Məhkəmə qərarları › İş №1(059)-54/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-54/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-54/2020 22.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1995-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 01:00 radələrində xalası X1 əri Zərərçəkmiş şəxs məxsus, ünvan 2 ünvanında yerləşən yaşayış evinin hasarından tullanaraq evin həyətinə daxil olmuş, həyətdən evin pəncərəsini əli ilə açaraq evə qanunsuz daxil olub, evin qonaq otağında istilik sobasının yanında olan dolabdan 2 ədəd işləməyən, hər birinin qiyməti 5 manat təşkil edən NOKİA markalı mobil telefonları, 1 ədəd işlək vəziyyətdə qiyməti 15 manat təşkil edən NOKİA markalı mobil telefonu, həmin dolabdan 60 manat nəğd pulu, evin yataq otağında yerləşən dolabdan 100 manat dəyərində 1 cüt sırğa və boyunbağından ibarət 1 ədəd gümüş dəsti, 30 manat dəyərində təsbehi, 50 manat dəyərində 1 ədəd güldanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 235 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs xalası X1 əri, həm də qonşuları olmaqla, münasibətləri həmişə normal olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 20:00 radələrində xalası Xədicə gilə getmiş, həmin vaxtı İlhamda evdə olmuş, sonuncu ilə çay içmiş, pula ehtiyacı olduğundan evdən çıxan zaman evin zirzəmisinin qapısının qabağında olan 1 ədəd elektrik samovarını gizlicə götürmüşdür. Bu əməli törədərkən onu heç kim görməmiş, habelə samovarı aparıb yaşadığı evin həyətində olan zirzəmidə gizlətmiş, səhəri gün, yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 15:00 radələrində evdən oğurladığı samovarı götürüb Siyəzən rayonunda dəmir alış-verişi ilə məşğul olan Ağaəli adlı şəxsə satmağı düşünmüşdür. Bu məqsədlə Ağaəlinin Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən evinə getmiş, orada balaca metal qəbul üçün yerin qarşısında samovarı Ağaəliyə göstərmiş, sonuncuya samovarı 11 manata satdığını bildirmişdir. Ağaəli samovarın oğurluq olub-olmamasını soruşduqda, o, samovarın özünə məxsus olmasını qeyd edib, samovarı satmışdır. Maddi vəziyyəti pis olduğundan xx xxxxxx 2019-cu il tarixdə yenidən xalası Xədicəgildən oğurluq etmək qərarına gəlmiş, həmin vaxt evdə heç kimin olmadığını əvvəlcədən bilmiş, xx xxxxxx 2019cu il tarixdə, saat 01:00 radələrində yaşadığı evdən çıxıb xalası Xədicənin əri İlhamın Vidadi küçəsində yerləşən evinə getmişdir. Evin yanına gələrək ətrafda kimsənin olmadığına tam əmin olduqdan sonra evin həyətinin qapısını yoxlamış, qapının bağlı olduğunu görmüş, hasarından həyətə tullanmışdır. Bundan sonra, dərhal evə tərəf getmiş, evin pəncərəsini əli ilə itələmiş, mismarla bərkidilmiş şüşəbəndi açmış və evə daxil olmuşdur. Daha sonra, mətbəxdən ümumi zala keçmiş, evə tez-tez gəlib-getdiyindən evdə harada nə olduğunu bilmiş, həmin otaqda olan istilik sobasının yanında olan dolabı açmış, dolabdan 3 ədəd “Nokia” markalı mobil telefonu və 60 manat pulu götürüb, evin yataq otağına keçmiş, oradakı dolabdan isə 1 ədəd gümüş boyunbağını, 1 cüt gümüş sırğanı,1 ədəd təsbehi, yataq otağındakı 1 ədəd güldanı, 2 ədəd medalı oğurlamışdır. Bundan sonra, o, evdən çıxmış, yolda olarkən mobil telefonlardan iki ədədinin ümumiyyətlə işləmədiyini müəyyən etmişdir. Yaşadığı evə gəldikdən sonra oğurladığı əşyaları evin zirzəmisində gizlətmişdir. Həmin hadisədən 2 gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə getmiş, ora gedən zaman oğurladığı əşyaları satmaq üçün özü ilə götürmüşdür. 2 ədəd mobil telefonlar işlək vəziyyətdə olmadığına görə onları Bakı şəhəri, “20 Yanvar” dairəsində zibilliyə tullamış, işlək vəziyyətdə olan 1 ədəd Nokia markalı telefonu isə bu metro stansiyasının yaxınlığında tanımadığı şəxsə 8 manata satmışdır. Telefonu satdıqdan sonra “İnşaatçılar” metro stansiyasının yaxınlığında qədim əşyalar alan və satan şəxsə 2 ədəd medalı 3 manata, 1 ədəd güldanı 5 manata satmış, sadə qadın gümüş boyunbağını və 1 cüt sırğanı sata bilmədiyi üçün atmışdır. Oğurladığı 60 manat nağd pulu isə öz ehtiyaclarına sərf etmişdir. Bundan əlavə, o, oğurluq hadisəsini tək törətmiş, oğurluq yolu ilə əldə etmiş olduğu əmlakı satan zaman həmin əşyaların oğurluq olması barədə heç kimə heç nə bildirməmiş, ilk dəfə Zərərçəkmiş şəxs evinə oğurluq etmək niyyəti ilə getməmiş, vahid niyyətlə oğurluq etməmiş, maddi ehtiyacı yarandığından ikinci dəfə oğurluğa getmişdir. Törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, zərəçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, habelə sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində bildirdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun baldızı Təranənin oğlu olmaqla, sonuncularla normal münasibətləri vardır. Bundan əlavə, Şirəli mütəmadi olaraq onların evinə gəlib-getmişdir. xx xxxxxx 2019-cu il tarixdə Şirəli onlara gəlmiş, həmin vaxt o, evdə tək olmuş, Şirəli təxminən yarım saat onunla oturub, çay içmiş, daha sonra çıxıb getmişdir. Həmin gün evindən hər hansı bir əşyanın oğurlanmasını bilməmişdir. Bundan sonra, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə getmiş, xx xxxxxx 2019-cu il tarixdə isə oradan qayıtmışdır. Bu zaman evinə daxil olarkən pəncərənin açıldığını görmüş, evin pəncərəsini mismarla özü bağladığından evdən oğurluq edildiyindən şübhələnmiş, dərhal evin yataq otağında olan dolaba baxdıqda, oradan 100 manat dəyərində gümüş qadın dəstinin (1 cüt sırğanın və 1 ədəd boyunbağının), 30 manat dəyərində təsbehin, 50 manat dəyərində 1 ədəd güldanın, dəyərini bilmədiyi atasından yadigar qalan 2 ədəd medalın oğurlandığını müəyyən etmişdir. Bundan sonra, evin həyətində zirzəminin qarşısında 1 ədəd 50 manat dəyərində elektrik samovarının oğurlanmasını aşkarlamışdır. Evindən oğurluq edildiyini yəqin edən kimi bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, hadisədən 3 gün sonra arvadı Xədicə evə gəlmiş, evin qonaq otağında olan dolabdan 60 manat pulun və dəyəri 15 manat olan, işlək vəziyyətdə 1 ədəd, hər birinin dəyəri 5 manat olan işlək olmayan 2 ədəd NOKİA markalı mobil telefonların oğurlanmasını təsbit etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 265 manat miqdarında maddi ziyan dəymişdir. Bundan başqa, ilkin izahatında ümumi olaraq dəymiş ziyanın 80 manat olduğunu bildirsə də, sonradan arvadı Xədicədən oğurlanan əşyaların qiymətləri barədə dəqiqləşdirmə aparmış və ona cəmi 265 manat miqdarında maddi ziyan dəyməsini müəyyən etmişdir. Təqsirləndirilən şəxs evə girib çıxmağa icazəsi olmamış, ona dəymiş ziyan isə tam olaraq ödənilmişdir. Hazırda ona dəymiş zərərin tam ödənilməsinin, habelə Təqsirləndirilən şəxs qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid məhkəməyə ərizə ilə müraciət edərək, özünün və oğlunun səhhəti ilə əlaqədar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, bunun nəzərə alınmasını xahiş etməklə, məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır və evinin qarşısında metal qəbulu ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs əlində bir ədəd elektrik samovarı ilə metal qəbul etdiyi ünvana gələrək, onu satmaq istədiyini bildirmişdir. Bu zaman o, Şirəlidən samovarın oğurluq olub-olmamasını soruşmuş, sonuncu isə həmin samovarın ona aid olduğunu və evdən gətirdiyini bildirmişdir. Bundan sonra, o, həmin samovarı Şirəlidən 11 manata almışdır. O, Təqsirləndirilən şəxs məhəllədən tanımış, əvvəllər sonuncu ona heç bir əşya satmamış, habelə satılan əşyanın oğurluq olmasını bilməmiş, Şirəli ona bu barədə xəbərdar etməmiş, həmçinin samovarı satan zaman Şirəli tək olmuşdur. Həmin samovarın oğurluq olduğunu bilən kimi onu dərhal təhqiqata təqdim etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-49-cu səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 20/38R nömrəli ekspert rəyindən görünür ki, Siyəzən şəhəri, Vidadi küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus ev 40 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı 07 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş izlərdən 01 ədəd əl barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl barmaq və 03 ədəd ovuc izlərindən, 01 ədədinin (Siyəzən RPŞ-dən şəbəkə vasitəsi ilə ADİS-in məlumat bankına daxil olan) Zərərçəkmiş şəxs sağ əlinin böyük barmağın və 02 ədədinin (Siyəzən RPŞ-dən ADİS-in məlumat bankına daxil olan) Təqsirləndirilən şəxs sağ əlinin ovucun (02 dəfə) əksləri ilə eynidir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan digər 01 ədəd ovuc izi DİN- in KTİ-nin ADİS-in məlumat bankında olan digər şəxslərin əl əksləri ilə eynilik təşkil etmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/158 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların, o cümlədən 1 ədəd təxmini 3-4 litr su tutumu olan elektrik samovarının 2019-cu ilin dekabr ayına olan bazar qiyməti 45 manat, 1 ədəd qəhvəyi-qızılı rəngli, istifadədə olmuş təsbehin qiyməti 10 manat, cəmi 55 manat müəyyən edilmişdir. Həmçinin, rəydən görünür ki, qərarda qeyd edilən digər 5 adda mallar, o cümlədən 1 ədəd gümüş qadın bijuteriyası, 1 ədəd güldan, işlək vəziyyətdə olan 1 ədəd və işlək vəziyyətdə olmayan 2 ədəd sadə “Nokia” markalı telefonlar ekspertiza tədqiqatına təqdim edilmədiyi və haqqında ətraflı məlumat (markası, modeli, istehsal ili, istifadə müddəti, texniki vəziyyəti və s.) olmadığı üçün qiymətləndirmənin aparılması mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qəbzdən və 95-ci vərəqədə olan əşyanın maddi sübut kimi tanıması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanan 1 ədəd elektrik samovarı və 1 ədəd təsbeh iş üzrə maddi sübut kimi tanınmaqla, Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-150-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş xx xxxx 2020-ci il tarixli ittiham, eləcə də barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, habelə onun əməllərində Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan başqa, qərardan görünür ki, Şahid əməlində Azərbaycan Respublikası CM-in 194-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin qərardan görünür ki, iş materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs əl barmaq izlərini özündə əks etdirən 1 ədəd zərf iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 78-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 177.2.3-cü maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, gəncliyini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin az ağır cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, eləcə də maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, habelə Təqsirləndirilən şəxs tərəfindən oğurlanan 1 ədəd elektrik samovarı və 1 ədəd təsbeh Zərərçəkmiş şəxs təhvil verilmiş hesab edilməli, həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əl barmaq izlərini özündə əks etdirən 1 ədəd zərf cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən oğurlanan 1 ədəd elektrik samovarı və 1 ədəd təsbeh Zərərçəkmiş şəxs təhvil verilmiş hesab edilsin. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs əl barmaq izlərini özündə əks etdirən 1 ədəd zərf cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar