Məhkəmə qərarları › İş №1(059)-56/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-56/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-56/2024 03.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 03 dekabr 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1988-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, başqa cinayət işi üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 sentyabr 2024-cü il tarixli, 4(067)- 138/2024 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,278 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31 may 2024-cü il tarixdə, saat 13:10-da Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri, 20 Yanvar küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq, gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan heroin əynində olan qara rəngli cins şalvarın sağ cibində, istifadəsində olan “Texet” markalı mobil telefonun arxa hissəsindən 01 ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, o, 2018-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra, narkotik vasitə qurudulmuş marixuanadan, arasıra isə psixotrop maddə metamfetamindən istifadə etsə də, narkotik vasitə heroindən ümumiyyətlə istifadə etməmişdir. Eyni zamanda, psixotrop maddə metamfetamini sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından Sumqayıt şəhərində almışdır. Belə ki, sonuncunun “WhatsApp” tətbiqi vasitəsi ilə göndərdiyi kart hesabına pul köçürdükdən sonra, həmin şəxsin qeyd etdiyi yerdən psixotrop maddə metamfetamini götürmüşdür. Bundan başqa, 31 may 2024-cü il tarixdə, təxminən saat 07-08:00 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə yatarkən, təxminən 3-4 nəfər polis əməkdaşı, o cümlədən Siyəzən RPŞ-nin CAB-ın sabiq rəisi Fikrət Məstəliyev və həmin şöbənin əməliyyat müvəkkilləri Şahid və Əbdülkərim Məmmədov tərəfindən yuxudan oyadılaraq, yarıçılpaq vəziyyətdə yaşadığı evin həyətyanı sahəsinə aparılmışdır. Bundan sonra, təkidi əsasında geyimləri üzərinə geyindirilməklə, Fikrət Məstəliyevə məxsus avtomobil ilə rayon Polis Şöbəsinə gətirilmişdir. Orada olarkən onun istifadəsində olan mobil telefona Turxan adlı şəxsin istifadəsində olan mobil telefondan zəng edildiyi bildirilmiş, buna görə də, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman polis əməkdaşı Şahid tərəfindən təqdim edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını etiraf etməsi istənilmişdir. Habelə, Fikrət Məstəliyev bu təhdid ilə razılaşacağı təqdirdə barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılacağını, həmçinin məhkəmə tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyini, əks təqdirdə isə, Turxan adlı şəxsin ondan narkotik vasitə aldığı, həmçinin barəsində sözügedən Məcəllənin 234.2-ci maddəsi ilə cinayət işi başlanılacağı bildirilmişdir. Qeyd edir ki, barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanmasını istəməməklə yanaşı, narkotik vasitə istifadəçisi olduğu üçün bu təklif ilə razılaşmış və bundan sonra, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, mobil telefonumun enerjisi bitdiyi üçün Turxan adlı şəxsin mobil telefonundan istifadə edib, psixotrop maddə metamfetamin əldə etdiyi İran İslam Respublikasının vətəndaşına zəng etmişdir. Yuxarıda qeyd olunan ünvanda valideynləri ilə birgə yaşamaqla yanaşı, sonuncular bu hadisənin şahidi olsalar da, bununla bağlı hər hansı bir hüquq mühafizə orqanına şikayət etməmişlər. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 10 ildir narkotik vasitə qurudulmuş marixuanandan istifadə etməklə yanaşı, ara-sıra narkotik vasitə heroindən də, istifadə edir. Bundan başqa, 31 may 2024-cü il tarixdə, saat təxminən 13:00 radələrində yaşadığı evdən çıxaraq, siqaret almaq üçün mağazaya gedən zaman ona yaxınlaşmış polis əməkdaşları özlərini təqdim etmiş, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə, onu Siyəzən rayon Polis Şöbəsinə dəvət etmişlər. Beləliklə, ona hüquq və vəzifələri izah olunmaqla yanaşı, bu barədə bildiriş təqdim edilmiş, habelə Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman təklif əsasında, həmin tarixdə, səhər saatlarında yaşadığı küçənin sağında yerdən tapdığı, istifadəsi üçün “Texet” markalı mobil telefonunun arxasında, telefon batareyası hissəsində gizlətdiyi, 01 ədəd bükümdə olan “kakosu” yəni, heroini təqdim etmişdir. Bundan sonra, təqdim edilmiş bükülü müstəntiq tərəfindən açılmış, daha sonra isə, həmin bükülü boş zərfdə qablaşdırılmaqla, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Belə ki, 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində saxlaması və gəzdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, tərəfindən raport yazılmaqla, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunaraq, RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin gün saat 13:10 radələrində onun və RPŞ-in CAB-nin baş əməliyyat müvəkkili Babək Güləliyev tərəfindən Siyəzən şəhərinin 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi məqsədilə RPŞ-yə aparılmışdır. Orada, növbətçi hissədə Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, habelə sonuncunun istifadəsində olan “Texet” markalı mobil telefonun arxa hissəsindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd büküm aşkar olunaraq götürülmüşdür. Daha sonra, aşkar edilmiş büküm boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada qeyri-insani rəftara məruz qalmamış, habelə, ona tərəfindən narkotik vasitə heroin təqdim edilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-34-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3065 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,278 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,228 qram təşkil etmişdir. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 80 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 23 iyul 2024-cü il tarixdə verilmiş 4994 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 31 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, eləcə də işin 25-ci vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin tarixdə saat 13:29-dan saat 13:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə onun əynindəki cins şalvarının sağ cibində olan “Texet” markalı mobil telefonun arxa hissəsində gizlətdiyi bir ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmeti sərbəst şəkildə, kənar təsir olmadan təqdim etməsi və bu zaman ona qarşı hər hansı bir qeyri-qanuni hərəkətlərin edilməsi vizual müşahidə edilməmişdir. Şəxsi axtarış zamanı “Samsung Galaxy A55 5G”markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-87-ci vərəqələrində olan 21 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,228 qram olan narkotik vasitə heroin kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin 31 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 iyun 2024-cü il tarixli tələbnaməsindən, eləcə də iş materiallarına əlavə olunmuş Siyəzən Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli, 1(059)-20/2017 saylı hökmünün və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 10 iyul 2018-ci il tarixli, 17/293/29 saylı məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 iyul 2018-ci il tarixdə isə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq cəza çəkməkdən azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 31 may 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-ci vərəqəsində olan 02 iyun 2024cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin 20 Yanvar küçəsindəki 14 nömrəli fərdi yaşayış evində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(059)-371/2020 saylı qətnaməsinin surətindən görünür ki, bu qətnamə ilə Kəlbiyeva (Bəylərova) Ləman Novruzəli qızı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış nikah pozulmuş, habelə sonuncuların birgə nikahından doğulmuş 07 avqust 2014-cü il təvəllüdlü Tunayın və 19 sentyabr 2016-cı il təvəllüdlü X4 (Bəylərovanın) himayəsində və yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 29 sentyabr 2024-cü il tarixli, 4(067)-138/2024 saylı qərarından görünür ki, başqa cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, 3 ay, yəni, 27 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxta əldə etdiyi xeyli miqdarda narkotik vasitə heroini saxlama daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, şahidin ifadəsi, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Yəni, Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan halda, Təqsirləndirilən şəxs aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitə heroinin ona aid olmadığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib saxlayıb daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, tərəfindən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, narkotik aludəçisi olaraq hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, məhkəmə istintaqı gedişində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət əməlini törətməsi ehtimalına görə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs növündə qətimkan tədbiri seçilməsini, yeni cinayət törətməyə meylliyini, bunun isə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını, barəsində cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/2 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdən 02 iyun 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. X1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,228 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 31 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compact disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 80 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,228 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 31 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar