Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-42/2025 14.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 14 oktyabr 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1991-ci il tarixdə Şabran rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda, yəni 0,391 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 10 iyul 2025-ci il tarixdə, saat 18:07-də Siyəzən rayonunun Zarat kəndi ərazisində Siyəzən-Bakı avtomobil yolunun yaxınlığında olarkən Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, üstü yoxlanılan zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli cins şalvarın sağ yan patron cibindən 01 (bir) ədəd sellofana dolanmış formada aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən dayanacağın yaxınlığından, yerdən içərisində narkotik vasitə heroin olan sellofan bükülü tapmış, habelə bu bükülünü içərisindəki predmet ilə birlikdə şəxsi istifadəsi üçün özü ilə götürmüşdür. Beləliklə, yaşadığı kəndən bir qədər aralıda tək gəzişərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman əynində olan şalvarın sağ yan cibində gəzdirdiyi, habelə içərisində narkotik vasitə heroin olan sellofan bükülünü təklif əsasında sonunculara təqdim etmiş, bundan sonra isə, rayon Polis Şöbəsinə aparılmışdır. Bundan əlavə, hazırki məhkəmə iclasına başqa bir ərazidən tapdığı narkotik vasitəni istifadə etdikdən sonra gəlmişdir. Odur ki, bu vasitələrin təsiri altından çıxmaq üçün müalicə olunmaq istəyir. Hazırda əməlindən səmimi peşmançılıq hissi çəkir və ona yüngül cəza təyin edilərək müalicə olunmasına köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanısa da, sonuncu ilə aralarında qohumluq münasibəti olmamaqla bərabər ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 10 iyul 2025-ci il tarixdə Siyəzən RPŞ-nin əməliyyat aparatına Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncu tərəflərindən Siyəzən rayonunun Zarat kəndi ərazisində, Siyəzən-Bakı avtomobil yolunun yaxınlığında saxlanılmışdır. Bu zaman, Təqsirləndirilən şəxs özlərini təqdim edərək, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu, videoçəkiliş vasitəsi ilə üstü yoxlanılacağı bildirildikdə, birinci təklif əsasında əynində olan şalvarın sağ yan patron cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bükülünü təqdim etmişdir. Bundan sonra, bükülü boş zərfdə qablaşdırılmış, Təqsirləndirilən şəxs isə rayon Polis Şöbəsinə aparılaraq, şöbənin istintaq bölməsinə təqdim edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2025-ci il tarixli, 20/615 saylı ekspert rəyindən görünür ki, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün 96” nömrəli möhür əksi, “E. Mədətov /imza/; İ. Zəkiyev /imza/; A. Soltanov /imza/; C. Dadaşov /imza/; qablaşdırdı müstəntiq /imza/ A. Əmirov; E. Mədətovun üzərindən aşkar olunmuş predment” əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,391 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,341 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 60 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 avqust 2025-ci il tarixdə verilmiş 4782 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-14-cü vərəqələrində olan 10 iyul 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi” haqqında protokoldan, eləcə də, işin 15-16-cı vərəqələrində olan məhkəmə iclasında tədqiq edilmiş iki ədəd kompakt diskin yaddaşına köçürülmüş videogörüntülərdən görünür ki, həmin gün saat 19:34-dən saat 19:41-dək olan müddət ərzində Siyəzən rayonunun Zarat kəndi ərazisində, Bakı-Quba yolunun yaxınlığında Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütləni əynində olan qara rəngli şalvarın sağ yan patron cibindən 01 ədəd sellofan bükülüsündə təqdim etmişdir. Baxış və götürmə zamanı “Nikon” markalı video kamera vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-87-ci vərəqələrində olan 05 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,341 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilsə də, sonuncunun 10 iyul 2025-ci il tarixdə üstünün yoxlanılması və təqdim olunan əşyalara baxış keçirilməsi və götürülməsi görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 68-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyul 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 10 iyul 2025ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də, işin 26-cı vərəqəsindəki eyni tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-62-ci vərəqələrində olan 11 iyul 2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:25-də Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdardan artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdardan artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlayıb daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətiniopioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, həmçinin məhkəmə iclasına da narkotik vasitələrdən istifadə edərək gəldiyini bildirməsini, islah, o cümlədən tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın 1/6 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 iyul 2025-ci il saat 20:20-dən 11 iyul 2025-ci il saat 20:25-ə dək həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 14 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi qalıq çəkisi 0,341 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,341 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də, təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altımış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-42/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-42/2025
14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver