Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-57/2023 18.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 18 iyul 2023-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxx 1994-cü il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Siyəzən şəhərinin T. İsmayılov küçəsindəki 14 saylı evdə sonuncu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onun üzərinə gedərək əlləri ilə onu itələyib, yerə yıxmış, habelə saçından tutub dartan zaman Zərərçəkmiş şəxs dizlərinin dərisi soyulmuş, həmçinin yumruqla onun çənəsinə və sol göz nahiyəsinə zərbələr endirərək, qolundan tutub sıxmış, bununla da, ona sol gözün bayır bucağı nahiyəsinin sıyrığı, hər iki dizlərin yumşaq toxumalarının oynağın hərəkət məhdudluğu və əziyi ilə müşayiət olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını təsdiq etməklə, ifadəsində göstərdi ki, hadisənin baş verdiyi tarixdən iki gün əvvəl, yəni 14 iyun 2023-cü il tarixdə iş yoldaşı ona zəng vuraraq, X3in Zərərçəkmiş şəxs ilə gəzdiyini bildirmiş, o da, bu halın dəqiqləşdirilməsi məqsədilə Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki ünvana getmiş, habelə öz gözləri ilə baş verənlərin şahidi olmuşdur. X3 dəfələrlə Zərərçəkmiş şəxs yanına getmiş, hətta onu növbədə olması ilə bağlı aldadaraq Ülkərin yanında belə gecələmişdir. Məhz Zərərçəkmiş şəxs hərəkətləri onun ailəsində mübahisənin, söz-söhbətin baş verməsinə səbəb olmuşdur. Nəticədə o, 16 iyun 2023-cü il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş, həmçinin qapını döyüb, su istəsə də, sonuncu gecə vaxtı heç kimə qapı açmadığını bildirdikdə, o, təpiklə qapını möhkəm vurduqdan sonra Ülkər qapını açmış, habelə o, zərərçəkmiş şəxsdən əri ilə hansı səbəbdən gəzdiyini maraqlandıqda, Ülkər ərinin kim olmasını soruşmuş, o, isə “Həsən” deyərkən Ülkər dayanmış, əvvəlcə tanımadığını bildirmiş, sonradan kobud şəkildə “yaxşı edirəm” ifadəsini işlətmişdir. Zərərçəkmiş şəxs X3i tanımadığını bildirsə də, bu RPŞ-dəki izahatı ilə təkzib edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs RPŞ-dəki izahatında Həsən Güləliyevlə sevgi münasibətlərində olduğunu bildirib, onun qısqanclıq zəminində evinə hücum etdiyini göstərmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs evinə daxil olduqdan sonra sonuncunu itələmiş, həmçinin bu zaman divara dəymiş zərərçəkmiş şəxsin saçından tutmuş, lakin, həmin vaxt saçından tutmasın deyə, Ülkər özünü yerə vurmuş, oradan isə bayıra qaçanda sağ əli ilə atdığı yumruq Ülkərin dodağına dəymiş, sonuncunun gözünün altından vurmasını xatırlamır. Eyni zamanda, baş vermiş hadisə təxminən 3-4 dəqiqə davam etmiş, dava əsnasında yanlarında kimsə olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi etirafedici izahatı və məhkəmə iclasında verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat zamanı verdiyi izahatını əsasən təsdiq etsə də, bu izahatı ilə əhəmiyyətli ziddiyyət təşkil etməyən məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hadisə gününə qədər Təqsirləndirilən şəxs tanımamış, habelə ona qarşı düşmənçilik və ədavəti olmamışdır. 15 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixə keçən gecə anası Aypəri Muxtarovanın yaşadığı evdən öz evinə gəlmiş, habelə əvvəlcə mətbəxə keçərək, soyuducudan su içmək daha sonra işığı söndürərək yatmaq istəmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs qapını döyərək, ondan qapını açmasını və uşaqlarına su verməsini istəmiş, o, isə evdə əri olmadığını, tək qadın olduğunu bildirməklə, qapını açmaqdan imtina etdikdə, Nüşabə “açmırsan?” deyərək, qapını təpikləməyə başlamış, qonşular yatdığından çıxılmaz vəziyyətdə qalmaqla, qapını açmış, elə həmin vaxt sonuncu təpiklə onu vurub, əri ilə gəzdiyini bildirdikdə, o, ərinin kim olmasını soruşub, onu tanımadığını qeyd etmişdir. Bundan əlavə, o, Nüşabəyə “yaxşı eləmişəm” ifadəsini işlətməmiş, həmin vaxt özündə olmamış, ürəyi getmişdir. Elə həmin məqamda Təqsirləndirilən şəxs onu itələyib, yerə yıxmış, həmçinin saçından tutub, evin içərisində sürümüşdür. Bundan başqa, Nüşabə qapını təpiklədiyi anda qonşular öz qapılarını açıb, bayıra çıxdıqlarından o da, evinin qapısını açmağa məcbur qalmışdır. Hadisə vaxtı ata-bala olan qonşuları orada olmuş, Nüşabəyə maneə olmağa çalışsalar da, sonuncu qarışmamalarını tələb etmiş, həmçinin mətbəxdən bıçağı götürmək istəyəndə qonşu buna imkan verməmişdir. Daha sonra, qaçmaq istəyəndə Nüşabə onu qolundan tutmaq istəyərkən qonşunun oğlu onu arxasına alaraq, buna imkan verməmiş, həmçinin qonşusu əlavə olaraq Nüşabənin qapının yanında olan bankanı da onun üstünə atmasına maneə olmuş, iki balasını fikirləşməsini istəmişdir. Bundan sonra, Nüşabə onu təpiklə vurmuş, o, isə zərbədən qonşunun qapısına dəymişdir. Eyni zamanda o, baş vermiş hadisə zamanı qarnından göz nahiyəsindən, çənəsindən, dizlərindən xəsarət almış, Nüşabə onu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra, o, həmin gün, təxminən saat 01:30 radələrində qonşusu Ruslanla RPŞ-yə gedib, şikayət ərizəsi ilə müraciət etmiş, səhər isə ekspertizadan keçmişdir. Bundan başqa, baş vermiş hadisə təxminən 15 dəqiqə davam etmişdir. Həmçinin, qeyd edir ki, əvvəllər özünü yaxşı hiss etməsə də, hazırda belə bir narahatçılığı yoxdur. O, hazırda da Nüşabə ilə barışmamış və sonuncudan yenə də şikayətçidir. Məhkəmə iclasında elan edilmiş materialın 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 məhkəmə-tibb ekspertizasının 22 iyun 2023-cü il tarixli, 105 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol gözün bayır bucağı nahiyəsinin sıyrığı və hər iki dizlərin yumşaq toxumalarının oynağın hərəkət məhdudluğu ilə müşayiət olunan əziyi aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti 16 iyun 2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 iyun 2023-cü il tarixdə verilmiş sadələşdirilmiş icraat materialının 35-ci vərəqəsindəki tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmə iclasında elan edilmiş sadələşdirilmiş icraat materialının 33 və 34-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 28 dekabr 2012-ci il təvəllüdlü Nuray və 30 aprel 2014-cü il təvəllüdlü Hüseyn adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 30 nömrəli evdə yaşayan, həmçinin "xxxx" ASC-də fəhlə işləyən Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun qadın olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin faydalı əmək fəaliyyəti ilə məşğul olaraq, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Material üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİİ bəndinin İİ yarımbəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, o cümlədən törədilmiş əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, şəxsiyyətin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla belə onun əməlində ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, eləcə də həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən gələcəkdə bu cür xarakterli cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-cü maddələrinə əsaslanaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-57/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-57/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver