Məhkəmə qərarları › İş №1(059)-51/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-51/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-51/2023 11.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 11 iyul 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1977-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Sədan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olmayan, "xxxx" MMC-də traktorçu-maşinist vəzifəsində işləyən, Şabran rayonu, Ağbaş kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktının nəticəvi hissəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində insanların toplaşdığı Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısında Zərərçəkmiş şəxs işlədiyi meyvə-tərəvəz mağazasının qarşısında heç bir əsaslı səbəb olmadan ucadan nalayiq söyüşlər edərək, insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni, ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək, Zərərçəkmiş şəxs yerə yıxmaqla, onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq ona burun belinin və sol əlin baş barmağının yumşaq toxumalarının əziyi və sağ gözaltı nahiyənin qançırı yüngül xəsarəti yetirməklə müşayiət edilən qərəzli hərəkətləri edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ilkin olaraq qeyd edir ki, Zərərçəkmiş şəxs işlətdiyi meyvə-tərəvəz mağazasına dava etmək məqsədi ilə deyil, Şahid yaşadıqları evə qaytarmaq, həmçinin sonuncunun əmisi Rövşəngilə apardığı bir ədəd inək və bir ədəd dananın qaytarılmasını tələb etmək üçün getmişdir. Belə ki, bu məqsədlə Mirzəmmədin mobil telefon nömrəsinə bir neçə dəfə zəng vursa da, sonuncu zənglərinə cavab verməmişdir. Ona görə də, 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısında Rövşənin işlətdiyi meyvə-tərəvəz mağazasının qarşısına gəlib, sonuncudan Mirzəmmədi yaşadıqları evə qaytarmasını istəmiş, Rövşən isə Mirzəmmədi yanına çağırıb, ondan atasının kim olmasını soruşduqda, sonuncu atasının Çingiz olduğunu bildirmişdir. Həmin vaxt Rövşənə Mirzəmmədin atasının mərhum Çingiz olmasının hər kəsə məlum olduğunu bildirsə də, verilən cavab ona pis təsir etmişdir. Bundan sonra, Rövşəni kənara çəkmiş, habelə aralarında dava başlasa da, birinci kimin vurmasını xatırlamır, eləcə də, hazırda sonuncu ilə barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, mərhum qardaşı X1 İlyasov bacısının toy ərəfəsində onlarla birlikdə yaşamaqla, işlətdiyi meyvə-tərəvəz mağazasında da, ona köməklik göstərmişdir. Həmin ərəfədə yəni, hadisədən təxminən 15-20 gün öncə Mirzəmməd İİ Qarabağ müharibəsi iştirakçısı kimi aldığı müavinət ilə "xxxx" ASC-dən kreditlə pul götürdüyünü, həmin məbləğlə də bir ədəd inək və bir ədəd dana aldığını, həmin heyvanların Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonun Ağbaş kəndindəki həyətdə olduğunu, heyvanları yaşadıqları həyətə gətirmək istədiyini bildirib, bunun üçün ondan yol pulu almış, habelə həmin heyvanları yaşadıqları həyətə gətirmişdir. Bundan sonra, 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısında meyvə-tərəvəz mağazasında olarkən Bəxtiyar oraya gəlib, Mirzəmmədə niyə yaşadığı evə gəlməsinə icazə vermədiyini soruşduqda, sonuncunun yetkinlik yaşına çatmış şəxs olduğunu bildirmişdir. Bu zaman tutarlı səbəb olmadan Bəxtiyar üz nahiyəsinə yumruq zərbəsi endirmiş, habelə aralarında təxminən 5-6 dəqiqə davam edən dava olmuşdur. Hazırda təqsirləndirilən şəxs ilə barışmaqla, yaxın qohumu olan sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs atalığıdır, sonuncuya qarşı heç bir düşmənçiliyi və ədavəti yoxdur, habelə onunla barışmışdır. 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısında meyvə-tərəvəz mağazasında əmisi Zərərçəkmiş şəxs ilə meyvə-tərəvəz satışı ilə məşğul olarkən atalığı Təqsirləndirilən şəxs avtomaşınla gələrək, mağazanın qarşısında düşmüş, bir ədəd mandarin soyub yedikdən sonra, sonuncu ilə əmisi mağazanın arxa tərəfində heyvanları gətirməyi barədə söhbət etməyə başlamışlar. Bundan sonra, onlar mağazanın qarşısına gəlmiş, habelə atalığı əmisindən onun kimin oğlu olduğunu soruşmuş, sonuncu mərhum Çingizin oğlu olduğunu bildirdikdə, atalığı hər kəsin bunu bildiyini bildirib, əmisi ilə dava etməyə başlamışdır. Hadisə təxminən 10 dəqiqə davam etsə də, həmin vaxt birinci kimin kimi vurmasını xatırlamır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 29-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X4 məhkəmə-tibb ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 298 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun belinin və sol əlin baş barmağının yumşaq toxumalarının əziyi və sağ gözaltı nahiyənin qançırı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən şəraitdə yarana bilər, boyu hündürlüyündən yıxılmaya və öz-özünə yetirilməyə xarakterik deyil, yaranma müddəti bir günə qədər olub 25 noyabr 2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin 11-12-ci vərəqələrində olan 25 noyabr 2022-ci il tarixli diskə baxış keçirmə haqqında protokoldan, eləcə də həmin tarixdə hadisənin baş vermə görüntülərinin köçürüldüyü 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs dövlət qeydiyyat nişanı görünməyən “Lada” VAZ 21099 markalı avtomaşınla Zərərçəkmiş şəxs meyvə-tərəvəz satışı ilə məşğul olduğu Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketin qarşısına gəlmiş, sonradan sonuncu ilə söz mübahisəsi etmiş, onunla əlbəyaxa olmuş, daha sonra onu yumruqla vurmuş, habelə, sonradan Zərərçəkmiş şəxs və Şahid tərəfindən döyülmüşdür. Belə ki, bu görüntülərdən tərəflərin qarşılıqlı şəkildə dalaşdıqları aydın görünür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 179-187-ci vərəqələrində olan 13 may 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar video görüntülərin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 133-135-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli tələbnaməsindən, eləcə də iş materiallarına əlavə olunmuş Siyəzən rayon icra qrupunun 16 may 2013-cü il tarixli, 410 saylı məktubunun surətindən görünür ki, Şabran Rayon Məhkəməsinin 17 noyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 173-cü vərəqəsindəki 10 may 2023-cü il tarixli başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 62-63-cü vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 31 mart 2006-cı il təvəllüdlü Şəhriyar, 18 may 2009-cu il təvəllüdlü Nuray, 13 avqust 2014-cü il təvəllüdlü Ülkər adında üç yetkinlik yaşına çatmayan, 09 yanvar 2020-ci il təvəllüdlü Ömür adında bir azyaşlı uşağı olan, Ağayev X2 rayonunun Ağbaş kəndində yaşadığı müddətdə həmyaşıdlarının və qonşularının hörmətini qazanmışdır. Ailəli olmaqla 6 uşağı var, həmçinin heç bir siyasi partiyanın üzvü deyildir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 18 və 20 iyun 2023-cü tarixlərdə tərtib edilmiş ərizələrdən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, həmçinin ona qarşı heç bir şikayəti və tələbləri yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxsin yaxın qohumu olmasını nəzərə alaraq, sonuncuya yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Bundan əlavə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının İV bəndinin İ və İİ cümlələrində göstərilmişdir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Göründüyü kimi Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində insanların toplaşdığı Siyəzən şəhərinin Heydər Əliyev küçəsində yerləşən Okean marketlə üz-üzə Zərərçəkmiş şəxs işlədiyi meyvə-tərəvəz mağazasının önündə heç bir əsaslı səbəb olmadan ucadan nalayiq söyüşlər edərək, insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni, ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs yerə yıxmaqla, onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq ona burun belinin və sol əlin baş barmağının yumşaq toxumalarının əziyi və sağ gözaltı nahiyənin qançırı-yüngül xəsarəti yetirməklə, müşayiət edilən qərəzli hərəkətləri edərək xuliqanlıq etmişdir. Lakin, ibtidai araşdırma orqanı "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının İV bəndinin İ və İİ cümlələrinin tələblərini, o cümlədən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin obyektiv cəhətinin əsas tərkib əlaməti kimi çıxış edən zor tətbiq etmənin həmin Məcəllənin 128-ci maddəsindəki dispoziyasında göstərilən sağlamlığa yüngül zərər vurmanı əhatə etməsini nəzərə almayaraq, səhv qənaətə gəlməklə, təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıran əlavə ittiham vermişdir ki, bu da cinayət hüquq normasının düzgün seçilməməsinə və əmələ düzgün cinayət hüquqi qiymət verilməməsinə, nəticədə yanlış tövsifə səbəb olmuşdur. Həmçinin, məhkəmə iclasında dövlət ittihamçısı da vəsatətlə müraicət edərək, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin ittihamdan xaric edilməsini xahiş etmişdir. Beləliklə, göstərilənlər CM-in 221.1-ci maddəsinin tərkibi ilə tam əhatə olunduğundan, CM-in 128-ci maddəsinin sanksiyası ilə əlavə tövsif tələb olunmur. Belə olan halda, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməsi, eləcə də cinayət məsuliyyətinə cəlb edilməklə, cəzalandırılması qanunsuz və əsassız olacaqdır. Bu səbəbdən də, CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əmələ aid bənd Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 84.6.9-1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi halları istisna olmaqla, məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror bu Məcəllədə nəzərdə tutulmuş qaydalara riayət etməklə şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, maddi sübut və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs, ictimai yerdə, insanların toplaşdığı küçədə, o cümlədən marketin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi, bununla da Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli olması tamamilə sübuta yetirildi. Odur ki, o, CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun faydalı əmək fəaliyyəti ilə məşğul olmaqla, himayəsində üç yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin onunla barışaraq, ona qarşı şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin İ hissəsinin Xİİ bəndinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar hesab edilir. Bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, cəzasını ağırlaşdıran halların mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin Vİ bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar video görüntülərin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işində cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar video görüntülərin yaddaşına köçürüldüyü 1 (bir) ədəd DVD Disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar