Məhkəmə qərarları › İş №1(059)-43/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-43/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-43/2025 21.10.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 21 oktyabr 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 2000-ci il tarixdə Siyəzən rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(059)-63/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, sözügedən Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 sentyabr 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, məhkəmənin qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 10 (on) ayını çəksə də, 08 iyul 2025-ci il tarixdə bu cəzanın 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsi çəkilməmiş qalmış, üzərində məhkumluğu olan, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,266 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, habelə Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 08 iyul 2025-ci il tarixdə, saat 17:39 radələrində Siyəzən rayonunun Zarat kəndində yerləşən Nəqliyyat Departamenti İdarəsinin yanında saxlanılaraq üstü yoxlanılan zaman onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli bükümdə həmin çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, tutulduğu tarixədək təxminən 3 il müddətinədə, həftədə 2-3 dəfə narkotik vasitə heroindən istifadə etməklə yanaşı, Siyəzən Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki o, 08 iyul 2025-ci il tarixdə, səhər saatlarında yaşadığı Siyəzən rayonunun Zarat kəndi ərazisində dayanacağın yanında olarkən yerdə bir ədəd siqaret qutusunun olduğunu görüb, götürmüş, açıb baxdığında, içərisində bir ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroin olduğunu müşahidə etmiş, habelə bu vasitədən istifadə etmək üçün əynində olan qara rəngli şalvarının sol yan cibinə yerləşdirmişdir. Daha sonra, 08 iyul 2025-ci il tarixdə, saat 17:39 radələrində Siyəzən rayonunun Zarat kəndində yerləşən Nəqliyyat Departamenti İdarəsinin yanında olarkən üç nəfər mülki geyimli polis əməkdaşları video çəkilişlə ona yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməsi və saxlaması barədə məlumat olduğunu bildirmiş, habelə təklif əsasında o, əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd gümüşü rəngli bükümü çıxarıb onlara təqdim etmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədlər o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan başqa o, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Həmçinin, istifadə etdiyi narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən pul müqabilində satın almışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Belə ki, 08 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra, həmin tarixdə, saat 17:39 radələrində Təqsirləndirilən şəxs Siyəzən rayonunun Zarat kəndində yerləşən Nəqliyyat Departamenti İdarəsinin yanında olduğunu görüb video çəkiliş vasitəsilə ona yaxınlaşmış, habelə sonuncuya özünü təqdim edib üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhələr olduğu bildirməklə, üzərində şəxsi axtarış keçirməli olduğunu qeyd etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmiş, habelə təklif əsasında əynindəki qara rəngli şalvarının sol yan cibində saxladığı içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Beləliklə, təqdim edilmiş qeyd olunan vasitə boş zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, həmçinin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmış və RPŞ-nin İB-nə təhvil verilməsi üçün götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı, sonuncunun narkotik vasitələrin satışı ilə bağlı deyil, üzərində, saxlaması və istifadəsi barədə olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə, o cümlədən qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2025-ci il tarixli, 20/606 saylı ekspert rəyindən görünür ki, üzərində AR DİN “Zərflər üçün №96” möhür əksi, “Təqsirləndirilən şəxs /imza/; Şahid /imza/; Ə.Məmmədov /imza/; A.Soltanov /imza/; Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və təqdim edilmiş predmet; Qablaşdırdı: müstəntiq A.Əmirov” /imza/” əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: 0,266 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,216 qram təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların fiziki-kimyəvi ekspertizasının tədqiqatının dəyəri 60 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 08 avqust 2025-ci il tarixdə verilmiş 4837 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdən Respublika NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-10-cu vərəqələrində olan 08 iyul 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, həmin gün saat 17:39-dan saat 17:47-dək olan müddət ərzində Siyəzən rayonunun Zarat kəndində yerləşən Nəqliyyat Departamenti İdarəsinin yanında Təqsirləndirilən şəxs üstündə yoxlama aparılan zaman sonuncu ittihamın əsasını təşkil edən, əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 1 ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Yoxlama zamanı “Redmi” markalı mobil telefon vasitəsilə video çəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-120-ci vərəqələrində olan 06 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,216 qram təşkil edən narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞnin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin 08 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin video çəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt disk də, maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 82-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 18 iyul 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən, işin 111-113-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(059)-63/2023 saylı hökmünün surətindən, eləcə də, iş materiallarına əlavə edilmiş Siyəzən rayon icra və probasiya şöbəsinin 29 sentyabr 2025ci il tarixli, 437/2025-64-10 nömrəli məktubundan görünür ki, Siyəzən Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, sözügedən Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmaqla, onun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmış, həmçinin o, həmin tarixdən 08 iyul 2025-ci il tarixədək məhkəmənin yuxarıda qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 10 ayını çəksə də, bu cəzanın 1 ay 26 gün hissəsi çəkilməmiş qalmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli, 4(059)-25/2025 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nın Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Sözügedən Qərarın İİ maddəsinin İV abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və sair) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın İ bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir. Göstərilən Plenum qərarının izahına görə məhkəmələr cəza təyin edərkən təkcə cəzanı yüngülləşdirən halları nəzərə almaqla kifayətlənməməli, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini səciyyələndirən halları, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinə də nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(059)-63/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, sözügedən Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 15 avqust 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib, saxlamasını, eləcə də şəxsiyyətini (opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, son iki il ərzində məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, cinayət əməlindən əl çəkməməsini, əvvəlki məhkəmə hökmü ilə ona təyin edilmiş cəzaya əsasən cəmiyyətdən tam təcrid edilməməsinə baxmayaraq, məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin ½ hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(059)-63/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 08 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdən Respublika NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,216 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(059)-63/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) ay 26 (iyirmi altı) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdən Respublika NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,216 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üstünün yoxlanmasının, eləcə də təqdim olunan əşyalara baxış keçirilməsinin və götürülməsinin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar