Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-54/2024 19.11.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə 19 noyabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1978-ci il tarixdə keçmiş Dəvəçi rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1(059)-8/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 68.1.1-1-ci, 67.1-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 7(057)-572/2023 saylı qərarına əsasən cəzasının çəkilməmiş qalan 20 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 11 oktyabr 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonunun Yenikənd kəndində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,768 qram, 0,469 qram və 0,207 qram olmaqla, ümumi təmiz çəkisi 1,444 qram psixotrop maddə metamfetamini və xeyli miqdarda yəni, ümumi təmiz çəkisi 7,06 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən yaşayış evinin girişindən sol tərəfdə yerləşən yataq otağındakı iki nəfərlik çarpayının üzərində olan döşəyin altında gizlədərək saxlamış və 22 may 2024-cü il tarixdə, saat 15:00 radələrində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evin qarşısında saxlanılaraq, evinə baxış keçirilərkən 01 ədəd ağ rəngli polietilen bükülüdə təmiz çəkisi 7,06 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd üzəri çap yazısı olan bükümdə, 01 ədəd şəffaf qırmızımtıl sellofan bükümdə, 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkiləri ayrı ayrılıqda 0,768 qram, 0,469 qram və 0,207 qram olmaqla, ümumi təmiz çəkisi 1,444 qram psixotrop maddə metamfetamin yaşayış evinin girişindən sol tərəfdə yerləşən yataq otağındaki iki nəfərlik çarpayını üzərindəki döşəyin altından aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, o, 22 may 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı Siyəzən rayonunun Yenikənd kəndində yerləşən evində təmir işləri, o cümlədən çürümüş döşəmə taxtalarını dəyişərkən, həmin taxtaların arasından bükülülər tapmış və bundan sonra, videoçəkiliş edərək, çəkilişdə bükülüləri tapdığını qeyd etmişdir. Bu zaman, bükülülərdən birinin içərisindəki predmetin narkotik vasitə qurudulmuş marixuana olduğunu bilsə də, digər bükülülərdəki maddələrin nə olmasını dəqiqləşdirmək üçün maddəni “Bizon” içkisinin polietilen materialdan olan qabında yandırmaqla yoxladıqdan sonra, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bilmiş, lakin, bu maddədən istifadə etməmişdir. Bundan sonra, atası Şahid2 oğlundan bu bükülülərin kimə məxsus olmasını və hansı səbəbdən döşəmə taxtalarının arasında olması soruşduğunda, sonuncu bilmədiyini qeyd etməklə, yanaşı onunla mübahisə etməyə başlamış və həmin bükülüləri ondan alıb, atacağını bildirmişdir. Qeyd edir ki, əvvəllər valideynləri yaşadıqları evi satıb, Sumqayıt şəhərinə köçməyi planlaşdırsalar da, o, buna qarşı çıxmışdır. Bundan sonra, anası onun barəsində şikayət etmiş, beləliklə, Siyəzən Rayon Məhkəməsinin 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu halın təkrarlandığını zənn edib, məhz həmin səbəbdən atası ilə mübahisə etməyə başlamışdır. Bundan sonra, atası onun bacısı Aytən Manafovaya zəng etmiş, sonuncu onların yaşadıqları ünvana gəldikdən sonra isə, atası onun psixotrop maddə metamfetamindən istifadə etdiyini zənn edib, DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Habelə, bundan bir qədər sonra yəni, həmin tarixdə, saat 15:00 radələrində yaşadığı evə gəlmiş polis əməkdaşları onu evdən çıxarıb, evlərinin darvazasının çöl tərəfində üzərində şəxsi axtarış keçirməyə başlamış, bu zaman üzərindən qanunsuz əşya və predmet aşkar olunmamışdır. Sonra isə, aldadılaraq yazdığı razılıq ərizəsi əsasında yaşadığı evə baxış keçirilmiş, habelə bu zaman döşəmə taxtalarının arasından tapdığı bükümləri polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, haqqında həbs qətimkan tədbiri seçildikdən sonra, 3 saylı İstintaq Təcridxanasından atası Şahid2la telefon vasitəsi ilə əlaqə saxlayarkən, sonuncu, yaşadıqları evdən aşkar edilmiş predmetlərin onun barəsində olan əvvəlki cinayət işindən qaldığını, belə ki, cəzaçəkmə müəssisəsində olarkən atasından qış fəsli üçün nəzərdə tutulmuş geyimlərini gətirməsini istədiyindən, sonuncu bu geyimlərinin cibindən aşkar etdiyi predmetləri döşəmə taxtalarının arasında gizlətdiyini, sonradan isə bunu unutduğunu bildirmişdir. Bundan əlavə, ittiham aktında polis əməkdaşları tərəfindən küçədə saxlanıldığı qeyd olunsa da, yaşadığı evdə saxlanılmış, həmçinin atası Siyəzən RPŞ-nin İB-nin sabiq baş müstəntiqi Mərifət Ağazadəyə, predmetlərin onun tərəfindən döşəmə taxtalarının arasına yerləşdirildiyini, sonradan bunu unutduğunu bildirsə də, ittiham aktında atasının onunla eyni məzmunlu ifadə verdiyi qeyd edilmişdir. Bundan başqa, polis əməkdaşları onun yaşadığı evə daxil olarkən atası, əmisi və evlərində işləyən usta bunun şahidi olmuşlar, zərurət yaransa sonuncular bununla bağlı şahidlik edə bilərlər. Bununla belə, polis əməldaşları tərəfindən hər hansı fiziki təsirə və təzyiqə məruz qalmasa da, RPŞ-nin MSY-də saxlanılarkən müstəntiq Şahid Lətifov yanına gəlib, predmetlərin ona məxsus olmasını etiraf etməsini istəmiş, əks təqdirdə atası Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başladacağını qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə psixotrop maddələri və narkotik vasitəni 22 may 2024-cü il tarixdə tapdığını lakin, metamfetamindən istifadə etməməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda bu cür ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində psixotrop maddə metamfetamini və narkotik vasitəni 20 və ya 21 may 2024-cü il tarixdə tapdığını, hətta metamfetamindən bir qədər götürüb istifadə də, etdiyini bildirərək, əməlini səmimi şəkildə etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Quba rayon Polis Şöbəsinin İB-nin müstəntiqi Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamaqla, yanaşı sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, o, Siyəzən RPŞ-nin TQ-da təhqiqatçı vəzifəsində işləyərkən yəni, 22 may 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə daxil olmuş X2 müraciəti əsasında növbətçi sürücüsü Ayaz Fərzəliyev ilə birlikdə Siyəzən rayonunun Yenikənd kəndinə, müraciət daxil olan ünvana getmişlər. Həmin vaxt Şahid2 oğlu Təqsirləndirilən şəxs evdə münaqişə yaratdığını, sonuncunun evi “dağıdıb-tökdüyünü” bildirmiş, ondan Ceyhunu nizam-intizama dəvət etməsini xahiş etmişdir. Beləliklə o, Təqsirləndirilən şəxsla ünsiyyət qurarkən onun qeyri adekvat cavablar verdiyini müəyyən etmiş, sonuncudan spirtçi içki qəbul edib-etməsini soruşmuş, Ceyhun isə, psixotrop maddə metamfetamin “patı” qəbul etdiyini bildirib, yaşadığı evdə də bu maddədən olduğunu qeyd etmişdir. Bundan sonra, onun verdiyi məlumat əsasında həmin tarixdə, saat 15:00 radələrində ora gəlmiş istintaq əməliyyat qrupu Ceyhunu sonuncunun yaşadığı evin darvazasının qarşısına çıxarıb, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirmiş, lakin, bu zaman qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, Ceyhunun yaşadığı evə keçirilən baxış zamanı yataq otağında olan ikinəfərlik çarpayının üzərindəki döşəyin altından 01 ədəd ağ rəngli polietilen bükülüdə, 01 ədəd üzəri çap yazısı olan bükümdə, 01 ədəd şəffaf qırmızımtıl sellofan bükümdə, 01 ədəd ağ rəngli kağız bükümdə predmetlər, həmçinin çarpayının altından dairəvi şilindir formasına salınmış 1 manatlıq əsginas, uzununa kəsilmiş aliminium parçası və 01 ədəd siqaret formasında hazırlanmış, içərisi boş kağız parçası aşkar edilmişdir. Sonra, aşkar edilmiş predmetlər qablaşdırılaraq, müvafiq sənədləşmə işləri aparılmış, eyni zamanda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı Siyəzən RPŞ-nin istintaq bölməsinin müstəntiqi X5 izahatında göstərdi ki, o, 10 avqust 2024-cü il tarixdə Siyəzən rayon Polis Şöbəsinin İB-nin müstəntiqi vəzifəsinə təyinat almış, habelə bu vəzifəyə başladığı ilk vaxtlarda xidməti otağında təmir işləri aparıldığı üçün, müvəqqəti həmin bölmənin rəisi Şahin Rzayevə məxsus xidməti otaqda işlərini aparmışdır. Beləliklə, 14 avqust 2024-cü il tarixdə, saat 10:20-dən 11:15-dək Siyəzən RPŞ-nin İB-nin rəisi Şahin Rzayevə məxsus xidməti otaqda, sonuncunun və Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs dindirmiş, həmçinin cinayət işi materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxsi əlavə dindirmə protokolunda” kı imzalar tərəfindən icra edilməklə, ona məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, ağır xəstə olması səbəbindən məhkəmə iclasında iştirak etməmiş Şahid2 məhkəməyə ünvanlandığı 19 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, oğlu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə istintaqına şahid qismində dəvət edilmiş, lakin, ağır xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində olan cinayət işində ifadə verməkdən imtina edərək, ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsinin İ və İİ hissələrinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. Beləliklə, məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2, Təqsirləndirilən şəxs atası olduğundan, habelə qanunvericiliyin yuxarıda qeyd olunan normasından da göründüyü kimi, Şahid2 yaxın qohumlarının (oğlunun) əleyhinə ifadə verməyə məcbur edilə bilmədiyindən, ifadə verməkdən imtina etməyə haqlı olması səbəbindən onun məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-45-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2024-cü il tarixli, 3-16-16/2-6/2909 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №96” dairəvi möhür əksi və “...C. Alışov-imza, iştirak etdilər: dörd-imza; müstəntiq: Ş.Lətifovimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 03 (üç) ədəd bükümlərdəki təmiz çəkiləri 0,768 qram, 0,469 qram, 0,207 qram, ümumi təmiz çəkisi 1,444 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir. 1 ədəd borucuq şəkilli manatlıq pul əskinasından, 1 ədəd borucuq şəkilli kağızda, 1 ədəd göy rəngli folqada metanfetaminin izləri vardır. İz şəklində olduğu üçün metanfetaminin çəkisini və bükümlərdəki metanfetaminlərlə eyni kimyəvi tərkibli olun-olmamasını müəyyən etmək mümkün olmamışdır. 1 ədəd bükümdə təmiz çəkisi 8,649 qram ağ rəngli toz şəkilli maddə kütləsinin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri aşkar edilməmişdir. Tədqiqata cəmi 0,06 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,384 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 49-50-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2024-cü il tarixli, 3-16-16/2-7/817 saylı ekspert rəyindən görünür ki, üzərində “1....C. Alışov” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd ağ rəngli polietilen bükülüdə təmiz çəkisi 7,06 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 7,01 qram təşkil etmişdir. Cinayət işinin 48-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 12 iyul 2024-cü il tarixdə verilmiş 4793 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-ci vərəqələrində olan 22 may 2024-cü il tarixli şəxsi axtarış, evə baxış və götürmə haqqında protokoldan, eləcə də işin 27-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin tarixdə, saat 15:35-dən saat 16:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında sonuncunun yaşadığı Siyəzən rayonun Yenikənd kəndindəki evə baxış keçirilərkən ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya və psixotrop maddə metamfetaminə bənzər kütlələr evin girişindən sol tərəfdə yerləşən yataq otağındaki iki nəfərlik çarpayını üzərindəki döşəyin altından 01 ədəd ağ rəngli polietilen bükümdə, 01 ədəd üzəri çap yazısı olan bükümdə, 01 ədəd şəffaf qırmızımtıl sellofan bükümdə və 01 ədəd ağ rəngli kağız bükümdə aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri bir gün öncə yəni, 21 may 2024-cü il tarixdə yaşadığı evdən tapdığını və həmin tarixdə həm psixotrop maddə metamfetamindən, həm də narkotik vasitə qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə etdiyini qeyd edir. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan 27 may 2024-cü il tarixli maddi sübut kimi tanıma və 137-145-ci vərəqələrində olan 14 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs evindən götürülmüş üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd borucuq şəkilli 1 manatlıq pul əskinası, bir ədəd borucuq şəkilli kağız, bir ədəd göy rəngli folqa, eləcə də, qalıq çəkisi 1,384 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 7,01 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş, həmçinin 22 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın və yaşadığı ünvana baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 iyun 2024-cü il tarixli tələbnaməsindən, cinayət işi materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 1(059)-8/2022 saylı hökmünün surətindən, cinayət işinin 96-99-cu vərəqələrində olan Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 7(057)-572/2023 saylı qərarının surətindən, eləcə də, cinayət işi materiallarına əlavə edilmiş Şabran rayon icra və probasiya şöbəsinin 17 sentyabr 2024-cü il tarixli, 232691/23-24-29 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sözügedən hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, bu Məcəllənin 68.1.1-1-ci, 67.1-ci və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 20 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, həmçinin cəzasının müddəti başa çatdığı üçün 11 oktyabr 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-89-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, 4(059)-16/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 may 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonun Yenikənd kəndində yaşamış, ailəli olmaqla, iki övladı olan, heç bir yerdə işləməmiş Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə heç bir şifahi və ya rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdardan 9 dəfədən artıq miqdarda və qurudulmuş marixuananı isə xeyli miqdardan artıq miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Yəni, Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı yaşadığı evdən aşkar edilmiş predmetləri 22 may 2024-cü il tarixdə tapdığını, həmçinin bu maddələrin nə olmasını dəqiqləşdirmək üçün maddəni “Bizon” içkisinin polietilen materialdan olan qabında yandırmaqla yoxladıqdan sonra, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu bildiyini, lakin, bu maddədən istifadə etmədiyini bildirsə də, şəxsi axtarış, evə baxış və götürmə haqqında protokolun bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntülərində heç bir təsir və təzyiqə məruz qalmadan həmin predmetləri bir gün öncə yəni, 21 may 2024-cü il tarixdə tapdığını, habelə psixotrop maddə metamfetamindən “Bizon” içkisinin polietilen materialdan olan qabında yandırmaqla, həmçinin narkotik vasitə qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs uyğunsuz ifadələrinə, həmçinin sonuncunun yaşadığı evdən aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin ona aid olmadığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla belə, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən istintaq bölməsinin müstəntiqi cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 14 avqust 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham, dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə barəsində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadağından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, satış məqsədi ilə olmasa da, yaşadığı ünvanda psixotrop maddə metamfetamini xeyli miqdardan 9 dəfədən artıq miqdarda və qurudulmuş marixuananı isə xeyli miqdardan artıq miqdarda əldə edib saxlamasını, aşkar edilmiş predmetlərin çeşidlərini, cəzasını ağırlaşdıran halın mövcud olmasını, yüngülləşdirən halların isə olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, (opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını) o cümlədən sonuncu dəfə eyni kateqoriyadan cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, tərəfindən eyni kateqoriyadan cinayət əməlinin təkrar qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 22 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd borucuq şəkilli kağız, bir ədəd göy rəngli folqa, eləcə də, qalıq çəkisi 1,384 qram təşkil edən psixotrop maddə metamfetamin və qalıq çəkisi 7,01 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə üzərinə şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd borucuq şəkilli 1 manatlıq pul əskinası xüsusi müsadirə edilməklə, dövlət nəfinə keçirilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 164 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd borucuq şəkilli kağız, bir ədəd göy rəngli folqa, eləcə də, qalıq çəkisi 1,384 qram təşkil edən psixotrop maddə metamfetamin və qalıq çəkisi 7,01 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs 22 may 2024-cü il tarixdə üzərinə şəxsi axtarış və yaşadığı evə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd borucuq şəkilli 1 manatlıq pul əskinası xüsusi müsadirə edilməklə, dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan ümumilikdə 164 (bir yüz altmış dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-54/2024
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-54/2024
19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver