Məhkəmə qərarları › İş №1(059)-44/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-44/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-44/2022 24.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 24 may 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1993-cü il tarixdə Siyəzən rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(059)-28/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən bu məhkəmənin 27 yanvar 2022-ci il tarixli, 7(059)- 1/2022 saylı qərarı ilə cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün hissəsi 1 (bir) il azaldılmış, üzərində məhkumluğu olan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,390 qram psixotrop maddə metamfetamini yaşadığı ünvanda saxlamış, 11 fevral 2022-ci il tarixdə, saat 16:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Siyəzən rayonunun Zarat kəndində yerləşən ünvana baxış keçirilərkən həmin psixotrop maddənin 0,107 qramı qonaq otağında olan kiçik masanın yanından yerdən hər birinin ayrı–ayrılıqda çəkiləri 0,049 qram və 0,058 qram olmaqla, ümumilikdə 2 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə, 0,283 qramı isə yataq otağında olan masanın üzərində olan 1 ədəd Prima markalı siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 11 fevral 2022-ci il tarixdə təxminən saat 14:00 radələrində yaşadığı ünvanda yatarkən qardaşı işə gedən zaman qapını açıq qoyduğundan əmisi nəvəsi X17 yaşadığı evə daxil olmuş, bu zaman o, oyanarkən sonuncunun yanında olduğunu görmüş, sonuncunun üzərində nə olub-olmadığından məlumatı olmamışdır. O, yuxudan oyanıb, mağazadan çörək alıb qayıtdıqdan sonra sinif yoldaşı Şahid2 da evində olduğunu görmüşdür. Onlar birlikdə nahar edərkən polis əməkdaşları ünvana daxil olmuş, Cəmilin üzərindən axtarış zamanı metamfetamin aşkar edilmiş, sonuncu bunun ona aid olduğunu etiraf etsə də, Cəmildən başqa hansı predmetlərin aşkar edilməsi yadında qalmamışdır. Bundan sonra, otaqlara girib, videoçəkilişlə baxış keçirildikdə, onları saxladıqları masanın yanından metamfetamin aşkar edilmiş, bu onun təəccübünə səbəb olmuş, həmin predmetin kim tərəfindən necə qoyulduğunu isə Fikrət müəllim çox gözəl bilir. Bundan sonra, sənədləşdirmə aparılmış, habelə onları Siyəzən RPŞ-yə aparmışlar. X11, daha sonra onun, sonda isə Şahid2 üzərində şəxsi axtarış keçirilmiş, sonuncunun və onun üzərindən heç nə aşkar edilməmişdir. Evin qonaq və yataq otağından aşkar olunmuş predmetlərin nə olduğu heç bilinməmiş, ona aidiyyəti olmamışdır. Baxışda Fikrət müəllim, çəkiliş aparan mayor və adlarının bilmədiyi əməliyyat müvəkkilləri olmuşdur. Evə baxışın keçirilməsinə etiraz etməmiş, bununla bağlı razılıq ərizəsi vermişdir. Bədən xəsarətləri olmasa da, polis əməkdaşları tərəfindən ona qarşı fiziki təsir göstərilmiş, lakin, o, yenə də aşkar olunmuş predmetlərin ona aid olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması, həmçinin yaşadığı ünvanda aşkar olunan ittihamın əsasını təşkil edən predmetlərin ona aid olmadığını bildirməsi, bununla da təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etsə də, şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi Şahid1 Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş, həmçinin məhkəmə iclasında təsdiq etdiyini bildirdiyi məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə müxtəlif şəxslər gələrək, həmin orada qanunsuz olaraq narkotik vasitə istifadə etmələri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə 11 fevral 2022-ci il tarixdə ona qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş, bununla bağlı şöbədə müvafiq sənədləşmə işi aparılmış, həmçinin Təqsirləndirilən şəxs, X9 və Şahid2 ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Siyəzən RPŞ-nin rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, RPŞ-nin İB-nin baş müstəntiqi X5, CAB-ın əməliyyat müvəkkilləri X10, X18, İTB-nin polis sahə rəisi X6 və X1 baş inspektoru X7 daxil edilmiş, habelə keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Bundan sonra, həmin gün Siyəzən RPŞ-nin rəisinin tapşırığı ilə o, eləcə də adları çəkilən digər polis əməkdaşları birlikdə təxminən saat 16:00 radələrində Siyəzən rayonunun Zarat kəndinə gedərək ətraf ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra təxirəsalınmaz əməliyyat tədbirləri keçirərək Təqsirləndirilən şəxs yaşadığı evə daxil olunmuş və evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Şahid2, həmçinin X9 orada narkotik vasitə istifadə etmələrinin şahidi olmuşlar. Özlərini onlara təqdim edərək Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılmasında, istifadəsində və dövriyyəsində şübhəli olduqlarını, üzərlərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyini bildirib, bu barədə Siyəzən RPŞ-i tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğunu qeyd etmişlər. Həmin vaxt videoçəkiliş RPŞ-nin KTQ-nin baş inspektoru Siyavuş Ağayev tərəfindən aparılmış, habelə faktla bağlı araşdırma müstəntiq Rəhmin Zeynalova həvalə olunmuşdur. Bundan sonra, Rəhmin Zeynalov tərəfindən onlara hüquq və vəzifələri izah olunaraq müvafiq bildiriş verilmiş, üzərilərində şəxsi axtarış aparılması zamanı müdafiə hüququnun təmin edilməsi məqsədi ilə fərdi fəaliyyət göstərən Müdafiəçi təqdim olunmuş, Təqsirləndirilən şəxs, Şahid2 və Cəmil Eldarovun müdafiəçinin iştirak etməsini istədiklərini bildirmişlər. Bundan sonra, əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, ondan qabaq müstəntiq tərəfindən Rzaquluya üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, istintaqa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra, X18 tərəfindən Şahid2 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, bu vaxt Şahid2 üzərindən qanunla qadağan olunmuş əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra, Anar Əmirov tərəfindən Cəmil Eldarovun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, ondan əvvəl sonuncuya üzərində qanunla qadağa olunmuş əşya və ya predmetlər varsa, onları könüllü təqdim etməsi təklif edildikdə, Cəmil əynində olan qara rəngli gödəkcənin altından geyindiyi qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd göy rəngli “Rothmans” markalı siqaret qutusunu təqdim etmiş, bu qutudan 6 ədəd siqaret və 1 ədəd şəffaf sellofan bükülünün içərisində ümumilikdə 7 ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülüləri, bükülülərin hər birinin içərisindən isə ağ kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlələr müəyyən olunmuş, sorğu əsasında Cəmil Eldarov həmin bükülüdəki kütlələrin “şüşə” olduğunu bildirmişdir. Bükülülər sayılmaqla, aşkar olunduğu bir ədəd sellofana yerləşdirilmiş və qablaşdırılması üçün pəncərənin qarşısına qoyulduqdan sonra Cəmilin üzərində şəxsi axtarışın keçirilməsi davam etdirilmiş, bu vaxt onun əynində olan qara rəngli gödəkcənin sol iç cibindən digər bir ədəd “Rothmans” markalı siqaret qutusu aşkar olunmuşdur. Bu siqaret qutusu da müstəntiq tərəfindən açılmış, orada bir ədəd kibrit qutusunun, iki ədəd ağ rəngli kağız bükülülərin olması müəyyən olunmuş, kibrit qutusu açıldıqda isə orada iki ədəd sellofan bükülü və bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunmuşdur. Bir ədəd gümüşü rəngli bükülü açıldıqda orada yarı bölünmüş vəziyyətdə açıq qəhvəyi rəngli dərman həbi təsbit edilmişdir. Daha sonra, aşkar olunmuş iki ədəd şəffaf rəngli bükülülərə baxış keçirilmiş, birinci bükülüdə psixotrop maddə metamfetaminə bənzər ağ kristalşəkilli kütlə aşkar olunmuş, ikinci bükülüyə baxış keçirilərkən onun üzəri alışqan vasitəsilə yandırıldığı müəyyən olunmuşdur. Bundan əlavə, həmin vaxt bükülü açılarsa, dağılma ehtimalına və içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunduğuna görə həmin bükülü açılmamışdır. Daha sonra, aşkar olunmuş iki ədəd ağ rəngli kağız bükülülərə baxış keçirilmiş və hər iki bükülü müstəntiq tərəfindən ardıcıllıqla açıldıqda, orada yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş mariuxuanaya bənzər kütlələr müəyyən olunmuş, bütün predmetlər aşkar olunduğu formada bir ədəd “Rothmans” markalı siqaret qutusuna yerləşdirilmişdir. Bundan sonra, müstəntiq Rəhmin Zeynalov tərəfindən Cəmil Eldarovun əynində olan qara rəngli idman gödəkcəsinin qabaq sağ cibindən aşkar olunaraq götürülmüş və baxış keçirildikdən sonra qablaşdırılması üçün pəncərənin qarşısına qoyulmuş bir ədəd şəffaf sellofanda 7 ədəd ağgümüşü rəngli bükülülər aşkar olunduğu “Rothmans” markalı siqaret qutusunun içərisinə yerləşdirilmişdir. Daha sonra, aşkar olunmuş kütlələrin qablaşdırılmasına başlanılmış, müstəntiq tərəfindən hər 2 “Rothmans” markalı siqaret qutuları içərisində aşkar olunmuş predmetlərlə birlikdə bir ədəd ağ rəngli zərfə yerləşdirildikdən sonra zərfin üzəri möhürlənib, Cəmil Eldarov və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı ünvanı baxışa təqdim etməsi təklif edilmiş, habelə əməliyyat müvəkkili Anar Əmirov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Bu zaman otaqda olan kiçik ölçülü masanın yanında yerdən 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri, kiçik ölçülü masanın üzərindən 1 ədəd müştük formasına salınmış 1 manatlıq pul əskinazı aşkar olunmuş, bükülülərdən birincisində ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə müəyyən olunmuş, ikincisində qanunla qadağan olunmuş maddə olmasa da, üçüncü bükülüdə ağ kristalşəkilli kütlələr aşkar olunmuşdur. Daha sonra, davam etdirilmiş baxış zamanı kiçik ölçülü masanın üzərində olan ağ rəngli kağız parçasının içərisində 4 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri müəyyən olunsa da, onların içərisində qanunla qadağan olunmuş əşya və predmetlər olmamışdır. Bundan sonra, bu masanın altından bir ədəd üzərində limon duzu yazısı olan qablaşdırma müəyyən olunmuş, habelə aşkar olunmuş bükülülərin qablaşdırılmasına başlanılmışdır. Kiçik ölçülü masanın yanından aşkar olunaraq götürülmüş 2 ədədinin içərisində ağ kristalşəkilli kütlə və bir ədədi boş olan, ümumilikdə 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri, 1 ədəd narkotik vasitə qəbulunda istifadə olunan müştük formasına salınmış 1 manatlıq pul əskinazı və 1 ədəd kağız parçasının içərisində narkotik vasitə izlərinin qalması ehtimalı olan 4 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri 1 ədəd zərfə yerləşdirilmiş, bu zaman müstəntiq tərəfindən videokameranın məhdud müddətdə qeydiyyat aparması nəzərə çatdırılmaqla, çəkilişin dayandırılacağı və qaldığı yerdən davam etdiriləcəyi qeyd olunmuşdur. Daha sonra, çəkiliş dayandırılmış və qaldığı yerdən davam etdirilmişdir. Çəkiliş yenidən başlanarkən müstəntiq tərəfindən zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etmişlər. Bundan sonra, kiçik ölçülü masanın üzərindən aşkar olunmuş üzərində limon duzu yazısı olan bir ədəd bükülü götürülməklə, müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu qablaşdırmanın da üzərinə bütün iştirakçılar ardıcıllıqla imza etmişlər. Daha sonra, otağa baxış keçirilməsi davam etdirilmiş və yerdən bir ədəd qara rəngli “Xiaomi Redmi” markalı mobil telefon və pəncərənin yanında olan Təqsirləndirilən şəxs məxsus azadlığın məhdudlaşdırılması ilə bağlı ona verilmiş cihaz aşkar olunaraq müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi davam etdirilməklə, yataq otağı kimi istifadə olunan digər otağa baxış keçirilərkən orada olan masanın üzərindən bir ədəd müştük formasında narkotik vasitənin qəbulu üçün istifadə olunan boruşəkilli predmet aşkar olunmuşdur. Bundan başqa, baxış zamanı masanın üzərində olan bir ədəd Prima markalı siqaret qutusunun içərisindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü və bir ədəd şəffaf sellofan bükülünün içərisində bir ədəd ağ rəngli dərman həbi aşkar olunmuşdur. Gümüşü rəngli bükülü açıldıqda bükülünün içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, bu predmetlər də müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə yerləşdirilmiş, zərfin üzəri möhürlənmişdir. Faktla bağlı İB-nin müstəntiqi Rəhmin Zeynalov tərəfindən tərtib olunaraq ucadan oxunmuş protokol doğru olduğundan, o, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmaqla, sonuncu ilə düşmənçiliyi yoxdur. 11 fevral 2022-ci il tarixdə, saat 16:00 radələrində Rzaqulunun evinə daxil olarkən sonuncunun qohumu Cəmil ilə yemək yediyini görmüş, bundan təxminən 2-3 dəqiqə sonra polis əməkdaşları evə daxil olmuşlar. Bu zaman polis əməkdaşlarını görüb şok keçirmiş, habelə içəridəki polis əməkdaşlarından həmkəndlisi Telman əlini burmuşdur. Üzərinə baxış keçirilsə də, heç nə aşkar olunmamışdır. Cəmilin və ya Rzaqulunun üzərindən hər hansı qanunsuz əşyanın, eləcə də predmetin tapıldığından məlumatı olmamışdır. Evə baxış keçirilsə də, yanlarında olmamış, evdən aşkar olunanları bilməmiş, orada tərtib olunmuş protokolu isə oxumadan imza etmişdir. Fikirli olduğundan Şamil müəllimin təqdim etdiyi sənədləri imzalamış, sonuncu bu sənədlərdə qeyd olunanların onun dediklərindən ibarət olduğunu bildirsə də, o, ifadəsini oxumamışdır. Ona hər hansı bir formada təsir və ya təzyiq olmamışdır. Məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs münasibətdə məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, şahidin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid2 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əsasən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Daha əvvəllər psixotrop maddə olan metamfetamindən istifadə etsə də, təxminən 3-4 ay olar, metamfetamindən istifadə etmir. Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanıyır, çünki onunla sinif yoldaşı olmaqla, yanaşı aralarında dostluq münasibəti də olmuşdur. O və Rzaqulu narkotik vasitə istifadəçisi olduğundan sonuncu ilə kənddə görüşüb, Rzaqulunun yaşadığı evə gedərək bir neçə dəfə onunla birlikdə narkotik vasitə qəbul etmişdir. Çünki, Rzaqulunun yaşadığı ev boşdur və gün ərzində demək olar orada kimsə olmur. Həmişə olduğu kimi o, Rzaqulu ilə görüşmək məqsədilə 11 fevral 2022-ci il tarixdə, təxminən saat 15:00 radələrində sonuncunun yaşadığı evə getmiş, həmin vaxt ora getməkdə məqsədi hal-əhvalını soruşduqdan sonra Rzaqulu ilə birlikdə narkotik vasitə qəbul etmək olmuşdur. O, Rzaqulunun yaşadığı ünvana daxil olub, görüşdükdən sonra sonuncunun evdə qohumu Cəmil Eldarovla birlikdə yerdə qoyulmuş stolun ətrafında oturub, çörək yediklərini görmüş, o da, onlara yaxınlaşıb, yemək yeməyə başlamışdır. Bu vaxt qəfil polis əməkdaşları evə daxil olmuş, habelə onlara narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduqlarını, müstəntiq tərəfindən üzərilərində şəxsi axtarış və ünvana baxış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarışa və baxışa başlamazdan əvvəl müstəntiq tərəfindən ona, Təqsirləndirilən şəxs və Cəmil Eldarova hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuş, bununla bağlı ayrı-ayrılıqda hər birilərinə müvafiq bildiriş təqdim olunmuş, bildiriş tərəfindən imzalanmaqla, götürülmüş, şəxsi axtarış və baxış zamanı onlara Müdafiəçi iştirakının təmin edilməsi təklif olunduqda, buna etiraz etməmişlər. Bundan sonra, müstəntiq tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə başlanılmış, bundan əvvəl sonuncuya üzərində qanunla qadağan olunmuş əşya və predmetlər varsa, istintaqa könüllü təqdim etməsi təklif olunduqda, o, üzərində qanunla qadağan olunmuş əşya və predmetlərin olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra, polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, onun üzərindən də qanunla qadağan edilmiş əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra, həmin polis əməkdaşı tərəfindən Cəmil Eldarovun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, ondan əvvəl sonuncuya üzərində qanunla qadağa olunmuş əşya və ya predmetlər varsa könüllü təqdim etməsi təklif edildikdə, Cəmil əynində olan qara rəngli gödəkcənin altında olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən bir ədəd göy rəngli “Rothmans” markalı siqaret qutusunu təqdim etmiş, qutunun içərisində 6 ədəd siqaret, 1 ədəd şəffaf sellofan bükülüdə, ümumilikdə 7 ədəd ağ-gümüşü rəngli siqaret kağızı bükülüləri aşkar olunmuş, bu bükülülərin hər birində ağ kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlələr müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Cəmil bükülüdəki kütlələrin “şüşə” olduğunu bildirmiş və həmin bükülülər müstəntiq tərəfindən sayılmaqla aşkar olunduğu bir ədəd sellofana yerləşdirilməklə, qablaşdırılması üçün pəncərənin qarşısına qoyulmuşdur. Daha sonra, Cəmil Eldarovun üzərində davam etdirilmiş şəxsi axtarış zaman Cəmilin əynində olan qara rəngli gödəkçənin sol iç cibindən digər bir ədəd “Rothmans” markalı siqaret qutusu aşkar olunmuşdur. Daha sonra, həmin, yəni ikinci “Rothmans” markalı siqaret qutusu müstəntiq tərəfindən açılmış və orada bir ədəd kibrit qutusunun və iki ədəd ağ rəngli kağız bükülülərin olması müəyyən olunmuşdur. Növbə ilə həmin kibrit qutusu müstəntiq tərəfindən açıldıqda orada iki ədəd sellofan bükülü və bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunmuş, əvvəlcə gümüşü rəngli bükülü açılmış, orada yarı bölünmüş vəziyyətdə açıq qəhvəyi rəngli dərman həbinin olduğu müəyyən olunmuşdur. Daha sonra, aşkar olunmuş iki ədəd şəffaf rəngli bükülülərə baxış keçirilmiş, bükülülərdən birincisində psixotrop maddə metamfetaminə bənzər ağ kristalşəkilli kütlə aşkar olunmuş, həmçinin bükülü aşkar olunduğu formada yenidən qablaşdırıldıqdan sonra ikinci şəffaf sellofan bükülüyə baxış keçirilmiş, bu bükülünün üzəri alışqan vasitəsilə yandırıldığından bükülü açılarsa, dağılma ehtimalı olduğuna və bükülüyə vizual baxış zamanı içərisində ağ rəngli kristalşəkilli psixortop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunduğuna görə bükülü açılmamışdır. Bundan sonra, aşkar olunmuş iki ədəd ağ rəngli kağız bükülülərə baxış keçirilmiş və hər iki bükülüdə yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş mariuxuanaya bənzər kütlələr müəyyən olunmuşdur. Daha sonra, aşkar olunmuş iki ədəd ağ rəngli kağız bükülü, bir ədəd kibrit qutusunun içərisindəki iki ədəd şəffaf sellofan bükülü və bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunduğu formada bir ədəd “Rothmans” markalı siqaret qutusuna yerləşdirilmişdir. Bundan başqa, Cəmilin əynində olan qara rəngli idman gödəkcəsinin qabaq sağ cibindən aşkar olunmuş və baxış keçirildikdən sonra pəncərənin qarşısına qoyulmuş bir ədəd şəffaf sellofanda 7 ədəd ağ-gümüşü rəngli bükülü aşkar olunduğu “Rothmans” markalı siqaret qutusunun içərisinə yerləşdirilməklə, kütlələrin qablaşdırılmasına başlanılmışdır. Hər iki “Rothmans” markalı siqaret qutuları içərisində aşkar olunmuş predmetlərlə birlikdə bir ədəd ağ rəngli zərfə yerləşdirildikdən sonra zərfin üzəri möhürlənmiş, o və bütün digər iştirakçılar zərfin üzərində imza etmişlər. Daha sonra, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanı baxışa təqdim etməsi bildirilmiş, habelə polis əməkdaşı tərəfindən Rzaqulunun yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Bu zaman otaqda olan kiçik ölçülü masanın yanında yerdən 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri, kiçik ölçülü masanın üzərindən 1 ədəd müştük formasına salınmış 1 manatlıq pul əskinazı aşkar olunmuşdur. Bükülülərin hər biri ayrı-ayrılıqda müstəntiq tərəfindən açılmış, birinci bükülüdə ağ kristalşəkilli psixotrop maddə metametaminə bənzər kütlə müəyyən olunsa da, ikinci bükülüdə qanunla qadağan olunmuş maddələr aşkar olunmamış, üçüncü bükülüdə isə ağ kristalşəkilli kütlələr təsbit edilmişdir. Daha sonra, davam etdirilmiş baxış zamanı kiçik ölçülü masanın üzərində olan ağ rəngli kağız parçasının içərisində 4 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri müəyyən olunmuş, bu bükülülərin hər biri müstəntiq tərəfindən ayrı-ayrılıqda açılsa da, içərilərində qanunla qadağan olunmuş əşya və predmet olmadığı, bükülülərin boş olması müəyyən olunmuşdur. Bundan sonra, baxış davam etdirilmiş və masanın altından bir ədəd üzərində limon duzu yazılan qablaşdırma müəyyən olunmuşdur. Daha sonra, aşkar olunmuş bükülülərin müstəntiq tərəfindən qablaşdırılmasına başlanılmışdır. Kiçik ölçülü masanın yanından aşkar olunaraq götürülmüş 2 ədədinin içərisində ağ kristalşəkilli kütlə və bir ədədi boş olan, ümumilikdə 3 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri, 1 ədəd narkotik vasitə qəbulunda istifadə olunan müştük formasına salınmış 1 manatlıq pul əskinazı və 1 ədəd kağız parçasındakı içərisində narkotik vasitə izlərinin qalması ehtimalı olan 4 ədəd gümüşü rəngli siqaret kağızı bükülüləri 1 ədəd zərfə yerləşdirilmişdir. Bu zaman çəkiliş olunan videokameranın məhdud müddətdə qeydiyyat aparması müstəntiq tərəfindən nəzərə çatdırılmaqla, çəkilişin dayandırılacağı və qaldığı yerdən davam etdiriləcəyi elan olunmuş, daha sonra çəkiliş dayandırılmış və qaldığı yerdən davam etdirilmişdir. Zərfin üzəri möhürlənmiş, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etmişlər. Bundan sonra, kiçik ölçülü masanın üzərindən aşkar olunmuş üzərində limon duzu yazısı olan bir ədəd bükülü müstəntiq tərəfindən götürülməklə, bir ədəd ağ rəngli zərfə qablaşdırılmış, zərfin üzəri möhürlənərək, o və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, kiçik ölçülü masanın altından aşkar olunmuş bir ədəd üzərində limon duzu yazılan qablaşdırma olan kütlə müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyulmuş və zərfin üzəri möhürləndikdən sonra bükülünün üzərinə o və bütün digər iştirakçılar ardıcıllıqla imza etmişlər. Daha sonra, otağa baxış keçirilməsi davam etdirilmiş və yerdən Cəmil Eldarova məxsus bir ədəd qara rəngli “Xiaomi Redmi” markalı mobil telefon, pəncərənin yanında olan Təqsirləndirilən şəxs məxsus azadlığın məhdudlaşdırılması ilə bağlı verilmiş elektron cihaz müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra, Rzaqulunun yaşadığı ünvana baxış keçirilməsi davam etdirilmiş, həmçinin yataq otağına keçirilən baxış zamanı orada olan masanın üzərindən bir ədəd müştük formasında olan narkotik vasitə qəbulu üçün istifadə olunan boruşəkilli predmet aşkar olunmuşdur. Bundan başqa, baxış zamanı masanın üzərində olan bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü və bir ədəd şəffaf sellofan bükülünün içərisində bir ədəd ağ rəngli dərman həbi aşkar olunmuş, gümüşü rəngli bükülüdə ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra, aşkar olunmuş içərisində psixotrop maddəyə bənzər kütlə olan bir ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü, bir ədəd müştük formasına salınmış boruşəkilli predmet və bir ədəd şəffaf sellofanda bir ədəd dərman həbi müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə yerləşdirilmiş, zərfin üzəri möhürlənmiş, o və bütün digər iştirakçılar tərəfindən imzalanmışdır. Faktla bağlı müstəntiq Rəhmin Zeynalov tərəfindən tərtib olunaraq ucadan oxunmuş protokol doğru olduğundan o, Təqsirləndirilən şəxs, Cəmil Eldarov və digər iştirakçılar imza etmişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2022-ci il tarixli, 6/883 saylı ekspert rəyindən görünür ki, üzərində “...vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otağında....” və s. yazılar, imzalar olan 1 ədəd zərfdə (№1) 1 ədəd bükümdə təmiz çəkisi 0,283 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 1 ədəd ağ, dairəvi tabletin tərkibində nəzarətdə olan maddələr müəyyən edilməmiş, 1 ədəd metal müştük formasına salınmış borucuğun daxilində isə metamfetaminin izləri müəyyən edilmişdir. Həmçinin, rəydən görünür ki, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qonaq otağında....” və s. yazılar, imzalar olan 1 ədəd zərfdə (№2) 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram; 0,058 qram; ümumi təmiz çəkiləri 0,107 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 5 ədəd içərisi boş olan gümüşü rəngli siqaret kağızı bükülülərinin və 1 ədəd müştük formasına salınmış 1 manatlıq əskinazın daxilində metamfetamin izləri müəyyən edilmişdir. Üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda....” və s. yazılar, imzalar olan 1 ədəd zərfdəki (№3) üzərində “Limon duzu” yazısı olan kağız paketdə olan çəkisi 80 qram ağ rəngli, narın kristallı maddə kütləsi limon turşusudur. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Limon turşusu nəzarətdə olan maddələrin siyahısına daxil deyildir. Tədqiqata 0,09 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,3 qram, 0,5 hissə ağ tablet sərf edildikdən sonra onun qalıq hissəsi 0,5 hissə təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 170-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 07 aprel 2022-ci il tarixdə verilmiş 1655 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş, işin 89-90-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 məhkəmə-tibb ekspertizasının 12 fevral 2022-ci il tarixli, 24 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində hər hansı növ bədən xəsarəti aşkar olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-27-ci vərəqələrində olan 11 fevral 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 11 fevral 2022-ci il tarixdə, saat 16:50-dən saat 17:32-dək olan müddət ərzində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmasa da, sonuncunun yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evin qonaq və yataq otağından ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütlə, limon turşusu, ağ rəngli həb, 1 ədəd müştük formasına salınmış 1 manatlıq pul əskinazı, ümumilikdə 5 ədəd içərisi boş gümüşü rəngli siqaret kağızı bükülüləri, 1 ədəd müştük formasına salınmış metal borucuq aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-86-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 13 fevral 2022-ci il tarixli maddi sübut kimi tanımaq, eləcə də işin 178-195-ci vərəqələrində olan 18 aprel 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş 13 fevral 2022-ci il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, onun əməlində CM-nin 234.2 və 238.1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından və yataq otağından götürülmüş qalıq çəkisi 0,3 qram təşkil edən psixotrop maddə metamfetamin kütləsi, 79 qram çəkidə limon turşusu, tərkibində nəzarətdə olan maddələrə rast gəlinməyən dərman həbinin 0,5 hissəsi, 1 ədəd daxilində metamfetamin izləri olan müştük formasına salınmış 1 manatlıq pul əskinazı, ümumilikdə 5 ədəd üzərində metamfetamin izləri olan gümüşü rəngli siqaret kağızı bükülüləri, 1 ədəd daxilində metamfetamin izləri olan müştük formasına salınmış metal borucuq iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 11 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evdə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın, daha sonra ora keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 2 ədəd disk də maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 mart 2022-ci il tarixli tələbnaməsindən, işin 99-105-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(059)-28/2021 saylı hökmündən, işin 157-ci vərəqəsindəki Siyəzən rayon icra və probasiya şöbəsinin 08 aprel 2022-ci il tarixli, 875/2022-64-1 nömrəli məktubundan, həmçinin iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 7(059)-1/2022 saylı qərarından görünür ki, Əhmədov X8 Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndinə əsasən bu məhkəmənin 27 yanvar 2022-ci il tarixli, 7(059)-1/2022 saylı qərarı ilə cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün hissəsi 1 (bir) il azaldılmışdır. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin 13 fevral 2022-ci il tarixli, 4(059)-6/2022 saylı qərarı ilə həbs edilməsinin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmış Təqsirləndirilən şəxs 02 iyul 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 09 gününü çəkmiş, cəzanın çəkilməmiş 04 ay 17 gün hissəsi qalmaqdadır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 13 fevral 2022-ci il tarixli, 4(059)-6/2022 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-115-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 18 aprel 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 238.1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun gəncliyini, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08 iyun 2021-ci il tarixli, 1(059)-28/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 08 iyun 2021-ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, son bir il ərzində məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, psixotrop maddənin təbliğində iştirakını), əməlində ağırlaşdıran halın olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halın olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(059)-28/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından və yataq otağından götürülmüş qalıq çəkisi 0,3 qram təşkil edən psixotrop maddə metamfetamin kütləsi, 79 qram çəkidə limon turşusu, tərkibində nəzarətdə olan maddələrə rast gəlinməyən dərman həbinin 0,5 hissəsi, 1 ədəd daxilində metamfetamin izləri olan müştük formasına salınmış 1 manatlıq pul əskinazı, ümumilikdə 5 ədəd üzərində metamfetamin izləri olan gümüşü rəngli siqaret kağızı bükülüləri, 1 ədəd daxilində metamfetamin izləri olan müştük formasına salınmış metal borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, 11 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evdə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın, daha sonra ora keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 2 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(059)-28/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 17 (on yeddi) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 11 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından və yataq otağından götürülmüş qalıq çəkisi 0,3 qram təşkil edən psixotrop maddə metamfetamin kütləsi, 79 qram çəkidə limon turşusu, tərkibində nəzarətdə olan maddələrə rast gəlinməyən dərman həbinin 0,5 hissəsi, 1 ədəd daxilində metamfetamin izləri olan müştük formasına salınmış 1 manatlıq pul əskinazı, ümumilikdə 5 ədəd üzərində metamfetamin izləri olan gümüşü rəngli siqaret kağızı bükülüləri, 1 ədəd daxilində metamfetamin izləri olan müştük formasına salınmış metal borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, 11 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evdə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın, daha sonra ora keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə dair məlumatların yaddaşına köçürüldüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd, ümumilikdə 2 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 110 (bir yüz on) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar