Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-54/2023 04.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 04 iyul 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 6,111 qram qurudulmuş marixuananı üzərində saxlamış, 10 mart 2023-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanılmasında şübhəli kimi, Siyəzən şəhərinin H.Əliyev küçəsində idarə etdiyi “Cherry A13 minik” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, həmçinin Siyəzən RPŞ-nin həyətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qısaqol gödəkcənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofan torbada, bir ədəd ağ rəngli kağız bükülünün içərisində təmiz çəkisi 0,618 qram və həmin sellofan torbada açıq formada təmiz çəkisi 0,408 qram, içərisində şəffaf folqalar olan karton qutu, eləcə də idarə etdiyi “Cherry A13 minik” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapının tutacaq yerində beş ədəd ağ rəngli kağız bükülüdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,878 qram, 0,858 qram, 1,409 qram, 0,789 qram, 1,151 qram olan və ümumi təmiz çəkisi 6,111 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, saxlanılmamışdan 2 gün öncə Bakı şəhərinin Şamaxinka adlanan ərazisində piyada hərəkətdə olan zaman yolun kənarında daşın altında şəffaf rəngli sellofanın içərisində 5 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı görüb, götürmüş, xəstə olduğundan şəxsi istifadəsi üçün əynində olan qara rəngli qısaqol gödəkcəsinin sol iç cibinə qoymuş, habelə taksi ilə Siyəzən rayonuna gəlmişdir. Daha sonra, 10 mart 2023-cü il tarixdə, idarə etdiyi “Cherry A13 minik” markalı, ** ZO *** dövlət qeydiyyat nişanlı avtomobildə oğlu ilə birlikdə Siyəzən şəhərinin Heydər Əliyev küçəsində hərəkətdə olan zaman Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları ona saxla əmri vermiş, habelə ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirməklə, onu rayon Polis Şöbəsinə aparmışlar. Orada Müdafiəçi iştirakı ilə üzərində videoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış və baxış zamanı polis əməkdaşları tərəfindən saxlanılan zaman əynində olan qısaqol gödəkcənin sol iç cibindəki, eləcə də, idarə etdiyi “Cherry A 13 minik” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının tutacaq yerinə atdığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofanı təqdim etmişdir. Bundan sonra, təqdim etdiyi sellofana baxış keçirilməsi üçün avtomobilin ön kapotunun üzərinə qoyulmuşdur. Daha sonra, müvafiq qaydada sənədləşdirmə işləri aparılmışdır. Bundan başqa, o, başında şiş olduğundan ağrıları kəsmək məqsədilə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 10 mart 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs müşahidə edərək, Siyəzən RPŞ-nin DYPB-nin əməkdaşları ilə birlikdə saxlamış, ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitələrin daşınmasında şübhəli olduğunu bildirib, onlarla birlikdə Siyəzən RPŞ-yə getməyi təklif etdiklərində, Təqsirləndirilən şəxs etiraf edərək buna etiraz etməmişdir. RPŞ-nin növbətçi hissəsində istintaq işinin aparılması müstəntiq Şahin Rzayev həvalə edilmiş, habelə sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən təxminən 5-6 büküm spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-41-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2023-cü il tarixli, 7/371 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 0,408 qram, həmin sellofan torbacıqda 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,618 qram və üzərində “Təqsirləndirilən şəxs avtomobilindən...” yazısı və imzalar olan kağız paketdəki 5 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,878 qram, 0,858 qram, 1,409 qram, 0,789 qram, 1,151 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 6,111 qramdır. Təqdim edilmiş marixuanalar eynidirlər. Tədqiqata 0,35 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 5,761 qram təşkil etmişdir. Cinayət işinin 39-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 78 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 30 mart 2023-cü il tarixdə verilmiş 1758 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən periodik istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-29-cu vərəqələrində olan 10 mart 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 10 mart 2023-cü il tarixdə, saat 19:21-dən saat 19:42-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə keçirilən şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr onun əynində olan qısaqol gödəkcənin sol iç cibindən bir ədəd şəffaf rəngli kiçik sellofan torbada və idarə etdiyi “Cherry A 13 minik” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının tutacaq yerindən 5 ədəd ağ rəngli kağız bükülüdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı və 105-115-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 11 mart 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə barədə, eləcə də 05 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş 11 mart 2023-cü il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 5,761 qram olan narkotik vasitə qurudulmuş marixuana kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 10 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 85-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-cü vərəqəsində olan 10 mart 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 25-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:12-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-cu vərəqəsində olan 11 mart 2023cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:10-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarış və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 26 noyabr 2014-cü il təvəllüdlü Rəhilə, 07 dekabr 2015-ci il təvəllüdlü Hənzələ adında iki yetkinlik yaşına çatmayan, 11 oktyabr 2018-ci il təvəllüdlü Əsma adında bir azyaşlı uşağı olan və ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib bükümlər halında saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidin ifadəsi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 05 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun himayəsində iki yetkinlik yaşına çatmayan, eləcə də, bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitələri bükümlər halında saxlamasını, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişinin gələcəkdə ailə üzvlərinə, o cümlədən himayəsindəki yetkinlik yaşına çatmayan və azyaşlı uşaqların tərbiyəsinə mənfi təsir göstərə biləcəyini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin ¼ hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə, saat 19:12-dən, 11 mart 2023-cü il tarixə, saat 20:10-dək həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 5,761 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 10 mart 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 5,761 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 10 mart 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-54/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-54/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver