Məhkəmə qərarları › İş №1(059)-43/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-43/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-43/2024 23.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 23 iyul 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1996-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(059)-23/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 7(003)-1493/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş 04 ay 03 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 14 dekabr 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 6,158 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 11 aprel 2024-cü il tarixdə, saat 19:45 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində olan zaman Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan qara rəngli gödəkcəsinin çöl sağ üst cibindən 1 ədəd kibrit qutusunun içərisində aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə heroindən istifadə etdiyinə görə Siyəzən Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə 11 avqust 2022-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan sonra isə, narkotik vasitə qurudulmuş marixuanadan həftədə bir-iki dəfə olmaqla çəkmək yolu ilə istifadə etmişdir. Bundan başqa, 11 aprel 2024-cü il tarixdə, saat təxminən 19:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində, yaşadığı evin yaxınlığında olarkən yerdə olmaqla, baxdığında içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu görüb götürmüş, əynində olan gödəkcəsinin sağ ön cibinə yerləşdirmişdir. Bundan bir qədər sonra, sözügedən küçədə olarkən ona yaxınlaşmış mülki geyimli polis əməkdaşlarının dəvəti ilə rayon Polis Şöbəsinə aparılmışdır. Orada Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkcəsinin çöl sağ üst cibində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu təqdim etmişdir. Bundan sonra, müvafiq sənədləşmə işləri aparılmış, habelə üzərindən aşkar edilmiş kibrit qutusu boş zərfə qablaşdırılmaqla, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra narkotik vasitədən istifadə etməməsinin, faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Beləliklə, həmin tarixdə, saat 19:45 radələrində o, Siyəzən RPŞ-nin PPXB-nin polis nəfəri X3 ilə birlikdə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında ona yaxınlaşıb, sonuncuya üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhə olduğunu bildirərək, şəxsi axtarış keçirilməsi məqsədilə rayon Polis Şöbəsində dəvət etmişlər. Bu zamana Təqsirləndirilən şəxs heç bir tabesizlik etməmiş və sonuncu tərəflərindən Fərrux Babazadənin idarə etdiyi xidməti avtomobil ilə RPŞ-yə aparılmışdır. Orada baş müstəntiq X2 rəhbərliyi altında, Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu təklif əsasında əynində olan qara rəngli gödəkcəsinin çöl sağ üst cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutusunu təqdim etmişdir. Daha sonra, aşkar edilmiş kibrit qutusu boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində əməliyyat aparatına daxil olmuş məlumat, sonuncunun narkotik vasitələrin satışı ilə bağlı deyil, üzərində saxlaması və istifadəsi barədə olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/564 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazı və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,158 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram narkotik vasitə-qurudulmuş marixuana istifadə olunduqdan sonra onun qalıq çəkisi 6,108 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 70 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 06 iyun 2024-cü il tarixdə verilmiş, 4021 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 11 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 20:10-dan saat 20:17-dək olan müddət ərzində Siyəzən RPŞ-nın növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlə onun əynində olan qara rəngli qış gödəkcəsinin çöl sağ üst cibindən bir ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Baxış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-90-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 21 iyun 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 6,108 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, həmçinin 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk də cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 aprel 2024-ci il tarixli tələbnaməsindən, eləcə də, işin 64-68-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli 1(059)-23/2022 hökmünün, habelə iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 7(003)-1493/2022 saylı qərarının və Siyəzən rayon icra və probasiya şöbəsinin 14 dekabr 2022-ci il tarixli, 685/2022-64-1 nömrəli cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin qeydiyyatdan çıxarılması barədə məlumatın surətlərindən görünür ki, Əhədov X4 Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 04 ay 03 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 14 dekabr 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 11 aprel 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-ci vərəqələrində olan 13 aprel 2024-cü il tarixli tutulmuş şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilərək, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-79-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 04 yanvar 2019-cu il təvəllüdlü Mənsurə və 05 iyul 2021-ci il təvəllüdlü Həsən adında iki azyaşlı uşağı olmaqla, Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 101 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağı olmaqla, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlayaraq, daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni məhkumluğu ödənilmədən Təqsirləndirilən şəxs tərəfindən eyni kateqoriyadan cinayət əməlinin yenidən qəsdən törədilməsinin onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını və onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə, həmçinin 14 dekabr 2022-ci il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq, yenidən cinayət əməli törətməklə, islah olunmamasını nümayiş etdirməsini, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/2 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırmanövündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 aprel 2024-cü il tarixdən 13 aprel 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 23 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 6,108 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 6,108 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 11 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 70 (yetmiş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar