Məhkəmə qərarları › İş №1(059)-53/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-53/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-53/2024 17.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs2 nümayəndəsi X1, Zərərçəkmiş şəxs1 Ağayəhyə qızının, Təqsirləndirilən şəxs iştirakı ilə 17 sentyabr 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1994-cü il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(059)-18/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu məhkəmənin 22 may 2024-cü il tarixli, 7(059)-5/2024 saylı qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz) günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.5-ci maddəsinə əsasən 08 (səkkiz) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırkı vaxta çəkilməmiş 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qalmış, üzərində məhkumluğu olan, Siyəzən rayonunun, Yenikənd Ərazi Dairəsinin Yenikənd kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Siyəzən rayonunun Yenikənd kəndində Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindəki tövlədən xırdabuynuzlu heyvan oğurlamaq qərarına gələrək, bu məqsədlə 03 may 2024-cü il tarixdə, təxminən saat 03-04:00 radələrində sonuncunun yuxarıda qeyd olunan evinin həyətyani sahəsinin yanına gəlib, orada olan qapının üzərindən tullanmaqla həyətyani sahəyə, tövlənin qapısının açaraq isə, tövləyə daxil olub, Zərərçəkmiş şəxs2 məxsus zərər çəkmiş şəxsin qiymətləndirdiyi bir baş dişi cinsli, qəhvəyi rəngli, 7 aylıq, diri çəkisi 30 kiloqram təşkil edən 250 manat dəyərində xırdabuynuzlu heyvanı (quzunu) gizli olaraq talamaqla, sonuncuya 250 manat məbləğində maddi ziyan vuraraq, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Siyəzən rayonunun Yenikənd kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindəki tövlədən xırdabuynuzlu heyvan oğurlamaq qərarına gələrək, bu məqsədlə 08 may 2024cü il tarixdə, saat 04-05:00 radələrində sonuncunun yuxarıda qeyd olunan evinin həyətyanı sahəsinin yanına gəlib, orada olan qapının üzərindən tullanmaqla həyətyani sahəyə, tövlənin qapısının açaraq isə, tövləyə daxil olub, Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirdiyi bir baş dişi cinsli, qəhvəyi rəngli, 8 aylıq, diri çəkisi 10 kiloqram təşkil edən 120 manat dəyərində xırdabuynuzlu heyvanı (quzunu) gizli olaraq talamaqla, sonuncuya 120 manat məbləğində maddi ziyan vuraraq yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 03 may 2024-cü il tarixdə, təxminən saat 03-04:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evinin həyətyani sahəsinin yanına gəlib, orada olan qapının üzərindən tullanmaqla həyətyani sahəyə, tövlənin qapısının açaraq isə, tövləyə daxil olub, Zərərçəkmiş şəxs2 məxsus bir baş, dişi cinsli, qəhvəyi rəngli, 7 aylıq, diri çəkisi 30 kiloqram təşkil edən heyvanı (quzunu) gizli olaraq oğurlamışdır. Bununla yanaşı, o, 08 may 2024-cü il tarixdə, saat 04-05:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evinin həyətyanı sahəsinin yanına gəlib, orada olan qapının üzərindən tullanmaqla həyətyani sahəyə, tövlənin qapısının açaraq isə, tövləyə daxil olub, Zərərçəkmiş şəxs1 məxsus bir baş dişi cinsli, qəhvəyi rəngli, 8 aylıq, diri çəkisi 10 kiloqram təşkil edən heyvanı (quzunu) gizli olaraq oğurlamışdır. Bu quzulardan birini 110 manat müqabilində satsa da, digər quzunu əmisi Şahid2 həyətyani sahəsinə yerləşdirmiş, habelə həmin quzu sonradan Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Eyni zamanda, əmisi Şahid2 quzunun oğurluq olduğunu bilməmiş, sonuncu bu barədə maraqlandıqda, hədiyyə verildiyini qeyd etmişdir. Bundan başqa, əvvəllər iki dəfə mülkiyyət əleyhinə cinayət əməlləri törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, bu hökmlər üzrə müəyyən edilmiş cəzaların icrasından boyun qaçırdığı üçün, cəzası azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. Hazırda isə zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanları ödəməklə, sonuncular ilə barışıq əldə etmişdir. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında, həmçinin məhkəməyədək istintaq zamanı verdikləri ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi X2 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla yanaşı, sonuncunun əmisi onunla bir sinifdə orta təhsil almışdır. Bundan başqa, oğlu Zərərçəkmiş şəxs2 müraciəti əsasında məşğulluq xidmətindən sonuncuya verilmiş xırdabuynuzlu heyvanları Siyəzən rayonunun Yenikənd kəndindəki evlərinin həyətyani sahəsində yerləşən tövlədə saxlamışlar. Beləliklə, 03 may 2024-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs2 məxsus bir baş, dişi cinsli, qəhvəyi rəngli, 7 aylıq, nəvəsinin xüsusi qulluğu sahəsində diri çəkisi 30 kiloqram təşkil edən xırdabuynuzlu heyvan (quzu) oğurlanmışdır. Hazırda isə ona dəymiş ziyan ödənilməklə yanaşı, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 Ağayəhyə qızı məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 08 may 2024-cü il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evinin həyətyani sahəsindəki tövlədən bir baş dişi cinsli, qəhvəyi rəngli, 8 aylıq, diri çəkisi 10 kiloqram təşkil edən 120 manat dəyərində xırdabuynuzlu heyvanı Təqsirləndirilən şəxs tərəfindən (quzusu) oğurlanmışdır. Hazırda isə ona dəymiş ziyan ödənilməklə yanaşı, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı oğlu olmaqla yanaşı, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 08 may 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı Siyəzən rayonunun Yenikənd kəndindəki evinin həyətyani sahəsində yerləşən tövləyə daxil olarkən, bir baş quzunun orada olduğunu görmüş, bu zaman yaşadığı evin yerləşdiyi küçəyə çıxaraq, quzunun kimə məxsus olması ilə maraqlanmışdır. Geri qayıtdığında, isə Zərərçəkmiş şəxs1 Ağayəhyə qızının onun yaşadığı evə gəldiyinin və sonuncunun, tövlədə olan quzunu tanıyaraq, özünə məxsus olmasını bildirməsinin şahidi olmuşdur. Məhkəmə iclasında Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bibisi oğlu olmaqla yanaşı, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bununla yanaşı, təsərrüfatında 40 baş xırdabuynuzlu heyvan olmaqla yanaşı, bu heyvanları qonşuları ilə birlikdə otlaq sahəsinə aparır. Bundan başqa, təxminən 03-04 may 2024-cü il tarixində, səhər saatlarında Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vuraraq, ona bir quzu pay verildiyini bildirmiş və ondan həmin quzunu təsərrüfatında olan xırdabuynuzlu heyvaların arasında saxlamasını xahiş etmiş, o da, razılaşmışdır. Bundan təxminən bir-iki gün sonra, təxminən saat 13-14:00 radələrində Təqsirləndirilən şəxs təkrar onun mobil telefonuna zəng vuraraq, həmin quzunu aparması üçün avtomobil göndərdiyini bildirmiş və ondan quzunu kisəyə qoymaqla, avtomobilə yerləşdirməsini istəmiş, o isə, sonuncunun bu istəyini icra etmişdir. Qeyd edir ki, həmin quzunun oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş Şahid1, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır və taksi fəaliyyəti ilə məşğul olmaqla, dolanışığını təmin edir. Bundan başqa, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla yanaşı, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Təxminən, 06-07 may 2024cü il tarixdə, saat 13-14:00 radələrində yaşadığı evə gedən zaman Bədirxan onun idarə etdiyi ** EB *** dövlət qeydiyyat nişanlı, “BYD” markalı avtomobilini görüb saxlatdırmışdır. Həmin vaxt Bədirxan, ona pay verilmiş quzunun xalası oğlunda olduğunu bildirmiş, o isə, xalası Şahid3 qurbanlıq quzu axtardığını bildiyi üçün sonuncuya zəng edərək, satdıq quzu olduğunu demişdir. Beləliklə, xalasının quzunu 110 manat müqabilində alması təklifi ilə razılaşmış Bədirxan, ondan xalası oğlu Şahid4gildən həmin quzunu gedib, gətirməsini istəmişdir. Bundan sonra, o, 15 manat taksi fəaliyyəti qarşılığında həmin quzunu Turxangildən gətirib, xalasına təhvil vermiş, sonuncudan aldığı 110 manat məbləğində pulu isə Bədirxana vermişdir. Həmin quzunun oğurluq olduğunu öyrəndikdən sonra isə, xalası Şahid3 alaraq, sahibi Zərərçəkmiş şəxs2 qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş Şahid3 Nayib qızı, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, “Qurbanlıq bayram” ı ilə əlaqədar satlıq quzu axtarmış və bu barədə bacısı oğlu Şahid1 da, bildirmişdir. Təxminən 03-04 may 2024-cü il tarixdə Samir ona zəng edərək, satılıq quzu olduğunu bildirmiş və 110 manata almaq mümkün olduğunu qeyd etmişdir. Bundan sonra, Samir, adının Bədirxan olduğunu sonradan bildiyi şəxslə birlikdə onun yaşadığı evə gələrək, quzunu ona göstərmişlər, habelə bu zaman sonuncu quzunu 130 manat müqabilində satdığını bildirsə də, 110 manata razılaşmışlar. Eyni zamanda, quzunu “Qurbanlıq bayram” ına qədər qohumlarının tövləsində saxlaması üçünü Samirə vermiş, lakin, oğurluq olduğunu bildikdən sonra, sahibinə qaytarması üçün sonuncuya tapşırıq vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2024-cü il tarixli, 9/3779 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş, diri çəkisi 30 kiloqram olan, dişi cinsli, 7 aylıq xırdabuynuzlu (quzunun) heyvanın 03 may 2024-cü il tarixə nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 285 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2024-cü il tarixli, 9/3780 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırda buynuzlu heyvanların o cümlədən, 01 baş 09 aylıq, 13 kiloqram çəkidə, dişi cinsli quzunun bir vahidinin qiyməti və ümumi dəyəri 130 manat və 01 baş 08 aylıq, 10 kiloqram çəkidə, dişi cinsli quzunun bir vahidinin qiyməti və ümumi dəyəri 100 manat olmaqla, heyvanların 2024-cü ilin aprel və may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 230 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-8-ci və 30-33-cü səhifələrində olan baxış keçirmə və götürmə haqqında, eləcə də, cinayət işinin 51-53-cü səhifələrində olan şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan, eləcə də, fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 Ağayəhyə qızı 08 may 2024-cü il tarixdə, saat təxminən 04- 05:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evinin həyətindəki tövlədən və Zərərçəkmiş şəxs2 03 may 2024-cü il tarixdə, saat təxminən 03-04:00 radələrində Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evinin həyətindəki tövlədən oğurlanmış xırdabuynuzlu heyvanların (quzuların) saxlanıldığı yeri göstərmiş, Təqsirləndirilən şəxs isə törətdiyi əməlləri təfərrüatlı şəkildə izah etməklə, hadisələrin baş verdiyi yerləri göstərib, olanları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 150-159-cu səhifələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, sonuncunun əməlində Cinayət Məcəlləsinin 180-cı, 186-cı və 177.2.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şahid4, Şahid1 və Şahid2 barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci. Şahid3 Nayib qızı barəsində isə Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş üzrə təqsirləndirilən şəxs tərəfindən oğurlanmış iki baş xırdabuynuzlu heyvanların xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmiş, həmçinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 iyun 2024-cü il tarixli tələbnaməsindən, işin 77-83-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(059)-18/2023 saylı hökmündən, eləcə də işin 92-95-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 7(059)-5/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 04 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu Məhkəmənin 22 may 2024-cü il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 04 ay 18 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 08 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırkı vaxta çəkilməmiş 04 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası qalmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 147-148-ci vərəqələrində olan 13 avqust 2024-cü il tarixli məhkəmə qərarının nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon məhkəməsinin 22 may 2024-cü il tarixli qərarı ilə “azadlıqdan məhrumetmə” cəzasının seçilməsi nəzərə alınmışdır. Cinayət işinin 88-89-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonunun Yenikənd kəndində yaşamaqla, həqiqi hərbi xidmətdə olmamış, subay, işləməyən Təqsirləndirilən şəxs barəsində Siyəzən rayon İHB-nın Yenikənd kənd İƏD nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 nümayəndəsi X2 və Zərərçəkmiş şəxs1 Ağayəhyə qızı tərəfindən tərtib edilmiş 17 sentyabr 2024-cü il tarixli ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam şəkildə ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gənc yaşda olmasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin 1-ci hissəsinin 13cü bəndinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Azərbaycan Respublikasının CM-nin 18-cü maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023cü il tarixli hökmü ilə qəti olaraq 02 il 04 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin bu Məhkəmənin 22 may 2024-cü il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 04 ay 18 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 08 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla, residiv yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun yaşayış sahəsinə qanunsuz daxil olaraq, təkrar oğurluq etmə kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini (əvvəllər iki dəfə mülkiyyət əleyhinə cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əvvəlki məhkəmə hökmü ilə ona təyin edilmiş cəzaya əsasən cəmiyyətdən tam təcrid edilməməsinə baxmayaraq, məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini) beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(059)- 18/2023 saylı hökmü ilə təyin edilmiş və bu Məhkəmənin 22 may 2024-cü il tarixli, 7(059)- 5/2024 saylı qərarı ilə əvəz edilməklə, çəkilməmiş azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablanmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və V hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bu mənada məhkəmə qeyd edir ki, Siyəzən Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 7(059)-5/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalından dərhal həbs edilmiş, həmçinin onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsa da, onun barəsində sözügedən qərarla seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından qərar üzrə əvəz edilmiş cəza icraya yönəldiyindən qüvvədən düşmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzanın icrasının təmin edilməsinə nail olmaq məqsədilə sonuncunun barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 131-ci maddəsinin İ hissəsinin İİİ bəndinə əsasən cinayət təqibi üzrə icraat başa çatanadək cinayət prosesini həyata keçirən orqan maddi sübut sayılan gündəlik qulluğa ehtiyacı olan ev heyvanlarını, quşları və digər heyvanları mülkiyyətçiyə və ya qanuni sahibinə qaytarır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs1 Ağayəhyə qızına verilmiş 08 aylıq, 10 kiloqram çəkidə, bir baş dişi cinsli quzunun Zərərçəkmiş şəxs1, həmçinin iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilmiş 07 aylıq, 30 kiloqram çəkidə, bir baş dişi cinsli quzunun Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(059)-18/2023 saylı hökmü ilə təyin edilmiş və bu Məhkəmənin 22 may 2024-cü il tarixli, 7(059)-5/2024 saylı qərarı ilə 08 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməklə, çəkilməmiş 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs1 Ağayəhyə qızına verilmiş 08 aylıq, 10 kiloqram çəkidə, bir baş dişi cinsli quzunun Zərərçəkmiş şəxs1, həmçinin iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilmiş 07 aylıq, 30 kiloqram çəkidə, bir baş dişi cinsli quzunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar