Məhkəmə qərarları › İş №1(059)-57/2021

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-57/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-57/2021 05.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Təqsirləndirilən şəxs Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 15 aprel 2020-ci il tarixdən 25 iyun 2020-ci il tarixə kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsd formasında işlədiyi Zərərçəkmiş şəxs məxsus olan halhazırda fəaliyyəti dayandırılmış Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində keçən hissəsində yolun kənarında icarə əsasında quşçuluq sexində 1 kiloqramı 0,85 manat dəyərində hər birində 25 kiloqram olan 26 kisə olmaqla cəmi 650 kiloqram cücə yemini talamaqla Zərərçəkmiş şəxs 552 manat 50 qəpik ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı aydın oldu ki, məhkəməyədək ibtidai araşdırma aparılarkən cinayət prosessual qanunvericiliyinin müvafiq maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İlkin dinləmələri keçirib və iş materiallarını yoxlayıb məhkəmə hesab edir ki, iş üzrə ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CPM-in 303-cü maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyindən işin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi 11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış, habelə ibtidai istintaq müddəti 11 oktyabr 2020-ci il tarixə kimi olmuş, 09 oktyabr 2020-ci il tarixdə isə əməl Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edildiyindən işin ibitdai istintaq müddəti 11 noyabr 2020-ci il tarixə kimi müəyyən edilmişdir. İbtidai istintaq müddətinin bitməsinə 8 gün qalmış, yəni 03 noyabr 2020-ci il tarixdə cinayət işinin icraatına xitam verilmişdir. Bundan sonra, zərərçəkmiş şəxsin şikayətinə əsasən 20 aprel 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında Siyəzən RPŞ-nin sabiq baş müstəntiqi Azər Şahbazovun 03 noyabr 2020-ci il tarixli xitam qərarı ləğv edilmiş və cinayət işi 21 aprel 2021-ci il tarixdə Siyəzən RPŞ-yə daxil olmuşdur. İşin ibtidai istintaqını aparan Siyəzən RPŞ-nin sabiq baş müstəntiqi Azər Şahbazovun 03 noyabr 2020-ci il tarixli xitam qərarı Siyəzən Rayon Məhkəməsi tərəfindən 20 aprel 2021-ci il tarixdə ləğv edilməklə işin ibtidai istintaq müddətinin 28 aprel 2021-ci il tarixə kimi olması müəyyən edildiyi halda, tərtib olunan istintaq sənədlərində ibtidai istintaq müddətinin 04 may 2021-ci il tarixdə bitməsinə istinad edilməklə ibtidai istintaq davam etdirilmişdir. Məhz bunun nəticəsində iş üzrə ibtidai istintaq müddəti hər dəfə Azərbaycan Respublikası CPMnin 218-ci maddəsinin müvafiq bəndlərinə (218.6.2 və 218.7.2) əsasən 02 ay olmaqla, 02 dəfə - bir dəfə 04 iyul 2021, bir dəfə də 04 sentyabr 2021-ci il tarixə kimi uzadılmışdır. Halbuki, məhkəmə nəzarətini həyata keçirən Siyəzən Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarına əsasən işin icraatı təzələnməklə, ibtidai istintaq müddəti 28 aprel 2021-ci il tarixə kimi müəyyən olunmuş, bununla da, ibtidai istintaq müddəti hər dəfə Azərbaycan Respublikası CPM-nin 218-ci maddəsinin müvafiq bəndlərinə (218.6.2 və 218.7.2) əsasən 02 ay olmaqla, 02 dəfə uzadıldıqda 28 avqust 2021-ci il tarixə kimi müəyyən olunmalı idi. Göründüyü kimi iş üzrə ibtidai istintaq müddətinin 28 avqust 2021-ci il tarixdə başa çatmasına baxmayaraq, məhkəməyə baxılmasından ötrü ittiham aktı ilə birlikdə göndərilən cinayət işi üzrə vacib prosedurlardan olan təqsirləndirilən şəxs və müdafiəçisinin, eləcə də zərərçəkmiş şəxsin cinayət işi materialları ilə tanış olmaları, habelə ittiham aktının tərtib olunması məhz həmin tarixdən sonrakı tarixlərdə icra olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 218.3-cü maddəsinə əsasən ibtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir. Həmin Məcəllənin 65.5-ci maddəsinə əsasən məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə həmçinin xüsusi qərar çıxara bilər. Bu Məcəllənin 279.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmənin qərarına əsasən müstəntiqin iş üzrə icraatın dayandırılması haqqında qərarı ləğv edilməklə təzələnə bilər. Sözügedən Məcəllənin 283.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat yalnız ona xitam verilməsi barədə qərar ləğv edildikdə və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müddətləri keçmədikdə təzələnir. Qeyd olunan Məcəllənin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Odur ki, hazırki iş üzrə 28 avqust 2021-ci il tarixdən sonra aparılan bütün prosessual hərəkətlər etibarsız sayılmalı və iş üzrə ibtidai istintaq müddəti bərpa edildikdən sonra yenidən icra olunmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, zərərçəkmiş şəxsə ibtidai istintaqın 26 avqust 2021-ci il tarixdə qurtarması barədə məlumat verilsə də, təqsirləndirilən şəxs və onun müdafiəçisinə ibtidai istintaqın 30 avqust 2021-ci il tarixdə qurtarması bildirilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ibtidai istintaqın 26 avqust 2021-ci il tarixdə qurtarması barədə məlumat verərəkən sonuncuya iş materialları ilə 27 avqust 2021-ci il tarixdən etibarən tanış olma hüququnun olmasını da bildirilmişdir. Təqsirləndirilən şəxs və müdafiəçisinə ibtidai istintaqın 30 avqust 2021-ci il tarixdə qurtarması bildirilmiş, eyni zamanda sonuncuların iş materialları ilə tanış olmaları 01 sentyabr 2021-ci il tarixdə həyata keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin müvafiq normalarına əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir (284.1.1); cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir (284.1.2); təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər (285.3). Bunlarla yanaşı, tanış olma prosesinin 02 sentyabr 2021-ci il tarixdə, saat 11:00-da başa çatmasına baxmayaraq, Azərbaycan Respublikası CPM-nin 287.1-ci maddəsi ilə müəyyən edilmiş müddət, yəni 48 saat gözlənilmədən 03 sentyabr 2021-ci il tarixdə, saat 15:00-da tərtib olunmağa başlanmışdır. Halbuki, cinayət işi başlanılandan qurtarana kimi Zərərçəkmiş şəxs həm müraciətindən, həm sərbəst ifadəsindən, həm də üzləşdirmədə dindirilməsindən ona vurulmuş ziyanın 552,50 manatdan dəfələrlə çox miqdarda olduğu görünmüşdür. İş materialları ilə tanış olma protokolunda cinayət işinə aid zəruri məlumatların, o cümlədən iş üzrə təqsirləndirilənin adı, soyadı və atasının adının, eləcə də təqsirləndirildiyi maddi cinayət qanunvericiliyinin normasının yer almaması deməyə əsas verir ki, iş üzrə zərərçəkmiş şəxsin iş materialları ilə tanış olması formal xarakter daşımış, əks halda zərərçəkmiş şəxsin iş materialları ilə tanış olmasından sonra vəsatət verməsi labüd idi. Azərbaycan Respublikası CPM-in 303.3.8-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması kimi kobud pozuntuya yol verildikdə çıxarılır. Qeyd olunan prosessual pozuntularla yanaşı təqsiləndirilən şəxsə verilmiş ittiham da qeyri-müəyyəndir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yolun kənarında icarə əsasında quşçuluq sexi işlətmiş, sexdə 2020-ci ilin aprel-iyun ayları ərzində 4 işçi olmuşdur. Əsas işi Təqsirləndirilən şəxs görmüş, sonuncunun işi cücələrin böyüməsi, yemlənməsi, eləcə də sexdə ümumi işə nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. Bundan başqa, sexdə Elvin, Amil, Eltac və “Avatar” ləqəbli Emin adlı şəxslər işləmiş, həmin işçilərin hamısı təxminən eyni vaxtda işə başlamışlar. Hər bir işçinin öz iş istiqamətləri olmuş, özü də əsasən işlərə nəzarət etmişdir. Bundan əlavə, sexdə işlərə nəzarət etməkdə Rauf ona kömək etmiş, sonuncu onun dayısı oğlu olmaqla, uzun müddət, onunla bir yerdə işləmişdir. 2020-ci ilin iyun ayının ortalarında sexdə olan quşlar üçün 20 ton qırma yem (bişmiş yem) və 28 ton çəkmə yem almış, cücələrə yemin verilməsi ümumi cədvəl üzrə təyin olunmuşdur. İşçilərə də həmin cədvələ riayət etmələrini nəzarəti o, və Rauf həyata keçirmiş, bundan başqa, cücələrə yemin verilməsini Kənan da həyata keçirmişdir. Yem olan anbarın açarı daimi olaraq fəhlələrin qaldığı vaqonda olmuş, Kənana həmin sexdə həm yemin çəkilməsini həm də cücələrin yemləməsini tapşırmışdır. O, 2020-ci iyul ayının əvvəllərində sexdə quş yeminin çatışmadığından şübhələnmiş, habelə bu barədə bütün işçilərə bildirmiş, ilk olaraq Kənandan şübhələnmişdir. Yoxlama aparmaq üçün mühasib dəvət edəcəyini işçilərə bildirdikdə, Eltac işləyə bilmədiyini qeyd edib, işdən çıxmaq istədiyini deyərək getmişdir. Sonradan Eltacın atası Hacıqulu, oğlunun yerinə işləmək istədiyini bildirdikdə, o, onu işə götürmüş və həmin ərəfədə sexdə işləyən Eltacın atası Hacıqulu ona zəng edərək, oğrunu tapdığını və sexdə işləyən Elvinin oğurluq etməsini və sonuncunun quş yemlərini kimə satmasını da müəyyənləşdirdiyini qeyd etmişdir. Sexdə söhbət zamanı Kənan 3 ton quş yemini oğurladığını etiraf etmiş, bundan başqa quş yemlərinin bir hissəsini sexdə işləyən Cavid və Vüqar adlı şəxsə satmasını da bildirmişdir. Bundan sonra, o, sexdə nə qədər yemin oğurlanmasını müəyyən etmək məqsədi ilə tanıdığı mühasib Tərlanı sexə dəvət etmiş və sonuncunun apardığı yoxlama nəticəsində o, sexin anbarından ümumilikdə 6 ton quş yeminin olmadığını müəyyən etmişdir. Daha sonra, Kənanın atası Natiq tanışı Cəmil ilə sexə gələrək onun şikayət etməməyini xahiş etmiş, qısa bir müddətdə ona dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. O, Natiqə pulu ödəməsi ilə bağlı bir ay vaxt vermişdir. 2020-ci ilin iyul ayının axırlarında dostu Faiq Kənanla onun yanına gəlmiş, Faiq Kənanın oğurladığı quş yeminə görə 1000 manat pulu ona vermək istədiyini, qalan pulları isə 1 həftə ərzində verəcəyini qeyd etmişdir. O, Faiqdən pulu götürməmiş və pulunun qısa müddətdə tam formada ödənməsini istəmişdir. Sonradan Hacı ilə oğlu Amil 35 gün müddət ərzində sexdə təmənnasız işləyərək ona dəymiş ziyanı ödəmişlər. Kənan isə Faiq adlı şəxslə yaşadığı evə gələrək, ondan pulunu ödəmələri ilə bağlı vaxt istəmiş və polisə məlumat verməməyini xahiş etmişlər. O, isə həmin vaxt Faiqlə Kənana artıq polisə baş vermiş hadisə ilə bağlı məlumat verdiyini dedikdən sonra Kənan da ondan Əmək Müfəttişliyinə şikayət etdiyi üçün Əmək Müfəttişliyi tərəfindən 3000 manat cərimə olunmuşdur. Bundan sonra, İİ Qarabağ müharibəsi başladığından Kənan döyüş bölgəsinə aparıldığı üçün onun şikayətinə RPŞ-də xitam verilmiş və o, bu barədə məhkəməyə müraciət etdikdən sonra məhkəmə xitam qərarını ləğv edərək, cinayət işini RPŞ-yə göndərdiyini bildirmişdir. Yem olan anbarın açarının daimi olaraq fəhlələrin qaldığı vaqonda olduğunu, Kənana həmin sexdə həm yemin çəkilməsini, həm də cücələrin yemləməsini tapşırdığını bildirsə də, Təqsirləndirilən şəxsla bu barədə hər hansı bir yazılı sənədi olmamışdır. Talanmış əmlakın Təqsirləndirilən şəxs etibar edilməsini sonuncunun özünün, eləcə də iş üzrə şahid qismində keçən digər şəxslərin ifadələrindən görmək mümkündür. Buna baxmayaraq, ibtidai istintaq orqanı (baş müstəntiq Sail Tağıyev) “Toplanılmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 26 avqust 2021-ci il tarixli qərarında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında hər hansı bir müqavilə bağlanmadığını və Təqsirləndirilən şəxs müqavilə ilə hər hansı bir əmlak tapşırılmadığını, Təqsirləndirilən şəxs sexdə yalnız cücələrə baxmaqla onların yemini və suyunu verdiyini əsas gətirərək iş üzrə törədilmiş əməli düzgün qiymətləndirməyib, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin tərkibinin olmaması qənaətinə gəlmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 may 2015-ci il tarixli qərarına əsasən, ...mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Odur ki, istintaq orqanı tərəfindən verilmiş ittiham qeyri müəyyən hesab edilməlidir. Azərbaycan Respublikası CPM-nin 91.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ən mühüm hüquqlardan biri nədə təqsirləndiyini bilməkdən (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) ibarətdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs vəsatətlərlə məhkəməyə müraciət edərək, qeyd olunan əsaslara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməklə, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmiş, habelə qeyd olunan əməllə özünü təqsirli bilməyən, həmçinin ibtidai araşdırmanın düzgün aparılmaması ilə bağlı vəsatət vermiş Təqsirləndirilən şəxs, eləcə də onun müdafiəçisi Müdafiəçi də buna etiraz etməmişlər. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin göstərilən tələbləri pozulmuşdur. Belə hallar isə CPM-nin 303-cü maddəsinə əsasən işin məhkəmə iclasında mahiyyəti üzrə həll edilməsi mümkün olmadan kobud qanun pozuntusu kimi işin baxılmasına xitam verilməsinə əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 298, 299, 300, 300.1.5, 303, 303.3.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatətlər təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar