Məhkəmə qərarları › İş №1(059)-45/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-45/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-45/2021 17.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, 17 sentyabr 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, 2021-ci ilin fevral ayının 16-dan 2021-ci ilin aprel ayının 1-dək olan müddət ərzində ümumilikdə üç dəfə olmaqla vahid niyyətlə əhatə olunan qəsd formasında Zərərçəkmiş şəxs1 məxsus Siyəzən şəhəri, H. Əliyev küçəsindəki “Hikmət” marketin ərzaq məhsulları saxlanılan anbarına açıq vəziyyətdə olan qapısından qanunsuz daxil olaraq oradan 1 ədədi 7,50 manat olmaqla, 90 manat dəyərində 12 ədəd 0,7 milli litr həcmində “Russkiy” markalı araqları, 1 qutusu 1,80 manat olmaqla, 414 manat dəyərində 230 qutu “Argo” markalı siqaretləri oğurlayaraq ümumilikdə zərərçəkmiş şəxsə 504 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 04 aprel 2021-ci il tarixdə, saat 13:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Siyəzən şəhəri, M.Zəkiyev küçəsində dayanmış “O 557 МУ 05 Rus” qeydiyyat nişanlı, Vaz 2107 markalı avtomobilin salonundakı arxa oturacağın üzərində olan gödəkcənin sol iç cibindən 350 manat nəğd pulu oğurlayaraq zərərçəkmiş şəxsə 350 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər də mülkiyyət əleyhinə cinayətlərə görə məhkum olunmuşdur. "Hikmət" marketin sahibi Seyfuru qiyabi olaraq Siyəzən şəhər sakini kimi tanımış, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 16 fevral 2021-ci il tarixdə təxminən saat 19:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsindəki "Hikmət" market adlı mağazanın qarşısından keçən zaman həmin mağaza ilə bir istiqamətdə, bir-birinə bitişik vəziyyətdə yerləşən mağazanın anbarının qapısının açıq olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmiş, ətrafa göz gəzdirib heç kimin onu görmədiyinə əmin olduqdan sonra qapıdan anbara, oradan da içəriyə daxil olduqdan sonra ətrafa göz gəzdirmiş, bu zaman qarşısında üzərində "Russkiy" sözləri yazılmış araq qutusu olduğunu görmüşdür. Orada müxtəlif növ mallar, həmçinin siqaretlər də olmuşdur. O, oradan çox əmlakı götürə bilməyəcəyi üçün birinci dəfə üçün qarşısına çıxan araq şüşələrini oğurlamaq qərarına gəlmiş, yerdə qalan siqaret və digər əmlaklardan isə növbəti dəfə oğurlamağı fikirləşmişdir. Həmin qutunun içərisinə baxdıqda orada araq şüşələri olmuşdur. O, həmin bağlamanı içindəki araqlarla birlikdə götürüb oradan uzaqlaşmış, oğurladığı araqları yaşadığı evə aparıb, gizlətmişdir. Qutunun içində 12 ədəd 0,7 litrlik şüşədə qablaşdırılmış yerli istehsal araqlar olmuşdur. Təxminən 1-2 gün sonra oğurladığı araqlardan bir neçəsini götürüb, əvvəllər tanıdığı və Siyəzən şəhərində mağazaların birində satıcı işləyən Mütəllim adlı şəxsə birini 3 manata satmışdır. O, araqları Mütəllim adlı şəxsə almaq üçün təklif edərkən sonuncu ondan araqların oğurluq olub-olmamasını soruşmuş, o isə cavabında araqların özünə məxsus olmasını bildirmişdir. Daha sonra, bir neçə gün ərzində qalan araqları da hər dəfə 2-3 ədəd olmaqla, 3 manatdan Mütəllimə satmış və əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. 31 mart 2021-ci il tarixdə o, yenidən "Hikmət" marketdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə həmin gün təxminən saat 20:00 radələrində qeyd olunan marketin yaxınlığına gəlib anbarın qapısı tərəfə baxmışdır. O, anbarın qapısının açıq olduğunu görüb yenidən oradan oğurluq etmək üçün yaxşı fürsətin yarandığını fikirləşmiş, ətrafa göz gəzdirib onu heç kimin görmədiyinə əmin olduqdan sonra anbara daxil olmuşdur. İçəridə bir qədər müşahidə apardıqdan sonra orada "Arqo" markalı siqaretlərin olduğunu görmüş, orada həmin siqaretlərdən çox olmuşdur. O, yenə də anbarda olan malların hamısını bir dəfəyə apara bilməyəcəyini anlamış, həmin vaxt bacardığı qədər çox siqaret götürməyə çalışmışdır. Dərhal həmin siqaretlərin 1 qutusunu əynində olan gödəkcənin altına, 11 qutusunu isə oradan tapdığı ag rəngli polietilen sellofan torbaya yığıb oradan uzaqlaşmışdır. Yaşadığı ev tərəfə gedən zaman tanışı Siyəzən şəhər sakini Şahid2la rastlaşmış, söhbət zamanı əlində sellofan torbada olan siqaretləri Eminə göstərərək həmin siqaretləri onun üçün sata bilibbilməyəcəyini soruşmuşdur. Şahid2 isə ondan həmin siqaretləri haradan əldə etdiyini soruşmuş, o, cavabında həmin siqaretləri topdan satış qiyməti ilə əldə etdiyini, həmin siqaretləri mağazalara satmaqla, pul qazandığını bildirmişdir. Bundan sonra, Şahid2 ona həmin siqaretləri sata biləcəyini qeyd etmiş, o, həmin sellofan torbadakı siqaretlərin 6 qutusunu Eminə vermiş, qalan 6 qutunu tanışı Mütəllimin yanına apararaq 45 manata satmışdır. Həmin siqaretləri satarkən Mütəllim ondan satdığı siqaretlərin oğurluq olubolmamasını soruşmuş, o da Mütəllimə cavabında həmin siqaretlərin oğurluq olmadığını, topdan qiymətə tanışından aldığını, həmin siqaretləri mağazalara satmaqla gəlir əldə etdiyini bildirmişdir. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Bir gün sonra, yəni 01 aprel 2021-ci il tarixdə pulu olmadığından və həmin marketin anbarından əlavə siqaretlər oğurlaya biləcəyi üçün yenidən "Hikmət" marketin anbarından oğurluq etmək qərarına gəlmişdir. Həmin yerə gedib ətrafa göz gəzdirib heç kimin onu görmədiyinə əmin olduqdan sonra anbara daxil olaraq, oradan 11 qutu "Arqo" markalı siqaretləri sellofan torbaya yığıb oradan uzaqlaşmış və siqaretləri satmaq üçün Mütəllimin yanına getmiş, sonuncuya yenə satlıq siqaretin olduğunu bildirmişdir. Mütəllim ondan siqaretləri almağa razılaşmış və 11 qutu siqaretin müqabilində ona 65 manat pul vermişdir. O, Mütəllimdən pulu götürüb oradan uzaqlaşmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Həmin pulu xərcləyib qurtardıqdan sonra, yenidən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 04 aprel 2021-ci il tarixdə, təxminən saat 13:00 radələrində yaşadığı İ.Qayıbov küçəsinin yaxınlığında yerləşən M.Zəkiyev küçəsində dayanarkən təxminən 50 metr aralıda Siyəzən şəhər sakini kimi tanıdığı Sirəcullanın evinin qarşısında ağ rəngli VAZ 2107 markalı, O 557 МУ 05 rus qeydiyyat nişanlı avtomobilin dayandığını görmüş, həmin avtomobilin içində bir neçə nəfər qadın və uşağın düşərək sürücü ilə birlikdə Sirəcullanın yaşadığı evin həyətinə daxil olmuşlar. Həmin şəxslərin Sirəcullanın evinə gələn qonaqlar olduğunu düşünmüş, o vaxt sürücünün avtomobilin qapılarını bağlamaması diqqətini cəlb etmişdir. Avtomobildən düşən şəxslərin həyətə daxil olmalarından istifadə edərək avtomobilə yaxınlaşmış və qabaq sağ qapısını açaraq salona göz gəzdirmişdir. Bu zaman avtomobilin arxa oturacağının üzərində qara rəng qış gödəkcəsi olduğunu, onu götürüb ciblərini axtararkən isə sol iç cibində 3-4 ədəd plastik kartın və 350 manat nəğd pulun olduğunu görüb, pulları götürmüş, lakin kartlara əl vurmamışdır. Pulların 1 ədədi 100 manatlıq, qalanları isə 50 manatlıq əskinaslar formasında olmuşdur. O, pulu götürüb avtomobilin qapısını astaca bağlayaraq oradan uzaqlaşmış və oğurladığı pulu öz ehtiyacları üçün xərcləmişdir. İlkin araşdırma zamanı verdiyi izahatında yanılaraq oğurladığı “Russkiy” markalı araqların 0,5 litrlik olmasını bildirmiş, 0,5 və 0,7 litrlik şüşə qablar bir-birinə oxşadıqlarından səhv etmişdir. Oğurladığı araq şüşələri 0,7 litr həcmində olmuşdur. Qeyd etdiyi oğurluqların hamısını o, tək törətmiş, həmin vaxt onunla birlikdə heç kim olmamış, bu oğurluqlardan başqa heç bir yerdən oğurluq etməmişdir. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, ağır xəstəlikdən əziyyət çəkməklə, gəncliyinin, zərəçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, habelə sonuncuların ona qarşı şikayətinin, eləcə də tələblərinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, eləcə də məhkəmə iclasında, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlərin verdiyi ifadələrlə, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə baxış iclasında ifadəsində bildirdi ki, təxminən 25 il olar, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Siyəzən şəhəri, H. Əliyev küçəsindəki “Hikmət” market mağazası ona məxsusdur və orada müxtəlif ərzaq məhsullarını satışını həyata keçirir. Mağaza adətən səhər saat 08:00-dan axşam saat 20-22:00 radələrinə qədər fəaliyyət göstərmişdir. 03 aprel 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində o, dükana bitişik saxlanc yeri olan anbarda saxladığı malları siyahıya alarkən oradakı 0,7 litr həcmində 12 ədəd yerli istehsal olan “Russkiy” markalı araqların və ümumilikdə hər qutuda 10 ədəd olmaqla 23 qutu ümumilikdə 230 ədəd “Argo” markalı siqaretlərin yerində olmadığını aşkar etmişdir. Bundan sonra, onda həmin malların oğurlanması şübhəsi yarandığı üçün mağazada quraşdırılmış video müşahidə kameralarına baxmaq qərarına gəlmiş, anbarın görüntüsünü qeydə alan müşahidə kamerasının görüntülərinə baxarkən 31 mart 2021-ci il tarixdə, saat 20:30 radələrində anbara naməlum şəxsin girərək oradan 12 qutu olmaqla, 120 ədəd “Argo” markalı siqareti, 01 aprel 2021-ci il tarixdə isə təxminən 18:30 radələrində anbara naməlum şəxsin girərək anbarda saxladığı 11 qutu olmaqla 110 ədəd “Argo” markalı siqareti oğurladığını görmüşdür. Bundan sonra o, RPŞ-yə yaxınlaşaraq bu barədə ərizə ilə müraciət etmiş, baş vermiş oğurluq hadisəsi zamanı oğurlanmış olan 0,7 litr həcmində “Ruskkiy” markalı arağın birinin qiyməti 5 manat, “Argo” markalı siqaretin isə bir ədədinin qiyməti 1 manat 80 qəpik olmaqla, ümumilikdə ona 474 manat məbləğində maddi zərər dəymiş və həmin oğurluqları törədən şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Hazırda ona dəymiş zərərin tam ödənilməsinin, habelə Təqsirləndirilən şəxs qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclasında ifadəsində bildirdi ki, o, 04 aprel 2021ci il tarixdə ailə üzvləri, yəni arvadı X3, anası X1 və azyaşlı övladları ilə birlikdə Siyəzən rayonunda yaşayan babası Sirəculla Rəsulovun evinə qonaq getmiş, sonuncunun Siyəzən şəhəri, M.Zəkiyev küçəsindəki evinin qarşısında idarə etdiyi VAZ 2107 markalı, O 557 МУ 05 rus qeydiyyat nişanlı avtomaşını saxlayıb, ailə üzvləri ilə birlikdə avtomobildən düşüb, evin həyətinə keçmişdir. Lakin, həmin vaxt avtomobilin qapılarını bağlamaq yadından çıxmışdır. Evin həyətində təxminən 4-5 dəqiqə ərzində babası Sirəculla və ailə üzvləri ilə görüşdükdən sonra avtomobilinin qapılarını bağlamaq üçün küçəyə çıxmış, avtomobilin qabaq qapısını açıb salona nəzər yetirərkən arxa oturacağın üzərində bükülü vəziyyətdə olan qış gödəkcəsinin əvvəlki vəziyyətdə olmadığını görüb ciblərini yoxlamağa başlamış, bu zaman gödəkcənin sol iç cibinə qoyduğu 350 manat pulun yerində olmadığını görmüşdür. Həmin cibində müxtəlif banklara aid plastik kartlarda olsa da, kartlar yerində olmuş, o, pulun oğurlandığını başa düşüb bu barədə Siyəzən RPŞ-yə məlumat vermişdir. Sonradan ona məxsus avtomobildən oğurluğun Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. 04 aprel 2021-ci il tarixdə ona məxsus avtomobildə baş vermiş oğurluq zamanı 350 manat puldan başqa heç bir şey oğurlanmamış, həyətdə olan zaman küçədə saxladığı avtomobilin qapısının açılıb-bağlanması səsini eşitməmişdir. Hazırda ona dəymiş zərərin tam ödənilməsinin, habelə Təqsirləndirilən şəxs qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, o, Siyəzən şəhəri, H.Əliyev küçəsindəki mağazalardan birində satıcı kimi işləyir. Təqsirləndirilən şəxs Siyəzən şəhər sakini kimi tanımış, sonuncu təxminən 18 fevral 2021-ci il tarixdə onun işlədiyi mağazaya gəlmiş və ona alması üçün “Russkiy” markalı 0,7 litr həcmində araqlar təklif etmiş, habelə araqları ona almağı təklif edərkən araqların özünə məxsus olduğunu bildirmişdir. Bu araqların hər birinin əvəzində o, Zamiqə 3 manat pul vermişdir. Bundan sonra, Zamiq hər dəfəsində 2-3 ədəd olmaqla, bir neçə gün işlədiyi mağazaya gələrək ona araq satmışdır. Zamiq 31 mart 2021-ci il tarixdə axşam saatlarında işlədiyi mağazaya gəlmiş və ona almaq üçün 6 qutu “Arqo” markalı siqaret təklif etmişdir. O, həmin siqaretlərin oğurluq olubolmamasını soruşduqda, Zamiq siqaretləri topdan qiymətə əldə etdiyini və həmin siqaretləri sataraq gəlir əldə etdiyini bildirmişdir. Bundan sonra o, həmin siqaretləri Zamiqdən almışdır. O, Zamiqə 6 qutu siqaretin əvəzində 45 manat pul vermiş və sonuncu pulu götürərək getmişdir. Daha sonra, 01 aprel 2021-ci il tarixdə, saat 21:00 radələrində yenidən Zamiq onun işlədiyi mağazaya gəlmiş və yenə siqaret almağı təklif etmişdir. Bu dəfə Zamiq 11 qutu siqaret gətirmiş, o, Zamiqə həmin siqaretlərin əvəzində 65 manat məbləğində pul vermişdir. O, Zamiqdən siqaretləri alarkən ilk dəfə olduğu kimi onların oğurluq-olub olmamasını dəqiqləşdirmiş, sonuncu isə siqaretlərin oğurluq olmadığını bildirmişdir. 03 aprel 2021-ci il tarixdə aldığı siqaretlər oğurluq yolu ilə əldə edildiyi üçün polis əməkdaşları onu Siyəzən RPŞ-yə dəvət etmiş, habelə o, araqları və siqaretləri Zamiqdən alarkən onların Zamiqin özünə məxsus olmasını düşünmüş, Zamiq ona həmin malları topdan satış qiymətləri ilə aldığını və müxtəlif mağazalara satmaqla gəlir əldə etdiyini bildirmişdir. Zamiq həmin siqaret və araqları ona satarkən onda həmin malların oğurluq olmasına dair hər hansı şübhə yaranmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş Şahid2 məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 31 mart 2021-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən rayonunda “Mərkəz” adlanan yerdə dayanarkən Təqsirləndirilən şəxs əlində içərisində siqaret qutuları olan sellofanla gəzdiyini görmüş, sonuncunu Siyəzən şəhər sakini kimi tanımışdır. Təqsirləndirilən şəxs ona yaxınlaşmış və siqaret satdığını bildirdikdə, o, Zamiqdən həmin siqaretləri haradan əldə etməsini soruşmuş, sonuncu isə ona həmin siqaretləri topdan satış qiymətləri ilə əldə etdiyini və mağazalara satmaqla gəlir əldə etdiyini bildirmişdir. O, bundan sonra Zamiqə siqaretləri satmasında kömək etməyə razılaşmışdır. Daha sonra, Zamiq ona aparıb satması məqsədilə 6 qutu yəni 60 ədəd siqaret vermiş, o, həmin siqaretləri götürmüş və evə getmişdir. Bundan sonra, o, həmin siqaretləri satmaq istəməmiş və siqaretlərin hamısını istifadə etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2021-ci il tarixli, 9/2085 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 1 qutu “Argo” markalı siqaretin orta bazar qiyməti təxminən 1,80 manat, 230 qutu – 414 manat, 1 ədəd 0,7 litr həcmli, 40 % “Русский Етил” markalı arağın orta bazar qiyməti təxminən 7,50 manat, 12 ədəd – 90 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-143-cü vərəqələrində olan 11 iyul 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuş, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. Həmçinin, bu qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus müşahidə kameraları vasitəsilə qeydə alınmış oğurluq hadisələrinin video görüntülərinin köçürüldüyü 01 (bir) ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işinin 121-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 06 iyul 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən, işin 122-125-ci səhifələrində olan Siyəzən Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 1(059)-16/2018 saylı hökmünün surətindən, eləcə də 90-cı vərəqədə olan Siyəzən rayon İcra və probasiya Şöbəsinin 07 may 2021-ci il tarixli, 874/21-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 1(059)-41/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, habelə o, cərimə ödəməkdən qərəzli olaraq boyun qaçırdığı üçün bu məhkəmənin 05 may 2016-cı il tarixli, 7(059)-5/2016 saylı qərarına əsasən ona təyin olunmuş 3000 manat cərimə cəzası aylıq qazancından 20% dövlət nəfinə pul tutulmaqla, 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən Siyəzən rayon İcra və probasiya şöbəsinin 05 iyul 2016-cı il tarixli qərarı ilə cəzadan azad olunduğu üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 1(059)-16/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 12 aprel 2018-ci il tarixdən şöbənin qeydiyyatındadır və ona təyin olunmuş islah işləri cəzasının 02 il müddətdə çəkilməmiş hissəsi qalmaqdadır. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-110-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 4(059)-24/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 116-117-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş 3 saylı istintaq təcridxanasının tibb sanitar hissəsinin rəisi tərəfindən tərtib olunmuş tibbi arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixində 3 saylı istintaq təcridxanasına daxil olarkan ümumi zəiflik, halsızlıq, hər iki qabırğa altı nahiyədə ağrılardan şikayət etmişdir. Müayinə vaxtı qarın nahiyəsində assit əlaməti müşahidə olunmaqla, göbək nahiyəsi bayıra çıxmış vəziyyətdədir. Xəstənin ümumi vəziyyətini nəzərə alaraq təcili etapla 08 may 2021-ci il tarixdə müalicə müəssisəsinə göndərilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixinədək “xroniki mieloleykoz, hepatosplenomeqaliya, anemiya ağır forma” diaqnozu ilə müalicə müəssisəsində stasionarda olmuş və 14 sentyabr 2021-ci il tarixinə təyin olunmuş məhkəmə prosesində iştirakı ilə əlaqədar 11 sentyabr 2021-ci il tarixdə müalicəsi tamamlanmamış 3 saylı istintaq təcridxanasına göndərilmiş, göndərildiyi andan tibb sanitar hissəsinə stasionara yerləşdirilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən 17 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş ərizələrdən görünür ki, onlara dəymiş zərər tam şəkildə ödənildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs təkrarən anbara, eləcə də başqa saxlanc yerlərinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, “xroniki mieloleykoz, hepatosplenomeqaliya, anemiya ağır forma” diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsini, gəncliyini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, habelə sonuncuların təqsirləndirilən şəxsə qarşı şikayətlərinin, eləcə də, barəsində yaşayış yeri üzrə şikayətin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 1(059)-16/2018 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 2 il müddətə islah işləri cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli hökmü ilə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən bu cinayət əməli onun hazırkı əməlinə münasibətdə cinayətin residivini yaratmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin mülkiyyətinin təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, hətta islah yoluna qədəm qoymamasını, bununla belə səmimi peşmançılıq hissi keçirməsi, “xroniki mieloleykoz, hepatosplenomeqaliya, anemiya ağır forma” diaqnozu ilə xəstəlikdən əziyyət çəkməsi, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, habelə sonuncuların təqsirləndirilən şəxsə qarşı şikayətlərinin olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın 2/3 həcmində cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli olar. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 may 2021-ci il tarixdən hökmün elan olunduğu 17 sentyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı cəmi 04 (dörd) ay 12 (on iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Bu Məcəllənin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Yenə bu Məcəllənin 67-ci maddəsinin İ və İİ hissələrinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Siyəzən Rayon Məhkəməsinin 13 mart 2018-ci tarixli, 1(059)-16/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 02 (iki) il müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü, təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmalı və islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə qəti olaraq təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 20:00-dan növbəti gün saat 12:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalıdır. Təqsirləndirilən şəxs hər gün saat 20:00-dan növbəti gün saat 12:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalı, həmçinin, ona kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Siyəzən rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs1 məxsus müşahidə kameraları vasitəsilə qeydə alınmış oğurluq hadisələrinin videogörüntülərinin köçürüldüyü 1(bir) ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 12 (on iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Siyəzən Rayon Məhkəməsinin 13 mart 2018-ci tarixli, 1(059)-16/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan 02 (iki) il müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü, təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablansın və islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə qəti olaraq təyin edilmiş 01 (bir) il 03 (üç) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 20:00-dan növbəti gün saat 12:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 20:00-dan növbəti gün saat 12:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Siyəzən rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. İş üzrə maddi sübut olan və Zərərçəkmiş şəxs1 məxsus müşahidə kameraları vasitəsilə qeydə alınmış oğurluq hadisələrinin videogörüntülərinin köçürüldüyü 1(bir) ədəd Compakt Disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar