Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-41/2025 28.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 28 oktyabr 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci il tarixdə Şabran rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, bu Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 7(011)-671/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 01 fevral 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi miqdarı 0,190 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 10 iyul 2025-ci il tarixdə, saat 15:12 dəqiqədə Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində Siyəzən-Bakı avtomobil yolunun kənarında olarkən Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, üstü yoxlanılan zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan boz rəngli cins materialından olan şalvarın sağ yan patron cibindən 01 ədəd sellofana dolanmış formada aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, o, təxminən 4-5 ildir ki, narkotik vasitələrdən istifadə edir. 10 iyul 2025-ci il tarixdə yaşadığı Siyəzən rayonunun Zarat kəndindən Siyəzən Rayon Məşğulluq Xidmətinə gəlmiş, oradan yaşadığı kəndə qayıdarkən yolun kənarından narkotik vasitə heroin (kakos) tapmış, habelə bu vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan təxminən yarım saat sonra ona yaxınlaşmış polis əməkdaşları üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üstünü yoxlayan zaman əynində olan şalvarın sağ yan cibində saxladığı narkotik vasitəni təqdim etmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Hazırda əməlindən peşman olduğunu bildirib ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımış, lakin sonuncu ilə aralarında qohumluq münasibəti olmamaqla yanaşı, ona qarşı düşmənçilik və ya ədavəti olmamışdır. Bundan başqa, 10 iyul 2025-ci il tarixdə əməliyyat aparatına Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində Siyəzən-Bakı avtomobil yolunun kənarında olarkən tərəflərindən saxlanılmış, habelə bu zaman birinci təklif əsasında əynində olan boz rəngli cins materialından olan şalvarın sağ yan patron cibindən 01 ədəd sellofana dolanmış formada bükülünü təqdim etmiş, həmçinin bükülünün içərisindəki predmetin narkotik heroin (kakos) olması bildirməklə bərabər şəxsi istifadəsi üçün üzərində gəzdirdiyi qeyd etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2025-ci il tarixli, 20/614 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: Azərbaycan Respublikası DİN “Zərflər üçün 96” nömrəli möhür əksi, “1) Təqsirləndirilən şəxs /imza/; 2) Şahid /imza/; 3) Ə.Məmmədov /imza/ 4) A.Soltanov /imza/; 5) C.Dadaşov /imza/; qablaşdırdı: müstəntiq /imza/ A.Əmirov; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmet” əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,03 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,160 qram təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 08 avqust 2025-ci il tarixdə verilmiş 4836 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdən Respublika NMdə F19x2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-14-cü vərəqələrində olan 10 iyul 2025-ci il tarixli əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan, eləcə də, işin 15-16-cı vərəqələrində olan məhkəmə iclasında tədqiq edilmiş iki ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün saat 16:33dən saat 16:40-dək olan müddət ərzində Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisində Siyəzən-Bakı avtomobil yolunun kənarında Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütləni əynində olan boz rəngli cins şalvarın sağ yan patron cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təqdim etmişdir. Yoxlama zamanı “Redmi” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-119-cu vərəqələrində olan 09 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,160 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilsə də, sonuncunun 10 iyul 2025-ci il tarixdə üstününü yoxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyul 2025-ci il tarixli tələbnaməsindən, işin 77-82-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(059)-25/2022 saylı hökmündən, işin 106-107-ci vərəqlərində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023cü il tarixli, 7(011)-671/2023 saylı qərarından, eləcə də, iş materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin 27 oktyabr 2025-ci il tarixli, 3-16-35-75/2- 107577/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, bu Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 01 fevral 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-85-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 4(059)-27/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 iyul 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-90-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdardan artıq miqdarda əldə edib üzərində saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş, və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdardan artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, o cümlədən mülkiyyət əleyhinə və bu kateqoriyadan törətdiyi cinayət əməllərinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, islah olunmamasını, yeni cinayət törətməsini və onun tərəfindən əvvəldə olduğu kimi narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini davam etdirməklə, yeni cinayət törətməyə meylliyini, cəzasını ağırlaşdıran halın və yuxarıda qeyd olunan yüngülləşdirici halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,160 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 10 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,160 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (bir altımış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-41/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-41/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver