Məhkəmə qərarları › İş №1(059)-49/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-49/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-49/2024 27.08.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 27 avqust 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə həbs olunanadək fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli, 1(002)-238/2014 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 05 (beş) il 03 (üç) ay 18 (on səkkiz) gün hissəsi ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 19 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin şəhərin M.Ə.Rəsulzadə küçəsi ev 129 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd 7229-K nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda 1958-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, 16 kalibrli, ZKM modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hamar tək lüləli odlu yivsiz silah hesab edilən 01 ədəd ov tüfənginin kəsiyini əldə edib, saxlamaqla üzərində gəzdirərək ünvan 2 ünvanında yerləşən yaşadığı evin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 20 may 2024-cü il tarixdə, saat 17:30-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq, gətirildiyi Siyəzən RPŞ-də həmin tarixdə, saat 18:50-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı yuxarıda qeyd olunan ov tüfənginin kəsiyi əlində saxladığı narıncı rəngli sellofan paketin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, 20 may 2024-cü il tarixdə, təxminən saat 17:30 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında X2 ilə birlikdə dayanarkən mülki geyimdə olan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Siyəzən RPŞ-yə aparılmışlar. Orada Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, hazırda şahid qismində məhkəmə iclasına dəvət edilmiş Şahid odlu silahı ona verərək, ondan, həmin silahın ona məxsus olduğunu bildirməsini istəmiş, əks təqdirdə barəsində növünü bilmədiyi 5 qram çəkidə narkotik vasitə ilə cinayət işi başlanılacağını qeyd etmişdir. Bundan sonra, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, habelə 21 may 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla belə elə polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və psixi təzyiq və təsirə məruz qalmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, psixi xəstəliyi vardır. Tərtər Hərbi Məhkəməsinin 2011-ci il tarixli hökmü ilə CM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 ay müddətinə və Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş əməllərini törətməkdə təqsirli bilinərək, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, X3 onun tanışıdır, sonuncu ilə eyni məhəllədə yaşamaqla yanaşı, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Bundan əlavə, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 02 ay əvvəl Siyəzən rayonunda yerləşməklə, “Dərə” adlanan ərazidə olduğu zaman yerdə 01 ədəd tüfəng olduğunu, tüfəngi götürüb baxan zaman lülə və qundaq hissələrinin kəsildiyini görmüş və həmin tüfəng onda maraq oyatdığı üçün özündə saxlamışdır. 20 may 2024-cü il tarixdə, təxminən saat 17-18:00 radələrində yaşadığı ünvanın qarşısında tanışı Fəhmin Pirəliyevlə birlikdə olduğu zaman, onlara yaxınlaşmış bir neçə nəfər mülki geyimdə olan şəxslər özlərini təqdim edərək, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirərək, onlardan anket məlumatlarını soruşmuş, habelə onlar özlərini təqdim etdikdən sonra, polis əməkdaşları onun odlu silah və döyüş sursatı əldə edib saxlamaqda şübhəli olduğunu bildirib, onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onları Siyəzən rayon Polis Şöbəsinə dəvət etdiklərində, buna etiraz etməyərək, Fəhmin Pirəliyev və o, əlində narıncı rəngli sellofan torba ilə birlikdə həmin Şöbəyə getmişlər. Polis şöbəsində hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş və o, vəkilə etirazı olmadığını bildirdikdən sonra, onun üzərinə şəxsi axtarış, Fəhmin Pirəliyevin üzərinə isə baxış keçirilməyə başlanmışdır. İlk olaraq onun üzərinə şəxsi axtarış keçirilərkən təklif əsasında əlində saxladığı narıncı rəngli sellofan paketin içərisində tüfəng olduğunu bildirib, həmin paketi masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan başqa o, əynində olan şalvarının sol yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb, masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı əlində saxladığı sellofan paketdə olan tüfəngi təxminən 02 ay əvvəl Siyəzən rayonunda yerləşən “Dərə” adlanan ərazidən tapdığını, silahlara marağı olduğu üçün özündə saxladığını, həmin tüfəngin onda olmasından heç kimin, eləcə də Fəhmin Pirəliyevin məlumatının olmadığını bildirmişdir. Bundan sonra, ondan aşkar edilərək, götürülmüş tüfəng narıncı rəngli sellofan paketdə qablaşdırılmaqla, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, həmçinin həmin paket və aşkar edilmiş iki ədəd mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra, Fəhmin Pirəliyevin üzərinə keçirilən baxış zamanı sonuncu təklif əsasında əynində olan şalvarının ciblərindən 01 ədəd mobil telefonu və 04 manat 80 qəpik pulu masanın üzərinə qoyub təqdim etmiş, habelə davam etdirilmiş baxış zamanı Fəhmin Pirəliyevin üzərindən başqa əşya və ya prdemet aşkar edilməməklə yanaşı, aşkar edilmiş mobil telefon və pul sonuncuya qaytarılmışdır. Bundan sonra, şəxsi axtarış, baxış və götürmə barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilən tüfəngi Siyəzən rayonunda yerləşməklə, “Dərə” adlanan ərazidə yerdən tapmış, onda maraq oyatdığı üçün özündə saxlamış, başqa hər hansı bir məqsədi olmamaqla yanaşı, odlu silahdan heç bir cinayətin törədilməsində istifadə etməmiş, həmin silahın onda olmasından heç kimin xəbəri olmamış, başqa heç yerdə odlu silah, onun komplekt hissəsi və ya döyüş sursatı, həmçinin, soyuq silah saxlamamışdır. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 20 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında, sonuncu və onunla birlikdə olan Fəhmin adlı şəxs həmin tarixdə, saat 17:30 radələrində Siyəzən şəhərinin M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq, üzərilərində şəxsi axtarış keçirilməsi məqsədilə Siyəzən rayon Polis Şöbəsinə gətirilmişlər. Orada Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncu təklif əsasında sağ əlində saxladığı narıncı rəngli sellofan paketi təqdim edib, paketin içərisində lüləsi və qundağı kəsilmiş tüfəng olduğunu, həmin tüfəngi tapmaqla, üzərində saxladığını bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs üzərində davam edən şəxsi axtarış zamanı sonuncu telefonlarını da təqdim etsə də, Fəhmin adlı şəxsin üzərində keçirilən şəxsi axtarış zamanı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra, müvafiq sənədləşmə işləri aparılmış, habelə aşkar edilmiş predmet müvafiq qaydada qablaşdırılmışdır. Bundan başqa, o, Təqsirləndirilən şəxs odlu silahın, əks təqdirdə 5 qram narkotik vasitənin özünə məxsus olduğunu bildirməsini istəməmiş, habelə sonuncu tərəflərindən saxlanılarkən içərisindən lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilmiş narıncı rəngli sellofan paket onun üzərində olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21 may 2024-cü il tarixli, 24/952 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 7229-K №-li silah ilkin variantda keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda 1958-ci ildə istehsal olunmuş 16 kalibrli ZKM modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfəngi olub, lakin, sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 337 mm, ümumi uzunluğu 530 mm olan silah öz ilkin təyinatını itirmiş ZKM modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Hüquqi Şəxsi tərəfindən 24 iyun 2024-cü il tarixdə verilmiş 1820 nömrəli komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu kompensasiya mərhələsində aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət yoxdur. Cinayət işinin 26-28-ci vərəqələrində olan 20 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, eləcə də işin 29-cu vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd CD diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin tarixdə, saat 18:50-dən saat 19:06-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-də xidməti iş otağında keçirilən şəxsi axtarış zamanı onun sağ əlində saxladığı narıncı rəngli sellofan paketin içərisindən lüləsi və qundağı kəsilmiş tüfəng aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş odlu silahı sərbəst şəkildə kənar təsir olmadan təqdim etməsi vizual müşahidə edilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı video videokamera vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-112-ci, eləcə də işin 166-177-ci vərəqələrində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin 21 may və 12 iyul 2024-cü il tarixli müvafiq olaraq maddi sübut kimi tanınma və sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd ZKM modelli odlu silah maddi sübut kimi tanınaraq saxlanması üçün DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərində 20 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 141-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 iyun 2024-cü il tarixli tələbnaməsindən, eləcə də, işin 112-114-cü vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli, 1(002)- 238/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 05 (beş) il 03 (üç) ay 18 (on səkkiz) gün hissəsi ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 19 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-110-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 4(005)-699/2024 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 may 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-129-cu vərəqələrində olan xasiyyətnamə və arayışlardan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin şəhərin M. Ə. Rəsulzadə küçəsi, ev 129 ünvanında yaşamış Təqsirləndirilən şəxs Ağası oğlu barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspert rəyləri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Yəni, Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan halda, Təqsirləndirilən şəxs aşkar olunan ittihamın əsasını təşkil edən silahın ona aid olmadığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli, 1(002)-238/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 05 (beş) il 03 (üç) ay 18 (on səkkiz) gün hissəsi ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasına, 19 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, onun hazırkı əməlinə münasibətdə təhlükəli residiv yaranmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bundan başqa, 01 iyun 2016-cı il tarixdən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli Qanununa görə Cinayət Məcəlləsinin 18.4-cü maddəsində dəyişiklik edilmişdir. Həmin Qanunun 1.1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.4-cü maddəsi aşağıdakı redaksiyada verilmişdir. 18.4. Residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: 18.4.1. böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar; 18.4.2. yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar; 18.4.3. bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar. Göründüyü kimi hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Bununla da, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli hökmü ilə təqsirli bilinib, məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi üzrə törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğuna görə onun hazırkı əməlinə münasibətdə cinayətin təhlükəli residivi yaranmır. Belə ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən cinayət etmiş və məhkumluğu ödənilməmiş şəxsin vəziyyətini yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsi anlamında cinayətin təhlükəli residivini yaratmır. Çünki, artıq böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar hər bir mənada, yəni təyin ediləcək cəzanın növündən asılı olmayaraq residivi istisna edir. Bununla belə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməllə ictimai təhlükəsizliyə qəsd etdiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini (əvvəllər başqa kateqoriyadan törətdiyi cinayət əməllərinə görə çəkdiyi cəzalardan nəticə çıxarmamasını, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, məhkumluğu ödənilmədən yeni cinayət törətməsini), odlu silaha maraq göstərməklə, onu mənimsəyərək, qanunsuz olaraq saxlayıb, özü ilə daşıyaraq gəzdirməsini, bu əməli ilə özünü cəmiyyətin və ictimaiyyətin fövqündə qoymasını, sözügedən silahı əldə etdiyi mənbə ilə bağlı qeyri-səmimilik nümayiş etdirməsini, hüquq pozuntusuna meyl etməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına və hüquqazidd əməllərini davam etdirəcəyinə kifayət qədər əsaslar olmasını, cəzasını yüngülləşdirən halın olmaması ilə yanaşı, yuxarıda qeyd olunan ağırlaşdırıcı halın mövcudluğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 5/6 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində 20 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalı, digər maddi sübut, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd 7229-K nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda 1958-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli ZKM modelli, çaxmaqlı, halhazırda lüləsinin uzunluğu 337 mm, ümumi uzunluğu 530 mm olan, hazırda öz təyinatını itirmiş hamar tək lüləli ov tüfənginin kəsiyi isə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 20 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd 7229-K nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda 1958-ci ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, odlu, yivsiz, 16 kalibrli ZKM modelli, çaxmaqlı, hal-hazırda lüləsinin uzunluğu 337 mm, ümumi uzunluğu 530 mm olan, hazırda öz təyinatını itirmiş hamar tək lüləli ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində 20 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd CD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar