəkil) Müdafiəçi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin mövqeyini müdafiə edib, xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa əməl oldunmadığına görə bu şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma deməkdir. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formalarda həyata keçirilə bilər: yazılı, şifahi, bədən hərəkətləri ilə və s. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyməklə, nalayiq sözlər söyləməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. Şərəf və ləyaqətin yazılı formada alçaldılması məktubda, hər hansı müraciətdə (ərizə, şikayət və ya təklifdə) və s. ifadə oluna bilər. Hərəkətlərlə şərəf və ləyaqəti alçaltma üzünə tüpürməklə, sillə vurmaqla, mimikalarla, jestlərlə başqa şəxsi mənfi cəhətdən yamsılamaqla və s. hərəkətlərlə edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət bir başa qəsdlə törədilmiş hesab edilir. Xüsusi ittihamçı tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin düzünə qəsdini, şərəf və ya ləyaqətini ləkələyən məlumatları yaymasını dərk etməsini və bunu arzu etməsinə dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, xüsusi ittihamçının məhkəmə iclası zamanı şikayət ərizəsində istinad etdiyi halları təsdiq edəcək sübutların təqdim etdiyi sənədlərdən ibarət olduğunu, bütün məsələləri şikayətində ətraflı göstərdiyini bildirməsi, eləcə də bununla kifayətlənməli olduğunu qeyd etməsi, onun şikayətinin dəlillərini təsdiq edən mötəbər sübut və ya sənədə malik olmamasına dəlalət edir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (“Jerusalem Avstriyaya qarşı iş”). Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli Qərarına görə yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələnən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyət yaratmır. Qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə daxil etmişdir. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında ləkələyici və ya nüfuzdan salan məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. Qalan bütün hallarda belə məlumatların yayılması mülki məsuliyyət doğurur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci hissəsində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayəti nəzərdən keçirərək qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən hadisənin törədilmə hallarının hansı şahid və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmiş və ya iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Yenə bu Məcəllənin 125-ci maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə, cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda, müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin istinad etdiyi halların əsası kimi iş materiallarına əlavə edilmiş 1 ədəd kompakt diskdə bir şəxsin digər şəxsə, eləcə də başqa şəxslərə münasibətdə nalayiq ifadələr işlətməsi öz əksini tapsa da, bu şəxslərin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Pərviz Xankişiyevin və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Orxan İbrahimovun olmasının, mübahisənin üçüncü şəxslərin iştirakı ilə davam etməsinin müəyyən edilməsi, eləcə də hadisənin harada, nə vaxt törədilməsinin aşkar edilməsi mümkün olmamışdır. Digər tərəfdən, bu diskdəki səs yazısının hansı qaydada və hansı mənbədən əldə edilməsinin müəyyən olunmasının mümkünsüzlüyü də orada olan məlumatların mötəbərliyini şübhə altına almışdır. Bu şübhələr isə yalnız hadisə ərəfəsində orada iştirakçı olmuş əlavə şəxslərin vasitəsilə aradan qaldırıla biləcəyi halda, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs həmin şəxslərin dairəsini, habelə kimliklərini göstərə bilməmişdir. Bundan əlavə, xüsusi ittiham qaydasında şikayət Siyəzən Rayon Məhkəməsinə təqdim edilsə də, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs işin bu məhkəməyə aidiyyətini əsaslandırmamış, ehtimal edilən əməlin Siyəzən rayonunun inzibati ərazisində baş verməsi barədə iş materiallarına heç bir sənəd əlavə etməmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlardan, eləcə də tədqiq edilən digər sübutlardan belə qənaətə gəlinir ki, ehtimal edilən əməl kütləvi çıxışla müşaiyət edilməmiş, mübahisəli əməllər şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tərəflərin güclü emosional psixi durumu ilə əlaqədar meydana gəlmiş, nəticədə ehtimal olunan əməllərdə təhqir cinayətinin əlamətlərinin tərkibini təşkil edən obyektiv və subyektiv cəhətin əlamətlərin olması bilavasitə istisna edilmişdir. Azərbaycan Respublikası CPM-in 302-ci maddəsinin İ hissəsinin İİİ, Vİ və Vİİ bəndlərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yenə bu Məcəllənin 301.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı, ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməklə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi əsassız olduğundan, xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 əməllərində cinayətin əlamətlərinin olmasına dair mötəbər dəlillər təqdim olunmadığından onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-in 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-41/2023
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-41/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver