Məhkəmə qərarları › İş №1(059)-50/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-50/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-50/2024 03.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 03 sentyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci il tarixdə Şabran rayonunun Qalaşıxı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Zarat ərazi dairəsinin Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1,690 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, özünə məxsus “VAZ 2106” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin üçün olan oturacağının sağ tərəfinin üstündə olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibində saxlamaqla daşımış və 04 may 2024-cü il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Siyəzən rayonun Zarat kəndi ərazisində yerləşməklə, “Xıdırzində Piri” adlı ziyarətgahın yaxınlığında yerləşən fərdi qaydada qəssab işlədiyi iş yerində şübhəli şəxs qismində saxlanılaraq, avtomobili ilə birlikdə gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilən zaman onun avtomobilinin arxa sərnişin üçün olan oturacağının sağ tərəfinin üstündə olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şpris, 01 ədəd eninə kəsilmiş şüşənin içərisindən şəffaf rəngli bükümdə həmin çəkidə psixotrop maddə olan metamfetamin, habelə avtomobilin sağ ön oturacağının qarşısında olan saxlanc yerindən 01 ədəd sınıq şüşə ampula, 01 ədəd üzərində “Valerian” sözləri yazılmış şüşə qab və 02 ədəd 1 ml-lik şprislər aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, həqiqi hərbi xidmətdən gəldikdən sonra, uzun müddət narkotik vasitə heroindən istifadə etsə də, təxminən 2-3 il olar psixotrop maddə metamfetamindən istifadə edir. 04 may 2024-cü il tarixdə, saat təxminən 11:00 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən Xıdırzində Piri adlı ziyarətgahın yaxınlığında “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilində olarkən üç nəfər polis əməkdaşı ona yaxınlaşıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirərək, onu özünə məxsus avtomobili ilə birlikdə rayon Polis Şöbəsinə dəvət etmişlər. Beləliklə, orada Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman üzərindən qanunsuz əşya və predmet aşkar olunmasa da, razılığı ilə RPŞ-nin həyətində saxladığı “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən avtomobilinin sağ ön oturacağının qarşısında olan saxlanc yerindən 01 ədəd üzərində “Valerian” sözləri yazılmış şüşə qab və 01 ədəd şpris, salonun arxa oturacağının sağ tərəfindən 01 ədəd folqa, 02 ədəd 1 manatlıq pul əsginası, həmçinin sağ arxa oturacağın üzərində olan qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd şpris, 01 ədəd eninə kəsiyinə şüşə, həmin şüşənin içərisindən şəffaf rəngli bükümdə ağ rəngli kristal kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra, müvafiq sənədləşmə işləri aparılmış, habelə avtomobilindən aşkar edilmiş predmetlər boş zərfə qablaşdırılmaqla, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, həmçinin 2 ədəd 1 manatlıq pul əsginası onun özünə qaytarılmışdır. Eyni zamanda, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Hazırda əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində biri azyaşlı və xəstə olmaqla, üç övladının olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 04 may 2024cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində və idarə etdiyi avtomobildə saxlaması barədə daxil olmuş əməliyyat məlumat əsasında Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 tərəfindən protokol tərtib edilmiş, habelə müvafiq sənədləşdirmə işləri aparılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00 radələrində o və Əbdülkərim Məmmədov tərəfindən Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən Xıdırzində Piri adlı ziyarətgahın yaxınlığında idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saxlanılmış, habelə üzərində şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi məqsədilə rayon Polis Şöbəsinə dəvət edilmişdir. Orada, Siyəzən RPŞ-nin İB-nin sabiq müstəntiqi Lətifov Şahid Sahib oğlunun və Müdafiəçi iştirakları, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmasa da, onun avtomobilinə keçirilən baxış zamanı avtomobilinin sağ ön oturacağının qarşısında olan saxlanc yerindən 01 ədəd üzərində “Valerian” sözləri yazılmış şüşə qab və 01 ədəd şpris, salonun arxa oturacağının sağ tərəfindən 01 ədəd folqa, 02 ədəd 1 manatlıq pul əsginası, habelə sağ arxa oturacağın üzərində olan qəhvəyi rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd şpris, 01 ədəd eninə kəsiyinə şüşə, həmin şüşənin içərisindən şəffaf rəngli bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra, aşkar edilmiş predmetlər boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, şəxsi axtarış və baxış zamanı polis əməkdaşı Cavidan Dadaşov tərəfindən “Nikon” markalı videoaparat vasitəsilə videoçəkiliş aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyriinsani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 41-42-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2024-cü il tarixli, 3-16-16/2-6/2505 saylı ekspert rəyindən görünür ki, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs idarəsində olan **-BB-*** dövlət qeydiyyat nişanlı Vaz 2106 markalı nəqliyyat vasitəsindən aşkar olunmuş ...” yazıları və imzalar olan zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,690 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd gümüşü rəngli falqada və 01 ədəd sınıq şüşə ampulanın daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəklində olduğundan çəkisini müəyyən etmək və bükümdə olan metamfetaminlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir; 01 ədəd üzərinə “Valerian” sözləri yazılmış şüşə qabın, 03 ədəd 1 ml-lik şprislərin daxilində narkotik vasitə heroinə məxsus izlər vardır. Heroin iz şəkilində olduğundan çəkisini müəyyən etmək mümkün deyildir; 02 ədəd 1 manatlıq pul əskinaslarının üzərində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar olunmamışdır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,640 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 80 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 06 iyun 2024-cü il tarixdə verilmiş 4038 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 04 may 2024-cü il tarixli şəxsi axtarış, nəqliyyat vasitəsinə baxış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 11:46-dan saat 12:12-dək olan müddət ərzində, Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında sonuncunun üzərində və idarə etdiyi avtomobildə keçirilən şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetamin idarə etdiyi “Vaz 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonun arxa sərnişin üçün olan oturacağın sağ tərəfinin üstündə olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd eninə kəsiyində olan şüşənin içərisindəki bükümün içərisindən aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-cu vərəqəsində olan Siyəzən Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 5(059)-29/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Siyəzən RPŞ-nin ƏİÜ rəis müavini X4 tərəfindən qəbul edilmiş 04 may 2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-ci vərəqəsində olan 07 may 2024cü il tarixli maddi sübut kimi tanınma və işin 90-96-cı vərəqələrində olan 29 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,640 qram psixotrop maddə metamfetamin, daxilində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd sınıq şüşə ampula, daxilində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd üzərində “Valerian” sözləri yazılmış şüşə qab və 03 ədəd 1 ml-lik şprislər cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, həmçinin 04 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın və nəqliyyat vasitəsinə baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 10-cu vərəqəsində olan 04 may 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-cı vərəqəsində olan 06 may 2024cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-76-cı vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 20 iyun 2013-cü il təvəllüdlü Əli və 04 sentyabr 2015-ci il təvəllüdlü Tamerlan adında iki yetkinlik yaşına çatmayan, 22 noyabr 2019-cu il təvəllüdlü Binyamin adında isə bir az yaşlı uşağı olan, Siyəzən rayonun Zarat kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdardan 11 dəfə artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 29 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdardan 11 dəfə artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib, saxlamaqla, daşımasını, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, pis vərdişinin gələcəkdə ailə üzvlərinə mənfi təsir göstərə biləcəyini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/2 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırmanövündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İV və Vİ hissələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,640 qram təşkil edən psixotrop maddə metamfetamin, daxilində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd sınıq şüşə ampula, daxilində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd üzərində “Valerian” sözləri yazılmış şüşə qab və 03 ədəd 1 ml-lik şprislər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 04 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,640 qram təşkil edən psixotrop maddə metamfetamin, daxilində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd sınıq şüşə ampula, daxilində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd üzərində “Valerian” sözləri yazılmış şüşə qab və 03 ədəd 1 ml-lik şprislər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 04 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar