Məhkəmə qərarları › İş №1(059)-51/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-51/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-51/2024 03.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 03 sentyabr 2024-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 20 avqust 2001-ci il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 iyul 2024-cü il tarixdə, saat 17:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı kəllə ilə sonuncunun sifət nahiyəsinə bir dəfə möhkəm kəllə zərbəsi vuraraq, ona burun beli nahiyəsinin yumşaq toxumalarının əzilməsi və yaralanması ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə aralarında yaxın münasibətləri olmasa da, sonuncunu hadisədən əvvəl də, tanımışdır. Belə ki, hadisədən təxminən 2 gün öncə yəni, 27 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs taksi sürücüsü kimi yaşadığı Siyəzən şəhərinin Sabir küçəsində yerləşən 106 saylı evin qarşısına çağırmış, lakin, aralarında pul ilə bağlı razılığa gələ bilmədiklərindən sonuncu çıxıb getmişdir. Daha sonra, 29 iyul 2024-cü il tarixdə, saat təxminən 17:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev küçəsində olarkən Zərərçəkmiş şəxs özünə məxsus “VAZ 2106” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında dayandığını görmüşdür. Belə ki, Zərərçəkmiş şəxs borcu olmasa da, sonuncu ona 1 manat borcu olmasını və pulu qısa zamanda ona qaytarmasını bildirmiş, o da, öz növbəsində Ağaquluya borclu olmasını unutduğunu, pulu ona verəcəyini qeyd etmişdir. Daha sonra, Zərərçəkmiş şəxs onu “ə bura gəl” deyə səsləməsinə əsəbiləşmiş və sonuncunu üz nahiyəsinə bir dəfə kəllə zərbəsi ilə vurmuşdur. Hadisədən sonra o, əvvəl yaşadığı evə, sonra isə axşam saatlarında evlərinə gəlmiş polis əməkdaşlarının təklifi ilə RPŞ-yə getmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi etirafedici izahatı və məhkəmə iclasında verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında yaxın münasibətləri olmasa da, sonuncunu hadisədən əvvəl də, tanımışdır. Belə ki, hadisədən təxminən 2 gün öncə yəni, 27 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ondan həyətlərində olan su vannasını avtomobilinin üzərinə qoyaraq əlvan metal qəbulu məntəqəsinə aparmasını istəmiş, lakin, həmin vannanın avtomobilinin üzərinə yerləşmədiyini görüb aparmaqdan imtina etmiş və evlərinin qarşısına gəldiyi üçün sərf etdiyi yanacağın qarşılığında Mirağadan 1 manat pul istəmiş, sonuncuda növbəti gün pulu ona verəcəyini bildirmişdir. Bundan sonra, 29 iyul 2024-cü il tarixdə, saat təxminən 17:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Heydər Əliyev küçəsi ilə hərəkət etdiyini görüb ondan 1 manat pulu verməsini tələb etmiş və aralarında mübahisə yaranmağa başlamışdır. Belə ki, mübahisə zamanı Təqsirləndirilən şəxs kəllə ilə ona burun nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Bundan sonra, burnundan qan axdığını görüb Siyəzən RPŞ-yə getmiş, habelə orada ona ilkin tibbi yardım göstərilməklə, yanaşı Təcili və X2 çağırılmışdır. Daha sonra, Təcili və X1 əməkdaşları onu Siyəzən rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ondan üzr istədiyindən sonuncu ilə barışmış və ona qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 canlı şəxsin məhkəmə-tibbi ekspertizası haqqında 12 avqust 2024-cü il tarixli, 132 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun beli nahiyəsinin yumşaq toxumaların əziyi ilə yanaşı əzilmiş yarası aşkar olunmuşdur. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, öz boyu hündürlüyündən yıxılmaya xarakterik deyil, yaranma müddəti 1-2 günə qədər olub, 29 iyul 2024-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 45-47-ci vərəqələrində olan 19 avqust 2024-cü il tarixli toplanılmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə yekun protokol tərtib olunaraq, Siyəzən rayon prokurorluğuna göndərilmiş, habelə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 40-cı səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 fevral 2024-cü il tarixli tələbnaməsindən, eləcə də, materiallara əlavə olunmuş Siyəzən RPŞ-nin TQ-nın təhqiqatçısı Eldar Şükürovun 29 fevral 2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi barədə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, ********* saylı sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 41-41A vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, ibtidai araşdırmanı həyata keçirən təhqiqatçı material üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 19 avqust 2024-cü il tarixli qərarla məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə yekun protokolun tərtib olunaraq, Siyəzən rayon prokurorluğuna göndərilməsinə, habelə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin İ bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər.” Göründüyü kimi Siyəzən rayon Polis Şöbəsinin TQ-nın təhqiqatçısı Eldar Şükürovun 29 fevral 2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə, ********* saylı sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmişdir. Qüvvədə olan cinayət qanunvericiliyinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış olsa da, o, 29 fevral 2024-cü il tarixli qərar ilə cinayət məsuliyyətindən azad edildiyindən barəsində olan hazırkı sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilə bilməz. Çünki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin məzmunu kifayət qədər aydın və birmənalı olmaqla, imperativ qaydada Məcəllənin 72–73- 2 və 74-1-ci maddələri ilə nəzərdə tutulmuş əsaslar üzrə ümumilikdə yalnız bir dəfə mühakimə olunmaqdan azad edilmənin mümkünlüyünü müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-in 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73- 1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Bu Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmasını və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİİ bəndinin İİ yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin təhlükəsizliyini, şəxsiyyətin sağlamlığını təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla belə onun əməlində ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəza məhkumun yaşadığı, cərimə növündə cəza və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbiri isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerin icra məmuru tərəfindən icra edilir. Bu Məcəllənin 15-2.1-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Qeyd olunan Məcəllənin 34.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələblərinə əsasən belə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzanın çəkilməsi müddəti onun ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək, 350 (üç yüz əlli) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs ictimai işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar