Məhkəmə qərarları › İş №1(059)-52/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-52/2022

26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-52/2022 26.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 26 iyul 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktının nəticəvi hissəsinə əsasən Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən “Siyəzən şəhər avtostansiyası” adlanan ərazidə xidmətdə olmaqla, kommersiya təyinatlı sərnişin və yükdaşımaya nəzarət edən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X2 Xidmətinin Quba regional şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs avtovağzal ərazisində dayanaraq, Siyəzən-Bakı şəhərlər arası qanunsuz sərnişin daşıması ilə məşğul olan taksi sürücüsü Təqsirləndirilən şəxs fərqlənmə nişanı olmadan qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğuna görə irad tutduqdan sonra, onun 1 aya yaxındır ki, şəxsi avtomobili ilə qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğunu, qanunsuz taksi və sərnişindaşıma fəaliyyətini dayandırmasını, əvvəllər də bu barədə ona dəfələrlə xəbərdarlıq edildiyini, əks halda cərimə ediləcəyini bildirərkən Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadələrə və tabesizliyə son qoyması barədə dəfələrlə xəbərdarlıq etməsinə, onunla profilaktik söhbət etməyi təklif etməsinə baxmayaraq, o, qanunsuz taksi fəaliyyətini davam etdirəcəyini, heç kimin ona heç nə edə bilməyəcəyini bildirib, qərəzli olaraq hakimiyyət nümayəndəsi hesab edilən Zərərçəkmiş şəxs qanuni tələblərinə məhəl qoymayaraq, xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar onun üz nahiyəsinə qəsdən yumruqla iki dəfə vuraraq, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmiş, həmçinin Zərərçəkmiş şəxs burun beli nahiyəsinin və üzün sağ yarısının yumşaq toxumalarının kəskin əziyindən ibarət qəsdən sağlamlığına yüngül zərər vurmuş və hadisə yerindən qaçmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə deyil, 128-ci maddəsi ilə qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 2-3 il olar fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, habelə fəaliyyəti Siyəzən avtovağzalına gələrək, 3-4 nəfər sərnişin götürüb, Bakı şəhərinə aparmaqdır. Zərərçəkmiş şəxs təxminən bir il yarım olar tanıyır, sonuncu ilə tanışlığı pandemiya dövründə onun vasitəsi ilə fərqlənmə nişanı aldığı vaxtdan yaranmışdır. 22 oktyabr 2022-ci il tarixdə, saat təxminən 10-11:00 radələrində adəti üzrə Siyəzən avtovağzalına gəlmiş və sərnişin götürmək məqsədilə orada dayanmış, habelə həmin vaxt 2 nəfər sərnişin avtomobilində əyləşmişdir. Bu zaman, Zərərçəkmiş şəxs onu yanına çağırıb, fərqlənmə nişanı almalı olduğunu bir daha xatırlatdıqda, maddi imkanının yaxşı olmadığını, cərimələrinin çox olduğunu bildirib, ayın sonuna kimi fərqlənmə nişanı alacağını bildirmişdir. Belə ki, İlqar 12 oktyabr 2021-ci il tarixdə onunla görüşərkən, fərqlənmə nişanı almalı olduğunu bildirdikdə, ayın sonunadək fərqlənmə nişanı alacağını qeyd etmişdir. Həmin vaxt İlqar ondan fərqlənmə nişanı almağa görə 65 manat məbləğində pul tələb etdikdə, ona, həmişə pullarını verdiyini, karantin dövründə onun üçün fərqlənmə nişanı düzəltdiyini və heç vaxt gecikməsinin olmadığını xatırlatmış, habelə həmin vaxt Şahid3 da onlarla birlikdə dayanmışdır. Bundan sonra, İlqar aqressiv şəkildə “sən fərqlənmə nişanı düzəldən deyilsən” deyə bildirdikdə, ona, “düzəldən olmasaydım heç düzəltməzdim” deyə qeyd etmişdir. Bu zaman aralarında mübahisə yaranmağa başlamış, habelə İlqar sol üz nahiyəsindən sillə ilə vurmuş, həmçinin, o, da, sol əli ilə onun üz nahiyəsinin, səhv etmirsə, burun hissəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Sonra orada olan insanlar onları ayırmışlar. Daha sonra, İlqarın bacanağı Şahid2 işi ilə bağlı Siyəzən avtovağzalında olarkən, orada olan taksi sürücülərindən İlqar ilə aralarında olan mübahisəni eşidib, habelə onları barışdırmaq üçün hər ikisıni orada olan avtobusların yanına çağırmışdır. Həmin vaxt İlqara insanların yanında ona niyə sillə vurduğunu soruşub, onun onu vuracağı təqdirdə, əziləcəyini bildirdiyində, sonuncu əlləri ilə onu boğmağa cəhd edərkən, onun üz nahiyəsinə daha bir yumruq zərbəsi vurmuş və bu zaman onun burnundan qan axmağa başlamışdır. Bundan sonra, o, həmin ərazidən uzaqlaşmışdır. Qeyd edir ki, Siyəzən avtovağzalında İlqar ilə arasında yaranmış mübahisə avtovağzalda quraşdırılmış müşahidə kamerasına düşsə də, onlar avtobusların arasında dayandıqlarından görüntülərdə hadisə tam aydın formada görünmür. Bundan başqa, həmin vaxt “Opel” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmiş və fərqlənmə nişanı olmamışdır. Karantin dövründən sonra ondan fərqlənmə nişanı tələb olunmamış, habelə hadisə baş verən ayın əvvəlindən başlayaraq, avtomobili fərqlənmə nişanı ilə idarə etməsinin vacib olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, o, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə özünü təqsirli bilməyərək, həmin Məcəllənin 128ci maddəsi ilə qismən təqsirli bilsə də, əslində ifadəsində işin faktiki halları ilə bağlı baş verənləri təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, törətdiyi əməlin mahiyyətini dəqiqliklə aydınlaşdırmışdır. Bu səbəbdən də, Təqsirləndirilən şəxs məhkəməyədək, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadə obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128 və 315-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə deyil, əslində CM-nin 315-ci maddəsi ilə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2007-ci il tarixindən 2016-cı il tarixə kimi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Avtomobil Nəqliyyat Xidmətinin Sumqayıt regional şöbəsində, 2016-cı il tarixdən hazırki vaxta kimi isə xidmətin Quba regional şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyir. Qulluq funksiyaları regional ərazidə (Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən) avtomobillərin sərnişin və yük daşımalarına nəzarət etməkdən ibarətdir. Əgər sahibkar sərnişin daşıma ilə məşğul olmaq istəyirsə, ilk olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edib, 18,40 manat məbləğində ödəniş edərək VÖEN almalı, həmçinin DSMF-yə 36,40 manat məbləğində və İcbari Tibbi Sığortaya isə 12,40 manat məbləğində ödənişlər etməli, sonra isə xidmət etdikləri Quba regional şöbəyə yaxınlaşıb, müvafiq qəbzləri təqdim etməli, habelə orada da, baxış üçün nəzərdə tutulmuş təxminən 6 manat məbləğində xidmət haqqını ödəməlidir ki, 1 (bir) ay müddətinə fərqlənmə nişanı əldə etsin. Bundan başqa, rəhbərlikləri və DİN-nin birgə keçirtdikləri memorandumdan sonra, onlara qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı reyd keçirilməsi tapşırılmış, habelə tərəflərindən bu istiqamətdə müntəzəm tədbirlər görülmüş və Siyəzən avtovağzalında sərnişin daşıma, eləcə də, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə fərqlənmə nişanı almalı olduqları bildirilmişdir. Hadisədən öncə təxminən iki-üç dəfə Təqsirləndirilən şəxs xəbərdarlıq etmiş, sonuncuya fərqlənmə nişanı almalı olduğunu, bundan sonra fəaliyyətini davam etdirə biləcəyini bildirdiyində o, maddi imkanının yaxşı olmadığını, problemlərinin olduğunu, lakin, fərqlənlənmə nişanı alacağına vəd vermişdir. Bundan başqa, Siyəzən rayonu Zarat kəndində yerləşən stasionar postda əməkdaşları reyd keçirərkən Arzu ona zəng edib, fərqlənmə nişanın olmadığını, bu səbəbdən avtomobilinin saxlanılacağını, avtomobilinin saxlanılmaması üçün onu tapşırmasını xahiş edib, həmin vaxt üçün iki-üç gün ərzində fərqlənmə nişanı alacağını bildirdikdə, humanistlik edib əməkdaşlarına Arzunun avtomobilini saxlamamalarını, habelə sonuncunun iki-üç gün ərzində fərqlənmə nişanı alacağını bildirmişdir. Bundan 10 (on) gün sonra, yəni 22 oktyabr 2021-ci il tarixdə, saat təxminən 10-11:00 radələrində xidmətin əməkdaşları Şahid1 və Şahid3 ilə xidməti istifadələrində olan “Chevrolet Niva” markalı, **- AY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Siyəzən avtovağzalına gəlmiş, orada avtomobili Arzudan təxminən 7-8 metr məsafədə saxladıqlarında, Elvin, Arzunun fərqlənmə nişanı almadığını bildirib, sonuncuya bu barədə xəbərdarlıq etmələri üçün yanlarına çağırmasını istəmişdir. Həmin vaxt Elvinə Arzunun aqressiv insan olduğunu xatırladıb, yanlarına çağıracaqları təqdirdə, problem yaranacağını bildirsə də, Elvin heç bir problem olmayacağını, onun fərqlənmə nişanı almalı olduğunu qeyd etmişdir. Bundan sonra, avtomobildən enib, avtomobilinə sərnişin dəvət edən Arzunu yanına çağırıb, fərqlənmə nişanı almadığını xatırlatdığında, o, “əmi oğlu, haradan çatdıraq” deyə cavab vermişdir. Həmin vaxt Arzuya iki aya yaxındır fərqlənmə nişanı alacağına vəd verdiyini, bu müddət ərzində hərəkətsiz qaldığını, belə olacağı təqdirdə fəaliyyətinə son qoyulacağını bildirdiyində, o, əllərini hərəkət etdirə-etdirə “siz kimsiz, mənim fəaliyyətimi necə saxlaya bilərsiz, mənim fəaliyyətimi heç kim saxlaya bilməz, mənə heç kim heç nə deyə bilməz, mənə heç kim qadağa qoya bilməz” deyə cavab vermişdir. Bundan əlavə, həmin vaxt Arzu irəli-geri tez-tez hərəkət edib, üstünə “şığıyarkən”, sonuncuya karantin qaydalarına uyğun hərəkət etməsi, sosial məsafəni saxlaması barədə iradını bildirmiş, habelə üz nahiyəsinə son dərəcə yaxın məsafəyə kimi yaxınlaşdığı vaxt, onu əlləri ilə özündən uzaqlaşdırmışdır. Həmin vaxt Arzu sol əli ilə, sağ üz nahiyəsinin qulaq və çənə hissəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Bundan dərhal sonra isə, onları ayırmışlar, habelə o, DİN-nin 102 xidmətinə zəng vurub, baş vermiş hadisə barədə məlumat verdiyində, xidmətdən hadisə yerinə polis əməkdaşlarının cəlb olunacağı barədə məlumat verilmişdir. Həmin müddət ərzində, hər ikisi avtovağzalda dayanarkən, bacanağı Şahid2 onu və Arzunu kənara çağırıb, ondan, hadisə ilə bağlı hansı səbəbdən 102 xidmətinə məlumat verməsi barədə soruşduqda, sonuncuya iş geyimində olduğunu, ona insanların arasında yumruq vurmağın yaxşı hal olmadığını bildirmiş, habelə Arzuya “belə böyümüsən mənə yumruq atırsan” deyə ifadə işlətdiyində, Arzu “mən vursam, sən onun qabağında dayana bilmərsən” deyə cavab vermişdir. Arzuya təkrarən “sən belə böyümüsən, məni necə vura bilərsən” dediyində, sonuncu səhv etmirsə, sol əli ilə təkrarən üz nahiyəsinə yumruq zərbəsi ilə vurmuş, həmçinin həmin vaxt burnundan qan gəlməyə, geyimlərin üzərində qan axmağa başlamışdır. Bundan sonra, Siyəzən MDM-nin Təcili Yardım şöbəsinə getmiş və ilkin yardım göstərilməsi barədə müraciət etmişdir. Orada olarkən özünü Siyəzən RPŞ-nin təhqiqatçısı Eldar kimi təqdim edən şəxs mobil telefonuna zəng edib, harada olması barədə maraqlanmış, sonuncuya Təcili Yardım şöbəsində olduğunu bildirdiyində isə, o, rayon Polis Şöbəsinə gəlməsini, göndəriş verildikdən sonra, Təcili Yardım şöbəsinə gedəcəyini bildirmiş, o da, razılaşmışdır. Daha sonra, Siyəzən RPŞ-yə gedib, izahatını yazmış, habelə verilmiş göndəriş əsasında Təcili Yardım şöbəsinə müraciət etmişdir. Bundan başqa, RPŞ-nin əməkdaşları hadisə baş vermiş əraziyə gedərkən Arzuya məxsus avtomobil orada olsa da, özü orada olmamış, qaçıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir, ondan hər hansı tələbi yoxdur, habelə onu bağışlamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, “X4 Daşımaların Təşkili” MMC-nin Quba regional bölməsində texnik-mexanik vəzifəsində işləyir. Rəhbərliyin tapşırığı ilə "xxxx" ərazisində və digər avtostansiyalarda avtonəqliyyat vasitələrini fərqlənmə nişanı olmadan idarə edən sürücülərə qarşı profilaktik tədbirlər həyata keçirir, habelə sonunculara məxsus avtomobillərin marşrut öncəsi texniki və onların tibbi müayinələrini yoxlayır. Belə tədbirləri dəfələrlə həyata keçirib, sürücüləri xəbərdarlıq etmiş və onlara qanuni prosedurları izah etmişlər. Bunun nəticəsi olaraq sürücülərin bir qismi fərqlənmə nişanı alsa da, bir qismi fərqlənmə nişanı alacağına vəd vermişdir. Qeyd etdiyi proflaktik söhbətlər hadisədən öncə də taksi sürücüsü kimi tanıdığı, aralarında hər hansı ədavət və düşmənçilik olmayan Təqsirləndirilən şəxs ilə həyata keçirilmişdir. Bundan başqa, sonuncu dəfə tarixini hazırda dəqiq xatırlamadığı, payız fəsilində, saat təxminən 11:00 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün "xxxx" ərazisinə gəlmiş, həmin vaxt mobil telefon ilə danışarkən səs-küy gəldiyini eşitmiş, habelə qaçaraq səs-küy gələn yerə yaxınlaşmış və bu zaman Arzunun İlqarı vurduğunu, sonuncunun üz və burun nahiyəsinin qan olduğunu görmüşdür. Həmin vaxt, Arzu və İlqarı kənarda olan şəxslər ilə birlikdə aralaşdırmışdır. Bu zaman İlqarın şəkillərini çəkmiş, sonuncu da öz növbəsində DİN-nin 102 xidmətinə zəng vurub, hadisə barədə məlumat vermişdir. Bundan sonra, İlqar ilə birlikdə RPŞ-yə getmiş, oradan isə xəstəxanadan sənəd almalı olduqlarını bildirdiklərindən, Siyəzən MDM-nin Təcili Yardım şöbəsinə getmişlər. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, “X4 Daşınmaların Təşkili” MMC-də texnik vəzifəsində işləyir. Tarixini hazırda dəqiq xatırlamadığı, payız fəsilində, saat təxminən 11:00 radələrində MMC-nin əməkdaşları İlqar və Xalid İbrahimovlar ilə birlikdə sürücüləri nizam-intizama riayət etmələrini, həmçinin sonunculara fərqlənmə nişanı əldə etmələrini izah etmək üçün "xxxx" ərazisinə gəlmiş, həmin vaxt MMC-nin **-AU-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Niva” markalı minik avtomobilini o, idarə etmişdir. O, avtostansiyada avtobus sürücülərinə yaxınlaşmış, İlqar isə hadisədən çox öncə tanıdığı, aralarında hər hansı ədavət və düşmənçilik olmayan, həmin vaxt avtomobilinə sərnişin dəvət edən Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Bu zaman İlqar Arzuya fərqlənmə nişanı almalı olduğunu bildirdikdə, sonuncuların aralarında söz mübahisəsi yaranmağa, habelə Arzu "almıram və buna oxşar" cavablar verməyə başlamışdır. Bir qədər sonra isə davadalaş düşdüyünü görmüşdür. Məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid3 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən X2 Xidmətinin Quba regional şöbəsində texnikmexanik vəzifəsində işləyir və xidmət ərazilərinə şimal rayonları daxildir. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımışdır. İlqar dəfələrlə onun yanında Arzuya qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğunu, fəaliyyətini qanuniləşdirməyi, yəni Siyəzən-Bakı şəhərləri arasında kommersiya təyinatlı sərnişin daşıma taksi fəaliyyəti ilə məşğul olması üçün ciddi hesabat blankı sayılan fərqlənmə nişanı alması barədə dəfələrlə xəbərdarlıq etmişdir. Lakin, Arzu İlqarın xəbərdarlığına baxmayaraq, qanunsuz taksi fəaliyyəti ilə məşğul olmasını davam etdirmiş və maddi imkanının olmadığını bildirmişdir. İlqar Arzuya fərqlənmə nişanı almaq üçün dövlət rüsumlarının cəmi 65-70 manat arasında olduğunu bildirmişdir. 22 oktyabr 2021-ci il tarixdə Siyəzən Avtostansiya adlanan ərazidə xidməti maşınla Şahid1 və Zərərçəkmiş şəxs ilə xidmətdə olmuşdur. Saat 11:00 radələrində o, xidməti maşından kənarda dayanmış, Arzu isə onlardan təxminən 6-7 metr aralıda Bakı şəhərinə getmək istəyən sərnişinləri çağırmışdır. İlqar Arzunu səsləyərək yanına çağırmış, sonuncu İlqarın yanına yaxınlaşdıqdan sonra ona fərqlənmə nişanını niyə görə hələ də almadığını, uzun müddətdir qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmiş və qanunsuz taksi fəaliyyətini dərhal dayandırmağı tələb etmişdir. Arzu yenə müxtəlif bəhanələr gətirərək, xidməti maşınları ilə öz maşını arasında get-gəl etməyə başlamış və İlqarın ondan etdiyi qanuni tələbinə görə deyinməyə başlamışdır. Arzu ilə İlqarın arasında buna görə mübahisə yaranmışdır. Arzu İlqarın üzərinə yeriyərək onunla üzbəüz dayanmış, nalayiq formada İlqarı söyərək, “yaxşı eləyirəm, fərqlənmə nişanı almıram” demişdir. Ölkə ərazisində xüsusi karatin rejimi tətbiq edilməsinə baxmayaraq, Arzu sosial məsafəni gözləməmiş və İlqara 15-20 sm məsafədə dayanaraq, onu vurmaq istəmişdir. İlqar əli ilə Arzunu özündən uzaqlaşdırmaq istəyəndə Arzu ona sol əli ilə yumruq atmışdır. Onun yumruğu İlqarın sağ qulaq və çənə nahiyəsinə dəymişdir. İlqar dərhal telefonu açaraq, DİN 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. X1 baş verdiyindən ətrafda çoxlu insanlar olmuşdur. Bu məqamda kimsə Arzuya İlqarın polisə zəng etdiyini bildirmiş və Arzu aptekin yanı tərəfə getmişdir. İlqar isə xidməti maşınının yanında gözləməyə başlamışdır. Polis əməkdaşlarının gəlməsini gözləyərkən yaxınlıqda olan və Siyəzən RİH başçısının Siyəzən şəhər ərazi dairə nümayəndəliyində işləyən İlqarın bacanağı Həsən hadisə yerinə gəlmiş və İlqarı çağırmışdır. Həsən polis əməkdaşları gələnə qədər onları barışdırmaq istəmişdir. Həsən, Arzu və İlqar iki avtobusun arasında söhbət edərkən, o, həmin an yenidən dava-dalaşın başladığını görmüşdür. Bu anda Arzu İlqara yenidən 2-ci dəfə yumruq vurmuşdur. Xalid və o, qaçaraq onların yanına getmişdir. Bu məqamda Arzu avtobusun arxa tərəfi ilə hadisə yerindən qaçmışdır. Bir az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt Arzu hadisə yerindən qaçdığına görə və İlqar yaralandığına görə yerindəcə Arzu barəsində İXM-nin 552.1-ci bəndi ilə protokol tərtib edilə bilməmişdir. Lakin, onlar Arzunun barəsində akt tərtib etmişlər. İlqar Arzudan 65 manat pul tələb etməmiş, sadəcə sonuncuya fərqlənmə nişanı almaq üçün dövlət rüsumunun məbləğinin ümumilikdə 65 manat olduğunu bildirmişdir. Arzu yalan danışır. İlqar Arzuya söyüş etməmişdir. Arzu İlqarın üzərinə yeriyərək onu söymüşdür. İlqar da sosial məsafəni qorumadığına görə Arzunu əli ilə özündən uzaqlaşdırmışdır. İlqar Arzuya sillə vurmamış və onun sinəsindən vurmaq üçün itələməmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanımaqla, aralarında hər hansı ədavət düşmənçilik yoxdur, sonuncu ilə biribirilərinin evinə gedib-gəlir, habelə aralarında dostluq münasibətləri vardır, İlqar isə bacanağıdır, onunla da, aralarında qohumluq münasibətləri vardır. Tarixini dəqiq xatırlamadığı vaxt, payız fəslində, saat təxminən 11:00 radələrində Siyəzən şəhər 6 saylı məktəb liseyin həyətində "dəmir yumruq" abidəsinin inşası ilə bağlı iş gördükləri vaxt, "xxxx" dan səs-küy gəldiyini eşidib, həmin yerə getmiş və bu zaman orada olan insanlardan bacanağı İlqar ilə Arzunun dava etdyini eşitmişdir. Bu zaman İlqar və Arzunu barışdırmaq məqsədi ilə avtostansiyada yerləşən dönərxananın arxa tərəfinə dəvət etmiş, habelə həmin vaxt, mobil telefonuna zəng gəldiyi üçün fikri yayınmış, həmin məqam isə İlqar və Arzunun arasında münaqişə yaranmış, bundan sonra, orada olan sürücülər Arzunun hadisə yerindən uzaqlaşdırmışlar. İlqar ilə Arzunun arasında yaranmış mübahisəsinin hansı səbəbdən başlamasının şahidi olmamış, habelə hazırki vaxta kimi bundan xəbəri yoxdur. Məhkəmə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Şahid2 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Siyəzən RİH başçısının Siyəzən şəhəri üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun bacanağıdır. İlqar X2 Xidmətinin Quba regional şöbəsində baş məsləhətçi vəzifəsində işləyir və xidmət ərazilərindən biri də Siyəzən şəhəridir. Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanıyır. 22 oktyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhəri ərazisində işi ilə bağlı 6 nömrəli məktəbin yaxınlığında olarkən, Avtovağzal ərazisindən səs-küy gəldiyini eşitmiş və həmin istiqamətə getmişdir. Olduğu ərazi ilə oranın arasında 20 metr məsafə vardır. O, hadisə yerinə yaxınlaşanda, adının yalnız Elnur olduğunu bildiyi taksi sürücüsü qaçaraq ona yaxınlaşmış və bacanağı Zərərçəkmiş şəxs taksi sürücüsü Arzu ilə dalaşdığını bildirmişdir. O, həm İlqardan, həm də Arzudan yaşda böyük olduğu üçün oraya gedib onları barışdırmaq istəmişdir. Həm İlqarı, həm də Arzunu Bakı şəhərinə çıxan mikroavtobusların yanına çağırıb, böyük kimi onlara dava-dalaş etməyin yaxşı hal olmadığını, hər ikisinin Siyəzən şəhər sakini olduğunu bildirib barışmağı təklif etmişdir. İlqar Arzudan niyə ona yumruq atdığını soruşmuş, sonuncu isə onu təhqir etdiyi üçün İlqarı yumruqla vurduğunu bildirmişdir. İlqar Arzuya onu təhqir etmədiyini bildirdiyi məqamda Arzu gözlənilməyən anda İlqarın üz nahiyəsinə bir yumruq zərbəsi vurmuş və sonuncunun burnundan qan gəlməyə başlamış, həmçinin Arzu hadisə yerindən uzaqlaşmışdır. Daha sonra, İlqar xidməti maşına əyləşib polis şöbəsinə getmiş, o, da işləri ilə əlaqədar olaraq öz iş yerinə qayıtmışdır. Nə Arzu, nə də İlqar onun yanında nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 21-22-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 məhkəmə-tibb ekspertizasının 29 oktyabr 2021-ci il tarixli, 290 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun beli nahiyəsinin və üzün sağ yarısının yumşaq toxumalarının kəskin əziyi aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi şəraitdə yarana bilər, yıxılma zamanı yaranan xəsarətlərə xarakterik deyil, yaranma müddəti 22 oktyabr 2021-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 162-163-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının 30 mart 2022-ci il tarixli, 749 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmamaqla, onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə iclasında elan edilmiş işin 112-ci səhifəsində olan X4 daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında 22 oktyabr 2021-ci il tarixli, 002164 nömrəli aktın surətindən, 110-111-ci səhifəsindəki fotoşəkillərdən, eləcə də 22 oktyabr 2021-ci il tarixdə hadisənin baş vermə görüntülərinin köçürüldüyü 1 ədəd diskdən görünür ki, “Opel” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən-Bakı istiqamətində taksi fəaliyyəti göstərən Təqsirləndirilən şəxs yoxlama zamanı qanuni sənədləri təqdim etməyərək, kobud şəkildə davranmış və aparıcı-məsləhətçi Zərərçəkmiş şəxs yumruq zərbəsi vuraraq xəsarət yetirmiş, həmçinin hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında elan edilmiş işin 133-134-cü vərəqələrindəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 31 mart 2022-ci il tarixli, **********553100 nömrəli məktubundan və ona əlavə edilmiş məlumatın surətindən görünür ki, Təqsirləndirilən şəxs ********** saylı şəhadətnamə ilə vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş işin 153-cü vərəqəsində olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin X2 Xidmətinin Quba Regional Şöbəsinin 04 aprel 2022-ci il tarixli, 23-008 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olmasını təsdiq edən, ciddi hesabat blankı olan fərqlənmə nişanı almamış, habelə taksi fəaliyyəti ilə məşğul olması barədə müraciəti olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 182-194-cü vərəqələrində olan 27 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə elan edilmiş ittihama dəyişikliklər edilərək, o, Azərbaycan Respublikasının CM-nin 128 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə yeni məzmunda yenidən ittiham elan edilmiş, həmçinin onun barəsində CM-nin 221.1 və 221.2.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilməklə, cinayət işindən icraatın bu hissəsinə aid materiallar ayrılmaqla, Siyəzən rayon prokurorluğunun arxivində saxlanılması qərara alınmışdır. Cinayət işinin 85-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 02 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-ci vərəqəsində olan 16 mart 2022ci il tarixli axtarışda olan şəxsin özünü könüllü olaraq təqdim etməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs, onunla 16 mart 2022-ci il tarixdə aparılan profilaktiki söhbət nəticəsində özünü Siyəzən RPŞ-nin İB-yə könüllü olaraq təqdim etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81, 216-217-ci vərəqələrində olan 16 mart və 27 aprel 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 mart 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilərək, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 41-42-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də 174-181-ci vərəqələrdəki vəsiqənin, arayışın, fəxri fərmanların, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 20 sentyabr 2012-ci il təvəllüdlü Elnar adında yetkinlik yaşına çatmayan və 27 yanvar 2022-ci il təvəllüdlü Əli adında azyaşlı uşağı olmaqla, Siyəzən şəhərinin Xətai küçəsindəki 76 saylı evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs atası Davud Orucova Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona Daxili İşlər Nazirliyi tərəfindən “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 172-173-cü vərəqələrindəki 10 noyabr 2016-cı il tarixli, 89 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X2 Xidmətinin Quba regional şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş və onun əmək funskiyalarına Quba regional inzibati ərazisində ölkədaxili sərnişin və yükdaşımalara dair qayda və tələblərə riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək, X4 yük və sərnişin daşımalarını yerinə yetirən vergi ödəyicilərinə məxsus avtonəqliyyat vasitələrinin qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq fərqlənmə nişanları ilə təmin edilməsinə nəzarət edilməsi və s daxil edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-cı vərəqəsindəki Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin X2 Xidmətinin Quba Regional Şöbəsinin 09 mart 2022-ci il tarixli, 23-006 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs əsas xidmət ərazisi Siyəzən rayonu olmaqla, kommersiya təyinatlı sərnişin və yükdaşımaya nəzarət edir. 22 oktyabr 2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs Siyəzən şəhər avtostansiyasında xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 26 iyul 2022-ci il tarixdə tərtib edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən 14 iyul 2022-ci il tarixdə verilmiş DMV seriyalı, 008380 nömrəli taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələri üçün “Fərqlənmə nişanı”ndan görünür ki, Təqsirləndirilən şəxs “Opel Astra” minik markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri üzrə taksi ilə sərnişindaşıma fəaliyyətini həyata keçirməyə icazə vermişlər. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən şəhərinin H. Əliyev küçəsində yerləşən “Siyəzən şəhər avtostansiyası” adlanan ərazidə xidmətdə olmaqla, kommersiya təyinatlı sərnişin və yükdaşımaya nəzarət edən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X2 Xidmətinin Quba regional şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs qanuni tələblərinə məhəl qoymayaraq, sonuncunun xidməti vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar onun üz nahiyəsinə qəsdən yumruqla iki dəfə vuraraq, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmiş, həmçinin bu zaman Zərərçəkmiş şəxsburun burun beli nahiyəsinin və üzün sağ yarısının yumşaq toxumalarının kəskin əzilməsi nəticəsində onun sağlamlığına yüngül zərər dəymişdir. Yəni, Təqsirləndirilən şəxs həmin məqamda xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə, o cümlədən Zərərçəkmiş şəxs zor tətbiq etdiyini dərk etmiş və belə zor tətbiq etməyi arzu etmiş, habelə onun qəsdi bu və ya digər şəxsə qarşı deyil, məhz hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edilməsi və bu zorun hakimiyyət nümayəndəsinin xidməti vəzifələrinin icrası ilə əlaqədar tətbiq olunması faktını əhatə etmişdir. Bu mənada, hakimiyyət nümayəndəsi dedikdə, təşkilati-hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət nümayəndəsinin statusu hər şeydən əvvəl hakimiyyət səlahiyyətləri ilə əlaqədardır. Hakimiyyət səlahiyyətləri dedikdə, xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarəetmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. Göründüyü kimi əsas xidmət ərazisi Siyəzən rayonu olan Zərərçəkmiş şəxs 10 noyabr 2016-cı il tarixdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinin X2 Xidmətinin Quba Regional Şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləməklə, kommersiya təyinatlı sərnişin və yükdaşımaya nəzarət edir və o, hadisə günü, yəni 22 oktyabr 2021-ci il tarixdə Siyəzən şəhər avtostansiyasında xidmətdə olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs hadisə məqamında hakimiyyət səlahiyyətlərinə malik hakimiyyət nümayəndəsi olmuşdur. Həmçinin, burada bir məqam xüsusilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə sonuncunun xidməti fəaliyyəti məqamından ayrıca şəxsi münasibətlər zəminində deyil, məhz Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar baş vermiş, habelə Təqsirləndirilən şəxs birinci və ikinci yumruq zərbələrini həmin vəzifələrin icrası zamanı ona vurmuş, bununla da Zərərçəkmiş şəxs fiziki zora məruz qalmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs birinci və ikinci yumruq zərbələrinin vurulma anı qısa zaman kəsiyində müəyyən fasilə ilə baş versə də, hər iki zərbə bir mübahisənin daxilində bir əməlin tərkib hissəsi kimi qəbul edilməlidir. Çünki, yumruq zərbələrini birinci və ikinciyə ayırmaqla, hadisələrə fərqli prizmalardan, o cümlədən fərqli əməllər kimi yanaşmaq mümkün deyildir və istisna edilir. Bu mənada, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 315-ci maddələri ilə ittiham verərkən sonuncu tərəfindən törədilmiş əməlləri fərqləndirə, açıqlaya bilməmiş, bu Məcəllənin 315-ci maddəsinin obyektiv cəhətinin əsas tərkibi əlaməti kimi çıxış edən zor tətbiq etmənin həmin Məcəllənin 128-ci maddəsindəki dispoziyasında göstərilən sağlamlığa yüngül zərər vurmanı əhatə etməsini nəzərə almayaraq, səhv qənaətə gəlməklə, təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıran əlavə ittiham vermişdir ki, bu da cinayət hüquq normasının düzgün seçilməməsinə və əmələ düzgün cinayət hüquqi qiymət verilməməsinə, nəticədə yanlış tövsifə səbəb olmuşdur. Beləliklə, göstərilənlər CM-in 315-ci maddəsinin tərkibi ilə tam əhatə olunduğundan, CM-in 128-ci maddəsinin sanksiyası ilə əlavə tövsif tələb olunmur. Belə olan halda Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməsi, eləcə də cinayət məsuliyyətinə cəlb edilməklə, cəzalandırılması qanunsuz və əsassız olacaqdır. Bu səbəbdən də, CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əmələ aid bənd Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün qismən etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş müharibə veteranının oğlu, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olmaqla, gəncliyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən müharibə veteranı oğlu olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı uşaqlarının olmasını, onun şəxsiyyətinin cəmiyyətdə müsbət xarakterizə olunmaqla, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ½ həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ailəsinin zəruri ehtiyaclarını qarşılamaq üçün onun fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmasını və bu fəaliyyətini sərbəst hərəkətlə və səmərəli şəkildə davam etdirməsi vacibliyini nəzərə alaraq, ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən, Xızı, Abşeron rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin ərazilərini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən, Xızı, Abşeron rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin ərazilərini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, maddi ziyan, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən, Xızı, Abşeron rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin ərazilərini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən, Xızı, Abşeron rayonlarının və Bakı, Sumqayıt şəhərlərinin ərazilərini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar