Məhkəmə qərarları › İş №1(059)-55/2025

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-55/2025

14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-55/2025 14.11.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Xüsusi ittihamçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X3 və Abdullayeva Adilə Bayram qızının və onların müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, X3 və Abdullayeva Adilə Bayram qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi ittiham qaydasında şikayətlə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, X3 və Abdullayeva Adilə Bayram qızının barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlayaraq, onların cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, barəsində şikayət verilmiş şəxslər X8 və Abdullayeva X1 ilə onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək, qərəzli şəkildə güman etdikləri Zərərçəkmiş şəxs2 aid yarıçılpaq fotonu sosial şəbəkədə yaymışlar. Belə ki, Zərərçəkmiş şəxs1 2024-ci ilin noyabr ayında “tik-tok” sosial media proqramında “düzünə deyən şəxs” adlı profil tərəfindən mesaj gəlmiş, həmin şəxs ona arvadının (Gülzarın) şəkilini (şəkil boyundan aşağı, yəni baş görünməz vəziyyətdə yarı çılpaq qadın bədənindən ibarət olub bir kişi ilə qanlıda danışan halda və Adilə tərəfindən Vasifə atılaraq yayılan şəkillə eynilik təşkil edir) göndərərək, (paylaşaraq) arvadının guya başqa şəxslə danışdığını yazmış, habelə həmin şəxs ondan bu barədə məlumatları verməsi qarşılığında 500 manat məbləğində pul istəmiş, həmçinin kart nömrəsini belə göndərsə də, Zərərçəkmiş şəxs1 onun barəsində polisə məlumat verəcəyini bildirdiyi üçün, kart nömrəsini silməklə yanaşı, bu məsələni kimlərin bildiyini ona söylədiyini qeyd etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 bu hadisəni ailə üzvləri ilə müzakirə edən zaman məlum olmuşdur ki, eyni şəkil təxminən 2-3 il əvvəl Adilə tərəfindən Elvinin telefonu vasitəsi ilə yayılan, habelə Elvinin şəxsi telefonundan sonuncunun həyat yoldaşı Adilə Abdullayeva tərəfindən Aynur adlı qohumlarına göndərilən, Aynurun isə Vasif adlı qohumuna göndərdiyi, Vasif isə onu Gülzara göstərib, həmin şəkilin ona aid olubolmamasını soruşduğu, Gülzar isə şəkilin ona məxsus olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 da, bu məsələni həmin vaxt qorxusundan əri Zərərçəkmiş şəxs1 bildirməmiş, habelə bu söhbətin üstü açılanda sözügedən şəkilin təxminən 2-3 il əvvəl gördüyünü və Adilə vasitəsi ilə ona göndərildiyini Zərərçəkmiş şəxs1 bildirmişdir. Bütün bu söz-söhbətləri aydınlıq gətirmək və bu böhtanın, ləkənin ailənin üzərindən silinməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə Siyəzən rayon Böyük Həmyə kəndində yaşayan Zərərçəkmiş şəxs1 anası X7 uzaq qohumları olan Adilə və Elvinin onun ailəsini və özünü təhqir etməsi, habelə gəlinin üzərinə böhtan atması barədə Siyəzən rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Quliyev Vasif Hicran oğlu yuxarıda qeyd edilən məzmunda izahat verərək bildirmişdir ki, həqiqətən hazırda məhkəməyə təqdim edilən şəkil Adilə tərəfindən sonuncunun həyat yoldaşı Elvinin telefonu vasitəsi ilə Aynura atılmış, sonuncu isə şəkili ona göndərmişdir. Bu fakt, barəsində şikayət verilmiş şəxs Adilə Abdullayevin polis şöbəsində verdiyi izahatla təsdiq olunur. Belə ki, Adilə izahatında bildirmişdir ki, təxminən 3 il əvvəl “instagram” sosial media proqramında zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 bənzəyən şəxsə aid olan foto şəkil görmüş, həmin foto şəkildəki şəxsin Gülzar olub-olmadığını dəqiqləşdirmək məqədi ilə (qeyd sifəti görülməyin yarıçılpaq qadın şəkilin hansı əlamətlərinə görə Gülzara guya oxşamasının öyrənilməsi halı, sübut edir ki, həmin yarı çılpaq qadın bədənini şəkilinin Gülzara aid olması qərəzli şəkildə yayılmışdır) qohumu Aynura göndərmiş, sonuncu ona heç bir söz demədən həmin şəkili Quliyev Vasif Hicran adlı qohumuna göstərmiş, sonradan 2025-ci ilin iyun ayında Samirin Bədəlovun anası Sevda Bədəlova, oğlunun ailəsini dağıtmasını əsas gətirərək, onu polisə verəcəyini dediyi zaman bu məsələdən xəbərdar olduğunu, Zərərçəkmiş şəxs1 “tik-tok” sosial media proqramında onun arvadı Gülzarın ona xəyanət etdiyi barədə sübutları pul qarşılığında ona təklif edən şəxsin o olmadığını bildirmişdir. Lakin, zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 2024-cti ilin noyabr ayında “tik-tok” sosial media proqramında “düzünə deyən şəxs” adlı profil tərəfindən mesaj gəldiyini, həmin şəxsin ona arvadı Gülzarın şəkilini (şəkil başsız yarı çılpaq qadın bədənindən ibarət olub və Adilə tərəfindən yayılan şəkillə eynilik təşkil edir) ataraq arvadının guya başqa şəxslə danışdığını yazdığını, sonra həmin şəxsin ona bu barədə məlumatları verəcəyi qarşılığında ondan 500 manat pul istədiyini, lakin kart nömrəsini göndərdikdən sonra o, silməsi məsələsindəki şəkil elə barəsində şikayət verilmiş şəxs Adilə Abdullayeva tərəfindən həyat yoldaşı X3 telefonu vasitəsi ilə yaydığı şəkillə eynilik təşkil etməsi faktı deməyə əsas verir ki, “düzünə deyən şəxs” adlı profil tərəfindən mesaj göndərən şəxs elə Adilə Abdullayeva ilə əri Elvin Abdullayevdir. Beləliklə, Adilə Abdullayeva ilə əri Elvin Abdullayev heç bir oxşarlıq əlamətləri olmadan, habelə şəkilin Zərərçəkmiş şəxs2 bənzətmək üçün əsaslar olmadan qərəzli olaraq guya bu şəkilin Zərərçəkmiş şəxs2 aid olub-olmasını öyrənmək məqsədi ilə kişi ilə canlı yayımda başı (sifəti) görünməyən yarıçılpaq qadın bədən fotosunu bir neçə şəxsə (nəfərə) göndərməklə yayaraq, habelə bu məsələnin ört basdır etmək üçün Zərərçəkmiş şəxs1 500 manat pul istəməsi, Zərərçəkmiş şəxs1 ümumilikdə ailəsinin şərəf və ləyaqətini ləkələyən, habelə işgüzar nüfuzuna xələl gətirən təhqir və böhtan xarakterli hərəkət olmaqla hazırki, xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına əsas olan əməllər törətmişdir. Barəsində şikayət verilmiş şəxslər, X8 və Abdullayeva X9 Bədəlovun, ailəsinin şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu ləkələyən təhqir və böhtan xarakter daşıyan fotonu qərəzli şəkildə sosial şəbəkələrdə yayması faktı Siyəzən RPŞ-nin 22 avqust 2025-ci il tarixli ’’Cinayət təqibinin başlanmasının rədd olunması haqqında" qərarı ilə müəyyən olunur ki, “həqiqətən barəsində şikayət verilmiş şəxslər guya qohumu Zərərçəkmiş şəxs2 bənzər şəxsin fotosunu gördüyü üçün (hansı ki, fotoda yalnız yarıçılpaq qadın bədəni görünür, sual olunur adətən oxşatma sifətdən olur, bəs nədən ər və -arvad qadın bədənini Gülzar olması fikrinə gəlmişlər) həmin şəxsin Zərərçəkmiş şəxs2 olub- olmamasını öyrənmək məqsədi ilə Aynur adlı qohumuna telefon vasitəsi ilə göndərmiş, Aynur da, öz növbəsində şəkili Vasifə göndərmiş və bununla da böhtan xarakter daşıyan fotoşəkil sosial şəbəkələrdə “whatsApp” tətbiqi vasitəsi ilə yayılmışdır. Odur ki, hər kəsin, o, cümlədən onların mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi ilə yuxarıda qeyd edilən əməllərin törədilməsi əsaslarına görə cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibi başlanılmalıdır. Bununla da, yuxanda şərh edilən xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılmasına səbəblərinə aid faktlarla müəyyən olunur ki, “Barəsində şikayət verilmiş şəxslər Adilə Abdullayeva ilə əri Elvin Abdullayev qərəzli olaraq şəkilin, Zərərçəkmiş şəxs2 aid olmadıqlarını bildikləri halda paylaşmışlar. Bu paylaşımın böhtan xarakterli, habelə maddi gəlir əldə etmək məqsədi ilə edilməsi, özünün fotodakı şəkilin başsız yarıçılpaq qadın fotosu olması ilə mübahisəsiz sübut olunur. Belə ki, fotonun Zərərçəkmiş şəxs2 oxşaması ehtimalı olmadığı halda paylaşılmış və sonda gəlir əldə etməyə cəhd edilmişdir. Bununla da, X3 və Abdullayeva Adilə Bayram qızının qəsdən barələrində təhqir və böhtan xarakterli fotonu qərəzli yayaraq, onların, habelə ailələri təhqir olunaraq şərəf və ləyaqətlərinin alçaldılmasına səbəb olan əməllər törədilməklə ailə üzvlərinin arasında bir müddət söz-söhbət salaraq ailənin etibarı el-oba arasında sarsılmış və hal-hazırda ailə şübhə altındadır. Yuxarıda qeyd edilənlərə əsasən, barəsində şikayət verilmiş şəxslər X8 və Abdullayeva Adilə Bayram qızı barələrində “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, AR CM-nin 147 və 148 maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibi başlayaraq, onlara cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza təyin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs1 şikayəti müdafiə edərək, izahatında bildirdi ki, digər xüsusi ittihamçı Zərərçəkmiş şəxs2 arvadı, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Abdullayeva Adilə Bayram qızı isə atasının dayısı nəvəsidir. Bundan başqa, təxminən 3 il öncə Abdullayeva Adilə Bayram qızı əri X5 məxsus mobil telefondan onun əmisi gəlini X4 istifadəsində olan mobil telefona “whatsApp” tətbiqi vasitəsi ilə şəkil (şəkildə yarıçılpaq qadının bədəni görünür) göndərərək, şəkildəki xanımın Gülzar olub-olmasını soruşmuş, Aynur Bədəlova isə eyni məqsədlə bu şəkili onun bibisi oğlu Quliyev Vasif Hicran oğluna göndərmişdir. Bundan sonra, Vasif Quliyev sözügedən şəkili Zərərçəkmiş şəxs2 göstərərək, şəkildəki xanım o olub-olmamasını soruşmuş, sonuncu isə şəkilin ona məxsus olmadığını bildirmişdir. Bundan bir müddət öncə o, işlədiyi Xankəndi şəhərindən yaşadığı evə gəlmiş, habelə “tik-tok” sosial media proqramında “düzünə deyən şəxs” adlı profil tərəfindən ona mesaj göndərən şəxs mesajda, onun və arvadının barəsində çox şey bildiyini yazmaqla yanaşı, həmin şəxs övladının xəstə olduğunu qeyd edib, əvvəl 500, sonra isə 200 manat məbləğində pul istəmiş, habelə kart nömrəsi göndərsə də, barəsində polisə şikayət edəcəyini bildirdiyi üçün, kart nömrəsini silmişdir. Həmçinin, bu mesajlaşma zamanı həmin şəxs onlar barədə məlumatı X3 və Abdullayeva Adilə Bayram qızının da bildiyini qeyd etmişdir. Beləliklə o, Siyəzən rayonunun Yenikənd kəndində gedərək, Elvin Abdullayev ilə görüşməklə sonuncuya bu barədə bildirdikdə, Elvin Abdullayev mövzudan xəbərsiz olduğunu qeyd etmişdir. Habelə, baş vermiş hadisəni ailə üzvlərinə nəql edən zaman isə, arvadı Zərərçəkmiş şəxs2 təxminən 3 il öncə Vasifin Quliyevin ona şəkil göstərib, şəkildəki şəxsin o olub-olmadığını soruşduğunu, həmin şəklin X13 Bədəlova tərəfindən göndərildiyini, sonuncuya isə Adilə Abdullayevanın göndərdiyini bildirmişdir. Qeyd edir ki, sözügedən mövzu ilə bağlı 3-4 ailə arasında söz-söhbət gedir. Hesab edir ki, Elvin Abdullayev istifadəsinə olan mobil telefondan şəkil göndərilməsinə məsuliyyət daşıyır. Ona görə də, bu barədə əvvəl rayon Polis Şöbəsinə, hazırda isə məhkəməyə müraciət etmişlər. Odur ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçisinin vəsatətinin təmin edilməməsini, işin məhkəmə baxışına verilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs2 şikayəti müdafiə edərək, eləcə də, digər xüsusi ittihamçı Zərərçəkmiş şəxs1 izahatında qeyd etdiklərini təsdiq etdiyini bildirib, izahatında göstərdi ki, o, ümumiyyətlə “tik-tok” sosial media proqramından istifadə etmir. Həmçinin, Abdullayeva Adilə Bayram qızını cəmi bir dəfə görmüşdür. Beləliklə, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçisinin vəsatətinin təmin edilməməsini, işin məhkəmə baxışına verilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 izahat verərək bildirmişdir ki, arvadı Abdullayeva Adilə Bayram qızı sosial media proqramında gördüyü şəkildə xanımı Zərərçəkmiş şəxs2 oxşatmış, habelə bu şəkili X6 göndərmişdir. Onun bu hadisədən şəkil göndəriləndən sonra məlumatı olmuşdur. Odur ki, müdafiəçisinin vəsatətinin təmin edilməsi, xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Abdullayeva Adilə Bayram qızı izahat verərək bildirmişdir ki, təxminən 3 il öncə “tiktok” və ya “instagram” sosial media proqramında gördüyü şəkildəki xanımı Zərərçəkmiş şəxs2 oxşatmış, həmin xanımın Zərərçəkmiş şəxs2 olub-olmadığını dəqiqləşdirmək üçün sözügedən şəkili “whatsApp” tətbiqi vasitəsi ilə X6 göndərmiş, habelə bu mövzu həmin vaxt bitmişdir. Zərərçəkmiş şəxs1 “tik-tok” sosial media proqramı vasitəsi ilə mesaj yazan şəxsin kim olması barədə məlumatı yoxdur. Odur ki, müdafiəçisinin vəsatətinin təmin edilməsi, xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X3 və Abdullayeva Adilə Bayram qızının müdafiəçisi Müdafiəçi məhkəməyə yazılı vəsatətlə təqdim etməklə bərabər bildirdi ki, xırda ehtiyatsızlıq qohumlar arasında acınacaqlı vəziyyət yaratsa da, hazırki hadisə məhkəmə müstəvisinə çıxarılıbsa, buna hüquqi qiymət verilməldir. Habelə, Elvin Abdullayev barəsində olan şikayət tamamilə əsassızdır. Həmçinin, Adilə Abdullayeva sözügedən şəkili yaymaq niyyəti ilə, maraq niyyəti ilə başqa şəxsə göndərmişdir. Bununla da, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin əməlində cinayət tərkibinin əlaməti yoxdur. Eyni zamanda, xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun tərtib edilməmiş, sözügedən məcəllənin 293.6-cı maddəsinin tələbi yəni, şikayətin verildiyi yer ərizədə göstərilməmiş, şikayətdə dəlilləri təsdiq edən sübutlar əks etdirilməmişdir. Odur ki, vəsatətin təmin edilməsi, habelə xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, şikayətlə tanış olaraq, habelə iş materiallarında olan sübutları nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 8-ci bəndindən görünür ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Həmin qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən: Şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Şəxsin olduğu yer” dedikdə isə, onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını Ali Məhkəmənin Plenum qərarında göstərilən tövsiyyələrə uyğun olaraq iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan görünür ki, xüsusi ittihamçı onun barəsində təhqir xarakterli məlumatların Abdullayeva Adilə Bayram qızı tərəfindən X5 məxsus mobil telefon vasitəsi ilə “tik-tok” sosial media proqramında və “whatsApp” tətbiqi vasitəsi yayıldığını göstərmişdir. “Tik-tok” sosial media proqramı və “whatsApp” tətbiqi xaricdə qeydiyyata alındığı üçün xüsusi ittiham qaydasında şikayət onu yayan şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsinə verilməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X3 və Abdullayeva Adilə Bayram qızının elektron sistemdən çıxarılmış məlumatlarından görünür ki, onların yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri 190-dır. Ona görə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X3 və Abdullayeva Adilə Bayram qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi ittiham qaydasında verdiyi şikayəti və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar