Məhkəmə qərarları › İş №1(059)-54/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-54/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-54/2025 02.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 02 dekabr 2025-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 12 avqust 1967-ci il tarixdə Kəlbəcər rayonunun Qalaboyun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Kəlbəcər rayonunun Qalaboyun kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 iyun 2025-ci il tarixdə, günorta saatlarında Siyəzən rayonunun Dərə Zarat kəndində yerləşən, kənd sakinləri arasında “Köhnə yataq” kimi adlanan əraziyə gəlib, orada Zərərçəkmiş şəxs məxsus olmaqla, sahibsiz halda olan 300 manat dəyərində 02 baş bir illik, yerli cins, diri ət çəkisi 30 kiloqram təşkil edən erkək keçiləri, 1150 manat dəyərində 06 baş üç illik, yerli cinsi, hər birinin diri ət çəkisi 35 kiloqram olan dişi keçiləri, 300 manat dəyərində 01 baş bir illik, yerli cins, diri ət çəkisi 40 kiloqram miqdarında erkək quzunu və 1850 manat dəyərində 06 baş dörd illik, yerli cins, damazlıq, hər birinin diri ət çəkisi 50 kiloqram olan qoyunları etibarnamə əsasında idarə etdiyi “Chevrolet Colorado” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3600 (üç min altı yüz ) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 30 ildən artıq olar fərdi qaydada ünvan 2 ünvanda ət məhsullarının kəsimi və satışı ilə məşğul olur. Bundan başqa, əvvəllər Siyəzən rayonunun Dərəzarat kəndindən xırdabuynuzlu heyvanlar aldığından, həmin kəndi tanımışdır. Belə ki, 21 iyun 2025-ci il tarixdə, günorta saatlarında xırdabuynuzlu heyvanlar almaq məqsədilə etibarnamə əsasında idarə etdiyi “Chevrolet Colorado” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonunun Dərəzarat kəndinə gəlmiş, həmçinin orada olarkən “Köhnə yataq“ adlanan ərazidə sahibsiz 02 baş erkək keçi, 06 baş dişi keçi, 01 baş erkək quzu, 06 baş qoyun olduğunu görmüş, habelə ətrafda kimsənin olmadığından əmin olduqdan sonra, ümumilikdə 15 baş xırdabuynuzlu heyvanı özü tək başına, ilk öncə vaqona, oradan isə etibarnamə əsasında idarə etdiyi sözügedən avtomobilə təxminən 30-40 dəqiqə ərzində yükləyib, oğurlamışdır. Bundan sonra, həmin tarixdə oğurladığı sözügedən heyvanları ünvan 2 ünvanına aparmış, özü isə Şamaxı rayonuna getmişdir. Daha sonra, 22 iyun 2025-ci il tarixdə, tanımadığı nömrədən ona zəng gəlsə də, bu zəngi cavablamamış, növbəti gün, yəni, 23 iyun 2025-ci il tarixdə yenidən zəng gəldikdə polis əməkdaşları tərəfindən “Chevrolet Colorado” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin aparıldığı məlumu olmuşdur. Belə ki, həmin avtomobilin aparılmasının səbəbinin oğurluq etməsi olduğunu bilmiş və oğlu Sənan Əlişova bu barədə məlumat verərək, 15 baş xırdabuynuzlu heyvanın təcili olaraq sahibinə qaytarmasını qeyd etmişdir. Bundan sonra, Sənan Əlişov, polis əməkdaşları ilə birlikdə Siyəzən rayonunun Dərəzarat kəndinə gedərək, onun oğurladığı 15 baş xırdabuynuzlu heyvanları sahibi, Zərərçəkmiş şəxs təhvil vermişdir. Bundan başqa, Siyəzən RPŞ-nin MSY-də saxlanılmamış, ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdır. Odur ki, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsinin, sonuncu ilə barışıq əldə etməsinin və Zərərçəkmiş şəxs ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, onun təsərrüfatında ümumilikdə 29 baş xırdabuynuzlu heyvanı olmaqla, bu heyvanları hər gün, saat 06:00 radələrində yaşadığı Siyəzən rayonunun Dərəzarat kəndində “Köhnə yataq” adlanan əraziyə otarmaq üçün aparıb, axşam saat 20:00 radələrində isə tövləyə geri gətirir. Belə ki, 21 iyun 2025-ci il tarixdə, saat 06:00 radələrində adəti üzrə 29 baş xırdabuynuzlu heyvanları otlamaları üçün Siyəzən rayonunun Dərəzarat kəndində “Köhnə yataq” adlanan əraziyə aparmış, günorta saatlarında isə nahar etmək üçün yaşadığı evə qayıtmışdır. Bundan sonra, 21 iyun 2025-ci il tarixdə, nahardan sonra həmin əraziyə qayıtmış, habelə orada 02 baş erkək keçinin, 06 baş dişi keçinin, 01 baş erkək quzunun, 06 baş qoyunun yerində olmamasını görmüşdür. Daha sonra, ümumi sayı 15 baş təşkil edən sözügedən heyvanlarını axtarmağa başlamış, növbəti gün, yəni, 22 iyun 2025-ci il tarixə, saat 07:00-dək bu heyvanları tapa bilmədiyindən, yaşadığı evə gələrək DİN-in “102” xidmətinə zəng vurub heyvanlarının oğurlanması barədə məlumat vermişdir. Daha sonra, polis əməkdaşları hadisə yerinə gəlmiş, 24 iyun 2025-ci il tarixdə isə Təqsirləndirilən şəxs oğlu Sənan Əlişov polis əməkdaşları ilə birlikdə yaşadığı evə gələrək atası tərəfindən oğurlanmış 15 baş xırdabuynuzlu sözügedən heyvanları ona sağlam şəkildə geri qaytarmışdır. Həmçinin, həyəcanlı olduğundan ilk öncə yanlış olaraq polis əməkdaşlarına 15 baş əvəzinə, 14 baş xırdabuynuzlu heyvanının oğurlanması barədə məlumat vermişdir. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu səbəbdən də, sonuncuya ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 35-ci vərəqəsində olan "xxxx" MMCnin 13 iyul 2025-ci il tarixli, 31 nömrəli məktubundan görünür ki, Siyəzən rayon Polis Şöbəsinin 12 iyul 2025-ci il tarixli məktubunda göstərilən heyvanların orta bazar qiyməti, 02 baş bir illik, yerli cins, diri ət çəkisi 30 kiloqram təşkil edən erkək keçilərin 300 manat, 06 baş üç illik, yerli cins, hər birinin diri ət çəkisi 35 kiloqram olan dişi keçilərin 1150 manat, 01 baş bir illik, yerli cins, diri ət çəkisi 40 kiloqram miqdarında erkək quzunun 300 manat, 06 baş dörd illik, yerli cins, damazlıq, hər birinin diri ət çəkisi 50 kiloqram olan qoyunların isə 1850 manat olması müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsindəki 24 iyun 2025-ci il tarixli qəbzdən, eləcə də işin 100-107-ci vərəqələrində olan 01 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təsərrüfatından oğurlanmış 15 baş xırdabuynuzlu heyvan tam sağlam şəkildə sonuncuya təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs oğurladığı 15 baş xırdabuynuzlu heyvanların sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli tələbnamədən, işin 83-93-cü vərəqələrində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli, 1(088)-155/2013 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 iyul 2014-cü il tarixdə Ali Məhkəmənin Kollegiyasının qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq onun üzərində 3 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 17 dekabr 2015-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 51-52-ci vərəqələrində olan DİN-in BDYPİ-nin Qİİ tərəfindən 27 dekabr 2021-ci il tarixdə verilmiş, BA seriyalı, 147148 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş, 05 fevral 2025-ci il tarixdə 7E-1394 reyestr nömrəsi ilə qeydə alınmış həmin tarixli etibarnamənin surətlərindən görünür ki, X1 məxsus “Chevrolet Colorado” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşın 11 ay 4 gün müddətinə Təqsirləndirilən şəxs idarəçiliyinə verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-cı vərəqəsində olan 22 iyul 2025-ci il tarixli şübhəli şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan, eləcə işin 58-ci vərəqəsindəki iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 80-81-ci vərəqələrində olan arayış və xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanda yerləşən ünvan 4aşmış, Təqsirləndirilən şəxs məskunlaşdığı ünvanda özünü işgüzar, bacarıqlı, qayğıkeş bir insan kimi tanıtmış, ailələr arasında böyük hörmət qazana bilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs kollektivlə birgə yaşayış qaydalarına əməl etməklə, öz nizam-intizam və əxlaqi davranış səviyyəsi ilə başqalarından fərqlənmiş, təhlil-analiz qabiliyyətinə malik, kiməsə yaxşı görünmək, xoş gəlmək üçün özünü, sözünü mövqeyini dəyişməyən, bütün işlərdə qalib çıxmağa çalışan, nikbin, səmimi və mehriban insandır. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs 02 dekabr 2025-ci il tarixdə tərtib etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən, təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu səbəbdən də, sonuncuya ən yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2025-ci il tarixli Qanununun 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilmiş və sözügedən Qanun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında 25 iyun 2025-ci il tarixdə dərc edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 98-ci maddəsinə əsasən Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 13 iyun 2025-ci il tarixdə imzalanmış Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi Qanununa əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilmiş və sözügedən Qanun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında 25 iyun 2025-ci il tarixdə dərc edilərək, həmin tarixdə qüvvəyə minmişdir. Bununla da, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi 25 iyun 2025-ci il tarixdən az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Lakin, Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini sözügedən Qanun qüvvəyə minməmiş, yəni 21 iyun 2025-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Bununla da, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 13 iyun 2025-ci il tarixdə imzalanmış və 25 iyun 2025-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi Qanunu qüvvəyə minməmiş, yəni 21 iyun 2025-ci il tarixdə törətdiyinə, həmçinin hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən cinayət etmiş şəxsin vəziyyətini yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi olduğuna görə bu əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun kifayət qədər yaşı olmaqla, ictimai faydalı işlə məşğul olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Sözügedən Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ədalətli cəza təyin edilməsi törədilmiş cinayət üçün yalnız sitəm olmamaqla, hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməldə mülkiyyətə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat və məhkəmə istintaqı dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, ailə-məişət şəraitini, bundan sonra onun ailəsinə, həmçinin cəmiyyətə hər hansı bir formada mənfi təsir göstərmək, eləcə də nümunə olmaq imkanının mövcud olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/2 hissəsi həcmində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs oğurladığı 15 baş xırdabuynuzlu heyvanlar sahibi, Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğurladığı 15 baş xırdabuynuzlu heyvanlar sahibi, Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar