Məhkəmə qərarları › İş №1(059)-52/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-52/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-52/2023 14.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə 14 noyabr 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında 23 avqust 1994-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə, saat 20:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Siyəzən rayonunun Beşdam kəndində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Siyəzən dəmir yolu stansiyası ərazisindən ümumilikdə 780 manat dəyərində, 1,93 ton çəkidə 29,70 metr uzunluğunda olan 772 manat dəyərində 13 ədəd rels, 15,9 kq çəkidə 7 manat dəyərində 25 ədəd özül boltu, 1,89 kq çəkidə 1 manat dəyərində 5 ədəd yol mıxını qanunsuz götürüb aparmaqla, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən şəhərinin Füzuli küçəsindəki 47 saylı evdə qeydiyyatda olmaqla, yaşayır, habelə Siyəzən rayonun Beşdam kəndində qayınanasına məxsus ev vardır. Qeyd edir ki, Beşdam kəndində qayınanasına məxsus evdə yaşadığı vaxtlarda evdən təxminən 15 metr aralıda dəmir yolu xətlərinə aid relslərin olduğunu görsə də, həmin relslər işlək vəziyyətdə olmadığı üçün, lazımsız olduğunu güman etmişdir. Bununla belə, 08 iyun 2022-ci il tarixindən bir gün öncə əvvəllər tanımaqla, metal qəbulu ilə məşğul olduğunu bildiyi Şahid1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb, ona Beşdam kəndində dəmir yolu xətlərinə məxsus təxminən 2-3 ton çəkidə rels oğurlaya biləcəyini təklif etdiyində, sonuncu “heç bir problem yoxdur” qeyd etməklə, həmin relslərin 1 kiloqramının çəkisini 45 qəpikdən alacağını, habelə nə qədər bacarırsa oğurlamasını bildirmişdir. Bu danışıq zamanı Şahid1 oğurladıqdan sonra relsləri idarəçiliyində olan avtomobil ilə gəlib Beşdam kəndindən aparmasını təklif etsə də, sonuncu qorxduğunu bildirməklə, relsləri həyətinə gətirməsini istəmiş, habelə oradan aparacağını bildirmişdir. Buna görə də, elə həmin gün işlədiyi "xxxx" ASC-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai H1” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə özünə məxsus aftogeni və onun qaz balonlarını yükləyib, qayınanasına məxsus evə aparmışdır. Səhəri gün yəni, 08 iyun 2022-ci il tarixdə, saat təxminən 16- 17:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi avtomobil ilə Siyəzən rayonun Beşdam kəndinə gedib, orada dəmir yolu xətlərinə aid 13 ədəd relslərin hər birini aftogen vasitəsi ilə təxminən 5-6 hissəyə ayırmışdır. Qeyd edir ki, həmin vaxt dəmir yolu xətti mühafizəçiləri ilə heç bir razılığa gəlməsə də, sonuncular onu görmüş, lakin, heç bir söz deməmişlər. Bundan sonra, həmin vaxt işdən gəlməklə, təsadüfən rastlaşdığı Siyəzən rayonu, Beşdam kənd sakini Şahid2 kəsilmiş relsləri avtomobilə yükləməkdə ona köməklik etməsini istəmiş, sonuncu isə etiraz etməmişdir. Daha sonra, həmin rels hissələrini Siyəzən şəhəri, Füzuli küçəsindəki yaşayış olmayan, nömrəsiz fərdi yaşayış evlərinin həyətyanı sahəsinə tək gətirməklə, oraya yığmışdır. Səhəri gün axşam Şahid1 qeyd etdiyi nömrəsiz fərdi yaşayış evinin həyətinə gəlib, rels hissələrini özü gətirdiyi tərəzi ilə çəkib, müqabilində ona 800 manat məbləğində pul vermiş, habelə həmin rels hissələri qeyd etdiyi yerdə təxminən 10 gün qaldıqdan sonra, sonuncu idarəçiliyində olan avtomobil ilə oraya gəlmiş, rels hissələrini onun avtomobilinə yükləmiş, habelə Şahid1 evinə getmişdir. Bundan sonra, Şahid1 mobil telefonuna zəng vurub, “verdin məni rasxoda” deyə qeyd etmişdir. Belə ki, sonuncu sonradan onların həyətindən çıxıb, evinə gedərkən Siyəzən şəhəri ərazisində dəmir yolu xəttini keçdiyi zaman Xaçmaz st. Xətt Polis şöbəsinin əməkdaşlarının avtomobilinə saxla əmri verdiyini, lakin, avtomobilini sonradan saxlamaqla, düşüb qaçdığını, avtomobilinin içərisindəki relslər ilə birlikdə Xaçmaz st. Xətt Polis şöbəsinə aparıldığını bildirmişdir. Həmçinin, Şahid1 sonradan Xaçmaz st. Xətt Polis şöbəsinə çağırılmaqla, oraya getmiş, sonuncudan sonra isə o, Xətt Polis şöbəsinə aparılmışdır. Habelə, Şahid1 ilə birlikdə şöbədə olarkən sonuncu Rəşadət adlı polis əməkdaşına 7000 manat məbləğində pul verdiyini, bunu mobil telefonu ilə videoya çəkdiyini ona bildirmişdir. Bundan əlavə, Şahid1 relslərin müqabilində aldığı 800 manat məbləğində pulu övladının səhhətində yaranmış problemə xərcləmişdir. Halbuki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Siyəzən şəhəri, Füzuli küçəsində yaşasa da, onun qaynanasının evi Siyəzən rayonu, Beşdam kəndində yerləşir. Qaynanası Bakı şəhərində yaşadığı üçün o, arabir qayınanasının evinə gedib, evə və həyətinə baş çəkir. Həmin ev Siyəzən dəmir yolu stansiyası ərazisində yerləşir. 08 iyun 2022-ci il tarixdə, saat 20:30 radələrində o, həmin evə baş çəkmək üçün getmiş, evin yaxınlığında dəmir yolu xətlərinə aid olan istifadə edilmiş relsləri görmüş, bu vaxt maddi imkanı zəif olduğu üçün həmin relsləri gizli olaraq hissələrə kəsib, apararaq metal qəbulu məntəqələrindən birinə satıb, pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, dəmir kəsənlə həmin relslərin bir neçəsini 13 hissəyə kəsmiş, sonra məftil ilə dartıb aparması üçün bağlamış və orada olan digər dəmir detallarla birlikdə qaynanasına məxsus evin həyətinə aparmaqla, yığmışdır. 13 iyun 2022-ci il tarixdə Siyəzən şəhərində olarkən o, şəhərdə Siyəzən şəhər sakini Rəfaili görmüş, ona ucuz qiymətə dəmir satmaq istədiyini bildirmiş, həmin dəmirləri aparıb tikintidə istifadə edə biləcəyini də ona başa salmışdır. Söhbət zamanı o, Rəfailə hər kiloqram dəmirə görə 40 qəpik pul istədiyini qeyd etmiş və onlar razılaşmışlar. Həmin tarixdə saat 18-19:00 radələrində Rəfail idarə etdiyi “Mercedes Benz” markalı yük avtomobili ilə onun dəmirləri yığdığı evin həyətinə gəlmiş, dəmirlərin çəkisini həyətdə ölçdükdən sonra iki tona yaxın dəmir detallara görə o, Rəfaildən 800 manat pul almışdır. Bu vaxt o, yoldan keçən və qaynanasının evi ilə qonşuluqda yaşayan Vüsal adlı şəxsi görmüş, sonuncudan avtomobilinin yük yerinə həmin dəmirləri yükləməyə kömək etməsini xahiş etmiş, Vüsal da etiraz etmədən dəmirləri avtomobilə yükləməyə kömək etmiş və Rəfail çıxıb getmişdir. Həmçinin, sonuncu məhkəmə baxış iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSC-yə məxsus əşyaların həmin təşkilata qaytarıldığını, habelə zərərin ödənildiyini bildirib, mülki iddia tələbini qəbul etmədiyini qeyd edərək, təmin edilməməsini xahiş etdi. Beləliklə, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçının nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə baxış iclasında mülki iddia tələbini müdafiə etməklə, ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs əvvəllər tanımamış, eyni zamanda hazırki işin ibtidai istintaqı zamanı QSC-nin nümayəndəsi qismində Nümayəndə1 tanınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə, saat 20:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Siyəzən rayonunun Beşdam kəndində yerləşən "xxxx" QSC-nin Siyəzən dəmir yolu stansiyası ərazisindən ümumilikdə 780 manat dəyərində, 1,93 ton çəkidə 29,7 metr uzunluğunda olan 772 manat dəyərində 13 ədəd rels, 15,9 kiloqram çəkidə 7 manat dəyərində 25 ədəd özül botu, 1,89 kiloqram çəkidə 1 manat dəyərində 5 ədəd yol mıxını qanunsuz götürüb aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əməl nəticəsində QSCyə 780 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlaklar QSCyə təhvil verilsə də, müayinə zamanı relslərin yararsız hala salınması, digər əmlaklar, 25 ədəd özül botun və 5 ədəd yol mıxının yararlı vəziyyətdə olması müəyyən olunmuşdur. Qeyd edir ki, 25 ədəd özül botun və 5 ədəd yol mıxının dəyəri çıxılsa da, 772 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən hazırkı vaxta kimi ödənilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs təxminən 5-6 il olar, qonşusu Tofiqin qızı Fatimənin əri kimi tanımaqla, ona qarşı heç bir ədavət və düşmənçiliyi yoxdur. Özü "xxxx" Şirkəti MMC-də sürücü işləyir. Belə ki, 08 iyun 2022-ci il tarixdə, saat 19:00 radələrində işdən evə gələrkən Siyəzən rayonunun Beşdam kəndindəki dayanacağında şirkətin servis avtobusundan düşərkən, Təqsirləndirilən şəxs dəmir yolu xəttinin kənarında tək dayandığını görmüşdür. Bundan sonra, Əkbər kəsilmiş relsləri “Hyundai H1” markalı avtomobilə yükləməkdə ona köməklik etməsini istəmiş, o, isə buna etiraz etməmişdir. Relsləri avtomobilə yükləməkdə Əkbərə köməklik etdikdən sonra, yaşadığı evə getmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs təxminən 10 il olar, Siyəzən rayon sakini kimi tanımaqla, ona qarşı heç bir ədavət və düşmənçiliyi yoxdur. O, “Mercedes Atego” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücü kimi fəaliyyət göstərir, habelə ot bağlamalarının alqı-satqısı ilə məşğul olur. Belə ki, 13 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq Siyəzən şəhərinin Füzuli küçəsindəki evin həyətyanı sahəsində relslər olduğunu bildirmiş, bundan sonra, o, həmin ünvana gedib relsləri götürmüşdür. Daha sonra, Xaçmaz stansiyasının Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, habelə sonunculara relsləri haradan götürdüyünü, eləcə də, hadisənin təfərrüatlarını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-53-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 9/5808 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" QSC-nin İnfrastruktur Departamenti tərəfindən tərtib edilmiş 14 iyul 2022-ci il tarixli məktubdan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən məmulatların , o cümlədən 1,93 ton çəkidə 29,70 metr uzunluğunda olan 13 ədəd relsin istifadəyə yararsız vəziyyətdə olması nəzərə alınmaqla, metal qırıntı kimi 2022-ci ilin iyun ayına orta bazar qiyməti nəzəri qaydada 772 manat, 15,9 kq çəkidə 25 ədəd özül boltunun qiyməti 7 manat, 1,89 kq çəkidə 5 ədəd yol mıxının qiyməti 1 manat olmaqla, ümumilikdə 780 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-cü vərəqəsindəki 25 noyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma, 140-142-ci səhifələrində olan 01 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan, eləcə də iş materiallarına əlavə edilmiş 12 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş 10 dekabr 2022-ci il tarixli ittiham nəzərə alınmışdır. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına verilmiş 29,70 metr uzunluğunda olan 13 ədəd rels, 25 ədəd özül boltu, 5 ədəd yol mıxı "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinin əməkdaşı X1 qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-cü vərəqələrində olan 10 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci vərəqələrində olan arayışdan, xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 11 avqust 2019-cu il təvəllüdlü Yusif, 24 noyabr 2020-ci il təvəllüdlü Rəna və 03 dekabr 2022-ci il təvəllüdlü Məzahir adında üç azyaşlı uşağı olmaqla, Siyəzən şəhərinin Fizuli küçəsindəki 47 saylı evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış məlumatların yerləşdiyi 2 ədəd Kompakt disklərdə 07-14 iyun 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrlə Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri arasında telefon danışıqlarının olması öz əksini tapmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş iddia ərizəsindən, eləcə də 19 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, 772 manat vurulmuş maddi ziyan və 30 manat dövlət rüsumu olmaqla, cəmi 802 manat pulun təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSC-yə ödənilməsi xahiş edilmiş, həmçinin bu iddia tələbi üzrə QSC tərəfdən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-ci vərəqəsində olan "xxxx" QSC-nin 14 iyul 2022-ci il tarixli, 197994 nömrəli və işin 29-cu səhifəsindəki 20 sentyabr 2022-ci il tarixli, 227179 nömrəli məktublarından görünür ki, 29,70 metr uzunluğunda olan 13 ədəd rels, 25 ədəd özül boltu və 5 ədəd yol mıxı uzun müddət istismar olunduğu üçün yararsız vəziyyətdə olmuş, həmçinin metallom kimi istifadəsi nəzərdə tutulmuş, habelə ADY-nin balansındadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 25 avqust 2023-cü il tarixli, 13-1/2-7695/2023 nömrəli məktubundan görünür ki, dəmir yolunun Siyəzən stansiyası ərazisindən oğurlanaraq 13 ədəd müxtəlif uzunluqlarda doğranmış, ümumi uzunluğu 29,70 metr olan, metallom kimi istifadəsi nəzərdə tutulan relslərin dəyəri 675,50 manat təşkil edir. Eyni vaxtda yuxarıda qeyd edilən relslərlə yanaşı yararsız vəziyyətdə olan və metallom kimi istifadəsi nəzərdə tutulmuş 25 ədəd özül boltu, 5 ədəd yol mıxı, habelə yarım yararlı vəziyyətdə olan 7 ədəd KB-65 tipli rels altlıqları və 10 ədəd sıxac boltları oğurlanmışdır. Bundan əlavə, 08 iyun 2022-ci il tarixdə Siyəzən stansiyası ərazisində mühafizəçi olmamış və həmin stansiyada mühafizəçi postu mövcud deyildir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin, mülki cavabdehin özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin, mülki iddiaçının nümayəndəsinin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiqin cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 01 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxsa Azərbaycan Respublikasının CM-nin 177.2.3-2-ci maddəsi ilə elan olunmuş 10 dekabr 2022-ci il tarixli ittihamın nəzərə alınmasına dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə qismən tənqidi yanaşaraq hesab edir ki, o, məhkəmə istintaqında oğurluq əməlini tək yox, digər şəxslə birlikdə ümumi niyyətlə törətməsi ilə bağlı qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun cinayətdə iştirakçılıqla bağlı bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Hətta, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə kənar təsir və ya təzyiqə məruz qalmadan, sərbəst şəkildə Şahid1 və Şahid2 oğurluqda iştirak etmədiklərini qeyd etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məhkəmə iclasında ifadəsi ilə ziddiyyət təşkil etməsini ibtidai istintaq zamanı Şahid1 ondan 2000 manat məbləğində pul istəməsi, həmin məbləği sonuncuya vermədiyi üçün barəsində cinayət işi başlanılaraq, məhkəməyə göndərilməsi, ibtidai istintaq zamanı ifadəsini müdafiəçinin iştirakı ilə versə də, müstəntiq tərəfindən həmin məzmunda yazılması ilə izah etsə də, onun qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Digər tərəfdən Təqsirləndirilən şəxslə Şahid1 arasında telefon danışıqlarının olması faktı aşkar edilsə də, bunun oğurluqda iştirakçılıq ilə bağlılığı müəyyən edilməmişdir. Şübhə kifayət qədər əsaslı deyilsə, cinayət törətməkdə təqsiri olmayan heç kəs cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alına, ittiham və ya məhkum edilə bilməz. Çünki, təqsirləndirilən şəxs, mülki iddiaçı indi olduğu kimi gələcəkdə də öz ifadəsini başqa formada verə və təkzib edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 35-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Həmçinin, bu Qərarın 64-cü bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığı üçün məhkəmə təqsirləndirilən şəxsin əməlində ittihamda göstərilən cinayətin deyil, digər – daha ağır cinayətin əlamətlərinin olması kimi dəlildən çıxış etməklə irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraət verməyə və cinayət işini, sadələşdirilmiş icraat materialını CPM-in 350.4-cü maddəsinə müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmağa haqlı deyil. Nəzərə almaq lazımdır ki, məhkəmənin öz mülahizələrinə görə şəxsin əməlində irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi dəlildən çıxış edərək təqsirləndirilən şəxsə bəraət verib ona daha ağır ittihamın irəli sürülməsi üçün işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarması, mahiyyət etibarı ilə məhkəməyə xas olmayan ittiham tərəfinə aid funksiyasının üzərinə götürülməsi olmaqla cinayət prosesində məhkəmənin həyata keçirdiyi tərəfsiz arbitr rolu, CPM-in 32-ci maddəsində təsbit edilmiş cinayət prosesində tərəflərin çəkişməsi prinsipi, 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsini qadağan edən CPM-in 350.3-cü maddəsi ilə bir araya sığmır. Qeyd olunan normalara, eləcə də CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün cinayətprosessual qanunun 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamın irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir. Bununla da, məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, mülki cavabdehin əməlinin CM-nin 177.2.3-2-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmaqla, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya dəymiş zərərin ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Bu Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dövlət əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, gənc olmaqla, himayəsində üç azyaşlı uşağının olması, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya dəymiş zərərin ödənilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsinə yaxın həcmdə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSC tərəfdən təqdim edilmiş mülki iddia ərizəsi ilə bağlı qeyd edir ki, cinayət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülki iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, mülki iddiada zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSC-yə məxsus oğurlanmış relslərin təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən kəsilərək yararsız hala salındığı, nəticədə, QSC-yə 772 manat məbləğində maddi ziyan dəydiyi bildirilsə də, iddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi bu halları təsdiq edəcək mötəbər sənəd və ya sübut malik olmamış, habelə belə bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə müxtəlif uzunluqlarda doğranmış 1,93 ton çəkidə 29,70 metr uzunluğunda olan 13 ədəd relsin uzun müddət istismar olunduğu üçün onsuz da yararsız vəziyyətdə olmaqla, metallom kimi istifadəsinin nəzərdə tutulması, həmçinin metal qırıntı kimi orta bazar qiymətinin 772 manat olması həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli ekspert rəyində, həm "xxxx" QSC-nin 14 iyul və 20 sentyabr 2022-ci il tarixli, həm də 25 avqust 2023-cü il tarixli məktublarında öz təsdiqini tapmışdır. Deməli, mülki iddiaçının əmlakına görə tələb etdiyi ziyanın bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulması, yəni əmlakının yararsız vəziyyətə düşməsi ilə mülki cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin, habelə sonuncunun bununla əlaqədar təqsirinin olması halı müəyyən edilməmişdir. Məhz sadalanan əsaslar olduğu halda mülki cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin, hazırda bu əsaslar mövcud deyildir. Digər tərəfdən, mübahisələndirilən, o cümlədən dəyəri 772 manat olan relslər artıq mülki iddiaçıya qaytarılmış və balansına təhvil verilmişdir. Belə olan halda, əmlakın qaytarılmasına baxmayaraq, mülki cavabdehdən mülki iddiaçının xeyrinə əlavə vəsaitin də tutulması sonuncunun əsassız varlanmasına səbəb olacaqdır. Bu baxımdan, mülki iddiaçının ona dəymiş zərərin ödənilməsini mülki cavabdehdən tələb etməsi cinayət prosessual və mülki qanunvericiliklərin tələblərinə ziddir ki, belə olan halda da mülki cavabdehə münasibətdə iddia tələbinin təmin edilməsi istisna edilir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının təqsirləndirilən şəxs, mülki cavabdeh tərəfindən pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı mülki iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSCnin təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” barədə iş üzrə mülki iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, mülki iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 29,70 metr uzunluğunda olan 13 ədəd rels, 25 ədəd özül boltu, 5 ədəd yol mıxı zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinə qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 181, 183, 197-198, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSC-nin təqsiriləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı “cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi” barədə iş üzrə mülki iddiası təmin edilməsin. Mülki iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" QSC-yə aid edilsin. İş üzrə maddi sübut kimi tanınmış 29,70 metr uzunluğunda olan 13 ədəd rels, 25 ədəd özül boltu, 5 ədəd yol mıxı zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli Xaçmaz yol sahəsinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar