Məhkəmə qərarları › İş №1(059)-56/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-56/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-56/2020 22.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,969 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri, Nizami küçəsi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ cibindən “Prima” markalı siqaret qutusunun içərisində ayrı-ayrılıqda çəkiləri 0,262 qram; 0,229 qram; 0,159 qram; 0,171 qram və 0,148 qram olmaqla 5 (beş) ədəd şəffaf sellofan və gümüşü rəngli siqaret kağızlarından ibarət bükülülərdə aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun bundan əvvəl oğurluq və qanunsuz soyuq silah gəzdirmə cinayətləri ilə əlaqədar məhkumluğu olmuş, xx xxxx 2019-cu il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunaraq, qardaşı Ruslanla birlikdə yaşamış olduğu ünvana qayıtmış, təxminən 2019-cu sentyabr ayından isə inyeksiya yolu ilə narkotik vasitə heroindən istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində poliklinikaya gedərkən yerdə bir ədəd kibrit qutusu görmüş, onu açıb içinə baxanda orada ayrıayrılıqda şəffaf selofana və gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 6 ədəd kütlə olmuş, bu bükülülərin hər birinin içərisinə qəhvəyi rəngli tozşəkilli maddələr yerləşdirilmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin maddələrin narkotik vasitə olan heroin olduğunu başa düşmüş və onları gələcəkdə istifadə etməsi məqsədilə götürərək üzərində saxlamışdır. Daha sonra o, xəlvət yer taparaq həmin bükülülərdən birinin içərisində olan narkotik vastiə heroini iniyeksiya yolu ilə qəbul etmiş, digər bükülülərin sellofanını isə alışqanla yandırıb yenidən əvvəlki vəziyyətdə, cibində olan “Prima” markalı siqaret qutusunun içərisinə qoymuşdur. Bundan sonra, xx xxxx 2020-ci il tarixdə təxminən saat 11:00 radələrində Siyəzən şəhəri, Nizami küçəsi ilə piyada gedərkən Siyəzən RPŞ-nin mülki və polis geyimində iki nəfər əməkdaşı ona yaxınlaşıb, onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, şəxsi axtarış aparılmasından ötrü onu RPŞ-yə dəvət etdikdə, o, buna razılıq vermiş, habelə gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bundan əvvəl ona qanunvericiliklə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla, ona fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmiş, o, isə müdafiəçiyə etiraz etməmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş və könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əvvəlcə əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən Bakı şəhərində dəqiq yerini xatırlmadığı mağazadan satışdan aldığı 1 ədəd qara rəngli tiyəsi olan, düymə ilə açılıb-bağlanan bıçağını təqdim etmiş, həmin bıçağı mağazadan aldığını və üzərində meyvə doğramaq məqsədilə gəzdirdiyini bildirmişdir. Daha sonra, əynində olan tünd göy rəngli cins şalvarının sağ arxa cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu təqdim etmiş, qutu açıldığında içərisindəki 5 ədəd hər biri ayrıayrılıqda şəffaf sellofana və gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə olan narkotik vasitə heroin kütlələri aşkar olunaraq götürülmüşdür. O, şifahi söhbət zamanı həmin bükülülərin içərisindəki kütlələrin narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, həmin bükümlərin içərisi iştirakçılara göstərilmişdir. Bundan əlavə, o, üzərindən aşkar olunmuş bükümləri sonra istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa vasitə aşkar olunmamışdır. Eyni zamanda, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qara rəngli tiyəsi olan, düymə ilə açılıb-bağlanan bıçaq, eləcə də 5 ədəd içərisində narkotik vasitə heroin olan bükülülər hər biri ayrı-ayrılıqda qablaşdırılmış, zərflərin üzəri möhürləndikdən sonra imzalanmışdır. Bundan sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair tərtib edilmiş protokol ucadan oxunmuş, doğru olduğundan o da imzalarla təsdiq edilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə xx xxxx 2020-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Bundan sonra, Siyəzən RPŞ-nin rəhbərliyinin tapşırığı ilə həmin tarixdə PPXT-nin polis nəfəri Şahid2 ilə birlikdə təxminən saat 11:00 radələrində Siyəzən şəhəri, Nizami küçəsinə gedərək həmin küçəni müşahidəyə götürmüş, elə bu məqamda Təqsirləndirilən şəxs qeyd olunan küçədə onlar tərəfindən saxlanılmışdır. Belə ki, onlar Səmyara yaxınlaşıb özlərini təqdim etdikdən sonra, ona üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-yə dəvət etdikdə, Səmyar buna etiraz etməyərək onlarla RPŞ-yə getmiş, habelə orada növbətçi hissədə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Səmyarın üzərində keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi də iştirakı təmin edilmişdir. Bundan sonra, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli tiyəsi olan, düymə ilə açılıb-bağlanan bıçağı təqdim edərək, həmin bıçağı alma və digər meyvələr doğramaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əlavə daha hansı əşya və predmetin olduğu soruşulduğunda sonuncu əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu çıxardaraq təqdim edib, qutunun içərisində narkotik olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisinə baxıldığında içərisindən 5 ədəd şəffaf sellofan və gümüşü rəngli siqaret kağızından ibarət bükülülər aşkar olunmuşdur. Onlar tərəfindən həmin bükülülərin hamısının üzərində olan şəffaf sellofan təbəqəsi bıçaqla kəsilərək ayrı-ayrılıqda açıldığında içərilərində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Bu bükülülərin üzərində şəffaf sellofan təbəqəsi kəsildiyinə görə sonradan onlar tərəfindən həmin bükülülər yalnız siqaretin gümüşü rəngli kağızına bükülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülülərin içərilərindəki kütlələrin narkotik vasitə “kokos” olduğunu və şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra, onun tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd qara rəngli tiyəsi olan düymə ilə açılıb-qatlanan bıçaq və 5 ədəd siqaretin gümüşü rəngli kağız bükülüləri içərilərində olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələrlə birlikdə ayrı-ayrılıqda 2 ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmış, hər iki zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarışın keçirilməsi ilə bağlı tərtib olunmuş protokol ucadan oxunmuş, doğru olduğundan o da imzalarla təsdiqlənmişdir. Məhkəmə istintaqında digər şahidlər Siəyəzn RPŞ-nin PPXT-nin polis nəfəri Şahid2, Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru Şahid4 və növbətçi hissəsinin növbətçi köməkçisi Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 38-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1068 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 96” dairəvi əksi olan zərfdəki 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,262 qr., 0,229 qr., 0,159 qr., 0,171 qr., 0,148 qr., ümumi təmiz çəkisi 0,969 qr. qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Tədqiqata 0,050 qram heroin sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,919 qram təşkil etmişdir. Cinayət işinin 37-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 163-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/636 saylı ekspert rəyindən görünür ki, tədqiqata tədqim edilən 1 ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş bir tərəfi kəsici, ucu batıcı xassəyə malik turist bıçağıdır, üzərində düzəlişlər edilməmişdir, soyuq silah hesab edilmir. Cinayət işinin 162-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-ballistik ekspertizası tədqiqatnın dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 158-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 1736 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində tünd göy rəngli cins şalvar, göy rəngli köynək və qara rəngli ayaqqabı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli tiyəsi olan, düymə ilə açılıb-bağlanan bıçaq təqdim etmiş, habelə bu bıçağı mağazadan aldığını və meyvə doğramaq üçün istifadə etdiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ arxa cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu təqdim etmiş, bu qutu açıldıqda onun içərisindən 5 ədəd hər biri ayrıayrılıqda şəffaf sellofana və gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə içərisində tünd-qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisindəki kütlələrin “kokos”, yəni narkotik vasitə olan heroin olduğunu və özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzəri axtarılmağa başlanılsa da, başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd bıçaq və içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər 5 ədəd kütlə gümüşü rəngli siqaret kağızlarına bükülü vəziyyətdə ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-ci və 56-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,919 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 169-178-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittihamın məzmununda dəyişikliklər edilməklə, ona CMnin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, həmçinin onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 228.4-cü maddələrinin tərkibləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmçinin, qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş bir tərəfi kəsici, ucu batıcı xassəyə malik üzərində hər hansı düzəliş edilməyən 1 ədəd turist bıçağının iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsi əsasında qəbz vasitəsilə qardaşı X3 geri qaytarılması iş üzrə nəzərə alınmalıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 tələbnaməsindən, işin 125-141-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(006)-38/2015 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 177.2.1, 177.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə onun əməli CM-nin 177.2.1, 177.2.2 və 228.4-cü maddələribə tövsif edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(059)-18/2020saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, A.Qaradağlı küçəsi, 44 saylı evdə yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər X6 üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından təxminən 6 dəfə artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittihamın məzmununda dəyişikliklər edilməklə, ona CM-nin 234.1-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi, həmçinin onun əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci və 228.4-cü maddələrinin tərkibləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən bu dəfə başqa kateqoriyadan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın üçdə ikisi həddinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,919 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 178 (bir yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,919 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 178 (bir yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar