Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-53/2023 04.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 04 iyul 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü il tarixdə keçmiş Dəvəçi rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 1(059)-33/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 232.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 7(031)- 115/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, üzərində məhkumluğu olan, Siyəzən rayonunun Qalaşıxı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədilə 02 aprel 2023-cü il tarixdə, gecə saat 02:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı-Quba yolunun Siyəzən rayonundan keçən 92-ci kilometrliyində yerləşən ərzaq mağazasının pəncərəsini açmaqla, oraya qanunsuz daxil olaraq, mağazadan hər bir qutusu 3,70 manata satılan ümumi dəyəri 333 manat olan 3 blok nazik “Kent 4”, 1 blok “Kent 8”, 50 qutu nazik “Kent 4” və “Kent 8” markalı olmaqla, ümumilikdə 90 qutu “Kent” markalı, hər bir qutusu 2,70 manata satılan ümumi dəyəri 108 manat olan 4 blok, ümumilikdə 40 qutu “Rothmans” markalı, hər bir qutusu 2,60 manata satılan ümumi dəyəri 78 manat olan 3 blok, ümumilikdə 30 qutu “Pallmall” markalı, hər bir qutusu 4 manata satılan ümumi dəyəri 160 manat olan 40 qutu göy “Sobrani”, hər bir qutusu 3,70 manata satılan ümumi dəyəri 37 manat olan 10 ədəd “Winston”, hər bir qutusu 3,70 manata satılan ümumi dəyəri 18,50 manat olan 5 ədəd “Davidoff Excellence” və hər bir qutusu 3,70 manata satılan ümumi dəyəri 14,80 manat olan 4 ədəd “Dunhill” markalı ümumi dəyəri 749,30 manat olan siqaretləri və 50 manat nağd pulu oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 799,30 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda 1 ədəd 30958 nömrəli, zavod istehsalı, 7,62 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah hesab edilən Naqan sistemli revolver silahını əldə edib, Siyəzən rayonunun Qalaşıxlı kəndində yerləşən evinə gətirməklə, evin həyətində olan yardımçı tikilidə saxlamış, 04 aprel 2023-cü il tarixdə Naqan sistemli revolver silahı həmin ünvanda yardımçı tikilidən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini əsasən təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımış, habelə oğurluq etdiyi mağazanın sonuncuya məxsus olmasını bilmişdir. 02 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs mağazasının qarşısından keçərkən oğurluq etmək niyyətinə düşmüş, habelə nərdivanla mağazanın arxa tərəfindəki nəfəslikdən içəriyə daxil olmuş, oradan ittiham aktında sadalanan siqaretləri götürsə də, 50 manat məbləğində pulu götürməmişdir. Siqaretləri götürdükdən sonra, mağazaya daxil olduğu nəfəslikdən çıxıb, özü ilə götürdüyü nərdivan və dəmir parçasını ağacın dibinə qoymuş, həmçinin avtobusla Sumqayıt şəhərinə getmişdir. Bundan başqa, o, oğurladığı siqaretləri avtobusda olan sərnişinlərə 160 manat müqabilində satmışdır. Həmin pulları, Sumqayıt şəhərində kafe və mağazalarda xərcləmiş, habelə qalıq təxminən 5-6 manat pul ilə Siyəzən rayonuna qayıtmışdır. Daha sonra, 05 aprel 2023-cü il tarixdə Siyəzən RPŞ-nin müstəntiqinin çağırışı ilə saxlanılmışdır. Bundan başqa, yaşadığı evin həyətindəki tikiliyə baxış zamanı təxminən 2022-ci ilin avqust-oktyabr aylarında Sumqayıt şəhərinin X1 qəsəbəsində yolun kənarında zibil qutusunun yaxınlığından sellofan torbada tapmış olduğu silahı və 4 ədəd patronu da polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında oğurluq hadisəsi ilə əlaqədar sorğu-sual olunmasından bezməsi səbəbindən məhkəməyədək istintaq dövründə oğurlamasa belə, 50 manat məbləğində pulu da götürdüyünü bildirməsi, bununla da təqsirini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq altında olmadan məhkəməyədək istintaq dövründə verdiyi ifadəsində özünü ona verilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, mağazanın içərisində kassa olan yerdə dolabı açıb oradan ümumi dəyəri 50 manat təşkil edən xırda pulları götürüb cibinə qoymuş, məbləğ az olduğu üçün siqaret vitrininə tərəf hərəkət etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər sima olaraq tanısa da, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. Siyəzən rayonunun “Beşbarmaq” piri adlanan ərazisində özünə məxsus, lakin qardaşı Şahid işlətdiyi ərzaq mağazası vardır. Belə ki, qardaşı Şahid oğurluq hadisəsi baş verən gün ona zəng edərək, mağazadan oğurluq olduğunu bildirmiş, həmin vaxt polis əməkdaşları mağazaya gələrək araşdırma aparmış, habelə 799,30 manat məbləğində zərər vurulduğu məlum olmuşdur. Hazırda, ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər sima olaraq tanısa da, sonuncuya qarşı düşmənçilik və ədavəti olmamışdır. 01 aprel 2023cü il tarixdə, saat 23:00 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus olan, özünün satıcı işlədiyi mağazanı bağlayıb getmiş, 02 aprel 2023-cü il tarixdə, saat təxminən 08:00 radələrində mağazanı açmağa gəldiyi vaxt oranın nəfəsliyinin və siqaretlərin yerində olmadığını görmüşdür. Belə ki, həmin vaxt bu barədə polisə məlumat vermiş, təhqiqatçı Rəşad Təhməzov mağazaya gəlmiş, oradan təxminən 749,30 manat dəyərində siqaretin və 50 manat pulun oğurlandığı məlum olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-124-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli, 9/2607 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 7 adda siqaretlərin, o cümlədən 1 ədədinin 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3,70 manat olmaqla, 90 ədəd nazik qara “Kent 4” və “Kent 8” markalı siqaretlərin ümumilikdə qiyməti 333 manat, 1 ədədinin qiyməti 2,70 manat olmaqla, 40 ədəd göy “Rothmnas” markalı siqaretin ümumilikdə qiyməti 108 manat, 1 ədədinin qiyməti 2,60 manat olmaqla, 30 ədəd “PallMall” markalı siqaretin ümumilikdə qiyməti 78 manat, 1 ədədinin qiyməti 4 manat olmaqla, 40 ədəd göy “Sobranie” markalı siqaretin ümumilikdə qiyməti 160 manat, 1 ədədinin qiyməti 3,70 manat olmaqla, 10 ədəd “Vinston” markalı siqaretin ümumilikdə qiyməti 37 manat, 1 ədədinin qiyməti 3,70 manat olmaqla, 5 ədəd “Davidoff Excellence” markalı siqaretin ümumilikdə qiyməti 18,50 manat, 1 ədədinin qiyməti 3,70 manat olmaqla, 4 ədəd “Dunhill” markalı siqaretin ümumilikdə qiyməti 14,80 manat, cəmi 749,30 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 aprel 2023-cü il tarixli, 23/260R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 30958 nömrəli silah zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atış üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Həmçinin, tədqiqata təqdim olunmuş 4 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62x26 mm kalibrli olmaqla, həmin kalibrli Naqan sistemli revolver silahlarından idman yarışlarında atəş açmaq üçün nəzərdə tutulmuş təlim-məşq patronlarıdır, döyüş sursatı hesab edilmir və atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş 4 ədəd patronlardan 1 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 4-7-ci və 15-17-ci vərəqələrində olan müvafiq olaraq 02 və 04 aprel 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokollardan və fotoşəkillərdən görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs ona məxsus Bakı-Quba yolunun 92-ci kilometrliyində yerləşən ərzaq mağazasından oğurlanmış 50 manat pulun və siqaret qutularının saxlanıldığı yeri, həmçinin naməlum şəxsin keçdiyi pəncərə çərçivəsini göstərmiş, Təqsirləndirilən şəxs isə 01 aprel 2023-cü il tarixdən 02 aprel 2023-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs aid mağazadan etdiyi oğurluğu etiraf etməklə, yanaşı baş vermiş hadisənin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan 04 aprel 2023-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan, eləcə də 1 ədəd Compakt Diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, 04 aprel 2023-cü il tarixdə, saat 16:10-dan saat 16:21-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Siyəzən rayonunun Qalaşıxı kəndindəki fərdi yaşayış evinin yerləşdiyi həyətdə olan tikiliyə keçirilən baxış zamanı orada divara söykənilmiş qapının arxasından 1 ədəd Naqan markalı silah və 4 ədəd patron, tikilinin künc hissəsindəki kiçik həcmli tikilinin içərisindən isə qutusunda 5 ədəd siqaret olan 1 ədəd “Excellence” markalı və qutusunda 18 ədəd siqaret olan “Dunhill” markalı siqaretlər aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-137-ci səhifələrində olan 05 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 04 aprel 2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs iştirakı ilə götürülmüş, qutusunda 5 ədəd siqaret olan 1 ədəd “Excellence” markalı və qutusunda 18 ədəd siqaret olan “Dunhill” markalı siqaretlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, həmçinin saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. Eyni zamanda qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tikilidən aşkar olunaraq götürülmüş 1 ədəd 30958 nömrəli, zavod istehsalı, 7,62 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu silah hesab edilən “Naqan” sistemli revolver silahı, eləcə də tədqiqatdan sonra 3 ədəd qalmış patron da maddi sübut kimi tanınmaqla, saxlanılması məqsədilə Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 08 aprel 2023-cü il tarixli, 3-13-11/2-4575/2023 saylı məktubunun surətindən görünür ki, 1 ədəd 7,62 mm kalibrli, 30958 nömrəli Naqan sistemli revolverdən eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 aprel 2023-cü il tarixli tələbnaməsindən, 116-cı səhifədəki Siyəzən rayon icra və probasiya şöbəsinin 03 may 2023-cü il tarixli, 224949/2023-64-1 nömrəli məktubundan, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 1(059)-33/2020 saylı hökmünün, Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 7(031)-115/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 232.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə, qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin 27 sentyabr 2022-ci il tarixdən Siyəzən rayon icra və probasiya şöbəsinin qeydiyyatına alınmış, habelə cəzasının çəkilməmiş 4 ay 18 gün hissəsi qalmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-101-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 4(059)-13/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 114-115-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Qalaşıxı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Zarat kənd İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 04 iyul 2023-cü il tarixdə tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə yə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması, həmçinin qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 228.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, sonuncunun ona qarşı şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə ictimai təhlükəsizliyə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini (ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər mülkiyyət və ictimai təhlükəsizlik əleyhinə törətdiyi cinayət əməllərinə görə verilmiş cəzalardan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini), barəsində cəzasını yüngülləşdirici və ağırlaşdıran halın mövcud olmasını, yəni Təqsirləndirilən şəxs tərəfindən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah olunmamasını, nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinin Vİ hissəsinin İİİ bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarından görünür ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin İ və İV hissələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə o, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətdiyinə görə ləğv edilməli və əvvəlki hökm ilə təyin edilmiş, eləcə də çəkilməmiş 11 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, qəti cəza müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İV və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd 30958 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolver, yivli odlu silah və tədqiqatdan sonra qalıq qalmış 3 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş qutusunda 5 ədəd siqaret olan 1 ədəd “Excellence” markalı və qutusunda 18 ədəd siqaret olan “Dunhill” markalı siqaretlər ona qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 7(031)-115/2022 saylı qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 1(059)-33/2020 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 11 (on bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, habelə Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd 30958 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolver, yivli odlu silah və tədqiqatdan sonra qalıq qalmış 3 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş qutusunda 5 ədəd siqaret olan 1 ədəd “Excellence” markalı və qutusunda 18 ədəd siqaret olan “Dunhill” markalı siqaretlər ona qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-53/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-53/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver