Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-47/2022 31.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 31 may 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1965-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Eynibulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, pensiyaçı, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Eynibulaq kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə “Covid-19” infeksiyasına yoluxması ilə bağlı verdiyi testin nəticəsi 09 fevral 2022-ci il tarixdən pozitiv olduğu üçün COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyata alındıqdan sonra yaşadığı Siyəzən rayonunun Eynibulaq kəndindəki evində karantinə alınmasına və karantin qaydalarına uyğun olaraq 7 gün müddət ərzində yaşadığı evi tərk etməməli olmasına baxmayaraq, 13 fevral 2022-ci il tarixdə axşam saatlarında karantin rejimi qaydalarını pozub, yaşadığı və özünü təcriddə olduğu Siyəzən rayonunun Eynibulaq kəndindəki evini idarə etdiyi **-RA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21011” markalı minik avtomobili ilə tərk edərək, yeni növ “Covid- 19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə təxminən saat 19:10 radələrində Siyəzən şəhərinin S. Xeyrullayev küçəsi ərazisində Siyəzən RPŞ-nin DYPBnin və PPXT-nın əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 08 fevral 2022-ci il tarixdə, günorta saatlarında əmisi oğlunun 40 mərasimində üşüməyə başlamış, habelə özünü pis hiss etdiyindən yaşadığı ünvana qayıtmışdır. Həmin gün axşam saatlarında yas mərasimində onunla olan qardaşı Zülfüqar zəng edərək, özünü necə hiss etməsi ilə maraqlanmış, o, isə üşüdüyünü bildirdikdə, qardaşı təcili tibbi yardımla əlaqə saxlamasını tövsiyə etmişdir. Bundan sonra, oğlu Şahid3 onun xəbəri olmadan təcili tibbi yardım çağırmış, təxminən 20 dəqiqə sonra həkimlər yaxınlaşıb, ona iynə vurub, çıxıb getmiş, eyni zamanda həmin məqamda ondan test nümunəsi götürmüşlər. Səhəri gün, yəni 09 fevral 2022-ci il tarixdə xəstəxanadan ona zəng vurub, ora yaxınlaşması istənilmiş, habelə testin nəticəsinin pozitiv olduğu bildirilməklə, xəstəxanada məlumatlandırılaraq, 7 gün evdən kənara çıxmaması barədə kağız təqdim olunmuşdur. Bundan sonra, o, yaşadığı evi tərk etməsə də, arvadı vəfat etdiyinə, oğlu işdə olduğuna, o cümlədən ona qulluq edən bir kəs olmadığına görə məcburiyyət qarşısında qalaraq, 13 fevral 2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində ürəyində ağrılar olduğu üçün dərman almaq məqsədilə özünə məxsus VAZ 21011 markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşməklə, Siyəzən şəhərinin S.Xeyrullayev küçəsindəki aptekin qarşısına gəlmiş, orada oğlu ilə danışıb, sonuncuya ora gəlməsini, avtomaşını idarə edə bilməyəcəyini, birlikdə evə qayıtmalı olacaqlarını qeyd etmişdir. Aptekə daxil olub, oradan dərman aldıqdan sonra avtomaşınına qayıdaraq, orada gözləyərkən Siyəzən RPŞ-nin DYPB-nin YPX inspektoru Həsənin avtopatruldan videoçəkilişlə onu çəkdiyini görmüş, həmçinin sonuncu ona yaxınlaşıb, maskasını taxmasını tələb edərək, ona Covid 19 xəstəsi ola-ola evi tərk etdiyini, bununla əlaqədar RPŞ-yə məlumat daxil olduğunu qeyd etmişdir. Bu barədə RPŞ-yə məlumat verildikdən, habelə şöbənin əməkdaşları ora gələrək, telefonla videoçəkiliş etdikdən sonra, avtopatrul avtomaşını ilə onu özünə məxsus, lakin həmin vaxt oğlunun idarə etdiyi avtomaşında yaşadığı evə qədər müşayiət etmiş, o cümlədən yaşadığı evi tərk etməməsi bir daha izah edilmişdir. 15 fevral 2022-ci il tarixdə özünütəcrid vaxtı tamam olduğundan təcili yardıma zəng vurub, çıxılmaz vəziyyətdə olduğunu qeyd etməklə, yenidən yaxma analizinin götürülməsini xahiş etmiş, müxtəlif bəhanələr gətirildikdən sonra, həmin gün yox, səhəri gün təcili yardım gəlib, ondan analiz götürmüş, habelə sağlam olduğu bildirilməklə, evdən çıxmasına icazə verilmişdir. Karantin qaydalarını məcburiyyət qarşısında pozaraq, yaşadığı ünvanı tərk etmişdir. Törətdiyi əməli səmimi şəkildə etiraf etməklə, peşmançılıq çəkməsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin manqa komandiri Şahid1 ifadəsində göstərdi ki, onun təqsirləndirilən şəxslə şəxsi münasibətləri olmasa da, sonuncunu əvvəldən Siyəzən rayon sakini kimi tanımış, həmçinin ona qarşı ədavəti və düşmənçiliyi olmamışdır. Hər gün onlara Covid 19 xəstələrin adlı siyahısı ilə bağlı xəstəxanadan, habelə bu xəstəliyə tutulan şəxslərdən kimin avtomobili varsa, dövlət qeydiyyat nişanının olduğu siyahı isə Siyəzən RPŞ-nin DYPB-dən təqdim edilir. Beləliklə, 13 fevral 2022-ci il tarixdə xidmətdə olarkən 19-20:00 radələrində Təqsirləndirilən şəxs avtomaşını dayanacaqda dayanıqlı vəziyyətdə olduğunu müşahidə edərək, Siyəzən şəhərinin S.Xeyrullayev küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində ona yaxınlaşıb, özlərini təqdim etmiş, habelə şəxsiyyətini müəyyənləşdirməklə, Təqsirləndirilən şəxs videoçəkilişlə xəstəliyinin tarixinin 15 fevral 2022-ci il tarixdə bitdiyini bildirib, bunu etməməli olduğu halda, hansı səbəbdən 13 fevral 2022-ci il tarixdə özünü təcriddə olduğu ünvanı tərk etdiyini soruşduqda, sonuncu dərman almaq məqsədilə yaşadığı evi tərk etdiyini bildirmiş, o, isə bunu başqa şəxs vasitəsilə də edə biləcəyini qeyd edib, habelə aktiv korona xəstəsi olduğunu, bunun qanunsuz olduğunu, digər insanları da bununla yoluxdura biləcəyini bir daha vurğulamışdır. Videoçəkiliş etdikdən sonra ora çağırılmış Siyəzən RPŞ-nin DYPB-nin YPX inspektoru Həsən Paşazadənin iştirakı ilə sonuncunun idarə etdiyi KİA markalı avtopatrulla, Təqsirləndirilən şəxs onlar tərəfindən yaşadığı ünvana kimi müşayiət edilmiş, habelə sonuncunun avtomaşını ilə evinə qayıtması təmin edilmişdir. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid2 Şahid1, digər Şahid3 isə atası, Təqsirləndirilən şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadələr verməklə, törədilmiş əməllə bağlı əhəmiyyətli məqamları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan X1 X2 Şəxsin 20 aprel 2022-ci il tarixli, 396 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə COVİD-19 görə Nazofarengial yaxma götürülmüş, müayinə olunmaq üçün X3 Əleyhinə Stansiyaya göndərilmişdir. 09 fevral 2022-ci il tarixində müayinənin nəticəsi pozitiv (müsbət) olmuş, Təqsirləndirilən şəxs həmin tarixdən 7 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılmışdır. 16 fevral 2022-ci il tarixində müayinənin nəticəsi neqativ (mənfi) olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-ci vərəqəsində olan 09 fevral 2022ci il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə bağlı nəticələrinin müsbət olması səbəbi ilə 09 fevral 2022-ci il tarixindən 7 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena normalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və Azərbaycan Respublikası İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-103-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, 09 fevral 2022-ci il tarixdən COVİD-19 xəstəsi kimi qeydiyyata alınmaqla, 7 gün ərzində yaşadığı Siyəzən rayonunun Eynibulaq kəndində yaşadığı evdə özünü təcrid formada karantinə alınmış Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə, saat 19:10 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt Disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan 10 mart 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-76-cı vərəqələrində olan xasiyyətnamədən və arayışdan, işin 59-cu vərəqəsində olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən 11 mart 2022-ci il tarixdə verilmiş 82 saylı arayışın surətindən, eləcə də işin 56- 58-ci vərəqlərində olan epikrizlərin surətlərindən görünür ki, sinus taxikardiyası xəstəliyindən əziyyət çəkən şəhid qardaşı olmaqla, pensiyaçı Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Eynibulaq kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməli, şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməli, mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməli, ümumi istifadə yerlərini tez-tez havalandırmalı, mənzili (evi) tərk etməməlidir. Bu Qaydaların 4-1-ci bəndinin İİ və İİİ yarımbəndlərinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli, 371 nömrəli Qərarı ilə təsdiq edilmiş “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nın 5.3-cü bəndinə əsasən COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 14 gün sonra verilir. “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli, 371 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli, 28 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli, 371 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nın 5.3-cü bəndində “14” rəqəmləri “7” rəqəmi ilə əvəz edilmişdir. “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a 1 nömrəli əlavənin 9.1-ci bəndinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən onlara SMS bildirişlər göndərilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf etməklə, səmimi peşmançılıq hissi keçirməsini, xəstəlikdən əziyyət çəkən şəhid qardaşı olaraq kifayət qədər yaşının olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, barəsində yüngülləşdirici halların olmasını, xüsusilə xəstəlikdən əziyyət çəkən şəhid qardaşı olaraq kifayət qədər yaşının olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/3 hissəsində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə, saat 19:10 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd olmaqla, cəmi 2 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdə, saat 19:10 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd olmaqla, cəmi 2 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-47/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-47/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver