Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-46/2024 26.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs “X5” MMC-nin nümayəndəsi Nümayəndə2, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə 26 noyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1991-ci il tarixdə Beyləqan rayonunun Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Beyləqan rayonunun, Yuxarı Çəmənli Ərazi Dairəsinin Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 186.2.1-ci və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını yandırmaqla zədələmək məqsədi ilə 30 sentyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhərindən Siyəzən rayonuna gələrək rayonun Balaca Həmyə kəndində “X5” MMC-yə məxsus “X6 Sanayi və Ticarət Anonim Şirkəti” ilə bağlanmış müqavilə əsasında qazma işləri aparan “Bauer BG 20H” markalı 1**-FY-*** dövlət qeydiyyat nişanlı tırtıllı yerqazan texnikanın yerini müəyyənləşdirmiş, sonradan Şabran rayonuna gedərək orada “Karvan” oteldə dincələrək əməlini törətmək üçün əlverişli şəraitin və vaxtın gəlməsini gözləmiş, 01 oktyabr 2023-cü il tarixdə, saat 01:00 radələrində Siyəzən rayonunun Balaca Həmyə kəndinə gələrək qabaqcadan özü ilə gətirdiyi benzindən istifadə etməklə “Bauer BG 20H” markalı tırtıllı yerqazan texnikanın kabinəsini yandıraraq həmin texnikanın müxtəlif ehtiyat hissələrini yandıraraq yararsız vəziyyətə salmaqla zərərçəkmiş şəxs “X5” MMC-yə 191 151, 38 (bir yüz doxsan bir min yüz əlli bir manat, otuz səkkiz qəpik) manat dəyərində külli miqdarda maddi ziyan vuraraq özgənin əmlakını qəsdən yandırıb zədələmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılanadək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, texnikaların qazma hissələrinə aid ehtiyat hissələrinin satışını və servis xidmətini təşkil etmişdir. Bundan başqa, “X5” MMC onunla eyni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, cəmiyyətin icraçı direktoru Nümayəndə1 uzun müddətdir tanıyır. Belə ki, dəvəti əsasında Nümayəndə1 onun toy məclisində, həmçinin o, Turalın dəvəti əsasında sonuncunun toy məclisində iştirak etmişdir. Bununla yanaşı, müqavilə əsasında xidmət göstərdiyi şəxslərin Nümayəndə1 icraçı direktor olduğu cəmiyyətin daha ucuz qiymətə xidmət göstərməsini bildirmələrinin nəticəsində, 23 may 2023-cü il tarixdə Türkiyə Respublikasına məxsus mobil nömrə vasitəsi ilə “Whatsapp” ani mesajlaşma tətbiqində sonuncuya mesaj yazaraq, eyni işi görməmələrini tələb etmiş, əks təqdirdə texnikalarını yandıracağını qeyd etmişdir. Belə ki, Nümayəndə1 nömrədən mesaj yazanın kim olduğunu bilməsin deyə Türkiyə Respublikasına məxsus mobil nömrə vasitəsi ilə mesaj yazmış, habelə bu mesajdan sonra, sonuncu satışı dayandırmışdır. Bundan əlavə, Şabran rayonunun ərazisində yük avtomobillərinin ehtiyat hissələrinin satışını həyata keçirən mağazanın bağlandığını eşidib, həmin mağazadan ehtiyat hissələri almaq məqsədi ilə, 30 sentyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində idarəçiliyində olan “Fiat Tipo” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə, tək Bakı şəhərindən Şabran rayonuna gəlmiş, habelə Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisindən keçərkən Nümayəndə1 direktor olduğu cəmiyyətə məxsus “Bauer” markalı, “BG20H” model, 1**-FY- *** dövlət qeydiyyat nömrə nişanlı tırtıllı yerqazan traktorunun orada olduğunu görüb, əsəbiləşmişdir. Habelə, həmin texnikanı Bakı şəhərinin 20-ci Sahə adlanan ərazisində işlədiyini gördüyündən, həmçinin texnikanın ön şüşəsinin qırıq olmasından, cəmiyyətə məxsus olduğunu bilmişdir. Beləliklə, Şabran rayonunda sözügedən mağazaya getmiş, orada lazımı ehtiyat hissələri olmadığından, təxminən saat 18:00 radələrində elə avtomobilindəykən “Anfitiren” dərman preparatını qəbul etmiş, habelə bu dərmandan sonra, avtomobil idarə etməli olmadığından, istirahət etmək üçün həmin rayonda yerləşən “Karvan” adlı otelə getmişdir. Həmin oteldə bir qədər dincəldikdən sonra, yəni, 30 sentyabr 2023-cü il tarixdə, saat 23:50 radələrində oradan çıxıb, idarə etdiyi avtomobillə Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisinə, cəmiyyətin texnikasını gördüyü yerə gəlmişdir. Orada isə avtomobilində gətirməklə, 2 litrlilik Fanta içkisinin plastik qabındakı benzinin yarım litrini texnikanın kabin hissəsindəki sınıq şüşədən kabinin içərisinə tökmüş, habelə kibrit vasitəsi ilə alışdırdığı çubuqla texnikanı yandırmışdır. Bir qədər sonra orada dayanıb, habelə yanğını söndürməyə cəhd etsə də, partlayan şüşələrdən ehtiyat edib, avtomobilinə əyləşərək, Bakı şəhərinə qayıtmışdır. Qeyd edir ki, niyyəti texnikanı tam deyil, Turalı qorxutmaq məqsədi ilə kabin hissəsini yandırmaq olmuşdur. Belə ki, benzini texnikanın motoruna töküb, tam yandıra bilərdi. Bu hadisədən təxminən bir-iki ay sonra, Siyəzən RPŞ-dən çağırılmış, habelə əvvəl əməlini etiraf etməsə də, sonradan etiraf etmiş və barəsində qətimkan tədbiri həbs seçilmişdir. Hazırda cəmiyyətə vurmuş olduğu 191151 manat 38 qəpik məbləğində ziyanın əvəzində 110000 manat qiymətində “Man” markalı yük avtomobilini, 59000 manat dəyərində ağır texnikaların ehtiyat hissələrini zərərçəkmiş şəxsə versə də, qalan məbləğ sonuncu tərəfindən ona bağışlanmaqla, aralarında barışıq əldə edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidin məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs “X5” MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında göstərdi ki, “X5” MMC Bakı və respublikanın digər şəhər və rayonlarında tikinti və qazma işləri aparmaqla yanaşı, tikinti texnikalarını icarəyə verir. Eyni zamanda, 2023-cü ildə Kolin-İnşaat şirkəti ilə bağlanmış müqavilə əsasında cəmiyyətə məxsus “ Bauer BG 20H ” markalı tırtıllı yer qazan texnika dəmiryolun çəkilişi ilə bağlı Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisinə gətirilmiş və cəmiyyətin sürücüsü X2 tərəfindən idarə edilmişdir. Bundan başqa, Nümayəndə1 cəmiyyətdə icraçı direktor vəzifəsində işləməklə yanaşı, sonuncuya 2023-cü ilin may ayında Türkiyə Respublikasına məxsus mobil nömrə vasitəsi ilə hədə-qorxu mesajı göndərilmiş, habelə bu barədə maraqlansalar da, dəqiq məlumat əldə edə bilməmişlər. Bundan əlavə, 01 oktyabr 2023-cü il tarixdə, saat təxminən 04:00 radələrində Dəyanət Məmmədova tırtıllı yer qazan texnikanın yandırılması barədə məlumat verilmiş, bundan dərhal sonra, hüquq mühafizə orqanlarına şikayət edilmiş, habelə bu barədə cinayət işi açılmaqla, istintaq aparılmışdır. Bununla yanaşı, “Bauer BG20H” markalı tırtıllı yer qazan texnikanın təxmini qiymət 250 000 manat olsa da, işlənməsi nəzərə alınaraq ekspert rəyində göstərilmiş 191 151 manat 38 qəpik məbləğində ziyanla razıdırlar, habelə bu ziyan təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə tam olaraq ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəməyə gəlməmiş Şahid, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2021-cı ildən rəsmi olaraq icraçı direktoru Nümayəndə1 olan “X5” MMC-də operator vəzifəsində çalışır. 01 oktyabr 2023-cü il tarixdə MMC-yə məxsus “Bauer BG20H” markalı tırtıllı yer qazan texnikasınının yanması barədə həmin texnikanın sürücüsü kimi işləyən qardaşı X1 eşitmişdir. Belə ki, sözügedən texnika yanan zaman qardaşı Dəyanət ona gecə saatlarında zəng vuraraq məlumat vermişdir. Əlavə olaraq qeyd edir ki, o, texnika sürücüsü olduğu üçün texnikaların ehtiyat hissələrini satan Təqsirləndirilən şəxs tanımış, sonuncu ilə aralarında ədavət və düşmənçilik olmamış, əksinə hər hansı bir ehtiyat hissəsi lazım olduqda Təqsirləndirilən şəxs ilə əlaqə saxlamışlar. “Bauer BG20H” markalı tırtıllı yer qazan texnikanın yandırıldığı 01 oktyabr 2023-cü il tarixdən təxminən 10-15 gün öncə Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng vuraraq Siyəzən rayonunda yol kənarında olan “Bauer BG20H” markalı tırtıllı yer qazan texnikanının "X5” MMC-nin texnikası olub-olmadığını soruşmuşdur. Lakin o, həmin tarixlərdə işğaldan azad olunmuş ərazidə işlədiyi üçün sözügedən texnikanın və qardaşı Dəyanətin harada çalışdığından məlumatı olmamışdır. Bu səbəbdən də o, Gülağaya həmin texnikanın Bakı şəhəri Səbail rayonunun Bayıl qəsəbəsində olduğunu bildirmiş, habelə danışıqları sonlanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs "X5" MMC-nin “Bauer BG20H” markalı texnikasının yerini ondan hansı səbəbdən soruşması barədə heç bir fikri olmamaqla, yanaşı xatırladıqları bundan ibarətdir. Həmçinin, Təqsirləndirilən şəxs ona zəng edərkən texnika hələ yandırılmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 128-132-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8706 saylı ekspert rəyindən görünür ki, “X5” MMC-yə məxsus “Bauer BG20H” markalı tırtıllı yerqazan texnikada baş vermiş yanğının mənbəyi kabinənin arxa tərəfində, elektron idarəetmə qutusunun yerləşdiyi seksiyada yerləşmiş və yüksələn xətt üzrə inkişaf edərək digər sahələrə yayılmışdır. Yanğının mənbə zonasında yerləşən elektrik naqilləri və digər cərəyan keçiricilərinin üzərində elektrik təbiətli qəza halının (lokal formalı damar ərimələrinin) aşkar edilmədiyini, elektrik dövrəsinin cərəyan mənbəyindən (akkumulyatordan) ayrılmış vəziyyətdə olduğunu, yanğının inkişaf dinamikasını (yayılma istiqamətini və sürətini) nəzərə aldıqda, “Bauer BG20H” markalı tırtıllı yerqazan texnikada yanğın, kənardan gətirilmiş alışdırıcı vasitənin təsiri nəticəsində baş verməsi üçün xarakterikdir. “Bauer BG20H” markalı tırtıllı yerqazan texnikada baş vermiş yanğının kənardan gətirilmiş alışdırıcı vasitənin təsirindən yaranması üçün xarakterik olduğu nəzərə alınaraq, yanğın hadisəsi zamanı qüvvədə olan hansı normativ aktların tələblərinin pozulmasına dair sual üzrə tədqiqat aparılmamışdır. Cinayət işinin İ cild 127-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının dəyəri 102 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 141-144-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli, 9/8883 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 25 dekabr 2023-cü il tarixli, 25/12 .23-İD №-li siyahıya əsasən 2008-ci il buraxılışlı, “Bauer” markalı, “BG20H” model, 1**-FY-*** dövlət qeydiyyat nişanlı traktorun ehtiyat hissələrinin 2023-cü ilin oktyabr ayına olan tarixə ümumi dəyəri təxminən 382312,76 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda qeyd edilən 2008-ci il buraxılışlı, “Bauer” markalı, “BG20H” model, 1**-FY-*** dövlət qeydiyyat nömrə nişanlı tırtıllı yerqazan traktorun 15 illik istismarına 50 % aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qalıq qiyməti təxminən 191 156,38 manat müəyyən olunur. Cinayət işinin İ cild 140-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 94-96-cı vərəqələrindəki Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 03 noyabr 2023-cü il tarixli, 144 saylı ekspert rəyinin surətindən görünür ki, yanğın baş vermiş “X5” MMC-yə məxsus “Bauer BG20H” markalı, 1**-FY-*** dövlət qeydiyyat nişanlı tırtıllı yer qazan maşının kabinə və kabinənin arxasındakı bölmələrdə bir-birindən ayrı, müstəqil yanğın mənbələrinin yerləşdiyini, həmin mənbələrdə elektrik cərəyan keçicilərdə, naqil və kabellərdə damar ərimələrinin müəyyən edilmədiyini, hadisədən əvvəl maşının qapılarının qıfılla bağlandığını, mühərrikin tam söndürüldüyünü və elektrik dövrəsinin (massanın) elektrik enerji mənbəsindən (akkumulyatordan) ayrılmış vəziyyətdə olduğunu, eləcə də, kabinənin daxilində maşının hissələrinə aid olmayan kənar predmetin (ucuna yanmış parça sarınmış əlvan metaldan olan çubuğun) aşkar edildiyini nəzərə aldıqda, yanğın “Bauer BG20H” markalı, 1**-FY-*** dövlət qeydiyyat nişanlı tırtıllı yer qazan maşının kabinə və kabinənin arxasındakı bölmələrinə (yanğının mənbələrinə) kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən yanar materialların alışmasından baş vermişdir. Yanğının “Bauer BG20H” markalı, 1**-FY-*** dövlət qeydiyyat nişanlı tırtıllı yer qazan maşının kabinə və kabinənin arxasındakı bölmələrinə (yanğının mənbələrinə) kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən yanar materialların alışmasından baş verdiyini nəzərə aldıqda, baş vermiş yanğın hadisəsi ilə əlaqədar normativ aktların pozulub-pozulmaması üzrə tədqiqat aparılmır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 236-237-ci vərəqələrində olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 26 aprel 2024-cü il tarixli, 1153 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamaqla, onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilməyib, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsir altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 78-79-cu vərəqələrində olan 04 oktyabr 2023-cü il tarixli yanğın haqqında aktdan görünür ki, yanğın hadisəsi 01 oktyabr 2023-cü il tarixdə, saat 02:45 radələrində Siyəzən rayonunun Qarasiyəzən kəndində, Ataçay çayının yaxınlığında baş vermiş, nəticədə “Bauer” markalı, “BG20H” model, 1**- FY-*** dövlət qeydiyyat nişanlı tırtıllı yerqazan texnikanın beyin və idarəetmə sistemləri yanaraq, texnikanın sahibi “X5” MMC-nin icraçı direktoru Nümayəndə1 200 000 (iki yüz min) manat məbləğində ziyan dəysə də, yanğından bədbəxt hadisə baş verməmişdir. Məhkəmə iclasında elan edilmiş işin İ cild 225-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 170-171-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 3(059)-78/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 10 (on) gün müddətində həbs təyin olunmuş, habelə həbs etmənin əvvəli 22 aprel 2024-cü il tarixdən saat 21:37-dən hesablanmışdır Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 211-ci vərəqəsində olan 25 aprel 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərarı ilə seçilmiş inzibati həbs cəzası nəzərə alınaraq, onun həbs müddətinin bitdiyi 02 may 2024-cü il tarixdən haqqında “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 239-240-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Beyləqan rayonunun, Yuxarı Çəmənli Ərazi Dairəsinin Qaradağlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü nizam-intizamlı aparmış, şəxsi təsərrüfatla məşğul olmuş, qonşuları, yaxın qohumları və yoldaşları ilə həmişə mehriban, ünsiyyətcil olmuş, onların arasında hörmət qazanmış, fiziki cəhətdən güclü, sadə və sakit təbiətli olub, yoldaşları arasında mehriban olması ilə fərqlənmişdir. Zəhmətsevər olmuş və ona tapşırılan işin öhdəsindən layiqincə gəlməyə səy göstərib, zərərli vərdişləri olmayıb, birgə yaşayış qaydalarına riayət edib, mübahisəyə meylli olmayıb, kənddə yaşadığı müddətdə ondan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çəmənli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət xarakterli müraciətlər daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 241-242-ci səhifələrindəki 13 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəməyə təqdimat verilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair 25 aprel 2024-cü il tarixli qərar ləğv edilmiş və sonuncu barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Siyəzən Rayon Məhkəməsinə təqdimat verilməsi qərar alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 7-9-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 4(059)-19/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 186.2.1-ci və 186.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 01 (bir) ay 09 (doqquz) gün həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 iyun 2024cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 234-cü vərəqəsində olan Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru Nümayəndə1 Siyəzən RPŞ-nə ünvanlandığı 06 iyun 2024-cü il tarixli, eləcə də, iş materiallarına əlavə olunmuş sözügedən MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanlandığı 22 oktyabr 2024-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə dəymiş ziyan tam şəkildə ödənildiydən, sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında elan edilərək cinayət işinin materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 iyun 2022-ci il təvəllüdlü Hüseynəli adında bir az yaşlı övladı var. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən yandırıb zədələmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, eləcə də, şahidin məhkəməyədək istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 186.2.1-ci və 186.2.2-ci maddələri ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində bir azyaşlı övladının olmasını, qeydiyyat yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Həmin Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun törətdiyi əməlin ictimaiyyət arasında rezonans və cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, ibtidai araşdırma dövründə barəsində seçilmiş cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozmasını, ticarət dövriyyəsində üstün mövqe əldə etmək məqsədi ilə, özgənin əmlakını bir növ qisas almaq niyyəti ilə qanunsuz olaraq, təhlükəli üsulla, qəsdən yandırıb, zədələdiyini şüurlu surətdə dərk etməsini, törətdiyi mülkiyyət əleyhinə olan cinayət hadisəsindən sonra uzun müddət təhqiqat orqanlarından gizlənərək, ibtidai araşdırmadan yayınmasını, nəhayət əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs kimi müəyyən edilərək dindirilən zaman, polis əməkdaşlarına qarşı kobudluq edərək, onların qanuni tələblərinə qəsdən tabe olmayıb, ictimai qaydanı pozmaqla, özünü üstün şəxs yerinə qoymasını, bu səbəbdən də, məhkəmənin qərarı ilə inzibati həbs olunmasını, ilkin dindirilmə zamanı qeyri-səmimi izahat verib, məsuliyyətdən boyun qaçırmasını, islah, o cümlədən tərbiyə olunmamasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan daha yüngül cəza təyin ediləcəyi və ya azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların isə olmaması ilə yanaşı, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 186.2.1-ci və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın 1/2 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 152 (bir yüz əlli iki) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.1-ci və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 152 (bir yüz əlli iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-46/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-46/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver