Məhkəmə qərarları › İş №1(059)-44/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-44/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-44/2023 13.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 13 iyun 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 1(059)-30/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 oktyabr 2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad edilmiş, üzərində məhkumluğu olan, Siyəzən şəhərinin Xətai küçəsindəki 112 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi ümumi təmiz çəkisi 0,654 qram çəkidə narkotik vasitə olan heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram olan metadon həbini və ümumi təmiz çəkisi 8,711 bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı yaşadığı evdə gizlədib saxlamış,19 fevral 2023-cü il tarixdə, saat 08:46 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 112 saylı fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağında çarpayının yanında olan stulun üzərindən narkotik vasitə heroin izləri olan iz mikrohissəcikləri normal çəki təşkil edə bimədiyindən iz mikrohissəciklərinin miqdarını müəyyən edilməyən 4 ədəd gümüşü rəngli folqa və 1 manatlıq kağız pul əskinası, stulun üzərindən 3 ədəd ağ rəngli kağız kəsiyi bükümündə və 1 ədəd qızılı-ağ kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,110 qram, 0,538 qram, 3,204 qram və 3,859 qram olmaqla, ümumi çəkisi 8,711 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana, 1 ədəd qızılı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,654 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd qızılı rəngli kağız bükümdə olan ½ hissə qəhvəyi rəngli həb metadon dərman preparatı olmaqla, həmin həbdə metadon təsiredici maddəsinin miqdarı 0,02 qram olan metadon həbi, üzərində narkotik vasitə, psixotrop maddə və bitki mənşəli narkotik vasitə marixuananın hissəcikləri olmayan 9 ədəd alışqan, 3 ədəd kağız borucuq və 4 ədəd gümüşü rəngli folqa aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 05 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxdıqdan sonra, bir müddət narkotik vasitədən istifadə etməsə də, 17 fevral 2023-cü il tarixdə Siyəzən şəhərinin Xətai küçəsində yerləşən onlara aid pivə kafesinin qarşısından, yerdən içərisində marixuana, heroin və metadon həbi olan siqaret qutusunu tapıb, onu yaşadığı ünvanda saxlamışdır. Bundan sonra 18 fevral 2023-cü il tarixdə, axşam saatlarında narkotik vasitədən bir qədər istifadə etmiş, 19 fevral 2023-cü il tarixdə, səhər saat 07:00 radələrində isə polis əməkdaşları yaşadığı ünvana daxil olmuş, habelə onu yuxudan oyadaraq, qadağan olunmuş əşya saxlayıb-saxlamamsı ilə maraqlandıqda, o, masanın üzərində olan tapdığı predmetləri, folqaları, 9 ədəd alışqanı təqdim etmişdir. Bundan əlavə, baxış zamanı Müdafiəçi, eləcə də müstəntiq də iştirak etmiş, videoçəkilişdən istifadə edilmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmış, həmçinin tərtib edilmiş sənədləri imzalamışdır. Eyni zamanda, polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir və ya təzyiqə məruz qalmamışdır. Bununla da, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması hazırda özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın bölmə rəisi Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs və onun qardaşı Musa Paşayev barəsində daxil olmuş əməliyyat məlumatı əsasında 19 fevral 2023-cü il tarixdə, saat 08:00 radələrində Siyəzən Rayon Məhkəməsinin qərarına əsasən iki qrup halında, əməliyyat qrupunun biri Musa Paşayevin, onun olduğu qrup isə Təqsirləndirilən şəxs yaşadığı ünvanlara daxil olmuşlar. Müdafiəçi, müstəntiqin iştirakı, eləcə də videoçəkilişlə aparılmış baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan folqalar, habelə narkotik vasitə sayılan marixuanaya, heroinə və metadon həbinə bənzər maddələr aşkarlanmışdır. Daha sonra, aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılaraq, sənədləşmə işləri yerinə yetirilmişdir. Eyni zamanda, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir formada təsir və ya təzyiq olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı narkotik vasitənin istifadəsindən əlavə, satışı ilə də bağlı olmuş, lakin, ibtidai istintaq nəticə olaraq, satışın olmaması qənaətinə gəlmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 6/1027 saylı ekspert rəyindən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd qızılı rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,654 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd qızılı rəngli kağız bükümdə olan ½ hissə qəhvəyi rəngli həb metadon tərkibli dərman preparatıdır və həmin həbdə metadon təsiredici maddəsinin miqdarı 0,02 qram təşkil edir. 4 ədəd gümüşü rəngli folqada və 1 ədəd 1 manatlıq kağız pul əskinasında narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. 9 ədəd alışqanda, 3 ədəd kağız borucuqda, 4 ədəd gümüşü rəngli folqada narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 0,604 qram təşkil etmiş, ½ hissə metadon həbinin ¼ hissəsi sərf olunduqdan ¼ hissəsi qalıq qalmışdır. Cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 55 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 7/256 saylı ekspert rəyindən görünür ki, üzərində " imzalar.....Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olmuş predmetlər...” yazılan zərfdə 3 ədəd ağ rəngli kağız kəsiyi bükümündə və 1 ədəd qızılı-ağ kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,110 qram, 0,538 qram, 3,204 qram və 3,859 qram olmaqla, ümumi çəkisi 8,711 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfdə olan 9 ədəd alışqan, 4 ədəd borucuq şəkilli predmet və 4 ədəd gümüşü rəngli folqa üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata 0,2 qram marixuana istifadə olunduqdan sonra onun qalıq çəkisi 8,511 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə bioloji ekspertizası tədqiqatının dəyəri 88 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 05 may 2023-cü il tarixdə verilmiş 2670 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-25-ci vərəqələrində olan 19 fevral 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 19 fevral 2023-cü il tarixdə saat 08:46-dan saat 09:16-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 112 saylı fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağında çarpayının yanında olan stulun üzərindən narkotik vasitə izlərinin olması ehtimal edilən 4 ədəd gümüşü rəngli folqa, 1 manatlıq kağız pul əskinası, stulun üzərindən 3 ədəd ağ rəngli kağız kəsiyi bükümündə və 1 ədəd qızılı-ağ kağız kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuanaya, 1 ədəd qızılı rəngli kağız bükümdə narkotik vasitə heroinə, 1 ədəd qızılı rəngli kağız bükümdə olan qara rəngli kütlə, 9 ədəd alışqan, 3 ədəd kağız borucuq və 4 ədəd gümüşü rəngli folqa aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci və 140-149-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 21 fevral 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə barədə, 08 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilsə də, ona 21 fevral 2023-cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,604 qram təşkil edən narkotik vasitə heroin, 8,511 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də qalıq ¼ hissədə metadon həbi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanmaları üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilsələr də, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana 19 fevral 2023-cü il tarixdə videoçəkilişlə keçirilmiş şəxsi axtarışın və baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk də cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 mart 2023-cü il tarixli tələbnaməsindən, işin 129-131-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 1(059)-30/2022 saylı hökmünün, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 14 saylı Cəzaçəkmə Müəssisəsinin 06 oktyabr 2022-ci il tarixli, xx/xx-4908 nömrəli məktubunun surətindən görünür ki, Paşayev X2 Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-75-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(059)-7/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin Xətai küçəsindəki 112 saylı fərdi yaşayış evində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi haqqında 08 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05 aprel 2022-ci tarixli, 1(059)-30/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 05 aprel 2022-ci tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə baxmayaraq, həmin vaxt törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab edildiyindən bu cinayət əməli onun hazırkı əməlinə münasibətdə cinayətin residivini yaratmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, yaşadığı ünvanda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri bükümlər halında saxlamasını, bükülülərin sayı, aşkar edilmiş predmetlərin çeşidləri, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən sonuncu dəfə mülkiyyət əleyhinə cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, yenidən bu dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlini törətməsi onun törətdiyi əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə artıdığını, hüquqazidd əməllərini davam etdirməklə, yeni cinayət törətməyə meylliyini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, barəsində cəzasını ağırlaşdıran və yüngülləşdirici halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 2/3 hissəsinə yaxın həcmdə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,604 qram təşkil edən narkotik vasitə heroin, 8,511 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də qalıq ¼ hissədə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana 19 fevral 2023-cü il tarixdə videoçəkilişlə keçirilmiş şəxsi axtarışın və baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 19 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,604 qram təşkil edən narkotik vasitə heroin, 8,511 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, eləcə də qalıq ¼ hissədə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana 19 fevral 2023-cü il tarixdə videoçəkilişlə keçirilmiş şəxsi axtarışın və baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar