Məhkəmə qərarları › İş №1(059)-48/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-48/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-48/2020 13.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs “Az-Maş” QTSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçilər-fərdi fəaliyyət göstərən vəkillər X5 və Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxxx 2020-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonu, Qalaşıxı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxx 1978-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olmaqla, Siyəzən rayonu, Qalaşıxı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 01:00 radələrində Siyəzən rayonu, Candahar kəndi ərazisində yerləşən “AZ MAŞ” QTSC-yə məxsus 90JV-816 dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobilinin üzərində quraşdırılmış, hər birinin qiyməti 240 manat olan 2 ədəd istifadəyə yararlı “Klema norm, Ca/Ca, 12b, 90” markalı, yük avtomobilləri üçün nəzərdə tutulan akkumlyatorları açaraq çıxarıb gizlin yolla talayıb hüquqi şəxs olan zərərçəkmiş "AZ MAŞ" QTSC-yə 480 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X4 da qrupa cəlb edərək xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində Siyəzən rayonu, Candahar kəndi ərazisində yerləşən “AZ MAŞ” QTSC-yə məxsus **-JZ-*** dövlət qeydiyyat nişanlı, “Howo” markalı və **-JZ-*** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobillərinin üzərində quraşdırılmış, hər birinin qiyməti 240 manat olan, ümumilikdə 4 ədəd istifadəyə yararlı “Klema norm, Ca/Ca, 12b, 90” markalı, yük avtomobilləri üçün nəzərdə tutulan akkumlyatorları açaraq çıxarıb gizlin yolla talayıb hüquqi şəxs olan zərərçəkmiş "AZ MAŞ" QTSC-yə 960 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 01:00 radələrində Siyəzən rayonu, Candahar kəndi ərazisində yerləşən “AZ MAŞ” QTSC-yə məxsus 90JV-816 dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobilinin üzərində quraşdırılmış, hər birinin qiyməti 240 manat olan 2 ədəd istifadəyə yararlı “Klema norm, Ca/Ca, 12b, 90” markalı, yük avtomobilləri üçün nəzərdə tutulan akkumlyatorları açaraq çıxarıb gizlin yolla talayıb hüquqi şəxs olan zərərçəkmiş "AZ MAŞ" QTSC-yə 480 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X4 da qrupa cəlb edərək xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində Siyəzən rayonu, Candahar kəndi ərazisində yerləşən “AZ MAŞ” QTSC-yə məxsus **-JZ-*** dövlət qeydiyyat nişanlı, “Howo” markalı və **-JZ-*** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobillərinin üzərində quraşdırılmış, hər birinin qiyməti 240 manat olan, ümumilikdə 4 ədəd istifadəyə yararlı “Klema norm, Ca/Ca, 12b, 90” markalı, yük avtomobilləri üçün nəzərdə tutulan akkumlyatorları açaraq çıxarıb gizlin yolla talayıb hüquqi şəxs olan zərərçəkmiş "AZ MAŞ" QTSC-yə 960 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu məhkumluğu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olmuş və xx xxxx 2018-ci il tarixdə isə cəzasının sonu ilə azadlığa çıxmış, habelə azadlığa çıxdıqdan sonra fərdi əməklə məşğul olmuşdur. Zarat kənd sakinləri Nəcəfi və Gülbalanı əvvəllər tanımış və onlarla heç bir düşmənçilik və ədavəti olmamış, Gülbala ilə kənddə mütəmadi olaraq görüşmüşdür. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixdə keçən gecə təxminən saat 00:00 radələrində Gülbala ilə kənddə bir yerdə olmuş, maddi vəziyyətləri pis olduğuna görə söhbət əsnasında oğurluq etmək qərarına gəlmiş, konkret olaraq heç kim təklif verməmiş, bu məqsədlə, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Siyəzən rayonu, Candahar kəndində yerləşən “Az-Maş” QTSC-nin ərazisinə getmişlər. Orada çoxlu sayda yük avtomobilləri olmuş və həmin ərazi mühafizə olunmamışdır. Qarşılarına ilk olaraq çıxan “Howo” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq əli ilə avtomobilin sağ tərəfindən yük yerinin altında olan akkumlyator yerləşən qutunu açıb, orada olan hər iki akkumlyator çıxartmış, bir akkumlyatoru özü, digərini isə Gülbala götürmüşdür. Bundan sonra, ayaqla Qalaşıxı kəndinə qayıtmış və təxminən saat 02:00 radələrində kəndə çatmış, habelə akkumlyatorları evinin həyətində olan tövlədə otların altında gizlətmişdir. Daha sonra, Gülbala öz evinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə Gülbala və Nəcəf ilə kəndin içində söhbət edən zaman söhbət əsnasında yenidən oğurluq etmək qərarına gəlmiş, sonuncuya Candahar kəndinin ərazisində “Az-Maş” QTSC-nin çoxlu sayda yük avtomobillərinin olduğunu bildirmişdir. Bundan sonra, onlar oraya gedib maşın akkumlyatorları oğurlamağa qərar vermiş, bu niyyətlə xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 02:00 radələrində qeyd olunan yerə gəlmişlər. Qarşılarına 2 ədəd “Howo” markalı, **-JZ-*** və **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər çıxmış, hər iki avtomobildən əvvəlki qaydada olduğu kimi açaraq hər birindən 2 ədəd, ümumilikdə 4 ədəd akkumlyator götürmüş, Nəcəf 2 ədəd akkumlyatoru avtomobilin yanında saxlamışdır. Bu zaman Nəcəfdən akkumlyatorları burada saxlama səbəbini soraşanda “gücüm çatmır apara bilmirəm” deyə bildirmişdir. Bu səbəbdən elə 2 ədəd akkumlyatoru orada saxlamışlar. Bundan sonra, Gülbala ilə hərəyə 1 ədəd akkumlyator götürüb Qalaşıxı kəndinə qayıtmış, Nəcəf isə yolda elə “Pir”in altında qalıb, kəndə gəlməmiş, bu dəfə hər iki akkumlyatoru kəndin içində Gülbalaya verib, evinə getmişdir. Bundan təxminən 1-2 gün sonra Gülbalanın akkumlyatorları satanda tutulduğunu eşitmişdir. Daha sonra, yaşadığı evə polislər gəlmiş və oğurluqla əlaqədar olaraq Siyəzən RPŞ-yə dəvət etmişlər. O, RPŞ-də etdiyi cinayət əməlini etiraf etmiş, oğurladığı akkumlyatorları polislərə təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını, dəymiş zərəri tam şəkildə ödəməsini, buna görə də zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qalaşıxı kənd sakinləri Nəcəfi və Həsənağanı əvvəllər tanımış və onlarla arasında heç bir düşmənçilik və ədavət olmamış, Həsənağa ilə kənddə mütəmadi olaraq görüşmüşdür. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixdə keçən gecə təxminən saat 00:00 radələrində kənddə Həsənağa ilə bir yerdə olmuş, maddi vəziyyətləri pis olduğuna görə söhbət əsnasında oğurluq etmək qərarına gəlmiş, konkret olaraq heç kim təklif verməmiş, bu məqsədlə, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 01:00 radələrində Siyəzən rayonu, Candahar kəndində yerləşən “Az-Maş” QTSC-nin ərazisinə getmişlər. Orada çoxlu sayda yük avtomobilləri olmuş və həmin ərazi mühafizə olunmamışdır. Həsənağa qarşılarına ilk olaraq çıxan “Howo” markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq əli ilə avtomobilin sağ tərəfindən yük yerinin altında olan akkumlyator yerləşən qutunu açıb, orada olan hər iki akkumlyatoru çıxartmış, bir akkumlyatoru o, digərini isə Həsənağa götürmüşdür. Bundan sonra, ayaqla Qalaşıxı kəndinə qayıtmış və təxminən saat 02:00 radələrində kəndə çatmış, habelə akkumlyatorları Həsənağa aparıb həyətlərində olan tövlədə otların altında gizlətmişdir. Daha sonra, o, öz evinə getmişdir. Bundan sonra, xx xxxxxx 2020-ci il tarixdə Həsənağa, Nəcəf ilə kəndin içində söhbət edən zaman oğurluq etmək qərarına gəlmiş, bu zaman X7 kəndinin ərazisində “Az-Maş” QTSC -nin çoxlu sayda yük avtomobillərin olduğunu deyib, oraya gedərək maşın akkumlyatorları oğurlamağa qərara almışlar. Bu niyyətlə xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 02:00 radələrində qeyd olunan yerə gəlmiş, orada olarkən Nəcəfə əvvəllərdə oğurluq etdiklərini bildirmişlər. Qarşılarına çıxan 2 ədəd “Howo” markalı, **-JZ-*** və **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yaxınlaşıb, hər iki avtomobildən əvvəlki qaydada olduğu kimi açaraq və hər birindən 2 ədəd, ümumilikdə 4 ədəd akkumlyator gizli olaraq talamış, Nəcəf isə 2 ədəd akkumlyatoru avtomobillərin yaxınlığında saxlamış, bunun səbəbini soruşduqda isə sonuncu “gücüm çatmır apara bilmirəm” deyə bildirmişdir. Bu səbəbdən elə 2 ədəd akkumlyatoru orada saxlamış, o və Həsənağa isə birlikdə hərəyə 1 ədəd akkumlyator götürərək Qalaşıxı kəndinə qayıtmış, Nəcəf isə yolda “Pir”in altı deyilən ərazidə qalıb, kəndə gəlməmişdir. Bu dəfə hər iki akkumlyatoru özü götürmüş, Həsənağa isə evinə getmişdir. xx xxxxxx 2020-ci il tarixdə, səhər saat 15:00 radələrində akkumlyatorları götürüb satmaq üçün qoyduğu yerə getmiş, elə həmin vaxt yoldan dəmir yığan maşının keçdiyini görüb, bu şəxsə 2 ədəd akkumlyatorunun olduğunu, satmaq fikrində olduğunu bildirmişdir. Adını sonradan bildiyi həmin Nizami adlı şəxsi əvvəllər görməmiş, sonuncu ona dəmir alış-verişi ilə məşğul olduğunu bildirmişdir. Nizami ilk növbədə akkumlyatorların oğurluq olub-olmamasını soruşduqda, ona akkumlyatorların oğurluq olmadığını bildirmiş, akkumlyatorları haradan əldə etməsi ilə maraqlandıqda isə ona qardaşının verdiyini bildirmişdir. Bundan sonra, o, hər iki akkumlyatoru Nizamiyə 50 (əlli) manata satıb, evinə qayıtmışdır. Həmin məqamda yaşadığı evə polislər gəlmiş və oğurluqla əlaqədar olaraq onu Siyəzən RPŞ-yə dəvət etmişlər. Orada etdiyi cinayət əməlini etiraf etmiş, oğurladığı akkumlyatorları polislərə təqdim etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, dəymiş zərəri tam şəkildə ödəməsini, buna görə də zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı və məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidin ifadəsi ilə eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs “Az-Maş” QTSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 2014-cü ildən “AZ-Maş” QTSC-nin hüquq məsələləri üzrə direktor müavini vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə Cəmiyyətə məxsus “Howo” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobildən 2 ədəd akkumlyator oğurlanmışdır. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi olan müddətdə Cəmiyyətə məxsus “Howo” markalı, ** JZ *** və ** JZ *** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin hər birinin 2 ədəd, ümumlikdə 4 ədəd akkumlyatorları oğurlanmışdır. Ümumilikdə şirkətə məxsus 3 yük avtomobildən 6 ədəd akulmyator oğurlanmışdır. Baş vermiş oğurluq zamanı 6 ədəd akkumlyatorun oğurlanması nəticəsində nümayəndəsi olduğu “Az-Maş” QTSC -yə ümumilikdə təxminən 800 manat məbləğində maddi zərər dəymişdir. Oğurlanmış akkumlyatorlar “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumlyatorlar olmuş, təxminən 1 il bundan əvvəl alınmış, işlək vəizyyətdə olan akkumlyator olmuşdur. Baş vermiş oğurluq nəticəsində Cəmiyyətin avtomaşınlarına aid bütün akkumlyatorlar qaytarılmış və dəymiş bütün ziyan ödənilmişdir. Bu səbəbdən də hazırda təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətləri və tələbləri yoxdur. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan "QAZ 3102" markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada dəmir qırıntılarını alıb- satmaqla məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə yenə dəmir alışı məqsədi ilə rayonlara getmiş, təxminən saat 12:00 radələrində Siyəzən rayonu, Qalaşıxı kəndində olarkən adını sonradan öyrəndiyi Gülbala adlı şəxs yaxınlaşaraq özündə satmağa 2 ədəd akkumlyator olduğunu bildirmişdir. Gülbalaya akkumlyatorlara baxmaq istədiyini bildirmiş, sonuncu 100 vatlıq yük avtomobilinin akkumlyatorlarını göstərmişdir. Bundan sonra, o, Gülbaladan həmin akkumlyatorları haradan əldə etməsi baradə maraqlandıqda, sonuncu akkumlyatorların özünə məxsus olduğunu və yük avtomobili sürücüsü qardaşının verdiyini bildirmişdir. Hər iki akkumlyatorlara görə Gülbalaya 50 manat pul verib, onları almışdır. Bundan sonra, baş vermiş hadisə ilə əlaqədar olaraq o, Siyəzən RPŞ-yə dəvət edilmiş, orada Gülbalanın oğurluq etdiyini və akkumlyatorların oğurluq olması barədə eşitmişdir. Daha sonra, RPŞ-nin əməkdaşlarına akkumlyatorları qaytarmış, habelə onların oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-119-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3448 nömrəli ekspert rəyinin surətindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, bir il əvvəl alınmış və işlənmiş, lakin xarici görünüşünə görə təyinatı üzrə istifadəyə yararlı olan “Klema norm” adlı yük avtomobili üçün akkumulyatorun işlənmiş vəziyyətdə, 2020-ci ilin yanvar ayına, köhnəlməsi nəzərə alınmaqla respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 240 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli əşyaların maddi sübut kimi tanıması və saxlanca verilməsi barədə qərardan görünür ki, “Az-Maş” QTSC-dən oğurlanmış 6 ədəd akkumulyatorlar maddi sübut kimi tanınmaqla, gündəlik iş fəaliyyətində lazım olduğu üçün QTSC-yə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 239-249-cu vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham, eləcə də barələrində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, onların əməllərində CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələr ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan əlavə, qərarla Şahid əməlində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunsa da, hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxx 2020-ci il tarixli tələbnaməsindən, eləcə də, işin 111-114-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(059)-63/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olan şəxsdir. Cinayət işinin 180-181-ci vərəqəsindəki xx xxx 2020-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 207-208-ci vərəqələrindəki xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 230-cu vərəqəsindəki xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 154-155-ci və 191-192-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, şəxsiyyət vəsiqələrinin surətlərindən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində xx xxxx 2005-ci il təvəllüdlü Hüseynağa, xx xxxx 2006-cı il təvəllüdlü Ağamir, xx xxxxxx 2008-ci il təvəllüdlü Səma adlı üç övladı olan Siyəzən rayonu, Qalaşıxı kəndində yaşayan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Cinayət işinin 156-157-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonu, Qalaşıxı kəndində yaşayan Təqsirləndirilən şəxs2 barəsində Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(059)-33/2020 saylı hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 232.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin X2 məhkəmə məsrəfi hesab olunan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərcinin tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, habelə iş üzrə maddi sübut olan və gündəlik iş fəaliyyətində lazım olan “Az-Maş” QTSC-yə məxsus ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı və ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobillərinin üzərindən götürülmüş 4 ədəd istifadəyə yaralı “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumulyatorların zərərçəkmiş şəxs “Az-Maş” QTSC-yə qaytarılmış hesab edilməsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin nümayəndəi Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, hüquqlarını təmsil etdiyi “Az-Maş” QTSC-yə dəymiş zərər tam şəkildə ödənildiyinə görə onların təqsirləndirilən şəxslərə qarşı şikayətləri və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 özlərinin etirafları, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidin ifadəsi, eləcə də iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs1 barəsində şikayət daxil olmamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini və onun tərəfindən bu dəfə başqa kateqoriyadan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısı həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini və onun əvvəllər məhkum olunmasına, eləcə də məhkumluğunun ödənilməsinə baxmayaraq, bu dəfə başqa kateqoriyadan cinayət əməlini törətməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs2 hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olmaqla, istifadəyə yararlı 2 ədəd “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumulyatorların zərərçəkmiş şəxs “Az-Maş” QTSC-yə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(059)- 33/2020 saylı hökmü ilə X2 məhkəmə məsrəfi hesab olunan cəmi 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərcinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi üçün tutulması, həmçinin iş üzrə maddi sübut olan və gündəlik iş fəaliyyətində lazım olan “Az-Maş” QTSC-yə məxsus ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı və ** JZ *** dövlət qeydiyyat nişanlı, “Howo” markalı yük avtomobillərinin üzərindən götürülmüş 4 ədəd istifadəyə yaralı “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumulyatorların zərərçəkmiş şəxs “Az-Maş” QTSC-yə qaytarılmış hesab edilməsi bu cinayət işi üçün də nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəliTəqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla, istifadəyə yararlı 2 ədəd “Klema norm, Ca/Ca, 12b, 90” markalı yük avtomobilləri üçün nəzərdə tutulan akkumulyatorların zərərçəkmiş şəxs “Az- Maş” QTSC-yə qaytarılması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar