Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-54/2021 26.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, 26 oktyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1984-cü ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobustan kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü və 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 fevral 2021-ci il tarixdə, saat 20:00 radələrində özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qonaq qismində getdiyi Zərərçəkmiş şəxs2 məxsus Siyəzən rayonu, Qozağacı kəndində yerləşən evin İ mətəbəsində zirzəmi kimi istifadə olunan otağına gizlincə daxil olaraq oradan 1 ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, hamar (yivsiz) qoşalüləli, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “ИЖ-58 MAE” modeli, 00084 nömrəli odlu ov silahını talamış, 10 fevral 2021-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı Siyəzən rayonu, Qərəh kəndində yerləşən ünvanın qarşısında özünü ətrafdakılara qarşı qoyub, davranışı ilə ictimai qaydalara açıq etinasızlıq göstərən və əxlaq normalarını kobud surətdə pozan hərəkətlər törətməklə aralarında olan borc pul ilə əlaqədar mübahisəni ictimai qaydalara zidd olaraq, zor tətbiq etmək yolu ilə həll etmək iqtidarında olduğunu nümayiş etdirib ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək borc pulun qaytarılması tələbi ilə onun yaşadığı Siyəzən rayonu, Qərəh kəndində yerləşən ünvanın qarşısına gəlmiş Zərərçəkmiş şəxs1 dayandığı yer istiqamətində həmin tüfənglə 1 dəfə kənar əraziyə yerə, 3 dəfə isə havaya atəş açmaqla xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 221.3-cü və 232.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Siyəzən rayonu, Qərəh kəndində yaşamaqla, bu kənddə ot yığaraq fərdi əməklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 2019-cu ildən tanımış, sonuncu ilə mal-qara alveri etmişlər. Sonradan o, Caviddən 2019-cu ilin avqust ayında 4500 manat nağd pul alaraq pulun qarşılığında xırdabuynuzlu heyvan gətirəcəyini bildirmiş, habelə Caviddən 2019-cu ilin avqust ayında ayrı-ayrı vaxtlarda yenidən 7 baş, 4 baş və 5 baş bala iribuynuzlu heyvan almış, bu heyvanların pulunun bir hissəsini vermiş, eləcə də ayrıayrı vaxtlarda Cavidə 1200 manat pul qaytarmışdır. 10 fevral 2021-ci il tarixdə o, istifadəsində olan mobil nömrə ilə Cavidə zəng edərək Siyəzən rayonuna gəlməsini, onun üçün borclu olduğu puldan bir hissəsini hazır etdiyini və həmin pulu Siyəzən rayonunda görüşərək ona vermək istədiyini qeyd etmiş, Cavid isə gələcəyini bildirmişdir. Cavid Siyəzən rayonunda olduğu vaxt ərzində onunla telefon əlaqəsi saxlasa da, təxminən saat 16:00 radələrinə qədər onunla görüşə bilməmişdir. Sonuncu dəfə Cavid onunla əlaqə saxlayanda isə o, Cavidə Siyəzən rayonunda olan kəsim sexinə getməsini bildirmiş, lakin özü oraya getməmişdir. Cavid onunla əlaqə saxlayaraq, orada olmadığını və onu yaşadığı evin yaxınlığında gözlədiyini bildirmişdir. O, Cavidin onu yaşadığı ünvanın yaxınlığında gözlədiyini bildiyindən, təxminən saat 20:00 radələrində Siyəzən rayonu, Qozağacı kəndinə getmiş və orada yaşayan dostu Yalçının evindən ov tüfəngini özü ilə götürməyi düşünsə də, Yalçın evdə olmamışdır. O, Yalçının atası Zərərçəkmiş şəxs2la bir qədər Yalçının yaşadığı ünvanda çay içmiş, daha sonra getməli olduğunu qeyd edib, evin zirzəmi kimi istifadə olunan birinci mərtəbəsində yerləşən otaqda tüfəng olmasını əvvəlcədən bildiyindən evdən çıxarkən həmin otağa girmiş və gizlincə orada olan ov tüfəngini, eləcə də həmin otaqda pəncərə tərəfdə olan patronları götürməklə, oradan uzaqlaşmış və Qərəh kəndinə getmişdir. Təxminən saat 21:00 radələrində yaşadığı fermanın qarşısına çatmış, həmin vaxt Cavidin fermanın qarşısında, məscidin yaxınlığında tonqal qaladığını görmüşdür. O, Cavidin və digər bir şəxsin orada əyləşdiklərini görmüş, habelə həmin vaxt onların borca görə onunla mübahisə edə biləcəklərindən qorxaraq, onların qorxub getmələri üçün Cavid istiqamətdə kənar əraziyə yerə bir dəfə atəş açmışdır. Daha sonra, Cavidgil ona baxarkən onların çıxıb getmələri üçün əlavə 3 dəfə də, havaya atəş açmış, bu zaman onlar qaçaraq oradan uzaqlaşmış, o, isə çox həyəcanlı olduğundan dərhal DİNin 102 xidmətinə zəng vuraraq, polisə baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Hadisə zamanı atəş açdığı silah Qozağacı kəndində yaşayan dostu Yalçına məxsus olmuş, onun həmin silahı Yalçının yaşadığı ünvanın zirzəmisindən götürməsindən Yalçının və həmin vaxt evdə tək olan sonuncunun atası Əligullanın xəbəri olmamışdır. O, atəş açdıqdan sonra özü polisə və əmisi Ədalətə bu barədə məlumat vermişdir. Lakin, həmin vaxt həyəcanlı olduğundan onlardan hansısa birini vurduğunu deyə düşünüb, polisə zəng etmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmamaqla, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs1 12 oktyabr 2021-ci il tarixdə keçirilən hazırlıq iclasında məhkəməyə təqdim etdiyi ərizəsində (ərizəyə 14 oktyabr 2021-ci il tarixdə onun Türkiyə Respublikasına səyahət edəcəyini təsdiq edən uçuş bileti də əlavə edilmişdir) göstərilmişdir ki, o, məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edir və Türkiyə Respublikasında olması ilə əlaqədar növbəti məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etməklə, yanaşı təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirib, sonuncuya yüngül cəza verilməsini rica etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Ramil Şixaliyevi 2019-cu ildən tanımış, sonuncu ilə mal-qara alveri etmiş, sonradan Ramil ondan 2019-cu ilin avqust ayında 4500 manat məbləğində nağd pul almış və pulun qarşılığında xırda buynuzlu heyvan gətirəcəyini bildirmişdir. Daha sonra, Ramil ondan 2019-cu ilin avqust ayında ayrı-ayrı vaxtlarda yenidən 7 baş, 4 baş və 5 baş bala iribuynuzlu heyvan almış, bu heyvanların pulunun bir hissəsini vermişdir. Borc kimi verdiyi 4500 manat pul ilə birlikdə Ramilin ona 15300 manat borcu qalmışdır. Ramil ayrı-ayrı vaxtlarda ona 1200 manat pul qaytarsa da, 14100 manat borcu qalmışdır. 10 fevral 2021-ci il tarixdə Ramil istifadəsində olan mobil nömrə ilə ona zəng edərək Siyəzən rayonuna gəlməsini istəmiş, onun üçün borclu olduğu puldan bir hissəsini hazır etdiyini və Siyəzən rayonunda görüşərək pulu ona vermək istəməsini qeyd etmişdir. Bundan sonra, o, təxminən saat 11:00 radələrində kürəkəni Namiq ilə birlikdə Siyəzən rayonuna gəlmiş və Ramili gözləməyə başlamış, həmin ərəfədə Ramil ilə telefon əlaqəsi saxlamış, sonuncu təxminən saat 16:00 radələrinə qədər hər dəfəsində gələcəyini qeyd etməsinə baxmayaraq oraya gəlməmişdir. Sonunucu dəfə elə həmin məqamda o, yenidən Ramil ilə əlaqə saxlamış, Ramil ona Siyəzən rayonunda olan kəsim sexinə gəlməsini istəmişdir. O, Ramilin dediklərinə inanmamış və bu səbəbdən sonuncu ilə danışdıqdan sonra başqa şəxslərdən Ramilin harada olması barədə maraqlanmış, bu zaman Ramilin Siyəzən rayonu, Qərəh kəndində olması ona məlum olmuşdur. O, kürəkəni Namiq ilə birlikdə Siyəzən rayonu, Qərəh kəndinə Ramilin yanına getmiş, yer palçıq olduğu üçün həmin vaxt o maşını Siyəzən rayonu, Qozağacı kəndində saxlamış, Namiq ilə birlikdə piyada Ramilin yaşadığı Qərəh kəndinə getmişdir. Hava qaranlıq olduğundan və o, həmin yerlərə o qədər də yaxşı bələd olmadığından Namiqi də, özü ilə aparmışdır. O və Namiq Ramilin evinin yaxılığında olan məscidin yanında dayanmış, həmçinin Ramil ilə əlaqə saxlayaraq orada olmalarını və onu gözlədiklərini bildirmişlər. Daha sonra, Ramil onları həmin yerdə çox gözlətdiyindən və hava soyuq olduğundan üşüdükləri üçün orada ocaq qalayaraq əyləşmişlər. O, həmin vaxt ərzində Ramil ilə əlaqə saxlamış və sonuncu ona gələcəyini qeyd etmişdir. O və Namiq təxminən saat 21:00 radələrinə qədər ocağın ətrafında dayanmış, elə həmin ərəfədə arxa tərəfdən atəş açıldığını eşitmiş, bu vaxt arxaya çevrilmiş və Ramilin təpənin üzərində dayanaraq əlində tüfəng ilə ona tərəf atəş açdığını görmüşdür. Ramilə tərəf çevrildikdən sonra sonuncu ona “mənim üstümə gəlmisən” dedikdə, o, Ramilə “gəl aşağı söhbət edək” demişdir. Həmin vaxt aralarında 30-40 metr məsafə olmuş, o, Ramilə tərəf bir neçə addım atsa da, sonuncunun əlavə olaraq 3 dəfə də, havaya atəş açdığını gödüyündən daha da irəliləməmiş və Namiq ilə birlikdə geriyə qayıdaraq evə getmişdir. Yolda olarkən onu baş vermiş hadisə ilə əlaqədar Siyəzən RPŞ-yə dəvət emişlər. 10 feval 2021-ci il tarixdə baş vermiş hadisə zamanı Ramil ümumilikdə 4 dəfə tüfəngdən atəş açmış, sonuncu onu silahla vurmaq istəməmiş, bu səbəbdən bir dəfə kənar əraziyə və üç dəfə havaya atəş açmışdır. Baş vermiş hadisə zamanı yanında Namiq adlı kürəkəni olmuş, Ramil ona kəndin içində atəş açmış və ətrafda çoxlu yaşayış evləri olmuşdur. Mübahisə təxminən 10- 15 dəqiqə davam etmiş və baş vermiş hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs Həsənov X2 Rayon İcra Hakimiyyəti Başçısının Məşrif kənd İƏD üzrə nümayəndəsi Kənan Əliyev tərəfindən təsdiq edilməklə, məhkəməyə ünvanlanmış ərizəsində göstərilmişdir ki, o, məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edir və şəkərli diabet xəstəsi və yaşlı olması ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etməklə, yanaşı təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirib, sonuncuya yüngül cəza verilməsini rica etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Şahid1 bir neçə il olar Təqsirləndirilən şəxs ilə dostluq etmişdir. Yalçın ilə dost olduqları üçün Ramil onların yaşadığı evə sərbəst gedib-gəlmişdir. 10 fevral 2021-ci il tarixdə, saat 20:00 radələrində Yalçın evdən çıxaraq harasa getmiş, bundan təxminən 10-15 dəqiqə sonra Ramil gəlmiş, həmçinin onunla birlikdə oturaraq çay içmişdir. Bir qədər oturduqdan sonra Ramil onunla sağollaşmış və getməli olduğunu bildirməklə, ayağa qalxmış, bir müddət sonra isə Yalçın evə qayıtmışdır. Həmin gün gecə təxminən saat 03:00 radələrində digər oğlu Telman onlara gəlmiş və Ramilin onlara məxsus silahı oğurlayaraq həmin silahla adam vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs oğurladığı silah onun adına qeydiyyatda olsa da, uzun müddət olar, həmin silahı Yalçına bağışlamış, lakin, səhhəti ilə əlaqədar evdən çıxa bilmədiyindən müvafiq sənədləşdirmə işləri apara bilməmişdir. Yalçın həmin silahı evin birinci mərtəbəsində zirzəmi kimi istifadə olunan otaqda divara söykənmiş, açıq vəziyyətdə saxlamış və Təqsirləndirilən şəxs silahın orada saxlanıldığından məlumatlı olmuşdur. Nə o, nə də Yalçın Ramilin silahı götürməsindən məlumatlı olmamış, sonuncu silahı gizlincə evdən gedərkən zirzəmiyə keçib götürmüş, həmin vaxt Yalçın ümumiyyətlə evdə olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verərək baş verənləri bir daha təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 Əligulla oğlu ifadəsində göstərdi ki, o, Siyəzən rayonu, Qozağacı kəndində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olduğundan bu fəaliyyətlə məşğul olan Təqsirləndirilən şəxs də tanımış, sonuncu onun yaşadığı ünvana, onun isə Ramilin yaşadığı ünvana gediş-gəlişi olmuşdur. Ramili təxminən 5 il olar, tanıyır. 10 fevral 2021-ci il tarixdə təxminən saat 20:00 radələrində bir nəfər ona zəng edərək avtomobilinin palçığa batdığını bildirmiş və ondan sahibi olduğu kənd təsərrüfatı texnikası vasitəsilə avtomobilini çıxarmağa kömək etməsini istədikdə, o, bu məqsədlə Siyəzən rayonu, Məşrif kəndi istiqamətində getmişdir. Oraya çatdıqda, o, avtomobilin artıq palçıqdan çıxarıldığını görmüş və evə qayıtmış, bir qədər evdə atası ilə söhbətləşdikdən sonra yatmışdır. Gecə təxminən saat 03:00 radələrində qardaşı Telman yaşadığı evə gələrək, onu yuxudan oyatmaqla, Təqsirləndirilən şəxs ona məxsus tüfəngdən istifadə edib adam vurduğunu və polislərin hadisə yerinə gəldiklərini bildirmişdir. O, dərhal evin zirzəmisində saxladığı tüfəngin yerində olub-olmamasını yoxlamaq üçün oraya getsə də, tüfəng orada olmamışdır. Daha sonra, o, polis əməkdaşlarına zəng edərək bu barədə məlumat vermişdir. Həmin tüfəng atası Zərərçəkmiş şəxs2 adına qeydiyyatda olmasına baxmayaraq, uzun müddət olar, onun istifadəsinə keçmişdir. Belə ki, atası həmin silahı ona bağışlasa da, səhhətindəki problemlərlə əlaqədar evdən çıxa bilmədiyindən bununla bağlı müvafiq sənədləşdirmə işlərinin aparılması üçün müraciət edə bilməmişlər. Silah həvəskarı olmadığından həmin silahı götürdüyü vaxtdan sonra yaşadığı evdə birinci mərtəbədə zirzəmi kimi istifadə olunan otaqda saxlamış, habelə açıq vəziyyətdə divara söykəmiş və patronları da, yaxınlıqda olan pəncərənin üzərinə qoymuşdur. Ramil Şixaliyev həmin silahı ondan, həmçinin ailə üzvlərindən xəbərsiz şəkildə götürmüş, o, Ramilə silah verməmiş, sonuncunun onun yaşadığı evə gəlməsindən ümumiyyətlə xəbəri olmamışdır. Çünki, o, həmin vaxt evdə olmamışdır. Ola bilsin ki, Ramil əlavə məsuliyyətə cəlb ediləcəyindən qorxaraq belə bir yalan məlumat vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 70-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2021-ci il tarixli, 3/412 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖ-58 MAE” modelli, 00084 nömrəli, daxili çaxmaqlı, hamar (yivsiz) qoşalüləli odlu ov tüfəngidir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, detallarında, hissə və mexanizimlərində təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir, zavod işarələrində pozuntu və ya dəyişikliklər müşahidə edilmir. Bundan əlavə, rəydən görünür ki, tədqiqata təqdim edilmiş 3 ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar. Həmin patronlar zavod üsulu ilə istehsal edilmişlər, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar, üzərilərində təyinatlarını dəyişdirən hər hansı dəyişiklik müşahidə edilmir. Həmçinin, rəydən görünür ki, tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir – gilizlərdir, onlardan 2 ədədi şərti olaraq “1” və “2” rəqəmləri ilə işarələnmiş gilizlər təqdim edilmiş 16 kalibrli “ИЖ-58 MAE” modelli, 00084 nömrəli ov tüfənginin sol lüləsindən, digər 2 ədədi isə şərti olaraq “3” və “4” rəqəmləri ilə işarələnmiş gilizlər, təqdim edilmiş 16 kalibrli, “ИЖ-58 MAE” modelli, 00084 nömrəli ov tüfənginin sağ lüləsindən atılmışdır. Eyni zamanda, rəydən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd plastmas predmet 16 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir – tıxacdırlar (“konteyner” tipli). Təyinatlarına uyğun olaraq, həmin tıxacların digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli “ИЖ-58 MAE” modelli, 00084 nömrəli ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların təqdim edilmiş 16 kalibrli, “ИЖ-58 MAE” modelli, 00084 nömrəli ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Cinayət işinin 69-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə ballistik ekspertizası tədqiqatnın dəyəri 64 manat təşkil edir. Cinayət işinin 188-199-cu vərəqələrində olan 24 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü və 232.1-ci maddələri ilə verilmiş ittihamlar, həmçinin onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, eləcə də onun əməlində CM-nin 29, 120-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda qərardan görünür ki, 1 ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖ-58 MAE” modelli, 00084 nömrəli, daxili çaxmaqlı, hamar (yivsiz) qoşalüləli odlu ov tüfəngi, 3 ədəd patron, 4 ədəd giliz və 2 ədəd plastmas maddi sübut kimi tanınmaqla saxlanılması üçün Siyəzən RPŞ-nin növbətçi hissəsinin silah anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 26 oktyabr 2021-ci il tarixli arayışdan və ona əlavə edilmiş “vətəndaşlarda olan ov silahlarının qeydiyyatı kitabı”ndan çıxarışın surətindən görünür ki, 16 kalibrli, “ИЖ-58 MAE” modelli, 00084 nömrəli ov tüfəngi 17 sentyabr 2007-ci il tarixdən Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmişdir. Cinayət işinin 60-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 aprel 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 75-ci səhifəsində olan Siyəzən RPŞ-nin 17 iyun 2021-ci il tarixli, 183- 6386-1221 nömrəli məktubundan, eləcə də 76-cı səhifəsindəki eyni tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə Siyəzən rayonu, Qərəh kəndinin ərazisində tutularaq RPŞ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin 97-98-ci vərəqələrindəki 19 iyun 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 115-ci səhifəsindəki 23 iyul 2021-ci il tarixli məcburi gətirmə barədə qərardan, işin 119-120-ci vərəqəsindəki 01 avqust 2021-ci il tarixli qətimkan tədbirinin şərtlərini pozduğu və ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan, 123-124-cü səhifədəki 01 avqust 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan, 125-ci səhifədə olan Siyəzən RPŞ-nin 21 avqust 2021-ci il tarixli, 183-8908-1221 nömrəli, 126-cı səhifədəki 21 avqust 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə çağırışlar göndərilsə də, sonuncu istintaqa gəlməmiş, buna görə də 23 iyul 2021-ci il tarixdə onun Siyəzən RPŞ-yə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun məcburi gətirilməsi mümkün olmadığına görə Təqsirləndirilən şəxs barəsində 01 avqust 2021-ci il tarixdə axtarış elan edilməklə, elə həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmış, Siyəzən RPŞ-nin CAB-da bu barədə 850144 nömrəli axtarış işi açılmış, həmçinin, Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdə Şabran rayonu, Ağalıq kəndinin ərazisində tutularaq RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 179-180-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 4(059)-37/2021 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3cü və 232.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 3 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 21 avqust 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 61-62-cı vərəqələrində olan məktubdan, eləcə də 64-65-ci səhifələrdəki şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, himayəsində 21 aprel 2006cı il təvəllüdlü Nabat, 22 yanvar 2008-ci il təvəllüdlü Şaban və 01 sentyabr 2014-cü il təvəllüdlü Amin adında üç yetkinlik yaşına çatmayan uşaqları olmaqla, Siyəzən rayonu, Qərəh kəndində müvəqqəti yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nın Məşrif kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər tərəfindən tərtib edilmiş ərizələrdən görünür ki, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, habelə sonuncuya yüngül cəza təyin edilməsini xahiş edirlər. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs 1 ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖ-58 MAE” modelli, 00084 nömrəli, daxili çaxmaqlı, hamar (yivsiz) qoşalüləli odlu ov tüfəngini talaması, bundan sonra, həmin silahdan istifadə etməklə özünü ətrafdakılara qarşı qoyub davranışı ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə yanaşı məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.3-cü və 232.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 24 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü və 232.1-ci maddələri ilə verilmiş ittihamların qüvvədə saxlanılmasına, habelə onun əməlində Azərbaycan Respublikası CM-nin 29, 120-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 221.3-cü və 232.1-ci maddələri ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqları olmaqla, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamaqla, müvəqqəti yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Bundan əlavə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın xüsusilə ağırlaşdırıcı tərkib əlaməti qismində bu cinayətin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Bu, xüsusilə qərəzli xuliqanlıq hesab edilir. Xüsusilə qərəzli xuliqanlıq təkcə təqsirkarın silah və ya silah qismində istifadə edilən əşyaların köməyilə zərərçəkmişin sağlamlığına zərər vurduğu və ya zərər vurmağa cəhd etdiyi halları deyil, həm də vətəndaşların həyatı və ya sağlamlığı üçün real təhlükə yaratdığı halları əhatə edir. Silah tətbiq etmə dedikdə, yalnız zərərçəkmişin sağlamlığına fiziki zərər vurulması və ya buna cəhd etmə deyil (məsələn, insana atəş açarkən güllənin yan keçməsi, bıçaqla zərbə vurmağa cəhd etmə və s.), həm də silahı nümayiş etdirməklə hədələmə başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011 -ci il tarixli Qərarında da deyilir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Xüsusilə qərəzli xuliqanlıq bu cinayətin törədilməsi prosesində silahın və ya silah qismində istifadə edilən əşyaların faktiki tətbiq edildiyi andan başa çatmış hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməllərdə bilavasitə ictimai təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, ictimai yerdə, o cümlədən Siyəzən rayonu, Qərəh kəndində, məscidin yaxınlığında talamaqla, özü ilə gətirdiyi özgəsinin silahından istifadə etməsi nəticəsində həm mübahisə iştirakçısının, həm də digər şəxslərin həyat və sağlamlıqlarına da təhlükə yaratmasını, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozaraq ibtidai istintaq orqanından qaçıb gizlənməsini və barəsində axtarış elan olunmasını, beləliklə təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza nəzərdə tutulmasa da, yüngülləşdirmələr tətbiq edilməklə, belə cəzalar təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 221.3-cü və 232.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 21 avqust 2021-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ, V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də növbətçi hissəsinin silah anbarına təhvil verilmiş 1 ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖ-58 MAE” modelli, 00084 nömrəli, daxili çaxmaqlı, hamar (yivsiz) qoşalüləli odlu ov tüfəngi və 3 ədəd patron predmet hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalı, həmçinin 2 ədəd plastmas və 4 ədəd giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə təhvil verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 232.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, qəti olaraq təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 21 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də növbətçi hissəsinin silah anbarına təhvil verilmiş 1 ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “ИЖ-58 MAE” modelli, 00084 nömrəli, daxili çaxmaqlı, hamar (yivsiz) qoşalüləli odlu ov tüfəngi və 3 ədəd patron predmet hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın, həmçinin 2 ədəd plastmas və 4 ədəd giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 64 (altmış dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-54/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-54/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver