Məhkəmə qərarları › İş №1(059)-45/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-45/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-45/2024 06.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 06 avqust 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1998-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə həbs olunanadək fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin şəhərin Tofiq İsmayılov küçəsi ev 53, mənzil 21 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, “İjevsk” silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli İJ-5 modelli, çaxmaqlı, hal-hazırda lüləsinin uzunluğu 380 mm, ümumi uzunluğu 570 mm olan, hazırda öz təyinatını itirmiş 16 kalibrli hamar qoşa lüləli ov tüfənginin kəsiyini əldə edib, ünvan 2 ünvanına daşıyaraq gəzdirməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 20 may 2024-cü il tarixdə, saat 14:02-də qeyd edilən ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-də həmin tarixdə, saat 15:16-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı yuxarıda qeyd olunan qoşa lüləli ov tüfənginin kəsiyi sol əlində saxladığı qara rəngli idman çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 20 may 2024-cü il tarixdən təxminən bir həftə öncə Siyəzən şəhərinin ərazisində yerləşməklə, “Bayraq Meydanı” adı ilə tanınan parkın yaxınlığındakı zibil qutularının yanında, yerdə, baxdığında içərisində lüləsi və qundağı kəsilmiş tüfəng olan idman çantasının olduğunu görmüş, özü ilə götürərək, işlədiyi “playstation” oyun mərkəzinə aparıb, orada saxlamışdır. 20 may 2024-cü il tarixdə, saat 14:00 radələrində ünvan 2 ünvanının yaxınlığında olarkən dörd nəfər mülki geyimli Azərbaycan Respublikası DİN-nin BMCM-nin əməkdaşları tərəfindən saxlanılaraq, Siyəzən rayon Polis Şöbəsinə aparılmışdır. Orada, tüfəngi haradan tapmağı barədə məlumat vermiş, habelə Müdafiəçi iştirakı və videoçəkilişlə üzərində keçirilmiş şəxsi axtarış zamanı, təklif əsasında sol əlində saxladığı içərisində lüləsi və qundağı kəsilmiş tüfəng olan qara rəngli idman çantasını, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarın sol yan cibindən isə 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartını və 21 manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 20 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında, sonuncu həmin tarixdə, saat 14:00 radələrində Siyəzən şəhərinin M. Zəkiyev küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən rayon Polis Şöbəsinə gətirilmişdir. Orada Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu təklif əsasında sol əlində saxladığı içərisində lüləsi və qundağı kəsilmiş tüfəng olan qara rəngli idman çantasını, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu və pulu çıxarıb təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21 may 2024-cü il tarixli, 24/953 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd №-si silinmiş silah, ilkin variantda zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-5 modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngi olub, lakin, sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 380 mm, ümumi uzunluğu 570 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Cinayət işinin 26-27-ci vərəqələrində olan 20 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 20 may 2024-cü il tarixdə, saat 15:37-dən saat 16:08-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-də xidməti iş otağında keçirilən şəxsi axtarış zamanı onun sol əlində saxladığı qara rəngli idman çantasının içərisindən lüləsi və qundağı kəsilmiş tüfəng aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu, eləcə də işin 129-136-cı vərəqələrində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin müvafiq olaraq 22 may və 11 iyun 2024-cü il tarixli maddi sübut kimi tanınma və sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, “İjevsk” silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli İJ-5 modelli, çaxmaqlı, hal-hazırda lüləsinin uzunluğu 380 mm, ümumi uzunluğu 570 mm olan, hazırda öz təyinatını itirmiş 16 kalibrli hamar qoşa lüləli ov tüfənginin kəsiyi cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün DİNnin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərində 20 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 109-110-cu səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-96-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 4(005)-698/2024 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 may 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan xasiyyətnamə və arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin şəhərin Tofiq İsmayılov küçəsi ev 53, mənzil 21 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspert rəyi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilki dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməllə ictimai təhlükəsizliyə qəsd etdiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, odlu silaha maraq göstərməklə, onu mənimsəyərək, qanunsuz olaraq saxlayıb, idman çantasında özü ilə daşıyaraq gəzdirməsini, bu əməli ilə özünü cəmiyyətin və ictimaiyyətin fövqündə qoymasını, sözügedən silahı əldə etdiyi mənbə ilə bağlı qeyri-səmimilik nümayiş etdirməsini, hüquq pozuntusuna meyl etməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına və hüquqazidd əməllərini davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və yuxarıda qeyd olunan yüngülləşdirici halın mövcudluğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 20 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində 20 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalı, digər maddi sübut, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, “İjevsk” silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli İJ-5 modelli, çaxmaqlı, halhazırda lüləsinin uzunluğu 380 mm, ümumi uzunluğu 570 mm olan, hazırda öz təyinatını itirmiş hamar qoşa lüləli ov tüfənginin kəsiyi isə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, “İjevsk” silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli İJ-5 modelli, çaxmaqlı, hal-hazırda lüləsinin uzunluğu 380 mm, ümumi uzunluğu 570 mm olan, hazırda öz təyinatını itirmiş hamar qoşa lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində 20 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar